BÜTÖV AZƏRBAYCAN OCAQLARI
UNUDULMAZ İNSAN

20:10 / 28-12-2016   /   baxış - 1704

         1979-cu ilin avqust ayının sonuncu günü idi. Musiqi Texnikumunun fortepiano şöbəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, Azərbaycan  Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdum. İkinci kirs tələbəsi idim. Mənə o zamankı “Ədəbiyyat və incəsənət” qəzetindən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin ev-muzeyi haqqında məqalə yazmağı tapşırmışdılar. Günəşli bir bazar günü muzeyə gəldim. Muzey artıq dörd il idi ki, fəaliyyət göstərirdi. Bu mədəniyyət məbədində məni çox mehribanlıqla qarşıladılar. Muzeylə tanış etməyə başladılar. Məni  maraqlandıran suallara onlardan cavab almaq istəyirdim. Amma görünür, əməkdaşlar suallarımı cavablandırmaqda çətinlik çəkdikləri üçün onlardan biri harasa getdi və dönəndə ucaboylu, kübar, zadəgan görkəmli, əlində əsa olan, vüqarlı bir şəxslə qayıtdı. Tanış olduq. Muzeyin direktoru  Ramazan Xəlilov  olduğunu öyrəndim. Həftənin bazar günü olmasına baxmayaraq, direktor işinin başında idi. Və mənim Ramazan bəylə tanışlığım beləcə  başladı. Gəlişimin məqsəd və məramını ona söylədim. R. Xəlilov  böyük həvəslə Üzeyir bəy Hacıbəyli və muzey haqqında  mənə  dəyərli məlumatlar verdi. O vaxt Ramazan bəyin 78 yaşı vardı. Bu yaşda olan insanın hafizəsi, danışıq qabiliyyəti, Üzeyir bəyə olan sevgisi məni valeh etmişdi. Muzeylə tanışlıqdan sonra Ramazan Xəlilov mənimlə maraqlandı. Musiqi təhsilimin olduğunu, hazırda isə universitetin jurnalistika  fakültəsində oxuduğumu söylədim. Simasında məmnunluq hissini sezdim. Dərhal özünün də jurnalist olduğunu bildirdi. Və məndən işləyib, işləmədiyimi soruşdu. Dedim ki, hələ çalışmıram. Onda məndən soruşdu ki, bu muzeydə işləmək  istərdinizmi? Mənim üçün gözlənilməz olan bu suala məmnuniyyətlə, bəli cavabını verdim. Elə isə sabahdan işə gəlin – dedi. Beləliklə, 1 sentyabr 1979-cu ildən dünya şöhrətli dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin ev-muzeyində, Ramazan Xəlilov kimi sözün əsl mənasında böyük ziyalı, ensiklopedik bilikli bir insanın rəhbərliyi altında  əmək fəaliyyətimə başladım. Düz iyirmi beş il yarım bu muzeydə çalışdım. Onun iyirmi ilini unudulmaz insan, gözəl ziyalı Ramazan Xəlilovla çiyin-çiyinə işlədim. Onun vəfatından sonra beş ay qızı Nərgiz Xəlilova ilə çalışdım. Qalan beş il isə muzeyə rəhbərlik etdim. 2005-ci ilin fevral ayında mənə olan böyük haqsızlığa cavab olaraq vəzifəmdən istefa verdim. Amma gəncliyimi sərf etdiyim, xüsusilə, Ramazan Xəlilovun rəhbərliyi altında  muzeydə çalışdığım o illəri unutmadım.

  Ramazan Xəlilov qeyri-adi insanlardan idi. Bu şəxslə  adicə söhbət etmək insana böyük zövq verirdi. O qədər mədəni, səmimi, yüksək səviyyəli, kübar idi ki, onunla  ünsiyyətdə olmaqdan ayrıca bir qürur duyurdum. Geniş erudisiya sahibi olan R. Xəlilova  haradan sual verirdin, oradan  sənə cavab verirdi. Ramazan bəy böyük bir nəslin – Terequlovlar və Xəlilovlar nəslinin layiqli nümayəndəsi idi. Böyük həyat təcrübəsi vardı. Və mən ondan özüm üçün çox dəyərlər əxz etdim. Həmişə qürurla söyləyirəm ki, mən Ramazan Xəlilov məktəbi keçmişəm. Bu məktəb mənə həyatda çox mətləblər öyrətdi. Taleyimə minnətdaram ki, məni Ramazan bəy kimi bir şəxsiyyətlə qarşılaşdırdı.

