Cəfər Cabbarlı (1899-1934)
Azərbaycan bayrağına
Buraxınız, qoy seyr edim, qoy düşünüm, qoy oxşayım,
Bu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xeyr, xeyr! Çiçək solur, otlar yerdə taptanır.
Fəqət bizim bayrağımız ucaları çox sevir,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanır.
Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyiylə yüksəklərə uçmada.
Bu görünüş bir ananın şəfqətinə oxşayır,
Düşündükcə zövqlərimi, vicdanımı oxşayır.
Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə belə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Bu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu bu ulduz da səkkiz hərfli OD YURDU,
Əsarətin gecəsindən fürsət bulmuş quş kimi,
Səhərlərə uçmuşdur.
Bu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, amallarım edib bu bayrağı intiqal,
Bircə-brcə doğru olmuş, bir ad almış: İSTİQLAL!
Ürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.