O, adını dəyişdi, İslamı qəbul etdi və Türk müsiqisinin xidmətində durdu
Türk musiqisini ilk dəfə nota köçürmüş Litva əsilli alimin anadan olmasının 400 ili tamam oldu. Santuri Əli Üfqü Bəy adı ilə məşhur olan bu şəxs IV Murad dövrü Osmanlı sarayının aydın və parlaq zəkalı münəvvəri hesab edilirdi. Avropa Mədəniyyət Mərkəzi tərəfindən “2010-cu il Əli Üfqü ili” elan edilmişdi. Bu münasibətlə Türkiyə və Avropada çox sayda elmi konfranslar, tədbirlər, eləcə də XVI-XVII əsrlərdə Əli Üfqü tərəfindən nota köçürülən klassik türk musiqisindən ibarət konsertlər tərtib edilmişdi.
Əkbər Nəcəf
Əsirlikdən saraya
Əsl adı Vojcieç olan Santuri Əli Üfqü Bəy elm aləmində Albert Bobuski, Albertus Bobovius, Əli Bəy, Xəlil Bəy, Alli, Xüslusi Bəy və Üfqü Bəy olaraq tanınmaqdadır. Onun çoxsaylı ad və təxəllüslə çıxış etməsi əsərlərini müxtəlif adlarla yazmasından qaynaqlanır. Özünün qəbul etdiyisə Əli Üfqü adı olub. Bu adı ona Osmanlı sarayı “üfqü ali bir insan” olması səbəbi ilə verib. Əli Üfqü eyni zamanda onun İslama gəldikdən sonra daşıdığı müsəlman adlardan biridir.
Litva kökənli Əli Üfqü 1610-cu ildə Lvovda zadəgan ailəsində doğulur. Yüksək səviyyəli təhsil alıb, 20 yaşa çatanda yunanca, almanca, ingiliscə, fransızca və italyancanı bilirdi.
1630-cu ildə Lvov Osmanlı dövlətinə tabe olan Krım-Tatar xanlığının hücumuna məruz qalır. Bu zaman ələ keçən əsirlər arasında Əli Üfqü də vardı. Əli Üfqünü digər əsirlərdən ayırıb böyük hörmət və ehtiram göstərən Krım xanı Canibəy Gəray (1628-1635) “Sən padşah sarayına layiqsən” deyib Osmanlı sultanı IV Muradın hüzuruna göndərir. Sultan IV Murad qısa söhbətdən sonra Əli Üfqünün parlaq bir zəkaya sahib olduğunu anlayır və Əndəruna (Osmanlı Saray məktəbinə) göndərilməsini və burada türk, fars, ərəb dilləri ilə birlikdə İslam elmlərini öyrənməsini istəyir. Əli Üfqü Əndərun təhsili sırasında öz istəyi ilə İslamı qəbul edir, Vojcieç adını da müsəlman bir adla əvəzləyir.
Əndərunu uğurla bitirən Əli Üfqü bildiyi Avropa dillərindən başqa şərq dillərinə də yiyələnir. Sarayda yaşamağa başladıqda türk musiqisnin zənginliyinə heyran kəsilir və santur (saz aləti) çalmağı öyrənir. Bir dəfə sarayda keçirilən şeir və musiqi məclislərinin birində eşitdiyi mahnıları nota köçürən Əli Bəyin bir neçə gün sonra not vasitəsi ilə onları ifa etməsi saray adamlarının təəccübünə səbəb olur və ona “üfqü ali” (zəkası parlaq mənasında) ləqəbi verilir. O vaxta qədər islami ad olaraq daşıdığı Əli Bəy, Xüslusi Bəy, Xəlil Bəy kimi adları tərk edib Əli Üfqü adı ilə məşhurlaşır.
Əli Üfqi bir məlumata görə 1676-cı ildə, başqa bir məlumata görə isə 1685-ci ildə İstanbulda vəfat edir. Osmanlı müəllifləri ondan “bəstəkar, santuri, nota və güftə (mahnı)” müəllifi olaraq söz salırlar.
Şairliyi də vardı
Əli Üfqünün yaşadığı dövrdə Osmanlı-türk mədəniyyəti dünya miqyasına çıxmışdı. O dövrdə Avropa ölkələrində yazılmış yüzlərcə əsərdə Osmanlı dövləti, dili və mədəniyyəti yarı-qorxu, yarı-heyranlıqla təsvir edilirdi. Əli Üfqü İstanbula göndərilərkən haqqında eşitdiyi və oxuduğu bu qorxunun və heyranlığın mərkəzinə düşür və İstanbulun mədəni ehtişamı onu valeh edir.
