BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Babək və Xürrəmilər olduğu kimi” mövzusunda növbəti diskussiya (18/02/2017)

22:42 / 18-02-2017   /   baxış - 1663

18 fevral 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ) təşkilatçılığı ilə “Babək və Xürrəmilər olduğu kimi” mövzusunda növbətidiskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının ideoloji məsələlər üzrə müavini Dilavər əzimli  açdı. O, öncə Babək və xürrəmilər mövzusunun aktuallığını vurğuladı Ceyhun Bayramlının bu mövzuda olan tədqiqatlarının çox önəmli olduğunu qeyd etdi.

Sonra tədqiqatçı Ceyhun bayramlı mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, öncə Xürrəmilərin dini dünyagörüşü haqqında fikirlərini bildirdi: “Xürrəmilər mövzusu tarixşünaslıqda həll olunmamış problem olub. Keçən dəfə burada Xürrəmilər dövlətinin mövcudluğu haqqında danışmışdıq. İndi isə keçən dəfə demədiyimiz fikirləri sizə çatdırmağa çalışacağam. Xürrəmilərə münasibətdə əsas səhv ondan ibarət olub ki, müsəlmanlığın təmsilçisi kimi yalnız Abbasiləri görüblər. Əslində isə onlar daha çox zahiri – şəriət islamını təmsil ediblər. Halbiki Xürrəmilər və b. təriqətlər olmuşdur ki, zahiri yox, batini islamı önə çəkiblər. Ona görə də Xürrəmilər şəriət müstəvisində anlaşılmır. Mənbələrin 90%-də Xürrəmilər islamdaxili təriqət kimi göstərilir. Xürrəmilər Təktanrıçılığa uyğun olaraq İslamı İbrahimin dini kimi qəbul edirdilər. Mənbələrdə Xürrəmiliyin Maq və Məzdəkilik təlimlərinin davamı olduğu qeyd olunur. Həmçinin Xürrəmilikdə Sufilik, Hürufilik, Qızılbaşlıq, Ələvilik və b. xalq islamı nümunələrində olan elementlərə rast gəlirik.”

Məruzəçi həmçinin Xürrəmilərin siyasi mübarizəsi haqqında da söhət açdı: “Xürrəmilər ilk növbədə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar. Yəni bu dini yox, xalq azadlıq hərəkatı olub. Xürrəmilik təliminin əsası isə hələ 738-739-cu illərdə qoyulmuşdu. Cavidana (808-813) qədər Azərbaycan və Xorasanda çoxsaylı üsyanlar baş vermişdi. Yalnız Cavidandan sonragüclü və davamlı br hərəkat yaranmış və Babəkin dövründə daha böyük əraziləri əhatə etmişdir. Babəkin Bizansla olan yazışmaları vardır ki, bu gün hələ Avropa arxivlərindən üzə çıxarılmayıb. O sənədlər üzə çıxarılsa Xürrəmilərin həqiqətən dövlət qurumu olduğu və Babəkin bir dövlət başçı olduğu sübut olunar”.

Daha sonra tədbir iştirakçılarından Cavanşir Beydullayev, Şirvani Ədilli, Dilavər Əzimli, Oqtay Daşoğuz, Rahib Heydər, Aydın Mədətoğlu, Mirzə Ənsərli, Ceyhun Quliyev b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

 

BAO İnformasiya Xidməti

18.02.2017.