4 fevral 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi Analitik Klubunun (SAK) təşkilatçılığı ilə “ABŞ prezidenti Donald Tramp və qlobal proseslər” mövzusunda növbəti diskussiya keçirildi.
Tədbiri giriş sözü ilə BAO başqanının siyasi məsələlər üzrə müavini Alı Balayev açdı. Sonra söz tədbirə siyasi ekspert kimi çağırılmış qonaqlara verildi.
Vüqar Zifəroğlu: 2011-ci ildə baş vermiş “Ərəb baharı”nda qalib gələn nə onu yaradanlar, nə də icraçılar oldu. Bu proseslərdən sonra daha çox İran qazandı. İranın mövqeyi Yəmən və b. bölgələrdə gücləndi Trampın hakimiyyətə gəlməsi ənənəvi Amerika siyasətinə son qoya bilər. Tramp bu ənənədən kənar siyasət aparsa da, xalqın səsini də alıb. Fikrimcə Amerikanın Yaxın Şərqə yönəlik siyasətində dəyişiklik hiss olunacaq. Amma İrana hərbi müdaxilə real deyil. Amma İrana tətbiq olunan iqtisadi sanksiyalar hərbi müdaxilə ilə bərabər tutulacaq bir məsələdir. ABŞ həmişə nəyisə başqaları vasitəsi ilə edib (“ilanı seiyd Əhməd əli ilə tutmaq).
Elxan Şahinoğlu: ABŞ-ın xarici siyasətində həmişə iki əsas istiqamət olub: Avropanın və başqa xarici ölkələrin problemləri ilə də məşğul olmaq, yoxsa yalnız Amerikanın iç problemlərinin həlli ilə kifayətlənmək. ABŞ-ın Rusiya ilə əşməkdaşlığı terrora qarşı mübarizədə ola bilər. Amma burada Ukrayna məsələsi var. Bu məsələ arxa plana keçə bilər. Hətta son vaxtlar artıq bir qədər arxa plana keçib. Türkiyəyə gəldikdə, Türkiyənin ABŞ-dan iki əsas istəyi olub: kürdlərə dəstəyi dayandırmaq və Fetonu Türkiyəyə vermək. İkinci məsələnin həlli hələ ki, mümkün olan deyil.Tampon bölgənin yaradılmasında ABŞ-ın Türkiyə ilə mövqeyoi üst-üstə düşə bilər. İrana gəldikdə, mən hesab etmirəm ki, bu dövlətə hərbi müdaxilə mümkün deyil. Yadınızdadırsa 2000-ci illərdə bu məsələ xeyli gərginləşmişdi. İndi İran buna kifayət qədər bəhanə də verir. Tramp Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını alqışlayır, NATO-ya pul xərclənməsinə qarşı çıxır. Qarabağ məsələsinə gəldikdə inanmıram ki, Trampın hakimiyyətə gəlməsinin bu na müsbət bir təısiri ola. Bu məsələdə biz ilk növbədə öz gücümüzə güvənməliyik.
Pənah Hüseyn:Trampın seçiləcəyini ilk ehtimal edənlərdən biri mən olmuşam. Baxmayaraq ki, ehtimal az idi. Yaranmış vəziyyətə böhran nəzəriyyəsi ilə yanaşmaq lazımdır. Trampın seçilməsi böhran dövrünün əlamətidir. Köhnə ehkamların qırılmasıdır. NATO-nun köhnəlməsi Trampın dfilindən səslənir. Bu yeni dünya düzəninin yaranması deməkdir. Tramp çıxışında bir dəfə də insan haqları ifadəsini işlətmədi. Dünya xaosa gedir. Mən Trampın seçilmə ehtimalımı deyəndə də bunu dünyanın xaosa getməsi ilə əlaqələndirmişdim. Son illərdəki hadisələr göstərdiki, dünyada gedən proseslər qarşısında Qərbin gücü zəifdir. Proqnoz vermək də çətindir. Məncə Trampı özü də nə baş verəcəyini bilçmir. Hazırda Avropada və ABŞ-da güclü qütbləşmə gedir.
İsgəndər Həmidov: Tramp İnaqurasiya mərasimində dedi ki, hər şey Amerika üçündür. O, insan haqları məsələsini qeyd etmədi, çünki, Amerikada belə problem yoxdur. Amerika hegemondur və bu hegemonluq daha da möhkəmlənəcək. Yəni ABŞ-ın xarici siyasətində dəyişiklik olmayacaq. Tramp gələndən Çini hədəf alıb. Rusiya ilə münasibətlər də gərginləşəcək. Tramp öz seçki kampaniyasında hərbi qüvvələri gücləndirəcəyini də demişdi.
İsa Qəmbər: Amerikada daşlaşmış münasibətlər sistemi var idi. Ba da cəmiyyəti qıcıqlandırmağa başlayır. Tramp bu stereotipləri dağıtdı. Soyuq müharibədən sonra Qərb qələbə qazanmışdı. Amma sonrakı strategiyada yanlışlıq oldu. Sanki hədəflər yox oldu. Xüsusən də Rusiyaya yönəlik siyasət düzgün qurulmadı. Yeltsin getdi, yerinə Putin gəldi. Sonra İrak, suriya böhranı baş vertdi. Yəni bu siyasət özünü doğrultmadı. Tramp bu proseslərin nəticəsi kimi ortaya çıxdı. İndi hədəf Rusiyanı çağdaş oyunqaydaları ilə hesablaşdırmaqdır. Tramp əvvəldən nə edəcəyini açıq deyib və etməyə də başlayıb.
Diskussiyada həmçinin Natiq Ulubəy, Dilavər Əzimli, Faiq Ələkbərov, Aydın Mədətoğlu, Oqtay Daşoğuz, Zahir Əlisoy vəb. da mövzu ətrafında öz fikirlərini bölüşdülər.
FOTOLAR:
BAO İnformasiya Xidməti
04.02.2017.