BÜTÖV AZƏRBAYCAN OCAQLARI
TÜRK MƏNŞƏLİ NUMİZMATİK MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ

22:41 / 28-10-2016   /   baxış - 1004

Məqalədə ağça, manat, qızıl, tümən kimi numizmatizmlərin kök morfemi məsələlər tarixi-dialektoloji istiqamətdən təhlil olunmuşdur. Araşdırma nəticəsində qeyd olunan numizmatizmlərin kök morfemlərinin, həmçinin şəkilçilərinin xalis türk mənşəli olması dialekt materialları və dil tarixi nümunələri əsasında sübut olunmuşdur. Eləcə də axça, manat, qızıl, tümən kimi numizmatizmlərin semantik dəyişmələri məsələsinə də aydınlıq gətirilmişdir. Türk mənşəli numizmatizmlərin tarixi-dialektoloji araşdırılması Azərbaycanın qədim ticarət ənənəsi və dövlətçilik tarixi olan bir ölkə olmasını bir daha təsdiq edir. Azərbaycan dilində numizmatizmlər öz mənşəyinə görə müxtəlifdir. Bu da ölkənin yerləşdiyi ərazinin tarixi İpək yolu üzərində olması, həmçinin regionun təbii sərvətlərinin bolluğundan daim alıcı marağında olması ilə bağlıdır. Müasir Azərbaycan dilinin lüğət fondunda türk, fars, ərəb, rus, Avropa mənşəli numizmatizmlər işlənir. İctimai-iqtisadi formasiyaların dəyişməsi bəzi numizmatik vahidləri Azərbaycan dilinin aktiv fondundan çıxarmışdır. Arxaizmə çevrilmiş bu sözlər bədii dil nümunələrində, həmçinin tarixi sənədlərdə qalmışdır. Söz itə bilməz. Xalq sözü qoruyub yaşadır. Azərbaycan dilində ilk bazar münasibətləri al-ver adlanmışdır. Dinamik bir proses olan bazar anlayışını xalq özü bildiyi kimi feili kök morfemlərdə tapmışdır. Çoxmənalı al morfeminin bir mənası da ‘götürmək, əlinə götürmək’ deməkdir. Ver kök morfemi də müvafiq olaraq əlindən qarşı tərəfə ötürmək, təqdim etmə mə nası verir. Deməli, al-ver sözü pulun meydana gəlməsinə qədərki zaman malın mübadiləsi prosesini əks etdirir. Söz isə zaman keçdikcə mənaca daha da genişlənir və ərəb mənşəli ticarət sözünü canlı danışıqda üstələyir. Beləliklə, alverçi – ‘tacir’, alış-veriş mərkəzi – ‘ticarət mərkəzi’, alış-veriş – ‘ticarət’ kimi alınmaları əvəz edir. Qeyd etmək lazımdır ki, diaxronikdialektoloji aspektdən bazar sözünə morfonoloji yanaşmada bir sıra maraqlı cəhətlər ortaya çıxmışdır. Baz (CVC) ar (VC) kimi morfonoloji incələmədə kök morfemin ‘mübadilə məqsədi ilə sövdələşmə’ mənasının Muğan qrupu şivələrində qorunduğu ortaya çıxmışdır: – Eşitdim öyü bazzaşmısan? – Yox, bazzaşmaduğ (danışıqdan – Neftçala r-nu). -ar morfeminə gəldikdə isə deməliyik ki, bu leksik şəkilçi morfemin feildən isim düzəltməsi daim məhsuldar olmuşdur. Sözsüz ki, bazar münasibətlərinin reallaşması pulun meydana gəlməsi ilə bağlı olmuşdur. Azərbaycan dilində pul nın nominal dəyərin formalaşmasına qədərki vaxtadək hazırlandığı materialın əsasən rənginə görə adlandırılmışdır: ağça, qı- zıl, (altun – türkcə) və s. Yaxın keçmiş zamanda da eyni faktın şahidi olmuşuq: ağ manat, göy beşlik, qızıl onluq, qırmızı onluq və s. Analoji vəziyyət bu gün də canlı danışıqda jarqon və loru söz səviyyəsində işlənir: ağ pul, qara pul, göy (ABŞ dolları) və s. Göründüyü kimi, bəzi numizmatizmlərin diaxronik-dialektoloji cəhətdən araşdırılması tarixən Azərbaycanın iqtisadi-siyasi cə hətdən nə dərəcədə sərbəst imkanlara malik olmasını bir