BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Böyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay BahadırBöyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay Bahadır

22:15 / 20-11-2016   /   baxış - 549

Çingiz xanın bir dövlət başçısı kimi ən böyük xüsusiyyəti istedadlı insanları öz ətrafında toplaması və oların bacarığından maqsimum faydalanması idi. Dinindən, dilindən, kimliyindən və əqidəsindən aslı olmadan xaqanlıq çadırının qapısının hamıya açdı və onunla çalışmaq istəyənlərə məhdudiyyətsiz imkanlar tanıdı. Bozqır insanlarının istedadının yaxşı bildiyi üçün Çingiz xan bir xaqan kimi, sadəcə, təşkilatçılıq missiyasını icra etmiş, dövlətin bütün işlərini əhil insanlara tapşırmışdı. Xaqanlığın maliyyə sistemini uyqura, ticarəti müsəlmanlara, xəzinəni çinli məmurlara, ordunu türk-tatar komandanlarına həvalə edən Çingiz, öz oğlanlarını bacarıqlı türk bəylərinin qızları ilə evləndirmişdi. Bu qadınlar uzun illər “böyük xaqanların naibəsi” sifəti ilə xaqanlığı idarə etdilər. Ögedeyin türk əsilli arvadı Törəgənə dörd il (1242-1246) xaqanlığın yeganə söz sahibi olmuşdur.

Çingiz xanın böyük və qələbələrlə dolu hərbi səfərlərinin arxasında da ordusunun idarəsini tapşırdığı dörd böyük sərkərdə yer alırdı. Həmin komandanlar Subutay və qardaşı Çəlmə, Cəbə və Kubilay idi. Demək olar ki, Çingiz və oğlu Ögedey zamanında bütün böyük hərbi səfərləri bu komandanlar tərtib edib idarə etmişlər.

 

 

Çingizin “dörd it”

 

Avropa səfərindən (1240-1242/3) sonra ölkəsinə qayıdan monqolların böyük sərkərdəsi Subutay Bahadır öz xahişi ilə ordudan ayrıldı. Yaşının çox olması səbəbi ilə qalan günlərini sükunət içində keçirmək istəyirdi. Subutayın sükunət həyatı dörd il davam etdi. 1246-cı ildə ana yurdu Tola çayı ətrafında vəfat etdi (1).

Türk-monqol tarixinin qaranlıqda qalmış dörd böyük şahsiyyəti var: Subutay, Cəbə, Çəlmə və Kubilay. Bu dörd komandan olsaydı, Böyük Monqol Xaqanlığı mövcud olmayacaqdı. Bunlardan xüsusilə Cəbə  Noyon (2) və Subutay Bahadır (monqolcası Sube’etai ba’atur) (3) xaqanlığın həqiqi memarları idi. Bu iki komandan geniş Avrasiya qitəsinin bir miqdar ordu ilə başda sona qədər dolaşaraq öz yurdlarına qayıtmış, fransız tarixçi Leo de Hartogun dediyi kimi, “insanlıq tarixinin gördüyü ən uzun hərbi səfərini gerçəkləşdirmişlərdi” (4). Çingiz xanın ən böyük naliyyəti hunlardan bəri gələn Türk dövlətçilik sistemini mükəməl şəkildə sahiblənməsi və ətrafında çox qabiliyyətli komandanları toplaması idi. Bu komandalar arasında Cəbə və Subutay xüsusiylə seçilirlər (5).

