Qurban Təbiətoğlu
Bayrağım
Bir kərə yüksəlib, bir daha enməz,
Mavi səmalarda süzən bayrağım!
Türklüyü, islamı, müasirliyi,
Məğrur sinəsinə düzən bayrağım
Boyanıb üç rəngə şərəf, şanıyla
Ay-ulduz sipərdi ona canıyla.
İgid oğulların şəhid qanıyla,
Azadlıq dastanı yazan bayrağım!
Xeyir əvvəl-axır güc gəlir şərə,
Dağın qəzəbindən məhv olar dərə.
Fırtına qopsada sərilməz yerə,
Neçə tufanlara dözən bayrağım!
Tezliklə geyinib qələbə donun,
Gətirər hicranın, həsrətin sonun.
O taylı, bu taylı əlli milyonun,
Döyünən qəlbində gəzən bayrağım!
Bu səbir xalqımın bəsidir, bəsi,
Susduraq Vətənə göz dikən kəsi!
Gəlsin Qarabağdan Himnimin səsi,
Zəfər nəğməsilə bəzən, bayrağım!