daha sübut edir. Fikrimizi araşdırma üçün nəzərdə tutduğumuz aşağıdakı numizmatizmlər də təsdiq edir. Axça//ağça Azərbaycan dili şivələrində, əsasən arxaizm və ya metaforikləşmiş variantlarda həm pul, metal pul, gümüş pul kimi, ümumişlək söz kimi, həm də balığın pulcuğu mənasında işlənir. Ağ (VC) rəng bildirən sifət və -ca (CV) qüvvətləndirici şəkilçiləşmiş ədat morfemdən ibarət olan bu sözün canlı danışıqda yalnız metaforikləşmiş pul anlayışı bildirməsi müşahidə olunur. Kasıb axça tapdı, boğ ça tapmadı məsəlində axça və boğça sözlərinin fonomorfoloji uyğunluğundan başqa, semantik əlaqələnməsi də müşahidə olunur: Axça – pul; boğça – pulun qorunduğu bükülü parça. Əslində boğ(x)ça – boğça ‘qadınlara məxsus səliqə-sahman’ mənasında metaforiklik qazana bilmişdir. Qadınlara məxsus boğçalarda onlara aid olan geyim, zinət və bəzək əş- yaları, qiymətli ipək və ya zərxaradan olan dördkünc parçaların ortasına qoyulub ucları çəpinə gətirilərək boğulub düyünlənir. Boğçasını qoltuğuna vurmaq – ‘evi tərk etmək’, tax- ça-boğça – ‘məişət avadanlığı’, sarıq-boğça kimi söz və ifadələr saxlanc, ehtiyatda olan ən dəyərli əşyaların qorunma vasitələridir. Bəzi şivələrdə, xüsusilə Kür və Xəzər dənizi sahillərində yaşayan əhalinin dilində axça ‘balığın pulcuğu’ mənasında ümumişlək söz kimi işlə- nir: Axçalı balığların hamsının sümüyü çox olur; Balığın axçasın al (təmizlə) (danışıqdan – Neftçala r-nu). Axça sözü Qazax və Şəmkir şivələrində də eyni məna verir [1. S.17]. Balığın axçası ilə gümüş ağ pulun analoji yaxınlığı da xalq tə- fəkküründə maraqlı müqayisələr aparmağa əsas vermişdir. Məsələn, Kərkük folklorundakı Ağ ağça qərə günçün atalar sözündə ağ-qara antonimliyi antiteza yaradır. Axça sözü «Kitabi-Dədə Qorqud»un dilində həm tək, həm də altun-axça şəklində istifadə olunmuşdur: Ağır xəzinəsini, bol axçasını yağmaladılar [2. S.42]; Altun-axça gücünə satubanı səni qurtaraydım, oğul! [2. S.82] Dastanda axça sözü həm də beş axçalıq birləşməsi tərkibində ‘ucuz, qiymətsiz pul’ mənasında işlənmişdir: – Beş aqçalıq əlüfəcilər yoldaş etdin [2. S.93]. Maraqlıdır ki, bu ifadənin qarşılığı kimi müasir canlı danışıqda da beş qəpiklik ifadəsi eyni anlamı bildirir. Qədim və orta əsr yazılı mənbələrində ağça həm çinin xırda pul mənasına uyğun şəkildə işlənir: On doquz çürük aqçə verdilər [3]; Alınmış aqçanilən bir qulundur muqbil, // Başın əgər kəsələr, eyləməz fərar qələm [4] və s. Manat Azərbaycan və Türkmənistan Respublikasının 1993-cü ildən milli pul vahididir. Prof. Ə.Dəmirçizadə «50 söz» kitabında manat sözünün Bisütun qayalarında yazılmış mixi yazıların ikinci qolunda, yəni Elam dilindəki yazılarda ‘vergi, xərac’ mənasını vermişdir:Mannatmas hunena qutis, yəni xəracı mənə verdilər [5. S.49]. Müəllif Qərb tədqiqatçıları tərəfindən manat sözünün mənşəyinin Roma ilahəsi Yunonun ləqəbi olan Moneta sözü ilə əlaqələndirilməsini Antik dünya fəlsəfəsi ilə bağlayır. Ə.Dəmirçizadə belə güman edir ki, romalılar bu sözü ya elamlardan, ya da midiyalılardan, çox ehtimal ki, assurilərdən alaraq öz allahlarından birisinə ləqəb verməklə bərabər, qohum mənalarda və müxtəlif şəkillərdə işlətmişlər [5. S.52]. Professorun