Hər iki komandan Çingiz xanın uşaqlıq dostları və ən sadıq köməkçiləri olmuşlar. Bunlardan Cəbə Tayiçiud qəbiləsindən idi. Tayiçiudlar Çingizin düşmənləri olduqları halda Cəbə onlardan ayrılıb Temurçinlə dostluq yaradmışdı. Cəbə adı monqol dilində “silah” mənasına gəlir (6). Digəri Subutay türklərin Uranhay qəbiləsindən olub, Çingizin atası Yesugeyin dostu Çarçudayın oğlu idi. Tarixi məlumatlara görə, Çarçuday Temürçinə bir samur dərisi hədiyyə etmiş, oğlu Çəlməni (monqolca Celmə) də onun qardaşı elan etmişdi (7). Atasının vətafından sonra Temürçinin ən ağır günlərində onun yanında Çarçudayın üç oğlu Çəlmə, Çakur-xan (8), Subutay (9) ilə Carciratlardan Çamuka yer almışdır (10). Hətta Çingizlə Camukanın arası dəydiyində Çəlmə, Çakur-xan və Subutay Çingizin tərəfində yer aldılar. Subutay bu düşmənçilikdən qorxmaması üçün Çingizə belə demişdi: “qaçan adamları siçan kimi toplayaram, kənarda qalanları qara qarğa kimi toplayaram. Bir çadır kimi səni örtərəm. Küləkdən qoruyan çadır kimi sənin evini və xalqını qoruyaram” (11). Bu söz müqabilində Çingiz xan onlara: “kölgəmdən başqa dostum yox ikən mənə kölgə oldunuz. Qəlbimə təskinlik verdiniz, sizi yaddan çıxardmaram” demişdi (12).

Subutay və qardaşları dəfələrcə Çingizin həyatını xilas etmiş, hətta bir kərə Çəlmə onu ölümdən xilas etmişdi (13). Çingiz xan Camuka ilə müharibə zamanı Çəlməni bütün süvari ordularının komandanı təyin etmişdi. Subutayı isə 1205-ci ildə Merkitlərin hökmdarı Toxta xanın üstünə göndərdi. Naymanlarla müharibə zamanı Tayanq xan Çingizin ordusunun başında dayanan dörd komandanı görüb bunların kim olduğunu Camukaya soruşanda o belə cavab vermişdi: “bunlar Çingizin ən sadiq komandanlarıdır. İkisinin adı Cəbə ilə Kubilay; iki qardaşın adı isə Çəlmə və Subutaydır” (14).

Camuka ilə döyüşdə xüsusiylə Cəbə ilə Subutay böyük əzimkarlıq nümayiş etdirmiş və Çingizin düşmənlərini darmadağın etmişdilər. Bu tarixdən etibarən Çingiz xan bütün strateji əhəmiyyətli hərbi əməliyyatları bu iki komandan tapşırmışdır. Çingiz xan 1206-cı ildə keçirilə böyük qurultayda bütün monqol tayfalarının xanı elan edilərkən birinci əmrini Cəbə, Subutay, Çəlmə və Kubilayın tümən başçıları olması haqqında olmuşdur: “Güclülərin başını kəsdiniz, gürəşçilərin kürəyini yerə vurdunuz. Ey Kubilay, Çəlmə, Cəbə və Subutay! Mən sizləri “bunlar mənim dörd köpəyimdir!” deyib düşmənə qarşı göndərdiyimdə –  

İrəllə! dediyim zaman, daşları sındırdınız,

Hücüm et! dediyim zaman qayaları parçaladınız

Parlaq daşları sındıraraq dərin suları keçdiniz!” (15).

Çingiz xan bu dörd sərkərdəsinə “dörd köpək” (it) adını vermişdi. Monqollarda bu ad “şərəf və sədaqət” rəmzi hesab edilirdi (16). Bu məlumatlar Çingiz xan dövlətinin yaranmasında Cəbə və Subutayın böyük rolunun olduğunu ortaya çıxardır. Çingiz “xan” olduqdan sonra Subutayı merkitləri ortadan qaldırmaqla vəzifələndirmiş və oğlu Cuçini də onun əmrinə vermişdi. Subutay merkitləri məhv edərkən monqolların Sibirya istiqamətində yayılmasının yolunu açmış və Cuçi fəth edilən yeni torpaqların hakimi olmuşdu (17). Cəbəni isə naymanların üstünə göndərdi (18).

 

 

Subutayın Azərbaycan səfəri

 

Cəbə və Subutay Çingizin böyük fəthlərinin aparıcı komandanları oldular. Dovşan ilində (1219) Çingiz Xarəzmşah Cəlaləddinə qarşı göndərilən ordunun idarəsini Cəbəyə tapşırarkən, ona kömək etməsi üçün də Subutay başçılığındakı ordunu vəzifələndirmişdi (19). Azərbaycana ilk monqol səfərini təşkil edən ordunun başında bu iki sərkərdə dayanırdı.

