BÜTÖV AZƏRBAYCAN OCAQLARI
ÜZEYİR BƏY HACIBƏYLİ VƏ CAVİDLƏR AİLƏSİ

12:13 / 01-03-2017   /   baxış - 1563

Türk dünyasının fəxri, Azərbaycan mədəniyyətinin dayağı olan Üzeyir bəy Hacıbəyli böyük dramaturq, filosof şair Hüseyn Cavid əfəndi ilə hələ gənclik illərindən tanış və dost olmuşdular. Bu iki mütəfəkkir sənətkarı bir –birinə bağlayan arxadaşlıq telləri və əqidə birliyi idi. Onlar Azərbaycan xalqının çiçəklənməsi, milli mədəniyyətimizin inkişafı naminə yorulmadan gecə-gündüz çalışırdılar.

 

Üzeyir bəy Hacıbəylinin bacanağı, Azərbaycanın görkəmli maarif xadimi, repressiya qurbanlarından biri olan Pənah Qasımov Hüseyn Cavidlə qonşu olmuşlar. Onlar Cavid əfəndinin indiki İstiqlal küçəsindəki ev-muzeyi yerləşən binanın (keçmiş Kommunist küçəsi 8) üçüncü mərtəbəsində ailəliklə çox mehriban qonşuluq əlaqələrində yaşayırdılar. Üzeyir bəy də o biri bacanağı, bəstəkar Müslüm Maqomayevlə tez-tez Pənah bəygilə gələrdilər. Belə görüşlərdə mütləq H. Cavid də iştirak edərdi. Müxtəlif məsələləri müzakirə edərdilər. Bu görüşlərdə hətta iş birliyi, yaradıcılıq barədə də söhbətləşərdilər. H. Cavidin həyat yoldaşı Mişkinaz  Cavid xatirələrində belə yazırdı: “Yadımdadır...1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşmışdı. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi:

 -Cavid əfəndi, özün bilirsən, “ Koroğlu” üzərində işləyirəm. Yaman vuruşdayam. İnşallah, “Koroğlu”nu qurtarandan sonra ürəyimdə tutmuşam ki, sənin “Şeyx Sənan”ına opera yazım.

                Cavid dedi:

 - Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt istəsən “Şeyx Sənan”a libretto yazaram. Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən də, mənim “Şeyx Sənan” operamın librettosu o qədər də xoşuma gəlmir. Sənin “Şeyx Sənan”ın mənim ürəyimcədir. Allah sənə də, mənə də Cansağlığı versin. Yaxşı bir əsər yazarıq.”

                 30 aprel 1937-ci ildə Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının premyerasında Hüseyn Cavid də ailəsi ilə birlikdə iştirak etmişdir. Əsəri çox bəyənən Cavid əfəndi hədsiz sevinc içində “bu gün əsl xalq bayramı, əsl sənət bayramıdır-demiş, sonra isə dostunu şəxsən təbrik etmək üçün səhnə arxasına keçmişdir. “Koroğlu” operası haqqında ilk resenziyalardan birini də 6 may 1937-ci il  tarixli “Yeni yol” qəzetində Hüseyn Cavid yazmışdır.

                  Amma əfsuslar olsun ki, “Şeyx Sənan” operası üzərində bərabər işləmək niyyəti bu sənətkarlara nəsib olmadı. Dəhşətli 37-ci il bütün arzulara son qoydu. 4 iyun 1937-ci ildə şər, düşmən qüvvələr Hüseyn Cavid əfəndini gedər - gəlməzə apardı. Bununla da Azərbaycan xalqının böyük oğlu H. Cavid və ailəsinin qara günləri başladı. Bu xəbər Cavidsevərlər üçün, onun dostları, tanışları üçün dəhşətli oldu. Üzeyir bəy Hüseyn Cavidin başına gələnləri ürək ağrısı ilə qarşılayaraq, günlərlə özünə yer tapa bilmədi. Bütün arzular, diləklər alt-üst oldu.

                  Ancaq həyat davam edirdi və Cavidin ailəsinə qayğı lazım idi. Cavid əfəndi həbs olunanda oğlu Ərtoğrolun 18, qızı Turanın 14 yaşı vardı. Bu yeniyetmə uşaqlara ata qayğısı nə qədər gərək idi. Qəddar düşmənlərin səyi ilə onlar bu qayğıdan, məhəbbətdən məhrum edildilər.

