BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Şair və iqtidar

18:56 / 18-10-2017   /   baxış - 1869

Əkbər Nəcəf

Tarix elmləri doktoru

 

Mərifət iltifata tabedir,

Müştərisiz məta zayedir.

 

2003-cü ildə Türkiyənin gündəmindəki ən aktualn mövzu Xəlil İnalcıkın “Şair və Patron” kitabı idi. Əsərin müəllifi dünyanın ən tanınmış Osmanlı tarixçisi hesab edilən və Türkiyədə “tarixçilərin qütbü” təxəllüsünü alan bir alim olduğundan onu tənqid edənlər səslərini çox çıxara bilmədilər. Çünkü ustadın qarşısına çıxacaq elmi cəsarətə sahib deyildilər. 100 yaşında vəfat edən tarixçi Xəlil İnalcık (1916-2016) bu kiçik həcimli əsərində “divan şerinin saray şeiri olduğunu”, “divan şairlərinin də böyük bir mədhiyyəcilər sinifini təşkil etdiyini” və “məta (pul) qazanmaq məqsədi ilə yazdıqlarını” dilə gətirmişdi.

Tarixçi-alim fikrini isbat etmək üçün uzun şeir təhlillərindən başqa, hansı şairə nə qədər bəxşişverildiyini sübut edən arxiv sənədlərini də ortaya çıxarıb. Açıqlamalar arasında mətbəəçiliyin Osmanlı dünyasına gec girməsində şairlərin böyük iqtisadi maraqlarının olduğuna da diqqət çəkilir. Çünkü xəttatlıqla da məşhur olan şairlər, “mətbəəni şeytan icadı” elan etməklə kitab ticarətini tamamilə öz əllərində tuturdular. Bir kitabın on ədəd çoxaldılamasının dörd illik təhsil xərcini qarşıladığı nəzərə alınarsa bunun böyük bir qazanc mənbəyi olduğu ortaya çıxar.

 

İqtidar vasitəsi olaraq şeir

Xəlil İnalcıkın nəzəriyyəsinin əsasında məşhur sosioloq Maks Veberin tezisi dayanır: “orta əsrlərdə Şərqdə və Qərbdə dövlət – patrimonial (hakimiyyətin irsən ötürülməsi) anlayışa sahib olub; hakimiyyət gücü, mülkü və xalqı təmsil edir və bunlar mütləq şəkildə hökmdar ailəsinin malı sayılırdı. Hökmdarın lütfünə və inayətinə nail olanlar xalqın ən şərəfli və varlı təbəqəsini təşkil edirdi. Xanədanlar arasında rəqabət və üstünlük yarışı möhtəşm saraylara sahib olmaqla birlikdə, elim və sənətin gücündə də özünü biruzə verirdi”.

Patrimonial dövlətdə hakim mədəniyyət, saray mədəniyyəti hesab edilir. Hökmdar sarayı və onun əyanlarının sarayları cəmiyyətdə şərəfin, etibarın və sərvətin  yeganə mənbəyi idi. Orta əsr Şərqində ən yaxşı memar sarayın memarbaşçısı, ən yaxşı zərgər saray zərgəri, ən yaxşı şair isə padişahın rəğbətini qazanmış sultan-üş-şüəra hesab edilirdi.

Bilik, şeir, sənət və ədəbiyyat hökmdarın prestijini, sarayın şənini yüksəltmək üçün əsas təbliğat vasitəsi idi.

Sadəcə Şərqdə deyil, orta əsrlər Avropasında da vəziyyət eyni idi. Əgər İtlaiyada Medicilər sülaləsi estetka və sənət fəlsəfəsinə heyran olmasaydı bu gün dünyanın sənətkarlıq xariqəsi Florensiya olmazdı.