   Azərbaycan mədəniyyəti tarixində  xüsusi yeri olan Ramazan Xəlilov 27 dekabr 1901-ci ildə Qroznı  şəhərində, zadəgan ailəsində dünyaya gəlmişdir. 1908 -1914-cü illərdə  Tiflisdə gimnaziyada oxumuş, çar II Nikolayı orada görmüş, onun bir neçə sualını da  cavablandırmışdır. 1914 -1917-ci illərdə Moskvada Straxov gimnaziyasında təhsilini davam etdirmişdir. Sonra yenidən Tiflisə qayıtmış, atası Həmzət bəy Xəlilovun  Azərbaycanın görkəmli generalları Səməd bəy Mehmandarov və  Əliağa Şıxlinskinin xeyir-duası ilə yaratdığı “Ləzgi alayı”nda xidmətə başlamışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun strukturuna daxil olan bu alayın tərkibində gənc R. Xəlilov Zaqatala, Qəbələ, Şəki və Gəncənin erməni quldur dəstələrindən təmizlənməsində şücaət göstərmişdir. Ramazan Xəlilov danışırdı ki, “1918-ci ilin əvvəllərində xain Andranik və əlaltısı Hamazaspın başçılığı ilə erməni - daşnaq qüvvələri Azərbaycanın bir çox bölgələrində baş qaldırmışdılar. Onların etdikləri dəhşətli cinayətləri, vəhşilikləri öz gözlərimlə görmüşdüm. O vaxt Gəncə iki hissəyə bölünmüşdü. Körpünün bir tərəfi azərbaycanlıların, o biri tərəfi ermənilərin əllərində idi. General Ə. Şıxlinskinin əmri ilə biz Şəkidən Goranboya gəlib dincəldik, səhəri gün  Gəncəyə hücuma keçdik. Ermənilər qorxularından dovşan kimi qaçırdılar.”

 Ramazan Xəlilov 1920-ci ildə, bolşeviklər hakimiyyətə gəldikdən sonra milli orduda xidmətinə görə həbs edilmişdir. O günləri ürək ağrısı, həyəcanla yada salar, qəhər onu boğa-boğa həbsxana kamerasında atası ilə görüşündən söhbət açardı. Onun xatirələrini dinlədikcə, bu insanın nə qədər əzablı yollar keçdiyini düşünür, lakin onun qeyri-adi iradəsinə, mətnliyinə heyran qalırdım. R. Xəlilov qorxu nə olduğunu bilməmiş, müdrikliyi, uzaqgörənliyi, mərdliyi onu hər zaman xilas etmişdir.  

  1923-cü ildə Ramazan Xəlilov jurnalistika sahəsində fəaliyyətə başlamış, 1933-cü ildə Moskva Redaktə - Nəşriyyat İnstitutunda peşəkar mühərrir təhsili almışdır. İlk qələm sınağını Azər TAC-da keçən gənc müxbir, sonralar “Yeni yol”, “Kommunist”, “ Bakinski raboçi ”, ”Pravda”, “Kommunist Qruzii”, “Pravda Vostoka”, “Sovet Gürcüstanı” və s. mətbuat orqanlarında, ümumiyyətlə, 38 adda qəzet və jurnallarda yazıları dərc edilmiş, keçmiş SSRİ miqyasında tanınan jurnalist olmuş, bir müddət “Komsomolskaya pravda”nın Azərbaycan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. O, 1933 -1938-ci illərdə Leninqrad (Sankt-Peterburq) şəhərində yaşamış, Azərbaycanın “Kommunist”, Gürcüstanın “Kommunist Qruzii”, “Sovet Gürcüstanı”, “Pravda Vostoka” qəzetlərini bu şəhərdə təmsil etmişdir. R. Xəlilov Azərbaycan, tatar, avar, ləzgi, gürcü və rus dillərində sərbəst danışırdı. Həmişə isə belə deyirdi: “Anam tatar, atam Avar, vətənim Azərbaycandır.”

