BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Həsən Dəmirçinin yubileyi qeyd olunub

23:48 / 31-12-2021   /   baxış - 1638

Ankarada görkəmli musiqiçi, bəstəkar, pedaqoq və şair Həsən Dəmirçinin yubileyi qeyd olunub

Ankarada görkəmli təbrizli musiqiçi, bəstəkar, pedaqoq və şair Həsən Dəmirçinin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında keçirilən tədbirdə Azərbaycan və Türkiyənin tanınmış ictimai nümayəndələri, eləcə də Ankarada yaşayan və fəaliyyət göstərən təbrizlilər iştirak ediblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Ankarada fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı təmsilçisi Elçin Qafarlı, Ankara Universitetinin əməkdaşı Rıza Heyət, şair-yazıçı, ssenarist Azəryar Danişvərin çıxışları dinlənilib.

Çıxışlarda Həsən Dəmirçinin zəngin mənalı həyat və yaradıcılığından bəhs olunub. Diqqətə çatdırılıb ki, ölməz sənətkar nadir yaradıcılıq üslubu ilə poeziya və musiqisevərlərin qəlbini oxşayıb. O, dərin məzmunlu şeirləri, nota köçürdüyü nəfis əsərləri ilə Azərbaycan-türk mədəniyyətinin zənginləşməsinə və inkişafına böyük töhfələr verib. Əminliklə ifadə olunub ki, zaman keçdikcə Həsən Dəmirçinin yaradıcılıq irsi daha dərindən araşdırılacaq və təbliğ olunacaq.

Mərasimin bədii hissəsində Həsən Dəmirçini müəllifi olduğu “Durnam uçdu”, “Haraylı Təbriz”, “Hey, hey”, “Oğlum” mahnıları görkəmli tarzən Erol Çətin tərəfindən ifa edilib.

Atabəy Barış isə böyük şairin "Eşq olsun", "İstək", "Ey Ana Vətən" adlı şeirlərini səsləndirib.

FOTOLAR:

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara