BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əlimərdan bəy Topçubaşov

23:56 / 22-12-2014   /   baxış - 31822

Əlimərdan bəy Topçubaşov (1865-1934) Azərbaycanın görkəmli siyasi xadimi, hüquqşünas, diplomat, milli ideoloq, Çar Rusiyasında müsəlman-türk hərəkatının liderlərindən və ideoloqlarından biri.

Əlimərdan bəy Topçubaşov 1865-cı ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. İlk təhsilini I Tiflis gimnaziyasında almış və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir. Lakin 1889-cu ildə qəbul edilmiş universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə verməmişdir.

Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis geodeziya məktəbində hüquqdan dərs demişdir. 1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra mürəkkəb məhkəmə proseslərini udmuşdur. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. O, 1897-ci ildən1917-ci ilin axırlarına kimi "Kaspi" qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu illərdə onun yuzlərlə məqalələri dərc edilmişdir. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış etmişdir.

Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Ə.Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulmuşdur. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının – "İttifaqi müslümün" yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I- IV qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş, "İttifaqi müslümün" qurultaylar tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdur.

1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Ə.Topçubaşov da olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Azərbaycandan Birinci Dövlət Dumasına İsmayıl xan Ziyadxanov, M.Əliyev, Ə.Xasməmədov və b. yanaşı Ə.Topçubaşov da seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək

1906-cı il iyulun 9-10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur. Ə.Topçubaşovun siyasi və ictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmuşdur.

1917-ci il martın 5-də Bakıda İctimai təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı Ə.Topçubaşov da Komitənin tərkibinə daxil oldu. İyul ayında isə Komitənin 33 nəfərdən ibarət yeni heyət təşkil olundu. Ə.Topçubaşov yeni Komitənin sədri seçilmişdir.

1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Ə.Topçubaşov və b. seçildi. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin xalqlara qarşı apardığı zidd siyasəti pisləyərək dedi ki, köhnə rus hökumətinin Rusiyada yaşayan qeyri-rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti olmuşdur, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir. 1917-ci il avqustun 12-15-də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Azərbaycan nümayəndəsi – Ə.Topçubaşov da var idi.

Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova tapşırdı. Ə.Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. 1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Ə.Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi. Oktyabr-noyabr aylarında isə Ə.Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir.

Ə.Topçubaşov 1918-ci il 30 mart-1 apreldə Bakıda bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Caparidzenin başçılıq etdiyi "sülh konfransı"nın iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Ə.Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. F.Xoyskinin o dövrlərdə İstanbulda olan Azərbaycan nümayəndəliyinin sədri Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi teleqramda oxuyuruq: "Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir".

1918-ci il avqustun 23-də Gəncədən yola düşən Ə.Topçubaşov Tiflis, Batum marşrutu ilə hərəkət edərək, çox çətinliklərdən sonra sentyabrın axırlarında İstanbula çatmışdır. Ə.Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşmüş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Mondros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə "Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur… Azərbaycan Respublikasına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır". 1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda M.Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilmişdir. Tarixçi F.Kazımzadənin yazdığı kimi: "Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüqüqşünas, öz görüşlərində dözümlü idi". Dekabrın 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Dağlılar İttifaqının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Onlar da İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Ə.Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Bu bir ay ərzində Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti Vudro Vilsonla görüşü ölmüşdür.

1919-cu il mayın 28-də ABŞ prezidenti V.Vilson Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələrini qəbul etdi. Ə.Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, V.Vilson onları əmin etdi ki, "...bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq... işində böyük Amerikanın köməyini və yardımını alacaqdır". Ə.Topçubaşovun bilavasitə iştirakı ilə hazırlanmış "Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris sülh memorandumu" sülh konfransının katibliyinə təqdim edildi. Bu sənəd 14 bölmədən ibarətdir. Burada konfrans nümayəndələrinə Azərbaycanın tarixi-etnoqrafik, iqtisadi və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə öz fəaliyyətlərini gündən-günə genişləndirərək Gürcüstan, Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya, Ukrayna nümayəndələri ilə birlikdə 1919-cu il iyunun 13-də, iyulun 7-də, oktyabrın 8-də Paris sülh konfransı sədrinə etiraz notası, bəyannamə, məktub göndərdi.

Əlimərdan bəy Topçubaşov

1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndələrindən Ə.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.Sereteli və Z.Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. Ə.Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa məlumat verib böyük dövlətlər tərəfindən tanınma üçün təşəkkürünü bildirdi. Eyni zamanda bildirdi ki, Azərbaycan Respublikası böyük dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de yure tanınmasını gözləyir. Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: "Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik... Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq".

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Ə.Topçubaşov 1920-1934-cü illərdə Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O,1920-ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir. Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur.

Qeyd etmək lazımdır ki, Əlimərdan bəyin anası Sevər xanım Vəkilovlar nəslinə mənsub idi.



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018