Eldənizlər Atabəyliyinin tənəzzülü dövründə (20) Xorasan və İraqi-Əcəmə qaçan Xarəzmşah ordularıın arxasından Cəbə və Subutay başçılığındaki monqol hərbi dəstələri hicri 617 (1221)-ci ilin qışında Təbrizə gəldilər. Vaxtının çoxunu kef məclislərində keçirən Atabəy Özbək monqollara bir elçi göndərib sülh təklif etdi. Monqollar Təbriz qarnizonundakı xarəzmlilərin təslim edilməsini tələb etdilər. Atabəy Özbək xarəzmlilərin bir hissəsini özü öldürdüb, qalanını mondollara təslim etdi. Ayrıca göndərilən pul, paltar və mal-qara ilə monqolların hücümundan xilas olmağa nail oldu (21).

Cəbə və Subutay Təbrizdən sovuşub Arana hərəkət etdilər. Buradan da qıpçaqların əlindəki Kartli-Kaxetiya torpaqlarına soxuldular. 617-ci ilin zilqadə ayında (1221) 20 minlik monqol ordusu Tibilisi yaxınlığında 10 minlik qıpçaq ordusunu darmadağın etdi. İki ordu Kotman çölündə bir daha üzləşdilər. Bu döyüşdə Eldənizlərin Aran hakimi Nəsirəddin Ağ-quş da əmridəki türkmənlərlə birlikdə monqol cərgəsində yer aldı. Qıpçaqlar abxazlardan, oslardan, kartlilərdən, mesxetlərdən və kaxetlərdən ibarət 60 minlik bir orduyla monqolların qarşısına çıxmışdılar. Ordunun başında gürcü kralı IV Georgi Laşa ilə İvane dayanırdı. Bu döyüşün də nəticəsi qıpçaq-abxazlar üçün hüsran oldu (22).

Qələbədən sonra monqolar yenidən Azərbaycan qayıtdılar. Təbrizi yenidən mühasirəyə alıb xərac tələb etdilər. Özbəyin Təbrizdəki hakimi Şəmsəddin ət-Tuğrayi onlara bol miqdarda bəxşiş göndərərək şəhərdən uzaqlaşdırdı. Monqollar istiqamətlərini Marağaya çevirdilər. O zaman Marağa Atabəy Özbəkin oğlu Xamuşun arvadı Sülafə Xatunun iqtası hesab edilirdi. Amma Sülafə Xatun şəhəri öz qədərinə tərk edib Ağsunqurluların alınmaz istehkamlarından hesab edilən Ruin-Dej qalasına qaçdı. Şəhəri mühasirəyə alan monqolalr 618-ci ilin səfərin 4-də (30 mart 1221) Marağanı əllərinə keçirb talan etdilər. Şəhər əhalisinin çoxu qılıncdan keçirildi (23).

Cəbə və Subutay başçılığında monqollar əl-Cəzirə üzərindən Suriyaya qədər hərəkət etdilər. Daha sonra Eldənizlərə və İraq Səlcuqlularına uzun müddət paytaxlıq edən Həmədana hücum etdilər. Həmədanı əllərinə keçirən monqollar şəhəri xarabaya çevirdikdən sonra yenidən Azərbaycana soxuldular və Ərdəbili özlərinə hədəf seçdilər. Bu dövrdə Ərdəbil köhnə ehişamını itirmiş, xüsusiylə də qıpçaq-gürcülərin hüzumundan sonra kiçik bir şəhər çevirilmişdi. Şəhəri dağıdan monqollar (24) yenidən Təbrizə gəldilər. Atabəy Özbək Nahxçıvana qaçdı. Təbriz şəhər hakimi Şəmsəddin ət-Tuğrayi isə monqollara hədiyyələr verərək şəhəri onların hücumundan xilas etdi. Monqollar buradan Səraba yollandılar. Sərabda da Ərdəbildə etdiklərini təkrarlayan monqollar buradan Naxçıvana hərəkət etdilər. Naxçıvan kəndlərinin əhalisini öldürməyə başlayınca Atabəy Özbəyin oğlu Xamuş onların yanına gəlib üzürxahxlıq istədi. Monqollar da onlara toxunulmazlıq əlaməti olaraq üzərində damqa işarəsi olan ağacdan qayrılmış bayqu verdilər (25).