fikirlərinə heç bir şübhəmiz yoxdur. Lakin bizim nəzərimizcə, man (CVC) kök morfem kimi də pul anlayışını bildirir. Çünki mani sözü arqo kimi ‘pul’ mənasında indi də istifadə olunur. at morfeminin isə cəmlik, çoxluq, mücərrədlik bildirməsi də məlum məsələdir. Azərbaycan dilinin yazılı mənbə- lərində manat sözünün işlənməsi XIX əsrdən başlayır: Tənbəki içrə olmuş idi bərat, Səhv ilə bir ədəd səfid mənat [6]; Gürcüstan valisi İrakli xan öz mülkünün ətrafını qorumaq üçün hər il ona 5000 manat verərək, onunla mü- dara edirdi [7]; Beş şahılıq işə gərək on manat [8] və s. Manat sözü rus dilinə ‘moneta’ şəklində keçərək metal pul mənasında işlənir. Hətta müxtəlif tarixi şəxsiyyətlərin yubileyinə buraxılmış xatirə metal pullar da moneta adlanır. Bu da sözün rus dilində semantik daralmasını göstərir. Qızıl sözü ən qədim yazılı mənbələrdə pul deyil, rəng mənasını bildirmişdir. Həm metal, həm də pul anlayışı bu sözün sonradan qazanılmış mənasıdır. Qədim türk yazılı mənbələrdəki qızıl sözü qız(maq) (CVC) kök morfemindən düzəlmişdir. Qırmızı lekseminin kök morfemi qız r-z əvəzlənməsi ilə ortaya çıxmışdır. Başqa sözlə, semantik cəhətdən qızmış, qızarmış və s. sözlərlə eyniköklüdür. Fikrimizcə, -ıl (VC) heca tipli morfem isə qədim türk mənşəli ildırım, ilğım, ilıq, ilinmək (qızmaq) (Füzuli r-nu) kimi sözlərin kök morfemidir. Azərbaycan dilində eyni mənanı verən kök morfemlərin birləşərək çox qədimdən bir söz kimi qavranılması dilçilikdə çoxdan sübut olunmuş faktdır. Qızıl sözü çox zaman canlı danışıqda qırmızı leksemi ilə birləşərək ‘qızıl-qırmızı’ şəklində zərf kimi istifadə olunur. Əlbəttə ki, burada rəng anlayışından söhbət getmir. Lakin sözün metaforik çaları parlaq, aşkar, açıq, nəhayət, məcazi mənada ‘dü- rüst, düzgün’ kimi semantik incəliklərini əhatə edir. Salyan rayon şivəsində işlənən Qızılqırmızı üzümə durdu cümləsində hətta utanıb- çəkinmədən tərzi-hərəkət zərfini semantik baxımdan tamamilə əvəz edir. Eləcə də qırmızı adam birləşməsində əsasən mənfi insan tipi üçün xarakterik cəhət ifadə olunmuşdur. Əksinə, qızıl sözünün yalnız qiymətli metal mənasında məcaziləşərək alicənablıq ifadə etməsi də xalqın sözə daha həssas münasibətini ifadə edir. Lakin bununla yanaşı olaraq, qızıl sözü- nün mənfi anlamı, antonimliyi də canlı danı- şıqda mövcuddur. Qızıl sözünün rəng anlayışı dilimizdə bir sıra düzəltmə və mürəkkəb sözlərin, həmçinin bəzi onomastik vahidlərin köklərində «əbədiləşmişdir»: qızılca, qızılcıq, qızılbağırsaq (bitki adları), qızılgül, qızıl ilan, qızıl yel (xəstəlik adı), Qızıldaş qəsəbəsi, Qızılqum səhrası və s. Qızıl sözü həm də qədim türk mənşəli rəng bildirən söz kimi ‘kizil’ şəklində zoğal meyvə- sinin adında rus dilinə keçmişdir. Qızıl sözünün metal anlayışı bildirməsi əksər türk dillərində altun leksemi ilə ifadə olunur. Fikrimizcə, kök morfem kimi qız və al eyni məna daşıyır. Çünki al Azərbaycan dilində qırmızı rəngi bildirən ən qədim kök morfemdir. Ən azından heca tipinin qırmızı sözünə nisbətdə daha sadə olması bu fikrimizi təsdiq edir. Qızılın metal kimi emalı və ondan sikkə- lərin kəsilməsi ilə bu qiymətli metalın tədavül funksiyası daşıması intensivləşmişdir. Qeyd etmək