Orta əsrlərdə təkcə dövlətlər və ordular arasında yox, saray mədəniyyətləri arasında da mübarizə gedirdi. XV əsrdə Səmərqənd, Herat, Təbriz, İstanbul və Dehli kimi şəhərlərin təmsil etdiyi mədəniyyətləri arasında qızğın mübarizə yaşanırdı. Osmanlı hökmdarları dünyanın ən böyük hökmdarları olduğunu isbat etməkdən ötrü Orta Asiya, Azərbaycan, Hindistan və Xorasan şairlərini İstanbul sarayına cəlb etmək uğrunda böyük sərvətlər xərcləyirdilər. Fateh Sultan Mehmed və II Bəyazid Ağqoyunlu dövrünün böyük şairi Molla Caminin İstanbula gəlməsi üçün dəridən-qabığdan çıxmışdılar. Hətta bunu fürsət bilən bəzi şairlər özlərini İstanbul sarayına Əcəmşairi kimi tanıdıb varlanmışdılar. Belə şairlərdən biri də Fateh Sultan Mehmedin çox sevdiyi şari Ləli idi. O, özünü sultana Əcəm elindən (Ağqoyunlu diyarından) gəldiyi şəklində tanıtdırmış və sarayda böyük hörmətlə qarşılanmışdı. Lakin şairin Tokatlı olduğu ortaya çıxınca sultan tərəfindən saraydan qovulmuşdu. Yəni şeirin vətənindən olmaq şairin yüksəlməsinə böyük təsir göstərirdi.

Yavuzla Şah İsmail, Şah İsmail ilə Şeybani xan, Qansu Qavri ilə Yavuz sadəcə hərbi gücləri ilə deyil bilikləri və şairlik istedadları ilə də savaşıblar. Bu mənada XV-XVI əsrin Türk dünyasının bütün böyük hökmdarlarının şair olmasına təəccüb etməmək lazımdır.

Qaraqoyunlu şahı Cahanşah (1397-1467) – ləqəbi Həqiqi;

Səfəvi şahı I Şah İsmail (1487-1524) - ləqəbi Xətai;

Osmanlı sultanı Fateh Mehmed (1432-1481) - ləqəbi Avni;

Osmanlı sultanı Yavuz (1470-1520) - ləqəbi Səlimi;

Osmanlı sultanı Qanuni Süleyman (1495-1566) - ləqəbi Mühibbi;

Teymurlu sultanı Hüseyin Baykara (1438-1507) - ləqəbi Hüseyni;

Misir Məmlüklü sultanı Qansu (1440-1516) - ləqəbi Qavri;

Şeybani xanı Şibək (1451-1510) - ləqəbi Şibani;

Şeybani xanı Ubeydullah (1480-1539) - ləqəbi Qul Ubeydi;

Baburlu sultanı Zahirəddin Babur (1483-1530) ləqəbi Babur;

Krım xanı II Qazı Gəray (1533-1607) – ləqəbi Qəzai.

Şeir iqtidarı, gücü və üstünlüyü təmsil edirdi. Osmanlıların, Məmlüklülərin hakim olduğu Misir və Ərəb dünyasını əlinə keçirməsinin səbəblərindən biri də daha böyük mədəniyyətə sahib olmaları idi. Amma Osmanlılar Şah İsmayılın paytaxtı Təbrizi aldıqları halda Səfəvi ölkəsinə hakim ola bilməyib geri çəkildilər və sonrakı 150 il boyunca da bu coğrafiyada öz hakimiyyətlərini yarada bilmədilər. Bunu bir qədər də Səfəvi ölkəsinin Osmanlı qarşısında daha böyük mədəni güc olması ilə izahı mümkündür. Halbuki, qızılbaşlar hakimiyyətlərin ilk dövrlərində bir o qədər də saray şeirənə maraqlı olmamış, çox şairi də qovmuşdular. Bütün Osmanlı şairlərinin Füzulini özlərinə ustad sayması bu mədəniyyətin böyüklüyünə işarədir. Yavuz Səlim Təbrizin çoxsayda memarını, şairini, ədibini və alimini özü ilə İstanbula aparmış və onların hər biri üçün Osmanlı paytaxtında imarətlər bəxş etmişdi. Elə onlar da Osmanlıya İstanbulu – yəni imperiyanın paytaxtını inşa edib hədiyyə etmişdilər. Osmanlı memarlığı qədər, ədəbiyyatı və musiqisi də osmanlıların deyimi ilə “əcəm” damğası daşıyır.

Əmir Teymur fəth ettiyi ölkələrin bütün alimlərini Səmərqənddə, oğlu Mirzə Şahrux isə Heratda toplamışdı. Çünkü məqsədləri öz saraylarını dünyanın mədəniyyət mərkəzinə çevirmək olmuşdu. Bunda da müəyyən mənada uğrulu olduqları hesab edilir. Misal üçün, Teymurn yaratdığı böyük mədəniyyət Əlişir Nəvaini (1441-1501) yetişdirmişdi ki, Füzuli də daxil olmaqla Şərqin bütün şairləri onun təsirindən xilas ola bilməyiblər.