Monqollar buradan yenidən Ərdəbilə gəldilər. Buradan da Beyləqana hücum etdilər. Ramazan 618-ci ildə (19 oktyabr – 17 noyabr 1221) Beyləqanı ələ keçirən monqollar qışı Muğan ovasında keçirdikdən sonra şimal-qərbə yollandılar və Tibilisiyə gəldilər. Burada Gürcüstanda qıpçaqlara hücum etdilər. Qag (Göy) ovasında meydana gələn döyüşdə qıpçaqlar 30 min itkiylə ağır bir məğlubiyyətə uğradılar. Kral IV Georgi Laşa ilə ordu başçısı İvane Qoluuzunoğlu canlarını çətinliklə xilas edə bildilər. Gürcü qaynaqlarının “tatar və muqal” adı verdiyi monqollar yenidən Kür sahillərinə gəlib Muğanda qışladılar. Daha sonra Şirvana hərəkət edib Dərbənd keçidindən keçərək Qafqazı keçib Dəşd-i Qıpçaq torpaqlarına hərəkət etdilər (26).

 

 

Uranhaylı Subutay

 

Subutay (27) Çingiz xanın ilk fəaliyyətlərindən Ögedeyin vəfatına qədər bir neçə səfər xaric monqol ordusunun bütün səfərlərində iştirak etmiş yeganə sərkərdədir. Bir sərkərdə olmanın yanında mahir hərbçi, strategiya adamı və monqol ordularının hərəkət planını hazırlayan komandan olmuşdur. Heç bir planında yanılmadığını tarix sübut etmişdir. Hətta, macar kralı IV Bela ilə üz-üzə gəldikləri Mohi döyüşündə Batı tərəfindən ağır ifadələrlə ittiham edilməsinə rəğmən monqollar onun sayəsində qələbə qazandılar (28).

Subutay, Çingiz xan tərəfindən Monqol dövlətinin həqiqi yaradıcıları olaraq göstərilən “dörd köpək”dən (dörd it) biri hesab edilirdi. Digərləri Subutayın qardaşı Çəlmə (Celmə), Cəbə (Cirhoday) və Kubilay (Əmir Teymurun ulu babası) idi. “Köpək” (it) monqollar arasında “şərəf və sədaqət” rəmzi idi. Çingiz xan həyatını, xan olmasını və Böyük Monqol dövlətinin yaranmasını bu dörd sərkərdəsinə borclu olduğundan onları “dörd köpək” adlandırmışdı (29).

Türk kökənli uranhay tayfasından olan Subutay (30) dünya tarixində ən uzun məsafəni qət edən yeganə komandan hesab edilir (31). Hərbi səfərləri zamanında Subutayın topraqlarında keçdiyi tayfaların, bəylikləri, xanlıqları, dövlətləri, krallıqları və knyazlıqların sayını hesablarsaq onun 100 qədər ölkənin ərazisinə ayaq basdığı ortaya çıxar.

Subutayın anadan olduğu tarix bilinmir. Buna rəğmən onun Çingizin müasiri və ya ondan on yaş kiçik olduğunu ehtimal edə bilərik. Çingiz xanın 1155-ci ildə anadan olduğunu və 1227-ci ildə 72 yaşında vəfat etdiyini əsas alsaq, Subutayın 1165-1246-ci illər arasında yaşadığı və 81 il ömür sürdüyü aydın olur. Subutayın monqolların Macarıstan hücumu zamanında qoca olduğu qeyd edilir. Hətta bir çox məsələdə yaşına görə Qərb ordularının komandanı olan Batının ona hörmət etdiyi bildirilir. Belə ki, macarlarla Mohi döyüşündə Batı ona hiddətlənərkən, Subutayın sərt şəkildə ona xəbərdarlıq etdiyi bildirilir (32).

