Sabir Yusifoğlu
Bu sevgİ – TÜRK…
Dünya qopsa dönən deyil yolundan,
Azadlığa susayan türk, acan türk.
Qılıncını gündoğanda sıyırıb,
Günbatana bayrağını sancan türk.
Bir kimsənin tapdalamaz haqqını,
Bir kimsəyə pay verməz öz haqqını.
Gir dünyanın yaddaşına bir tanı,-
Dərd önündə əyilibdi haçan türk?!
Kölgəsi də qılınclanan, daşlanan,
Hikkəsindən, qəzəbindən daş yanan.
Sinəsini yurda sarı tuşlanan
Süngülərə, güllələrə açan türk.
Yarasına köz basılar, qar dolar,
Təklənsə də, lap təklənmiş qurd olar.
Bu sevgini anlayammaz xırdalar,-
Bu sevgi – Türk, bu ürək – Türk, bu can – Türk!