Türkcəni öyrəndikdən sonra divan ədəbiyyatı ilə məşqul olur, “Üfqü” ləqəbi ilə şerlər yazır.
Amma ən çox diqqətini çəkən türk musiqisi idi. Avropa dillərinə yaxşı bələd olduğundan saray tərcümə dairəsinin başçısı olmaqla bərabər Topqapı sarayı musiqi heyətinə də rəhbərlik edirdi. Avropa not sistemini yetərincə bildiyindən türk musiqisini, eyni zamanda eşitdiyi türk duaları, mərsiyələri, mahnıları, türküləri və muğamları da nota alırdı. Qərb not sisteminin türk musiqisinə tətbiqində bəzi çətinliklərlə üzləşirdi. Əsas çətinlik ondaydı ki, ərəb əlifbası sağdan sola, Qərb not sistemində isə sözlərin yazılışı soldan sağa gəlirdi. Əli Üfqü öncə ərəb əlifba sistemini yoxladı, daha sonra mahnıların sözlərini osmanlıca soldan sağa yazmaqla problemi aradan qaldırır. Beləcə, 1000-dən çox türk şifahi, yazılı, sözlü, sözsüz, dini və xalq mahnıları nota alındı.
Əsərləri Qərb kitabxanalarında
Əli Üfqünün əsərləri bu gün İngiltərə və Fransa kitabxanalarında saxlanmaqdadır. Kiçik və qaralama kağızlara yazdığı ilk əsəri İstanbulda eşitdiyi türkcə dualar, yemək növləri və dərmanlar haqqındadır. XVII əsrdə İstanbulu ziyarət edən fransız səyyah Antoine Galland onun bu kağızlarını toplayıb kitap halında tərtib etmişdi. Həmin əlyazma nüsxəsi hazırda Fransa Milli Kitabxanasının nadir əsərlər fondunda saxlanır.
Əli Üfqunün nota köçürdüyü 600 türk musiqi əsəri isə İngiltərədə əlyazma formasında “British Library”də mühafizə edilir. Onun yaradıcılığını tədqiq edən musiqişünas Fikrət Qaraqayaya görə, İngiltərədə saxlanılan bu əsərlər onun daha sonra yazıb kitab halına gətirdiyi “Məcmua-i Sazü Söz” əsərinin ilkin versiyası ola bilər.
Azərbaycanda onu heç kəs tanımır
Təəssüf ki, Əli Üfqü adı Azərbaycan musiqişünaslığına tanış deyil. Əslində Türkiyədə də onun haqqında sanballı tədqiqat əsərləri 1950-ci ildən sonra yazılmağa başladı.
1931-ci ildə İngiltərədə olarkən Doktor Rza Nur London kitabxanasında Əli Üfqünün“Məcmua-i Sazü Söz” əsərinin əlyazmasını gördüyünü qeyd edir. O vaxta qədər heç kəs, hətta Rza Nur özü belə, bu əsərin məzmunu ilə maraqlanmır.
Əli Üfqünü yenidən kəşf edən elm adamı məşhur türkoloq Çağatay Uluçaydır. Onun 1948-ciildə Əli Üfqü haqqında yazdığı məqaləsindən sonra bu mövzuda tədqiqatların və araşdırmaların sayı artır və nəhayət, məşhur əsəri olan “Məcmua-i Sazü Söz” nəşr edilir.
Əli Üfqünün yaradıcılığı Azərbaycan musiqisi üçün də böyük əhəmiyyətə malikdir. Bilindiyi kimi, həmin dövrün Osmanlı musiqisi ilə Azərbaycan musiqisi eyni xalq və şifahi yaradıcılıq qaynaqlarına sahibdir. Əli Üfqünün nota aldığı türk mahnıları, muğamları və onların ifa tərzləri bir növ Azərbaycan musiqisinin də nota köçürülmüş ilk əsərləri sayılır. İnanırıq ki, Azərbaycan musiqişünasları “Əli Üfqü ili”ndə bu sahədə elmi əsərlər ortaya qoyacaqlar.
Əkbər Nəcəf
tarixçi, tədqiqatçı, tərcüməçi.