BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Məhəmməd ağa Şahtaxtılı

00:00 / 23-12-2014   /   baxış - 28343

Məhəmməd ağa Məhəmmədtağı sultan oğlu Şahtaxtılı (1846-1931) - görkəmli maarifçi, publisist, alim, milli ziyalı.

Məhəmməd ağa Məhəmmədtağı sultan oğlu 1846-cı ildə Şahtaxtıda anadan olub. 1860-cı ildə Naxçıvan şəhər qəza ibtidai məktəbini bitirərək 14 yaşında ikən Tiflis klassik gimnaziyasında təhsilini davam etdirib. O, 1871-ci ildə Almaniyanın Leypsiq universitetinin Tarix, Fəlsəfə və Hüquq fakültəsində ali təhsil alıb. 1873-1875-ci illərdə Parisdə yaşadıqdan sonra Tiflisə qayıdıb. 1879-cu ildə "Təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsini hazırlayıb nəşr etdirib.

M.Şahtaxtlı 1894-cü ildə Azərbaycan dilində nəşr etmək istədiyi qəzet və yaratmaq istədiyi mətbəənin avadanlıqlarını almaq üçün Naxçıvana gəlir və ata mülkünün bir hissəsini 18 min manata satır.

1899-1902-ci illlərdə Fransanın Sorbon Universitetində Ali Təcrübi Təhsil məktəbində təhsil alır. Bu dövrdə Tiflisə qayıdan görkəmli ictimai-siyasi xadim, publisist şəxsi mətbəəsini qurur, "Şərqi-rus" qəzetini nəşr etdirir. 1906-cı ildə isə həmin mətbəəni Cəlil Məmmədquluzadəyə bağışlayır.

1907-ci ildə İrəvan quberniyasından Dövlət Dumasına millət vəkili seçilir.

1909-1912-ci illərdə Rusiya İmperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist olan M.Şahtaxtlı sonrakı dövrdə Bakı Dövlət Universitetində şərqşünas kimi çalışır. Bu sahədəki fəaliyyətinə görə universitetin Elmi Şurası tərəfindən ona Professor elmi adı verilir. O, BDU-nun ilk azərbaycanlı professoru idi. M.Şahtaxtlı 12 dekabr 1931-ci ildə Bakı şəhərində vəfat edib.