Şairlik, Orta əsr Şərq aləmi üçün bir növ “rəsmi intellektual” və “rəsmi ziyalı” obarzı idi. Hökmdarların şeir yazmaq istəyi hökmdar kimliyi yanında “ziyalı” kimlyinə də sahib olmaq arzusundan irəli gəlirdi. Qısaca şeir, hakim gücün mədəniyyət dili idi.

 

Caizə və intiriqa

“Caizə” ərəbcə kəlmə olub, “qəsidələrdə mədh edilən hökmdardan alınan bəxşiş”ə deyilirdi. Şairlər yazdıqları qəsidələr müqabilində padişahlardah bəxşiş alardılar. Şairlər daha yaxşı bəxşiş almaq üçün qəsidələrini padişahların eyş-işrət məclislərində oxuyurdular. İçki və müsiqinin təsirində qalan padişahın belə məclislərdə bəzən bütöv bir əyaləti şairə bağışladığı hallar olurdu. Misal üçün, Qaraxanlı hökmdarlarının sarayında (xüsusiylə Şəmsülmülk zamanında) şairlərə verilmək üçün xüsusi fond yaradılmışdı ki, onun sərvəti dövlət xəzinəsi bərabərdi.

Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrinin də caizə aldıqları məlumdur. Caizə alan şairlərimiz arasında Qətran Təbrizi, Əbül-üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani və s. adlarını qeyd edə bilərik. Saraydan kənarda yaşayan dahi şair Nizami Gəncəvi belə yazdığı əsərlərinin müqabilində caizə almışdı.

Nizami Gəncəvi (1141-1209) ilk əsəri “Məxzənül-əsrar”ı Ərzincan hakimi Fəxrəddin Bəhram şahın sifarişi ilə yazmış və bunun müqabilində 5000 dinar, beş at və beş qatır yükü qədər fəxri libas almışdı. İkinci əsəri “Xosrov və Şirin” Atabəy Qızıl Arslana təqdim olunmuş və sultan ona Həmdünya kəndi ilə fəxri geyimlər hədiyyə etmişdi. Lakin şairin Atabəyin ona verdiyi caizəni bəyənmədiyi ortaya çıxır. Üçüncü əsəri “Leyli və Məcnun” Şirvanşah I Axsitana, dördüncü əsəri “Yeddi gözəl”i Marağa atabəyi Əlaəddin Körpə Arslana, beşinci poeması “İskəndərnamə”ni isə Əhər hakimi Nüsrətəddin Piş-Təginə ithaf etmişdi. Hər birinin müqabilində qiymətli hədiyyələr almışdı.

Şairlər arasında hökümdarın iltifatına sahib olmaq üçün kəskin mübarizə və intiriqalar yaşanırdı. Buna ən yaxşı nümunə Şirvan şairlərinin şahı hesab olunan Əbül-Ülə Gəncəvi ilə onun şagirdi Xaqan Şirvani arasında cərəyan edən intiriqa idi. Akademik Ziya Bünyadov müəllim ilə şagird arasında yaşanmış ixtilafı belə təsvir edir: “Xaqaninin mövqeyi sarayda möhkəmləndikdən sonra o, öz müəlliminə həcv yazır. Naşükürlüyü barəsində müəllimi tərəfindən məzəmmətlənən Xaqani müəllimini ismailiyyə təriqətinə və onun başçısı Həsən əs-Səbbaha rəğbət bəsləməktə təqsirləndirir ki, bu da həmin dövr üçün ən təhlükəli ittiham saylırdı. Xaqaninin həcvi bu mənada “çuğulluq vasitəsilə müəllimindən bir dəfəlik xilas olmaq təşəbbüsü idi”.

Osmanlı sarayında Əcəm (Ağqoyunlu və Səfəvi) şairlərinə verilən üstünlük yerli şairlərin qısqanclığına səbəb olurdu. Şair Ləli şeirlərinin birində qısqanclıq hissini belə nümayiş etdirib:

 

Əcəmin hər biri kim Ruma (Anadoluya) gəlir,

Ya vəzarət, ya sancaq (əyalət) uma gəlir.

 

Şair Məsihinin şikayət səbəbi də bu olmuşdu:

 

Məsihi, göydən ensən sənə yer yox,

Yürü var gəl Ərəbdən, ya Əcəmdən.

 

İqtidarın tərifi: mədhiyyə

Divan ədəbiyyatı şairləri özləri üçün hər zaman onu himayə və inayət edəcək, maddi rifaha qovuşduracaq, qoruyacaq bir hökmdara ehtiyac hissetmişlər. Hökmdarın himayəsini əldə etmənin yolu isə onu tərifləyən, tərənnüm edən, vəsf edən qəsidələr və mədhiyyələrin yolu isə yazmaqdan keçirdi.