lazımdır ki, qızıl pulların ilk mərhələdə konkret nominal dəyərinin olması real görünmür. Ticarət prosesində qızıl sikkələrin sayı ilə malın dəyəri müəyyən olunmuşdur. Azərbaycan ədəbiyyatı nümunələrində də bu hadisənin real mənzərəsini canlandıran faktlar çoxdur: Bayrama əlli qızıl sanadılar mənim yanımda, kürd atını satmadı [9]. Qızıl sözünün var-dövlət kimi metaforikləşməsi də pulun məhz bu metaldan hazırlanması ilə bağlı olmuşdur. Canlı danışıqda da eyni mənada ağ – qızıl paralelliyinin olması fikrimizi əsaslandırmağa imkan verir. Bizcə, bu sözdə də rəng anlayışı önə keçərək rəmzləş- mişdir. Xalq təfəkküründəki ağ – gümüş və qızıl – qırmızının rəng simvolizmində də sərvət məfhumunu nəzərdən yayındırmaq məqsə- di aydın görünür: Oların ağı-qızılı həməşə olıb (danışıqdan – Salyan r-nu). Tümən sözü qədim türklərdə həm 1000 sayını, həm də pul vahidi anlayışını bildirmişdir. M.Kaşqarinin «Divan»ında bu sözün ‘min, tü mən, lap çox’, tümən min – ‘min dəfə min, bir milyon’ mənaları verilir [10. IV. S.585]: Tü- mən çəçək tizildi, // Bükündən ol yazıldı, // Öküş yatıp üzəldi, // Yerdə kopa ayrışur. Yəni, şeirdə yazdan bəhs edərək deyilir: Min bir çiçək qönçəsindən çıxaraq açıldı, yer altında çox yatmaqdan sıxılan bitkilər filizlənərək qalxır və bir-birindən ayrılır [10. I. S.271]; tümən – çox; Tümən türlüg sözlədi; çoxluq, müxtəlif, bir yığın söz söylədi; tümən minq – min dəfə min, bir milyon; Tümən minq yarmak – bir milyon pul [10. IV. S.400]. Buradan məlum olur ki, bu dövrdə tü- mən və min sözləri türk tayfa dillərində paralel şəkildədə işlənmişdir. Tümən sözünün kök morfemi, fikrimizcə, tüm (CVC) müasir türk dilində də işlənən ‘bütün’ mənasındadır. -ən (VC) şəkilçisinə gəldikdə, bu da türkologiyada cəmlik əlamətini bildirən qədim morfem kimi qəbul olunur. Beləliklə, tümən sözünün ‘mü- cərrəd çoxluq’ anlayışı bildirməsi ortaya çıxır. Qeyd etmək lazımdır ki, «Kitabi-Dədə Qorqud»un dilində də tümən min sayını bildirmişdir: Ağ ağıldan tümən qoyun vergil [2. S.36]; Toquz tümən gənc oğuz söhbətinə də- rilmişdi [2. S.68]. Tümən sözünün dəyər ölçüsü mənası kəsb etməsi, fikrimizcə, pulun tədavül funksiyası ilə bağlı olmuşdur. Azərbaycan ədəbiyyatının nümunələri də bunu təsdiqləyir: Fərman mucibincə, hicrincə 1123-cü ildən etibarən Qaytaq ölkəsinin işlərini Əhməd xana tapşırdı. Ona 100 tümən əvəzinə ildə 200 tü- mən maaş təyin etdi [7]; Xub, min-min tümənə dəyən şəhəri xarab edirsiniz, yüz bacaqlı versəniz, çoxdur [9] və s. Hal-hazırda bir arxaik söz kimi tümən yalnız bəzi folklor nümunələrində qalmışdır: – Qızdı, qızıldı, // Min tümən azdı, // Qızıl gətirin, // Bu qızı götürün. (oxşama – Neftçala r-nu) Türk mənşəli numizmatizmlərin tarixidialektoloji baxımdan Azərbaycanın qədim ticarət ənənəsi və dövlətçilik tarixi olan bir ölkə olmasını bir daha təsdiq edir. Məqalənin elmi yeniliyi və tətbiqi əhə- miyyəti. Məqalədə ilk dəfə olaraq türk mənşəli numizmatizmlərin kök morfemləri diaxronikdialektoloji aspektdən tədqiq olunur. Axça, manat, qızıl, tümən kimi arxaik numizmatik leksik vahidlərin morfem səviyyəsində diaxronik-dialektoloji araşdırılması bu sözlərin etimologiyasını açmağa imkan verir..