                   Lakin dünya yaxşı insanlardan xali deyilmiş. Belə bir ağır günlərdə Üzeyir bəy dostunun ailəsinə himayə durdu. Baxmayaraq ki, çox qorxulu, təhlükəli zaman idi. Xalq düşmənlərinin ailələrinə yaxın insanlar da təqib olunurdular. Hətta Üzeyir bəyin də başı üzərində belə bir kabus dolanmaqda idi. Lakin bütün bunlara rağmən xeyirxahlığı, rəhmdil əməlləri ilə artıq əfsanəyə çevrilən Ü.Hacıbəyli Cavidin ailəsini nəzarətsiz, baxımsız qoymadı. Onlara daima mənəvi və maddi dayaq oldu. Öz qayğısını, himayəsini onlardan əsirgəmədi.

                    Böyük dramaturqun oğlu, ciyərparası Ərtoğrol Cavid 1940-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra, Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq, 1941-1942-ci illərdə Üzeyir bəy Hacıbəylinin sinfində bəstəkarlıqdan dərs almış, özünü çox istedadlı və bacarıqlı tələbə kimi göstərmiş, Üzeyir bəyin sevimlisinə çevrilmişdir.

 

                    Faşizm üzərində qələbənin 60 illiyi ilə bağlı “Üzeyir bəy Hacıbəyli və İkinci Dünya müharibəsi” adlı məqalə üzərində işlədiyim zaman maraqlı bir fakta rast gəldim. 1941-ci ildə müharibə başladıqdan sonra əsgərlərə, orduya mədəni hamilik işinə rəhbərlik edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Üzeyir bəy Hacıbəyli dərhal bütün bəstəkarları iş otağına toplayaraq onlara hərbi-vətənpərvərlik əsərləri yazmağı tapşırmışdır. Bu mövzuda ilk əsəri məhz böyük Hüseyn Cavidin oğlu Ərtoğrol Cavid yazmış və sevimli müəlliminə təqdim etmişdir. Bu, gənc bəstəkarın Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi “Eşq olsun” mahnısı idi. Üzeyir bəy əsəri çox bəyəndiyini söyləyərək, yüksək qiymətləndirmişdir. Ə Caviddən sonra Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Hacağa Nemətov və başqaları bu mövzuda romanslar, mahnılar  və marşlar yazmışdılar.

                      Ərtoğrol Cavidin gələcəyinə Üzeyir bəy  Hacıbəylinin çox böyük ümidi vardı. Qeyri-adi istedad sahibi olan Ə. Cavid həm də Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi Tədqiqat Kabinetində çalışaraq xalq yaradıcılığı nümunələrinin toplanması, folklorun nota salınması işi ilə məşğul olurdu.

                      Hətta ağır vərəm xəstəliyinə tutulan Ərtoğrol Cavid vəfatından altı ay əvvəl -26 aprel 1943-cü ildə Tbilisidən kabinetin rəhbəri Bülbülə göndərdiyi məktubunda nikbinliklə yazırdı: ”Mənim indiki planım Naxçıvana getməkdir. Orada hər şey var. Nənəmlə qonşu kəndlərə gedəcəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıracaq materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızı var.”

                      Təəssüf ki, gənc bəstəkar və tədqiqatçı istədiyini həyata keçirə bilmədi. Əcəl macal vermədi, bütün arzular yarımçıq qaldı.

                       Ə. Cavidin əsgərlikdən yazdığı məktubları oxuduqca, onun nə qədər ağıllı, mərd, canıyanan, qayğıkeş olduğunu görməmək mümkün deyil. Yazdığı məktublarda Ərtoğrol yardım üçün yalnız əziz müəllimi Üzeyir bəyə müraciət edirdi. O, xeyirxah saydığı Üzeyir bəy Hacıbəyliyə bir neçə məktub göndərmişdir. Birinci məktubu 25 fevral 1942-ci ildə yazmışdır.

                        “Hörmətli, Üzeyir bəy!

                     Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı.

                      Yeganə narahatçılığım anam və bacımın  acınacaqlı halıdır. Rica edirəm, keçdiyimiz səmimi dərs illəri və ümidli gələcək xatirinə mümkün ola biləcək yardımınızı əsirgəməyin.

                      Anam uşaq bağçasında işləyə bilər. Bacım həm bağçada, həm  maşiniskalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər.

                       Lakin ən lazım məsələ çətin hallarda  nəzarət etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz.

                        Hörmətlə, Ərtoğrol.”

                      İkinci məktubunda isə Ə.Cavid yazırdı:

                       “Hörmətli, Üzeyir bəy!

                        İlk dayanacaq mənzilimiz Abxaziya dağları oldu. Hər tərəf qarlı dağlar, soyuq, ağır iş. Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam, hətta ailəmizdən də.

                        Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır, səhhətim zəifləyir. Lakin nə olursa-olsun, mən səhhətimi saxlamalıyam.

                          Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə də o, yataqda yatır, bacım həyatı dərk eləməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim.

