BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsidir

15:54 / 21-02-2017   /   baxış - 36

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.

 

Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə qeyd edilir.

 

El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

 

Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.

 

Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.

 

Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.

 

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

 

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

 

BAO.AZ



BAŞSAĞLIĞI
12:11 / 04-02-2017
Bu gün qardaş Türkiyənin Zəfər bayramıdır
15:34 / 30-08-2016
DOĞUM GÜNÜ TƏBRİKİ
00:04 / 26-07-2016
Ağdamın işğalından 23 il ötür
18:57 / 23-07-2016