Ə D Ə B İ Y Y A T

1. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007.

 2. Kitabi-Dədə Qorqud / Tərtib edənlər: F.Zeynalov, S.Əlizadə. Bakı: Yazıçı, 1988.

3. Hacıyeva Z.T. Suli Fəqih. Yusif və Züleyxa. Bakı: Maarif, 1991. TÜRK MƏNŞƏLİ NUMİZMATİK MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ 65

 4. Füzuli M. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984.

5. Dəmirçizadə Ə. 50 söz. Bakı: Gənclik, 1968.

6. Şirvani S.Ə. Seçilmiş əsərləri. Bakı: Maarif, 1990.

 7. Bakıxanov A.A. Seçilmiş əsərləri. Bakı, 2005.

 8. Zakir Q.B. Seçilmiş əsərləri. Bakı, 2005.

9. Axundzadə M.F. Seçilmiş əsərləri: 3 cilddə. Bakı: Elm, 1987–1988.

10. Kaşğari Mahmud. Divanü lüğat ittürk / Tərcümə edən və nəşrə hazırlayan R.Əskər: 4 cilddə. Bakı: Ozan, 2006. GUDS

 

 

QÜDSİYYƏ QƏMBƏROVA

AMEA Nəsimi adına Dilçilik İnstitutu 

“Dil tarixi və dialektologiya”şöbəsinin aparıcı elmi işçisi, dosent



“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya keçiriləcək
22:39 / 08-03-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. II yazı
19:11 / 23-02-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. I yazı
19:08 / 23-02-2017
Lozanna konfransı – Türkiyənin dünəni və bu günü
22:26 / 10-01-2017
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! II yazı
23:36 / 09-01-2017
ANADOLU'DA VE BALKANLAR'DA ESKİ TÜRK İZLERİ
18:53 / 26-12-2016
Böyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay BahadırBöyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay Bahadır
22:15 / 20-11-2016
ƏNVƏR PAŞANIN SON MÜCADİLƏSİ
11:26 / 17-11-2016
Türkiyədə Cümhuriyyətin qurulduğu ilk dövrlərdə dünyəvilik probleminin ideoloji əsasları
18:50 / 07-11-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (2-ci hissə)
13:10 / 05-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (1-ci hissə)
20:42 / 04-10-2016
Erməni yalanlarını ifşa edən qədim türk damğaları
21:37 / 11-09-2016
Oğuz xan - Aran əsilli Misir fironu
10:06 / 03-09-2016
Ukrayna Ermenileri ve ya Ermenileşen Kıpçaklar
11:28 / 25-07-2016
Türk-İslam dünyasına çağırışlar və cavablar. Yeni Turan fəlsəfəsi
00:00 / 06-07-2016
Səlahəddin Əyyubinin Türklüyünə dair ən ciddi mənbələrdən biri
23:49 / 14-06-2016