                            Bəzən o dərəcədə bədbinləşirəm ki, yenidən görüşmək ümidi sönür, özümü ən bədbəxt bir fərd zənn edirəm. Ailəmizin rahat dolanmasına əmin ola bilsəydim, kədərim xeyli azalardı.

                            Hörmətlə, tələbəniz Ərtoğrol.

 

                            15.03.1942.”

 

 

                         Ürək ağrısı ilə oxuduğumuz bu məktubları Ə. Cavid hələ Tiflisə çatmamış, yolda olarkən qayğıkeş, xeyirxah müəlliminə yazırdı. Anasının və bacısının fikrini və dərdini içində çəkən 23 yaşlı Ərtoğrol yeganə səcdəgahı Ü. Hacıbəylidən kömək diləyirdi. Amma narahat oğul və qardaş bilmirdi ki, peyğəmbər kimi insan olan Üzeyir bəy onsuz da Cavid əfəndinin ailəsi üçün lazımi, mümkün olanları edirdi. Onlara maddi və mənəvi yardım göstərirdi. Hüseyn Cavid həbs olunduqdan sonra, qohumlarının belə üz döndərdiyi Cavidlər ailəsi, başda Üzeyir bəy Hacıbəyli olmaqla, yalnız bir neçə nəfərdən munislik görürdü.

                            Üzeyir bəyin diqqət-nəzəri dostunun ailəsinin üzərindən heç zaman əskik olmurdu. Qorxmaz, cəsarətli insan olan Üzeyir bəy Hacıbəyli bu ailə ilə bağlı bütün məhdudiyyətləri mərdliklə dəf etməyi bacarırdı. Heç kimdən və heç nədən çəkinmədən onlara qayğı və diqqət göstərirdi. Onların dərdini Azərbaycanın ümumi faciəsi hesab edirdi. Cavid əfəndinin yadigarı Turan Cavidi Dövlət Radio Komitəsində ilk dəfə işə düzəldən də məhz Üzeyir bəy Hacıbəyli olmuşdur. Bu barədə Turan xanım həmişə iftixarla danışardı. Turan Cavidin bununla bağlı və başqa etirafları ilə əlaqədar A. Turanın “Cavid əfəndi...” kitabında oxuyuruq: “Məktubu (söhbət Ərtoğrol Cavidin yazdığı məktubdan gedir) Üzeyir bəyə verdim. Oxudu və Radio Komitəsinə zəng vurdu. Kim idi Üzeyir bəyin bir sözünü iki edən. Məni işə götürdülər. Amma Üzeyir bəylə bağlı bir yalnışımı da söyləmək istəyirəm. Üzeyir bəy Ərtoğrolun məktubunu oxuyub, Radio Komitəsinə zəng vurandan sonra həmin məktubu mənə qaytardı. Uzun illər Üzeyir bəyə həm şükrançı oldum, həm də ürəyimdə bir qırıqlıq qaldı.

                             Düşünürdüm ki, Üzeyir bəy yəqin Ərtoğrolun məktubunu özündə saxlamaqdan qorxdu, çəkindi...

                              Amma çox-çox illər sonra Üzeyir bəyin arxivində Ərtoğrolun Gürcüstandan ona yazdığı məktubları görəndə təskinlik taptım. Üzeyir bəy aldığı çoxlu məktubların içərisində Ərtoğrolun məktubları ayrıca sevgi ilə qoruyub saxlamışdı. Bunu biləndən sonra Üzeyir bəylə bağlı keçirdiyim ikili duyğularıma nöqtə qoyuldu. Həm sevinirdim, həm də Üzeyir bəy barədə yalnış düşündüyüm üçün və onunla bağlı şübhələrimi uzun illər içimdə daşıdığıma görə özümü qınayırdım.

                              Başqa cür də ola bilməzdi. Cünki Üzeyir bəy heç vaxt ikili həyat yaşamamışdı. Onun bir üzü və bir sözü var idi. Hər zaman olduğu kimi görünmüşdü. Elə bu baxımdan da Cavidlər ailəsinə münasibəti  daima birmənalı olmuşdu. Hüseyn Cavid kimi bir sənətkarı itirdiyi üçün həmişə qəlbi ağrımışdı. Amma bunu yaxınlarından başqa duyan, bilən olmamışdı. Cavidin ailəsinə isə köməyini heç zaman əsirgəməmişdi.

