BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Şirvani Ədilli: “Səfillər” əsərində ailə dəyərləri

23:01 / 29-08-2021   /   baxış - 2059

Şirvani Ədilli

 

XIX əsrin məşhur fransız yazıçısı Viktor Hüqonun irihəcmli “Səfillər” romanında Fransa və onun simasında o dövrkü Avropa həyatı müxtəlif tərəflərdən canlandırılır. Əsərdə Fransanın ictimai-siyasi və hərb tarixinə dair bir çox maraqlı hadisələrin təsvir olunmasıyla yanaşı sosial, siyasi, dini, əxlaqi, fəlsəfi və b. məsələlərin geniş təhlilinə də yer verilir. Bu məsələlər içərisində ağırlıq mərkəzi əsasən cəmiyyətdəki sosial ədalətsizlik, dövlət qanunları ilə ədalət arasındakı ziddiyyət, mütləqiyyət, dini cəhalət kimi problemlərə salınır, bu problemlərin həlli yolu kimi maarifçilik, demokratik inqilablar, həmçinin mərhəmət, xeyirxahlıq, vicdan kimi mənəvi keyfiyyətlər təbliğ olunır. Əsərin məzmununda əsas yer tutmasa da, orada təsvir olunan bəzi hadisələrdən o dövrun fransız ailə dəyərləri haqqında da müəyyən təsəvvür yaratmaq olar. Yazımızda əsərin məhz ailə dəyərləri ilə bağlı hadisələrinin təhlilinə çalışacağıq.

Əsərdə gənc və subay Jan Valjan ərsiz bacısı və onun yetim uşaqlarına baxır, onlarla tikəsini belə bölür. Məhz onlar üçün çörək oğurluğu etdiyinə görə də tutulur və uzun illər həbsxana həyatı keçirir. Buradan bacı-qardaş münasibətləri, o cümlədənbacı qarşısında qardaş borcunun o dövrün ənənələrində də nə qədər önəmli yer tutduğunu görürük.

Əhli-kef, məsuliyyətsiz sevgilisi tərəfindən atılmış Fantina nikahdan kənar doğulmuş körpə qızına təkbaşına baxmalı olur. O, uşağı olduğunu gizlədərək fabrikdə işə girir. Lakin onun nikahdan kənar doğulmuş uşağınin olduğu üzə çıxdıqda əxlaqsız qadın kimi qəbul edilərək işdən qovulur. Fabrikin sahibi cənab Madlen (Jan Valjan)  sonradan bu hadisədən xəbərsiz olduğunu bildirərək təssüflənir və onun işdən çıxarılmasını ədalətsiz hesab edir.  Burada müəllif ərsiz uşaqlı qadınların əxlaqsız hesab edilərək işləməkdən məhrum edilməsini heç də yaxşı ənənə kimi qiymətləndirmir. Əxlaqsız qadınların da işləmək haqqı olduğu göstərilir. Lakin digər tərəfdən bu hadisədən o dövrkü fransız cəmiyyətində qadınların ailəli və əxlaqlı olmasına nə dərəcədə əhəmiyyət verildiyi özünü göstərir.

Daha sonra Fantina işsiz və səfalət içində qalaraq fahişəlik etməyə məcbur olur. Yəni əslində Fantina sevgilisi tərəfindən aldadılıb atılmasına baxmayaraq, əxlaqlı həyat sürməyə çalışır, lakin məhz qızı xatirinə fahişəliyi belə qəbul edir. Lakin çox keçmir ki, düşdüyü ağır xəstəlikdən gənc yaşda həyatını itirir.

