BÜTÖV AZƏRBAYCAN OCAQLARI
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR

21:01 / 14-11-2020   /   baxış - 1401

     

“Tariximizə sahib çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birrliyiuzun müddətdir ki, Azərbaycanın müxtəlif regionlarında  mədəniyyətin, elmin inkişafı üçün orta məktəblərdə, elm ocaqlarında maarifləndirici işlər görür. Kitab və mütaliənin təbliği bu gün xüsusi əhəmiyyət kəsb etdiyindən, əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi işinə əhəmiyyət verilməklə yanaşı, əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilməlidir. Növbəti addım kimi biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınin Mədəniyyət Nazirliyi ilə birgə keçirdiyi , Muzeylər, kitab işi və xalq yaradıcılığının inkişafına dair təşəbbüslər qrant müsabiqəsi çərçivəsində, Kitabxanalar insanlığın etibarlı yaddaşıdır (kitab müzakirələrinin keçirilməsinə dair təşəbbüs) layihəsinə uyğun olaraq 2020 ci ilin oktyabr-noyabr aylarında Oğuz, Qəbələ rayonlarında kənd kitabxanalarında kitab müzakirəsi günləri keçirildi  (26-28 oktyabr tarixlərində təşkilatın nümayəndələri Qəbələ rayonunun Nic kəndində və Oğuz rayonunun Dəymədərə kəndində vətənpərvərlik mövzusunda yazılmış kitabların müzakirəsi oldu). Eyni zamanda Bakıda Sulutəpə qəsəbəsində 313 saylı tam orta məktəbdə Maştağa qəsəbəsi 187 saylı tam orta məktəbi ilə onlayın  kitab müzakirəsi həyata keçirildi. Kitab müzakirələrində aktiv iştirakçılara diplomlar təqdim olundu

Bu görüşdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, CİEPO-nun üzvü Dilavər Əzimli, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, AMEANizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent Bayramlı Zəkulla, Maştağada yerləşən 187 nömrəli tam orta məktəbin dərs hissə müdiri İffət Bədəlova, siyasi elmlər ü.f.d. Rühəngiz Hacıyeva, məktəbin müəlliməsi Qızxanım Novruzova və d. iştirak edirdi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Araz Şamilov bildirdi ki, kitab mütaliəsi gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması baxımdan mühüm əhəmiyyətə malikdir. Bu baxımdan bu gün gənc nəslin mütaliəyə həvəsləndirilməsi üçün biz əlimizdən gələn hər şeyi etməlik. Çıxış edənlər qeyd etdilər ki, son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsi, həmçinin belə maarifləndirici tədbirlərin təşkil edilməsidir.Oxuduğumuz bədii ədəbiyyatlar, universal kitablar olan ensiklopediyalar, müəyyən sahələrə aid biliklərin əhatə olunduğu dərsliklər və sair məhz biliklərimizi və dünyagörüşümüzü zənginləşdirməyə xidmət edir. Bu baxımdan məlumat və bilik dairəmizi genişləndirmək və inkişaf etdirmək üçün kitabların faydası çoxdur. Çıxış edən İffət Bədəlova isə bildirdi ki, gələcək nəsillərin savadlı, mədəni, ağıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. İnsanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin yüksəlməsinə təsir göstərən bir amil kimi mütaliə insanın dünyagörüşünü artırır. İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə, eyni zamanda, onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və sair məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir.  Görkəmli alim Dilavər Əzimli öz çıxışında bildirdi ki, tarixi keçmişimiz bu günlə sıx bağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Keçmişin tarixi irsini isə biz tarixə müraciət edib, kitab oxumaqla öyrənə bilərik. Kitaba, mütaliəyə yüksək münasibətin tarixi kökləri daha qədimlərə gedib çıxır.

Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərliisə bildirdi ki, hər bir gənc üçün çox vacib olan kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır.

Fil.ü. f.d., füzulişünas alim, dosent ZəkullaBayramlının fikrincə isə cəmiyyətdə mütaliə mədəniyyətini formalaşdırmaq prosesinə ilk növbədə ailələrdə və məktəblərdə uşaqların mütaliə həvəsini yüksəltmək üçün işlərdən başlamaq lazımdır. Kitab ömrün böyük yolunun başlanğıcı rolunu oynayır. Uşaqlarda oxumağa meyil, öyrənməyə həvəs, ətraf mühiti anlamağa maraq da kitablardan başlayır.

Sonda söz uşaqlara verildi. Onlar son zamanlarda oxuduqları bədii kitablar haqqında məlumat verərək, bu əsərlər haqqında öz fikirlərini paylaşdılar. Sonda təşkilatçılar qərara aldılar ki, alimlərimizin də iştirakı ilə ildə 4 dəfə belə tədbirlər həyata keçirilsin.

“Tariximizə sahib çixaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi  Azərbaycan tarixinin bu şərəfli günlərində xalqımızı təmkinli olaraq, Dövlətimizin ətrafında bir yumruq kimi birləşməyə çağırır.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!