Bütöv Azərbaycan Ocaqlarının (BAO) Güney Azərbaycanlı
milli fəal İsmayıl Bərzigərinin həbsxanada aclıq
aksiyası keçirməsi ilə bağlı
BƏYANATI
Tehranın Evin həbsxanasında saxlanılan Güney Azərbaycanlı milli fəal, tanınmış musiqiçi İsmayıl Bərzigəri artıq 31 gündür ki, aclıq aksiyası keçirir. Onun həbsxanada aclıq aksiaysına başlamasına səbəb səhhətində yaranan ciddi problemin aradan qaldırılması üçün lazımi müalicə şəraitinin yaradılmaması olmuşdur. İsmayıl Bərzigəri aclıq aksiyasına başladıqdan sonra bu aksiyanı dayandırması üçün həbsxananın klinikasında ona fiziki və mənəvi təzyiqlər göstərilmişdir. Noyabrın 21 və 22 -də də o, belə təzyiqlərə məruz qalmışdır. Hazırda onun sağlıq durumu kritik vəziyyətdədir.
Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan muğam ifaçısı İsmayıl Bərzigəri 2011-ci ilin iyununda həbs olunub. Tehran məhkəməsi onu casusluqda təqsirləndirərək 7 illik həbsə məhkum edib. O, mühakimə olunarkən vəkildən məhrum edilib və məhkəmə iclası cəmi 5 dəqiqə çəkib. Azərbaycanlı siyasi fəal saxlandığı şəraitin ağırlığına və məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 2012-ci il fevralın 2-də də aclıq aksiyası keçirib. Nəticədə İsmayıl Bərzigəri dəfələrlə qan təzyiqi düşdüyünə görə zindan klinikasına aparılıb, hətta burada o, kliniki ölüm də keçirib.
Biz Bütöv Azərbaycan Ocaqları olaraq soydaşımız İsmayıl Bərzigərinin sağlıq durumundan narahatlığımızı bildirir və İran rejimindən həbsxanada ona dərhal normal şəraitin yaradılmasını tələb edirik.
Bütöv Azərbaycan Ocaqları
Bakı, 23.11.2013.
www.bao.az
ocaqlar@bao.az
ocaqlar@mail.ru