Şərq ədəbiyyatının ən böyük qəsidə şairi Xaqani Şirvani hesab eidlir. Onun çoxsaylı mədhiyyəsi günümüzə qədər gəlib çatıb. Mədihyyələrinin birində o, Şirvanşah III Mənuçöhrü belə vəsf edir.

 

Öp ayağından şahın, taci-əman al ələ,

Can şirəsin istə sən, Mənuçöhrü mədh elə.

 

Osmanlı ədəbiyyatının ən böyük şairi Baki, Sultan Süleymana yazdığı bir qəsidəsində padişahı yerə göyə sığdıra bilmir:

 

Ətrafa saldı şaşasın güşə-güşə mehr,

Oldu üfüqdə mührü-Süleyman kimi əyan,

Kim bu nizamı vermədi aləm sarayına,

İlla ki yümni-dövləti-Şahi-cahansitan

Cəmşidi-eyş-işrət ü Darayi-dar u gir,

Kisri-adl rəfət ü İskəndəri-zaman

 

Dalkavuk şairlər

Orta əsr Şərq ədəbiyyatında istedadsız şeirlər də az olmayıb. Bunlar hökmdarın və onun saray əyanlarının kölgəsində yaşamaq üçün böyük çaba göstəriblər. Onlara “dalkavuk şairləri” adı verilirdi.

Dalkavuk sözü “libasın üstünə geyilən xələtə” verilən addır. Bu ad məddahlara və saray soytarılarına (təlxək) verilirdi. Dalkavuk şairlər iqtidarlar tərəfindən dəstəklənərək vəzirlərin və əyanların himayəsində yaşayıblar. Bəzən söz qüdrəti zəyifəyən böyük şairlər də onların səviyyəsinə düşürdü. Yazdığı qəsidə və mədhiyyəni bəyənilməyəndə hökmdar şairi təhqi edir, onun məsxərəyə qoyur və əyalətlərə sürgün edirdi. Belə şairlər yenidən şahların rəğbətini qazanmaq üçün başqa şairlərə, vəzirlərə hökmdarın onu bağışlaması üçün yalvarırdılar.

 

Şairvə kimlik

Tarixdə məddah şairlərin taleyi haqqında xeyli məlumatlar var. Sarayda meydana gələn taxt çevrilişləri şairlər üçün arzu olunmayan nəticələr yaradırdı. Çevrilişə məruz qalan hökmdarla birlikdə onun mədhiyəçiləri də ağır təqibə məruz düçar olurdular. Osmanlı sultanı Əhmədin həyat yoldaşı Kösəm Sultan saray intriqalarının qurbanı olunca bir iddiaya görə, 18 mindən çox qələm ərbabı işsiz qalmışdı.

Şairlər yaşadıqları ictimai şəraitdən çox,  özlərini mənsub olduqları sarayın ideologiyasını təmsil ediblər. Buna görə də şairlər öz kimliklərini saray ideologiyasına uyğun müəyyənləşdirirdilər. Osmanlı dövlətinin yaradıcıları türklər olduqları halda, Sultan Yavuz Səlimdən etibarən sarayın türk xalqına münasibət o dərəcə dəyişmişdi ki, dövrün şairləri xalqı təhqir etmək üçün belə yarışıblar. Baki kimi türk əsilli bir şair belə

 

İmamın biri azır yolunu,

Alır bir yaban Türkün qızını” –

 

deməyi özünə ar saymır.

Belə hallar daha çox saray ilə xalq arasında münasibətlərin kəskinləşdiyi dövrlərdə özünü biruzə verir. Çünkü şair sərvət mənbəyi hesab etdiyi “hökmdarın və sarayın” tərəfini tutmaq məcburiyyətindədir. Bu məqsədlə şairin içindən çıxdığı xalqı mənfəətləri uğruna aşağılaması, təhqir etməsi adi bir haldı.

Buna görə saray şairlər heç bir zaman xalq ədəbiyyatının janırlarına müraciət etməyib, “türküləri, türkmaniləri, bayatıları, varsağıları, maniləri, qoşma və gəraylıları” bəsit şeirlər adlandırıb, təhqir ediblər. Xalq ədəbiyyatına müraciət edən və ya xalqın dilində əsər yazmağa çalışanlar belə ağır tənqidə məruz qalıblar. Misal üçün məşhur şair Həmzəvi (XVII-XVIII əsr) xalqın başa düşdüyü şəkildə əsər yazdığı üçün Aşıq Çələbini “şair” hesab etməyib.