Subutay, Azərbaycan atabəyi Şəmsəddin Eldənizin də mənsub olduğu uran tayfası arasından çıxmışdı. Monqol mənbələrində onun qəbiləsinin adı uranhay olaraq qeyd edilir (33). Avropalı müəlliflər bu tayfanı monqol adlandırsalar da,  bu məlumat nəzəri xarakter daşıyır. Çingiz xan dövründə uranhaylar B. Ya. Viadimirtsovun tədqiqatlaına görə, Burhan-Haldun dağı ətrafı hesab edilirdi (34). Burhan-Haldun dağının monqollar arasında müqəddəs yer olduğunu və Çingiz xanın öz ailəsi ilə birlikdə buraya köçüb gəldiyini və imperiyanın əsasını burada atdığını nəzərə alarsaq uranhay tayfası Monqol dövlətinin mərkəzində yer almışdır. Fəzlullah Rəşidəddinin verdiyi məlumatdan aydın olur ki, uranhay tayfası Çingiz xanın ulu nəsli “Alan-qoadan və onun övladlarından törəyən monqol qəbilələrindən əvvəl meydana gəlmişdir” (35). Bu, uranhay tayfasının monqol olmadığını, monqol tayfaları arasına sonradan qarışdığını deməyə əsas verir. Üstəlik, Vladimirtsov, bu tayfanın aristokrat tayfalardan olduğunu ortaya çıxarmışdır. Ona görə, Subutayın qardaşı Cəlməni Çingiz xana verən atası Çarçiuday varlı bir adamdır. Daha da maraqlısı onun dəmirçi olmasıdır. Yenə Çarçiudayın başında dayandığı  uranhay tayfası Burhan-Haldun dağının sahibi (ejed) hesab edilirdi. Temurçin (Çingiz) gələndə Çarçiuday ona dövrün ən qiymətli hədiyyəsi olan “samur dərisiylə örtülmüş beşik” hədiyyə etmişdi. Daha da maraqlısı monqolların və Çingiz xan soyunun ulu banisi Alan-qoa xanım bu tayfa ilə dostluq münasibətlərinə sahib idi. Bu münasibət Çingizin nəsli olan börçiginlər ilə uranhaylar arasında nəsildən nəsilə davam etmişdi (36).

Bu məlumatlar Subutayın mənsub olduğu uranhay tayfasının Monqol dövlətinin varlığında oynadığı rolun böyüklüyünü ifadə edir. Belə olan halda, monqol olmadıqları aydın olan uranhay tayfasının mənşəyi sual doğurur.

“Uranhay” tayfasının adı “uran-hay” şəklində iki adın birləşməsindən yaranmışdır. Çin, türk və İslam mənbələrində bunlar “uran-kay” olaraq Kimək, Qıpçaq tayfaları və Xarəzmşahlar dövlətinin hakim qəbilələri arasında göstərir. Xarəzmşahlar dövlətinin sultanı Əlaəddin Məhəmmədin (1200-1220) anası Tərkən xatunun qıpçaqların “uran” tayfasından olduğu məlumdur (37). Qıpçaq uran tayfasının Xarəzmşahlar dövlətinin idarəsində böyük rol oynadığını mənbələr sübut edir (38). Xarəzmşah Təkişin başkomandanı Qıranın (Kıran) uran tayfasından olduğu və onun Azərbaycan Atabəyləri Eldənizlilərdən Atabəy Cahan Pəhlüvana yazdığı məktubda Azərbaycan atabəylərini öz nəslində göstərib qohumları olaraq tanıtdığı Bahaəddin Məhəmməd ibn Müəyyədin “münşəat”larından aydın olur (39).

“Uran” adı türkcədə iki mənaya gəlir. Birinci mənası “ilan” olub, orta əsrlərə aid türkcə-ərəbcə lüğətlərdə “yılan/ilan” olaraq qeyd edilir. İkinci mənada isə “keçmək, soxulmaq” şəklində “igid” sözünü ifadə edir. Mənbələrdə “uran” adı “aran, oran, cilan, irən, urunq, uren, ulan, ilan” və müxtəlif formalarda yazılır (40).

Uranhay adındakı “hay” isə qədim türk tayfası “kay/kayı”nı (çincə hsia-hsienbi-siyenbi) ifadə edir. Hay/kay adı mənbələrdə “oyuq, içi boş ağac qabuğu” (qıpçaq-qapçaq mənasında), “qayıq” mənaları yanında bir də “ilan, əjdəha” mənasındadır (41).