Əsərdə xüsusiylə diqqəti cəlb edən digər ailə Tenardyelər ailəsidir. Ailənin başçısı cənab Tenardye oğru, fırıldaqçı, pul xatirinə hər cür vicdansızlığa, qəddarlığa əl atan, hər dona girməyə, hər oyunu oynamağa hazır olan, müharibə meydanında ölmüş əsgərləri soyan bir şəxsdir. O, pul xatirinə hətta öz yetkin qızlarını da varlıların evlərinə ürəkağrıdan məktubla dilənməyə getməyə məcbur edir. Öz azyaşlı oğlu Qavroşu küçəyə atır və necə, harada yaşadiğı ilə maraqlanmır. Ondan da balaca iki uşağını fırıldaqçı şəxslərə satır və onların sonrakı taleyi ilə ümumiyyətlə maraqlanmır.

Bütün bunlar isə artıq ənənəvi ailə dəyərlərinə ziddir. Burada bir maraqlı məqama diqqət yetirmək yerinə düşər ki, müəllif əsərin bir neçə yerində cənab Tenardyenin təmiz fransız olmadığına, Fransaya gəlmə ispan olduğuna işarə edir:

“...bu xainlərdən birisi olan və fransızca dolaşıq bir pikard şivəsində danışan bir ispan “sürünəni” onun fransız olduğunu zənn edən markiz de Fervakı aldatmışdı.” (I cild, səh. 400); “Qarışıq cinsli bu alçaq adam çox ehtimal ki, Flandriyada Lill tərəflərdə yaşayan bir flamand, Parisdə – fransız, Brüsseldə belçikalı kimi özünü qələmə verər və sərhədin o tayında da, bu tayında da özünü yerli kimi hiss edərdi.” (I cild, səh. 424-425).

Bu da, bəlkə də, öz vətənini və millətini sevən yazıçının məhz belə bir şərəfsiz obrazı öz millətinin simasında canlandırmağı özünə rəva bilməməsindən irəli gəlib. Burada həm də müəllif yəqin ki, Tenardyelər ailəsinin məhz fransız ailə dəyərlərini təmsil edə bilməyəcəyini demək istəyib.

Yuxarıdakı misallardan müəyyən etmək olar ki, həmin dövrdə fransız cəmiyyətində köklü, ənənəvi ailə dəyərləri indiki Avropa ilə müqayisədə daha güclü olmuşdur. Əsərdə Mariusun Kozettaya olan sevgisinin təsviri isə bu fikri daha da inamla deməyimizə əsas verir.

Mariusun, aşiq olduğu Kozettanı hələ parkda kənardan seyr etdiyi vaxt Kozettanın sadəcə geyiminin təsadüfən qalxması və ayağının bir hissəsinin görünməsi Mariusa çox pis təsir edir. Bu epizodik hadisə belə Mariusun Kozettanın əxlaqı haqqında bir anlığa mənfi fikrə düşməsinə səbəb olur:

“Birdən ...sərt bir külək əsdi; külək ...qızı burub hərlədi, onun ...paltarını corabbağına qədər qaldırdı. ...Marius ...bundan son dərəcə qəzəbləndi. ...düşünərək öz-özünə dedi: “Axı burada başqa bir adam da ola bilər. Bəlkə elə doğrudan da burada başqa bir adam  varmış! Bir işə baxırsan da! O ki belə bir iş tutmuşdur – daha bundan pis nə ola bilər!” Lakin yazıq qız heç bir pis iş-zad tutmamışdı. Təqsirin hamısı küləkdə idi. Lakin ...o bərk acıqlanmışdı, qızı öz kölgəsinə də qısqanırdı.” (II cild, səh. 156-157).

Hazırkı dövrdə bir Avropa kişisindən eyni hadisəyə bu cür reaksiyanı gözləmək heç də ağlabatan deyil.  Buradan görünür ki, qadınların açıq-saçıq geyiminə o vaxtlar Avropada da yaxşı baxılmayıb. Yəni əxlaqlı qadınlar üçün bu cür geyim uyğun görülməyib.

