BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Əfqaninin milli vəhdət fəlsəfəsi və Türk dünyasının aydınları” mövzusunda növbəti diskussiya (21/01/2017)

20:10 / 21-01-2017   /   baxış - 501

21 yanvar 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Əfqaninin milli vəhdət fəlsəfəsi və Türk dünyasının aydınları” mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli  açdı. Sonra BDU-nin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Qəmər Mürşüdlü mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, öncə Şeyx Cəmaləddin Əfqaninin doğulduğu yer və milli mənsubiyyəti məsələsinə ayndınlıq gətirdi: “Ş.C.Əfqani İran dövlətinin təqiblərindən özünü qorumaq üçün öz şagirdinə yazdırdığı tərcümeyi-halında məhz Əfqanıstanın Əsədabad kəndində doğulduğunu bildirmişdir. Əslində İsə o, Güney Azərbaycanın Həmədan bölgəsinin Əsədabad kəndində doğulub. Bu barədə onunla Fransada görüşmüş Əhməd bəy Ağaoğlu dəqiq məlumat vermişdir”

Məruzəçi Ş.C.Əfqaninin yaradıcılığı və ideyaları haqqında da geniş məşlumat verdi: “Əfqaninin yaradıcılığı hələ tam şəkildə toplanmayıb. Onun onlarla məqaləsi var. Lakin o fikirlərini əsasən şifahi çıxışlarında deyib. Onu adətən bir millətçi kimi tədqiq edirlər. Lakin onu yalnız bir millətçi kimi qiymətləndirmək doğru deyil. Əfqaninin fikirlərinin ziddiyyətli tərəfləri də qeyd olunur. O, bir tərəfdən ənənəvi dinçi (sələfi) idi, bir tərəfdən də müasirliyi təbliğ edirdi, bir tərəfdən Avropa imperializmini tənqid edirdi, bir tərəfdən də Avropa dəyərlərini təbliğ edirdi. O həm dini, həm də milli birlik ideyalarını irəli sürmüşdür. Əfqani Şərqdə milli ideyanı irəli sürmüş ilk mütəfəkkirdir. O, öz yenilikçi ideyalarını hökmdarlara qəbul etdirmək istəyirdi. Lakin sonralar başa düşmüşdü ki, hökmdarlara ümid etmək mənsızdır. Əfqani ideyalarından Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.Ə.Yurdaqul və b. kimi türkçü ideoloqlar və maarifçilər yararlanmışdır”.

Daha sonra tədbir iştirakçılarından Şirvani Ədilli, Dilavər Əzimli, Aydın Mədətoğlu, Mirzə ənsərli, Dursun Əlmas b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

21.01.2017.