BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO tarix dərsliyində uydurma "Böyük Ermənistan" xəritəsinin verilməsinə etiraz olaraq bəyanat yayıb (14.10.2017)

00:24 / 15-10-2017   /   baxış - 438

Bütöv Azərbaycan Ocaqları (BAO) tarix dərsliyində uydurma "Böyük Ermənistan"ın qondarma xəritəsinin təsvirinin verilməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir: 

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

Bəyanatı

Məlumdur ki, Azərbaycan Respublikası orta məktəblərinin rus bölmələrinin 10-cu sinifləri üçün “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr olunmuşvə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ümumi tarix” dərsliyində ermənilərin uydurduğu “Dənizdən-dənizə Böyük Ermənistan”ın qondarma “xəritə”si təsvir olunmuşdur.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, adı çəkilən dərslikdə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan”ın qun­dar­ma “xəritəsi”nin təsvir olunması milli dövlətçilik maraqlarımıza ciddi zərbələr vurmaqla anti-Azərbaycan və anti-Türk qüvvələrin mənafeyinə xidmət edir. Qərbin uydurma tarixçiliyinə əsaslanaraq qədim Azərbaycan-Türk torpaqlarını “Böyük Ermənistan”ın və ya “Armeni­ya”­nın tərkib hissəsi kimi göstərmək yolverilməzdir. Bu fakt bir daha göstərir ki, Azər­bay­canda yeni milli tarix konsepsiyasının, eyni zamanda orta və ali məktəb dərslikləri üzərində lazımi nəzarətin olmaması anti-Azərbaycan və anti-Türk ünsürlərin mənfur əməllərinin dərslikləri­mizə də yol tapmasına səbəb olmuşdur.

Biz, Azərbaycan Respublikası Təhsil Nazirliyindən adı çəkilən dərs­li­yin dərhal tədrisdən çıxarılmasını, onun sifarişçilərinin, icraçılarının, o cümlə­dən dərsliyin müəlliflərinin ciddi şəkildə cəzalandırılmasını və tarix dərsliklərinin yeni milli konsepsiya əsasında yazılmasını tələb edirik. 

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 14.10.2017.