              1938-ci ildə Ramazan Xəlilov böyük dühamız Üzeyir bəy Hacıbəylinin dəvəti ilə Bakıya gəlmiş, əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin şəxsi katibi, 1941 -1953-cü illərdə isə konservatoriyada birinci prorektor vəzifəsində çalışmışdır. Ü. Hacıbəylinin ömrünün son dəqiqələrinə qədər  yanında olan R. Xəlilov azman sənətkarın  hər arzusunu yerinə  yetirmişdir.

               Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığının gözəl bilicisi, alovlu təbliğatçısı olan Ramazan bəy dahi sənətkarın vəfatından sonra da onun adının əbədiləşdirilməsi üçün əlindən gələni etmişdir. Üzeyir bəy onun  nəzərində müqəddəs bir insan idi. O, saatlarla ölməz sənətkar haqqında danışmaqdan usanmazdı. Həmişə deyərdi ki, tale məni çox məşhur şəxsiyyətlərlə qarşılaşdırmışdır, görüşdürmüşdür, lakin Üzeyir bəyin yerini verən, ona tay olan ikinci bir şəxsə rast gəlmədim həyatımda. Mən Üzeyir bəy Hacıbəylini xeyirxahlığın və humanistliyin dahi mücəssəməsi adlandırardım.”

   Gözəl təşkilatçılıq qabiliyyətinə malik olan Ramazan Xəlilov konservatoriyada çalışmaqla yanaşı, eyni zamanda 25 il Azərbaycan Musiqi Fonduna rəhbərlik etmiş, Opera və Balet Teatrında sərəncamçı direktor olmuş, 1952-ci ildə Opera Studiyasını yaratmış və uzun illər oraya rəhbərlik etmişdir.

                20 noyabr 1975-ci ildə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və köməkliyi ilə dünya şöhrətli sənətkar Üzeyir bəy Hacıbəylinin vəfatından düz 26 il sonra,  Bakıda dahi bəstəkarın Dövlət xatirə ev-muzeyi açılmışdır. Muzeyin yaradılmasında böyük xidmətləri olan Ramazan Xəlilov elə həmin ildən də ulu öndər tərəfindən  bu  sənət məbədinə ömürlük direktor təyin edilmişdir. Üzeyir bəyin irsinin qorunmasında, tədqiqində və təbliğində onun gördüyü işlər danılmazdır və əvəzsizdir. Təəssüf ki, bu gün Ramazan Xəlilovun əməyini, vaxtilə gördüyü işləri öz adına çıxıb kitab nəşr etdirənlər var. Həyatda heç nə cavabsız qalmır. Tez, ya gec haqq öz yerini tapır. Əfsuslar olsun ki, bu gerçəkliyi anlamayan, mahiyyətinə varmayan insanlar hələ də  mövcuddur. Amma o cavabı hər kəs verəcək...

                 Üzeyir bəy Hacıbəyli irsinin yorulmaz tədqiqatçısı və təbliğatçısı Ramazan Xəlilov ömrünün son dəqiqəsinə qədər çalışdı. Özünün şəxsi stenoqrafçısı var idi. Saatlarla o, danışar, stenoqrafçı yazardı. Öz xatirələrindən başqa R. Xəlilov o zamankı SSRİ məkanında, Azərbaycanda və başqa məmləkətlərdə tanınmış, məşhur insanların, sənətkarların Üzeyir bəy Hacıbəyli haqqında xatirələrini toplamışdı. Hətta onu Moskvada “Sovetski kompozitor” nəşriyyatına təqdim etmişdir. Lakin qara qüvvələr o kitabın orada nəşrinə mane olmuşdular.  Ramazan bəy həmin kitabı  nəşriyyatdan geri almışdı  və o R. Xəlilovun şəxsi arxivində idi...

