BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).

11:35 / 18-11-2022   /   baxış - 912

Bütöv Azərbaycan Ocaqları (BAO) İranda başlayan etiraz aksiyaları ilə əlaqədar həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının 

BƏYANATI

Azərbaycanın Güneyində və İran adlanan ölkədə Türk milləti şovinist fars rejiminin illərlə davam edən zülmünə qarşı kütləvi etirazını ortaya qoyduqları etiraz aksiyalarında iştirak edən çox sayda Türk milli fəalı həbs edilib, öldürülüb və onların saxlandıqları yer və taleləri haqqında ailələrinə heç bir məlumat verilmir. Məlumata görə, həbs edilənlər arasında 5 nəfər Qaşqay Türkü milli fəal da (Eyvəzullah Səfəri Kəşkuli - müəllim, şair, Türk dili araşdırmacısı, İsmayıl Musalu - araşdırmaçı-mədəni fəal, Casem Bahaduri - mədəni fəal, Səməd Avayi Xoş - mədəni fəal. Həmid Həzrəti - mədəni fəal) var. Onlar şovinist fars rejimi tərəfindən həbs edilərək Şiraz Ettelaat İdarəsinə aparılmışlar. Qeyd edək ki, soydaşlarımızın həbsinin səbəbi və onlara qarşı irəli sürülən ittiham haqqında hər hansı məlumat verilməyib.

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq həbs edilən Qaşqay Türkü soydaşlarımızın əsasən sağlığı, ruhi və fiziki durumları ilə bağlı nigarançılığımızı ifadə edərək onların dərhal azad edilməsini tələb edirik. Beynəlxalq qurumları, İnsan Hüquqları və Azadlıqları təşkilatlarını rəsmi Tehranın insanlığa, beynəlxalq hüquqa sığmayan zoraki hərəkətlərinə dur deməyə çağırırıq. Rəsmi Tehrandan insanlığa, beynəlxalq hüquqa sığmayan bu hərəkətlərə son verməyi, həbs edilən Qaşqay Türkü milli fəallarını dərhal azad etməyi, ölümlərdə günahı olanlarların təsbit edilib cəzalandırmasını tələb edirik.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə mənən onların yanında olduğumuzu, bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdırdığımızı və çatdıracağımızı bəyan edirik".

Bütöv Azərbaycan Ocaqları

Bakı, 17.11.2022