Xalqa, onun dilinə və kimliyinə duyulan bu həqarəti Aşıq Paşa  (1272-1333) özünün “Qəribnamə”sində belə şərh edir:

 

Türk dilinə kimsələr baxmaz idi,

Türklərə hərgiz könül axmaz idi.

Türk dahi bilməz idi bu dilləri,

Gizli yolu, ol ulu mənzilləri.

 

Şair Hamidi özünün “Münazara-i seyfü-kəlam” adlı əsərində zəmanədən şikayətçi olmasının səbəbini dövrünün şairlərinin xalqın dilində yazmasında görüb. XVII əsr Osmanlı sarayında bir məsəl çox məşhur idi: “xalqı xoşbəxt görürəm, görəsən nə səhv etmişəm”.

Orta əsr divan şeirimizdə şairlərimizin hər zaman özlərini “aciz, fağır, abdi-aciz, pür-qüsur, pür-günah, biçarə, əl-baki hüvəl-baki, dualarınıza möhtac, günahkar, hakir, mücrim, cahil, ümmi, səfil, bəndəniz (qulunuz)” şəkildə təqdim etmələri iqtidar qarşısında şairinin psixoloji durumunun ifadəsidir. Halbuki eyni dövrdə xalq şairi Qaracaoğlan “fərman padişahın, dağlar bizimdir” deyə hayqırırdı.

 

Şair və xalq

Xalq üçün şeir əzqi, deyiş, varsağı, türkü, bayatı, türkməni, qoşma, yəni heca vəzinində sadə xalq dilində yazılan şeirlər hesab edilirdi. Buna görə də xalq yalnız aşıqları şair hesab edirdi. Koroğlu dastanı Rumelindən (Osmanlı Avropasından) Orta Asiyaya qədər yayılarkən, İstanbul sarayının xaricində heç bir yerdə şair Bakinin, Nədimin, Nabinin qəzəlləri oxunmurdu. Eyniylə bunun kimi, XVI əsrdə qızılbaş məclislərində və toylarında Şah İsmayılın qoşmaları, varsağıları, gəraylıları və bayatıları oxunarkən, Xətainin qəzəlləri xalqda heç bir maraq oyandırmırdı. Hətta Anadoluda Xətainin və Nəsimin adına çoxsaylı qoşma uydurularaq xalq arasında dolaşırdı.

Yəni xalq onun dilində yazılanları, onun duyğu və hisslərini tərənnüm edən şerləri özünə yaşadırdı. Buna görə də məşhur ədəbiyyat alimi Fuat Köprülü türk ədəbiyyatını “qələm şairləri və meydan şairləri”, yəni saray və xalq şairləri olaraq iki yerə ayırıb.

XV-XVI əsr Türk ədəbiyyatının üç böyük ləhçəsi hesab edilən Rumi (Osmanlı), Türki (Ağqoyunlu-Səfəvi məkanı)  və Çağatayi (Orta Asiya) ancaq sarayla məhdud idi. Bu fars və ərəb dilli divan ədəbiyyatı üçün də keçərlidir. Çünkü xalqın dili sadə, rahat və təmiz idi. Bu münasibətlə Fuad Köprülü XX əsrdə dünyəvi təhsil sisteminin bir dövlət siyasəti halına gəlməsinə qədər türk xalqının Füzul, Baki və digər divan ədəbiyyatının böyük şairlərində heç kimi tanımamasının təəccüblü olmadığını yazır.

Bir saray şairi olduğu halda Molla Pənah Vaqifin xalq arasında tanınmasının səbəbi onun sadə xalq dilində yazdığı qoşmaları olub. Digər tərəfdən Vaqifin qəzəlləri xalq arasında qoşmaları qədər rəğbət görməyib. XVII əsr İstanbul sarayında “mövzu-ı ilm-i ədəb, kəlam-ı ərəbdir” sözü çox yayılmışdı. Halbuki, eyni dövrdə ərəblər özləri yüksək sinifin danışdığı ərəbcəni “səhih” qəbul etmirdilər. XVII əsrin bir Avropalı səyyahı (cizvit təriqatından bir misyoner) Səfəvi ölkəsində irani xalqın (qeyri-türklərin) Hafiz və Sədinin adlarını bilmədiyini öyrənəndə təəccüb etmişdi. Səyyaha görə, “halbuki saray məmurları və şairləri məni inandırmağa çalışdılar ki, bütün İran Hafizi əzbər bilir”. Buna görə də XVII əsrin əvvəllərində Qızılbaş ölkəsinə gələn italyan səyyah və elm adamı Della-vale öyrəndiyi türk dilində saray şarilərinin üslubunda yox, xalq dilində şeri yazmaq ehtiyacını hiss etmişdi:

 

Çoban qızı, gözüm nuru,

Gəl dur burda, kölgə altında.