Məlum olduğu kimi XI əsrin əvvəllərində Monqolustanda və Şimalı Çində kidanların apardığı işğalçı siyasət nəticəsində bu bölgədə yaşayan türk tayfalarından kun və kayılar (kaylar) torpaqlarını tərk edib Qazaxıstan, Mərkəzi Asiya və Oğuz Yabqu dövlətinin mövcud olduğu Sırdərya çayı ətrafına köç etdilər. Bunun nəticəsində Sırdərya ətrafındakı Oğuz Yabqu dövləti süqut etmişdi. Yurdlarını tərk edən bu kay/kayı tayfasının bəzi qəbilələrinin Monqolustanda kidanların hakimiyyətini qəbul edib yaşadıqları istisna deyildir. Xarəzmşahlarla qohumluq əlaqələri yaradan uran qəbiləsi də elə bu ərazidə Cənubi Qazaxıstanda yerləşən kayların bir tayfası olmalıdır. Bunların Burhan-Haldun yurdunda qalanları uranhay adı ilə Çingiz xan dövründə yenidən tarix səhnəsində göründülər (42).

Çingiz xan zamanında uranhayların başında Çarçiudayın olduğu məlum olur. Çingiz xanın hakimiyyətə gəlməsində onun iki oğlu Çəlmə ilə Subutayın misilsiz rolu olmuşdur. Çingiz xanın bütün fəthlərində iştirak edən Subutayın özünün geniş yurdu və mülkləri var idi. Ehtimal ki ana yurdu Tola ətrafı ərazilər hələ Çingiz xan dövründə Subutayın şəxsi mülkü elan edilmişdi. Subutay da son illərini burada keçirmiş və 1246-cı ildə öz ana yurdunda vəfat etmişdi.

İştirak etdiyi bütün döyüşlərdən və müharibələrdən qələbə ilə çıxaması Subutayın nə qədər mahir bir komandan olduğuna işarədir. Mənbələrin verdyi məlumatlardan aydın olur ki, Çingiz xan böyük oğlu Cuçinin yetişdirilməsini Subutaya tapşırmışdı. Belə ki, Çingiz xan ələ keçirilən qərb ölkələrini Cuçiyə verdiyində ona bağlı orduların baş komandanı kimi Subutayı təyin etmişdi. Çingiz bir növ Subutayı oğlu Cuçinin “atabəyi” elan etmişdi. Cuçinin oğlanları Batı, Orda, Bərkə və Şibəkin hərbi təlimləri ilə də Subutayın məşğul olduğu, Batının bir dövlət və hərbi lider kimi yetişməsində Subutayın əməyi danılmazdır. Xarəzmşahalar, Azərbaycan Atabəyləri, Gürcü-Qıpçaq krallığı, Rus knyazlıqları, Polşa, Alman, Macarıstan və Bolqariya dövlətləri, Çindəki Kin xanədanlığı Subutayın iştirak etdiyi və çox vaxt rəhbərlik etdiyi ordular tərəfindən məğlub edilib, bir çoxu tarixdən silinmişdir. Subutayın rəhbərlik etdiyi orduların keçdiyi coğrafiyalar nəzərə alınarsa Şərqi Türkistandan başlayıb cənub-qərbdə İraqa, Anadoluya, şimal-qərbdə Polşa, Macarıstan, Rumuniya və Novqoroda, yəni Böyük Monqol imperiyasının sahib olduğu ərazilərin ¾-ü onun tərəfindən alınmışdır.

Subutay bir hərbi-stratejilərin və planların yaradıcısı kimi də qurultaylarda və dövlət məclislərinə yer almış, Çingiz oğlanları hərbi planların onun tərəfindən hazırlanmasını istəmişdilər. Dəşdi-Qıpçaq, Rusiya, Orta Avropa hərbi səfərlərinin dahi idarəedicisi Subutay göstərilir. L. De Hartoga görə, “Subutayın bir general olaraq oynadığı rol çox böyükdür. Rusiya və Mərkəzi Avropa səfərlərinin ağıllıca həyata keçirilən planları tamamilə onun əsəridir. Batı sadəcə görünüşdə başkomandan idi. Gerçək komandanın Subutay  olduğunu deməlik. ... Ögedey və monqol ordusunun Avropadakı uğurlarının arxasında Subutay və digər generalların olduğu məlumdur” (43).