                   Bütün bunlarla yanaşı, Ramazan Xəlilov tərcümə sahəsində də ciddi məşğul olurdu. O, Üzeyir bəy Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettasını rus dilinə çevirmiş, onun tərcüməsində əsər Moskvada, Sankt - Peterburqda, Riqada, Tallində və digər şəhərlərdə tamaşaya qoyulmuşdur. R. Xəlilov həmçinin Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”, Azər Rzayevin “Hacı Kərimin Aya səyahəti” musiqili komediyalarını, Nəriman Nərimanovun “Bahadır və Sona”, İslam Səfərlinin “Göz həkimi” əsərlərini rus dilinə tərcümə etmişdir.

                   Mədəniyyətimizin inkişafında, milli musiqi kadrların yetişdirilməsində Ramazan Xəlilovun rolu danılmazdır. O, uzun illər musiqi mədəniyyətimizin təbliği ilə də məşğul olmuş, Azərbaycan mədəniyyətinə dair bir neçə kitab yazmışdır. Elə bu işlərinə görə  R. Xəlilov Azərbaycan Bəstəkarlar İttifaqına fəxri üzv seçilmişdir. O, 1995-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında, xüsusilə, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ədəbi və musiqi irsinin qorunmasında və təbliğindəki xidmətlərinə görə Dövlətin  “Şöhrət” ordeni ilə təltif edilmişdir.

                    Bəli, Üzeyir bəy Hacıbəyli irsinin pərən-pərən olub, dağıdılmasına, mənimsənilməsinə məhz Ramazan Xəlilov mane olmuşdur. Onun təəssübkeşliyi sayəsində Üzeyir bəy irsi bir yerə toplanmış, bir arxivdə cəmlənmişdir.

                     Ramazan Xəlilov enişli, yoxuşlu, eyni zamanda çox şərəfli və zəngin həyat yolu keçmişdir. Bir insan kimi də R. Xəlilov həm ölkəmizdə, həm də onun hüdudlarından uzaqlarda böyük nüfuz sahibi idi. Yanına məsləhətə gələn heç kəsi ümidsiz  qaytarmazdı. Qapısı hamının üzünə açıq idi. İnsanlara kömək etməyi özünə borc bilərdi. Rəhbəri olduğu muzeyin əməkdaşlarına isə əsl atalıq qayğısı göstərər, onların hər bir müşkül işini yoluna qoymağa  çalışardı. R. Xəlilovla bir dəfə görüşən, onu heç vaxt yaddan çıxarmazdı.

                      Bu ilin dekabr ayında Ramazan Xəlilovun anadan olmasının 115 ili tamam olacaq. 115 ilin böyük bir qismini,  Azərbaycan xalqına, onun mədəniyyətinə, incəsənətinə, dahi Üzeyir bəy Hacıbəyliyə sadiqliq göstərərək, xidmətdə bulunan bir insanı unutmaq mümkündürmü? Əlbəttə, yox! Həyatda elə insanlar var ki, illər ötsə də onun siması, insanlıq keyfiyyətləri, əməli, kübarlığı, zadəganlığı, ziyalılığı unudulmur, yaddaşlara, hafizələrə, qəlblərə həkk olunur. Həyatın min bir oyunu onların ətrafında oynanılsa da o, insanları yaddaşlardan silmək mümkün olmur. Haqq incəlir, amma üzülmür. Və bir gün  fırtınadan sonra gələn həzin bir həyat öz axarına düşür. Bax, belə kəşməkəşli həyat keçmiş  Ramazan Xəlilovu da unutmaq qeyri mümkündür.

                     Görkəmli mədəniyyət xadimi, geniş erudisiya sahibi, canlı ensiklopediya, gözəl ziyalı olan professor Ramazan Həmzət oğlu Xəlilov unudulmayacaq, daim onu yaxından tanıyanların və dəyərini bilənlərin qəlbində yaşayacaqdır.

 

Səadət QARABAĞLI,

üzeyirbəyşünas



ÜZEYİR BƏY HACIBƏYLİ VƏ CAVİDLƏR AİLƏSİ
12:13 / 01-03-2017
ÜZEYİR BƏY HACIBƏYLİNİN VƏFATINDAN 68 İL ÖTÜR
14:19 / 22-11-2016
Əkbər Nəcəf: Türk musiqisini nota köçürən ilk bəstəkar
20:58 / 12-10-2016