Marius Kozetta ilə məhz həmişəlik ailə həyatı qurmaq istəyir. Onu Kozettaya yalnız cinsi hislər bağlamır. Belə ki, ilk görüş istisna olmaqla onlar öz gizli görüşlərində yalnız söhbət edir və biri-birilərinə tamaşa edirlər, cinsi xarakter fiziki təmasları olmur:

“...Marius hər axşam bura gəlirdi. Kozetta bu zaman vicdansız, pozğun bir adam sevmiş olsaydı – məhv olardı; çünki, özünü sevdiyi adama tamamilə təslim edən səxavətli ürəklər var. Kozetta belə adamlardan idi. ...Ey nəcib insanlar (kişilərin dilindən qadınlara müraciətlə - Ş.Ə.), ...Siz çox vaxt qəlbinizi verirsiniz, lakin biz sizin bədəninizi götürürük. ...bu kiçicik bağda hər axşam iki adam görünərdi; onlar – bütün ismət və bəkarət dəfinəsini özlərində cəmləşdirən, ...təmiz, pak, nəcib, zülmətdə bir-biri üçün işıq saçan iki gəncdi. Onlar biri-birinə təmas edirdi, biri-birinə baxırdı, biri-birinin əlindən tuturdu, biri-birinə sıxılırdı, lakin onların aşmadığı bir hüdud vardı. Onlar bu hüdudu ona görə aşmırdı ki, bunu nalayıq bir hərəkət hesab edirdi. ...Onların ilk öpüşü həm də sonuncu öpüş oldu. Bu öpüşdən sonra Marius ancaq dodaqlarını Kozettanın əlinə, ləçəyinə, ya hörüyünə toxundurardı. Kozetta onun üçün qadın deyildi, ətirdi, Marius onunla nəfəas alırdı. Kozetta heç bir şeydən boyun qaçırmırdı. Marius da heç bir şey tələb etmirdi.” (II cild, səh. 456-457).

Marius varlı burjua təbəqəsindən olan ana babasının himayəsində böyüyür. Üzünü görmədiyi, Napoleon ordusunda cəsur hərbçi olmuş atası isə onlardan ayrı tənha həyat sürür. Mövcud mütləqiyyətin tərəfdarı və hakimiyyətdən getmiş Napoleonun və respublikaçıların qatı əleyhidarı olan Babası Mariusu atasının yanına qoymur. Gedərsə onu vərəsədən məhrum edəcəyi ilə hədələyir. Marius atasının şərəfli keçmişini öyrəndikdən sonra siyasi-ideoloji baxışlarında babası ilə ziddiyyət yaranır və ciddi mübahisələri düşür. Nəticədə öz fikrindən dönməyən Marius babasının evini tərk edir və demokratik inqilabçı gənclərə qoşularaq  tənha və səfil həyat keçirməyə razı olur. Lakin bir müddət sonra Kozettaya aşıq olmuş Marius onunla evlənmək xatirinə maddi dəstək üçün düşmən kimi olduğu babasına ağız açmalı olur. Babası kinayəli sözlərlə yenə ona möhtac olduğunu Mariusun üzünə vuraraq ona belə bir məsləhət verir:

“- ...Al, mənim balam, sən də bir gün bu borcu öz nəvənə qaytararsan. Burada iki yüz qol var. Get əylən, kefini çək! Dünyada bundan yaxşı şey yoxdur. İşi bax belə görürlər, evlənmirlər, bu işə mane olmur. Sən mən dediyimi başa düşürsən?

Marius ...başını yellədi.

Qoca qəhqəhə ilə güldü, ...çiyinlərini sıxaraq dedi:

- Ay səfeh! Onu özünə məşuqə elə!

Mariusun rəngi ağardı, ...bu  Kozetta üçün ən dəhşətli bir təhqir idi. “Onu özünə məşuqə elə” sözləri bu bakir gəncin qəlbini bir ox kimi deşmişdi.