                              Azərbaycanın, milli mədəniyyətimizin gələcəyini daima düşünən Üzeyir bəy Hacıbəylinin Cavid əfəndinin istedadlı oğluna xüsusi rəğbəti vardı, ona ümidləri hədsiz idi. Onun bəstələrinə baxanda fərəh hissi keçirirdi. Gələcəkdə böyük bəstəkar kimi şöhrət qazanacağına inanırdı. Ərtoğrol Cavid gənc yaşında xeyli musiqi əsərləri yazıb qoymuşdu. Ü. Hacıbəylinin bəstəkarlıq sinfində təhsil alan Ə. Cavid ilk əsərlərindən birini - “Doqquz variasiya”sını sevimli müəlliminə həsr etmişdir. Bundan əlavə onun Azərbaycan el havaları əsasında yazdığı “Üç prelüd” (“Çal- oyna”, “Aşıqsayağı”, “yallı”),iki uşaq miniatürü, anası Mişkinaz xanıma ithaf etdiyi Naxçıvan mənzərələri adlı iki musiqi lövhəsini (“Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında ”), “Sonatina ”, Skripka  və fortepiano üçün “Poema”, N. Rəfibəylinin şerinə  yazdığı “Eşq olsun” mahnısı və s. əsərləri göstərmək olar. Bunları Ə. Cavid yazaraq tamamlamışdır. Lakin onun yarımçıq qalmış əsərləri də vardır. Məsələn, Böyük simfonik orkestrin müşayiəti ilə lirik-dramatik tenor səsi üçün “Romans-Kapriççio” (sözləri Nizaminindir), “Şeyx Sənan”, “Məhsəti” operaları, “Babəkin andı” simfonik poeması və bir sıra kamera instrumental əsərləri tamamlanmamışdır.

                      Ərtoğrol Cavid hətta bəzi Avropa və rus bəstəkarlarının əsərlərinin mətnlərini Azərbaycan dilinə tərcümə etmiş və çox da uğurlu alınmışdır. Məsələn, Şubertin “Arqançı”, Küinin “Toxundum gülə”, Cordaninin “Ey sevgilim”, Şopenin “Arzu”, Motsartın “Beşik nəğməsi”, Ştrausun “Bahar nəğməsi”, Rimski - Korsakovun “Sadko operasından “Hindli qonağın nəğməsi”, Taneyevin “Beşik nəğməsi”, Raxmaninovun “Yasəmən”, Qreçaninovun                                                                “Layla” və s. əsərlərinin bədii mətnini dilimizə ustalıqla çevirmişdir. Lakin təəssüflər olsun ki, bu əsərlərin nəşri zamanı tərcüməçi kimi Ə. Cavidin adı qeyd olunmamışdır. Tanınmış yazıçımız Anarın “Böyük sənətkarın sənətkar oğlu” məqaləsində bu barədə unudulmaz böyük bəstəkar, xalq artisti Fikrət Əmirova istinadən yazılmışdır: “ Görürsünüzmü, ədəbi mətn melodiyaya necə yaxşı uyğunlaşdırılıb, axı o, kamil ədəbi savada, biliyə malik idi. Neçə-neçə Avropa və rus bəstəkarlarının romans və mahnı mətnlərini dilimizə ekviritmik tərcümə etmişdir.”

                         Göründüyü kimi Ə. Cavid bəstəkar və musiqiçi olaraq qeyri-adi istedada malik idi. Sağ qalsaydı  nə qədər gözəl-gözəl əsərlər yazacaqdı. Amma  xalqımızın düşmənləri buna rəvac vermədilər. Repressiyanın davamı olaraq Hüseyn Cavidin yeganə oğlunu da məhv etdilər. Bununla da Azərbaycan daha bir ziyalısını itirdi.

                          Ərtoğrol Cavidin yaradıcılığı ilə yaxından tanış olduqca onun  çoxşaxəliyinin şahidi oluruq.  Biz onun simasında kimi itirmişik? Bəstəkarı, şairi, yazıçını, dramaturqu, tədqiqatçını, ssenaristi, rəssamı, pedaqoqu və s. Bu sahələrin hər birində də o, böyükdür, Hüseyn Cavidin adına layiqdir.

                           24 yaşında bir gəncin yaratdıqlarına  nəzər saldıqda  heyrətlənməmək olmur və bizə yalnız onu demək qalır. Heyf səndən Ərtoğrol Cavid!

                            Bu yazını böyük Hüseyn Cavidin “Şeyx Sənan” əsərindən bu misralarla bitirmək istəyirəm:

                           “Yüksələn, məhv olar, fəqət enməz!

                              Nuri - həqq daima yanar, sönməz.”

 

Səadət QARABAĞLI

üzeyirbəyşünas.



UNUDULMAZ İNSAN
20:10 / 28-12-2016
ÜZEYİR BƏY HACIBƏYLİNİN VƏFATINDAN 68 İL ÖTÜR
14:19 / 22-11-2016
Əkbər Nəcəf: Türk musiqisini nota köçürən ilk bəstəkar
20:58 / 12-10-2016