 

Maraqlı cəhətdir ki, saray şairləri heç bir zaman xalq şairləri ilə üzləşmək istəməyib onların meydanından qaçıblar. Çünkü xalq şairləri kimi bədahətən şeir demək qabiliyyətinə sahib deyildilər. Mənbələr XVII əsrdə Mustafa Ağa adlı bir xalq şairinin Təbriz hakimimin qarşısında saray şairləri və musiqiçiləri necə bağladığından və onları öz söz sənəti ilə heyrətə saldığından bəhs edirlər. Yenə o dövrün Bursa hakimi Cəlali Həsən Paşa Anadolunun Uşaq əyalətində rast gəldiyi İtaki adlı xalq şairinin maharətinə və istedadına heyran olub şairə Bursaya gəlməsi üçün böyük sərvət təklif etmişdi.

Əmir Teymur Azərbaycanı ələ keçirəndə oğlu Miranşahı buranın hakimi təyin etti. Miranşah dövründə Təbriz sarayında və hökmdar bağçalarında divan şairlərinin qəzəllər oxunarkən, xalq küçədə  “hay öləng hay” deyə aşıq havasına qulaq asırdı.

Çünkü şairin qiyməti caziədə, hökmdarın gücü isə lüğəti-qəzada (söz və ya ideologiya müharibəsində) idi. Şair və hökmdar olan Sultan Süleyman Qanuni Mühibbinin dediyi kimi:

 

Xalq içində mötəbər bir nəsnə yox dövlət kimi,

Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi.

 

Səltənət dedikləri ancaq cahan qovğasıdır,

Olmaya bəxti-saadət dünyada vəhdət kimi.

 

Qoy bu eyşi-işrəti, çün kim fənadır aqibət,

Yarı-baki istər isən olmağa taət kimi.

 

Olsa kumlar saqışımca* ömrümə həddi-ədəd,

Gəlməyə bu şişəi-çərx içrə bir saat kimi.

 

Gər hüzur etmək dilərsən ey Mühibbi fariq (fərqli) ol,

Olmaya vəhdət cahanda quşəi-üzlət kimi.

 

*Saqış – türkcə söz olub, günümüzdə “günahımca” mənasına gəlir.

 



NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:21 / 19-03-2019
Göy Tanrı dini və onun mahiyyəti
21:44 / 17-02-2019
Avropalıların və türklərin milliyyətçilik anlayışı – Milliyyətçilik nədir, harada və necə yarandı?
22:32 / 15-11-2017
Təsəvvüfdə etiraz hərəkatı (3) – Bayramiyyə Məlamiləri
00:18 / 13-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya keçiriləcək
00:04 / 10-11-2017
Təsəvvüfdə etiraz hərəkatı (2). Gizli dərvişlik – Məlamilər
22:19 / 31-10-2017
Türklərin əski inancı - Şamanlıq, yoxsa Göy Tanrı?!
00:49 / 25-10-2017
Təsəvvüfdə etiraz hərəkatı. DƏRVİŞLİK
00:43 / 25-10-2017
Türklərdə istihbarat və casusluq
18:32 / 18-10-2017
Avropalaşaq, modernləşək, yoxsa türkləşək?!...
20:12 / 06-10-2017
Yeni nəsli necə yetişdirməli?
21:54 / 03-10-2017
Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA
21:26 / 26-09-2017
Ə.Ələkbərov: In a name of the only God on the cross, the chrıstmas and the revelatıon of theır mythologıcal essence
22:48 / 15-09-2017
TÜRK HALK İNANCINDA IŞIK VE YA KURT KULTU DESEN SANATINDA
22:10 / 12-06-2017
Faiq Ələkbərlinin yeni kitabının təqdimat mərasimi keçirilib
21:57 / 12-06-2017
Türkiyə çempionu "dünyanın ən çox tərəfdarı olan türk komandası Traktorsazi" ilə yarışacaq
14:36 / 08-06-2017