O yerindən qalxdı, ...babasına təzim etdi, sonra başını qaldırıb dedi:

- Beş il bundan əvvəl siz mənim atamı təhqir etdiniz, bu gün də mənim arvadımı təhqir etdiniz. Mən daha sizdən heç bir şey istəmirəm, cənab. Sağlıqla qalın.”(II cild, səh. 492-493)

Viktor Hüqo bir böyük maarifçi kimi əsərdə maarifçilik, o cümlədən azadlıq, demokratiya ideyalarını qəti şəkildə təbliğ edir. Müəllifin qadın azadlığı məsələsinə münasibətinə gəldikdə, onun üçün qadın azadlığı anlayışı heç də bəzilərinin iddia etdiyi kimi qadınların köhnə ailə ənənələrindən azad olması, o cümlədən onların cinsi azadlıqlarının təmin olunması kimi qəbul etmir. Belə ki, ənənəvi ailə dəyərlərinin guya qadın azadlıqlarını, o cümlədən də onların cinsi azadlıqlarını mədudlaşdırması haqqında fikirlərə əsərin heç bir yerində rast gəlmirik. Əksinə, məhz ailə dəyərlərinin gözlənilməməsinin qadınların hüquq və azadlıqlarının pozulmasına, onların cinsi və başqa formalarda istismar olunmasına səbəb olduğu göstərilir.  Məsələn, Fantinanın normal ailəsi olsaydı körpə qızı yad əllərdə zülm çəkməz, özü cinsi istismara məruz qalmaz və gənc yaşında xəstəlik tapıb ölməzdi. Tenardyelər ailəsi normal ailə olsaydı onların azyaşlı oğlan uşaqları ac-yalavac küçələrdə qalmaz, yetkin qızları varlıların qapılarında dilənçilik etməzdi. Əsərin baş qəhrəmanı Jan Valjan canından artıq sevdiyi Kozettanı məhz normal, kübar bir ailəyə gəlin köçürdükdən sonra rahat ölə biləcəyini hesab edir. Məhz bunun üçün Kozettanın gələcək əri Mariusu çox böyük çətinliklə ölümdən qurtarır. Əsərin müsbət qəhrəmanı olan Marius isə ənənəvi ailə dəyərlərinə məsumcasına sadiq olan bir şəxsdir.

Bu gün Qərbdə ənənəvi ailə dəyərləri xeyli aşınıb. Kişi və qadın biri-biri qarşısında heç bir maddi-mənəvi məsuliyyət və öhdəlik götürmək istəmir. Buna görə də tərəflər rəsmi nikahdan kənar, yalnız müəyyən müddət əsasən cinsi yaxınlıqla müşayiət olunan birgə yaşayışa üstünlük verirlər. Buna da mədəni dildə “vətəndaş nikahı” adını veriblər. Rəsmi nikahlar qurulduqda belə əsasən qısamüddətli olur.Ailə qurmaq anlayışı az qala əks cinsdən olanların yalnız cinsi həyat yaşaması (o da ancaq bir müddət) anlayışı ilə eyniləşib. Yəni ailə qurmaq biri-birinə həyat yoldaşı olmaq, ömürlərinin sonunadək birgə addımlamaq, biri-birinə kömək olmaq və biri-birini tamamlamaq anlayışından çıxmaqdadır.

Beləliklə, “Səfillər” romanındakı hadisələr onu deməyə əsas verir ki, XIX əsrin əvvəllərində Fransız cəmiyyəti kifayət qədər ailə təməllərinə əsaslanan bir cəmiyyət olmuşdur. Yəni bu gün “şərq ailə ənənələri” adlandırılan ənənələrə oxşar ənənələr əslində əvvəllər Avropa xalqlarında da mövcud olmuş və yalnız son 100-200 ildə həmin ənənələrdə aşınmalar baş vermişdir. Qərbin ailə dəyərləri ilə bağlı bugünkü durumu heç də qədim Avropa ənənələrindən qaynaqlanmır.

 

Ədəbiyyat:

Viktor Hüqo, Səfillər. 3 cilddə. Bakı, “Öndər nəşriyyatı”, 2005.

 

Şirvani Ədilli

"Türküstan qəzeti", 24.08.2021.