Subutayın nə qədər istedadlı olduğunu, bir-biri ilə mübarizə aparan monqol şahzadələri (Batı, Göyük, Möngge, Arıq-Boğa və d.) arasındakı narazılıqlara rəğmən Rusiya və Avropa hərbi səfərindən monqolları qalib çıxarmasıdır. Subutayın vəfatından sonra Monqol fəthlərinin dayandığı və monqolların hərbi cəhətdən yavaş-yavaş tənəzzül etməyə başladıqları da bir həqiqətdir. Digər tərəfdən Subutay, Çəlmə, Cəbə və Kubilay kimi istedadlı komandanları ortaya çıxması Çingiz xanın istedadının əsəridir.

Subutayın hatırası kendisinden sonra türkler arasında yaşadı. Tuva türkləri onu özlərinin ulu babaları qəbul edir və bu səbəbdən özlərini soyot adlandırırlar (44). Qafqaz xalqlarında işlədilən “Sayat” adı da Subutayın adından yaranmışdır.

 

Qeydlər

1. Subutayın ölüm tarixi mənbələrdə göstərilmir. Tarixçilər də onun vəfatı haqqında hər hansı bir fikir irəli sürməyiblər. Sadəcə J. P. Roux əsərinin bir yerində Subutayın 1246-cı ildə vəfat etdiyini yazıb (Moğol, s. 293). 

2. Bu komandanın əsl adı Cirho’adai olmuş, Cebe adı ona Çingiz xan tərəfindən verilib. Bax. Gizli Tarix, par. 146, 147, 153, 193, 195 və b.

3. Gnümüzdə də türklər və monqol xalqları arasında Subutay, Subeqay, Subeqetay, Subetey, Suqeqay və Sabutay şəxs adı kimi çox sevilir.

4. Hartog, Cengiz Han, s. 121.

5. Gömeç S., “Çingizli Devletinin Büyümesinde Rol Oynayan Türklerden Çelme ve Subutay”, Turkish Studies/Turkoloji Araştırmaları, Volume 2/2, Spring 2007, s. 230-238.

6. Gizli Tarix, par. 257, s. 182.

7. Gizli Tarix, s. 38; Ratchnevsky P., Genghis Khan, Malden 1993, s. 33.

8. Gizli Tarix, par. 183, 185.

9. Eyni əsər, par. 120, 124, 236, 262, 270.

10. Ratchevsky, Ginghis, s. 38; Gömeç, Çelme ve Subutay, s. 232.

11. Gizli Tarix, par. 124, s. 59.

12. Eyni əsər, par. 125, s. 59-60.

13. Camuka ilə döyüşlərin birində Çingiz yaralanmış və qanı zəhərlənmişdi. Çəlmə onun zəhərli qanını əmərək xilasına səsəb olmuşdu. Bax. Eyni əsər, par. 145, s. 72-73; Ratchnevskiy, Ginghis, s. 63; Gömeç, Çelme ve Subutay, s. 233.

14. Gizli Tarix, par. 195, s. 120.

15. Eyni əsər, par. 209, s. 141.

16. Bunlar arasında Çingiz xan Çəlmənin xidmətini xüsusiylə qiymətləndirmiş və ona bundan işləyəcəyi 9 ən böyük günahdan azad hesap etmişdi. Bax. Eyni əsər, par. 211, s. 142-143; Ratchnevskiy, Ginghis, s. 63; Gömeç, Çelme ve Subutay, s. 235.

17. Gizli Tarix, par. 236, s. 159-da belə deyilir: “Dəmir arabalı Subutay merkitli Toxtanın Kutu, Çilaun adındakı oğlanlarının və digər (övladalrının) izini təqib etdi, onlara arxadan çatdı və Çui çayı ətrafında onları məhv edib geri qayıtdı.

18. Eyni əsər, par. 237, s. 159-da belə deyilir: “Cəbə naymanlı Güçülük-xanı təqib edərək Sarih-kun yaxınlığında arxadan ona çatdı və Gücülükü orada məhv etdi”.

19. Eyni əsər,

20. Necef, Səlcuqlu dövlətləri, s. 544-549

21. İbn əl-Əsir, əl-Kamil, IX, s. 336, Nəcəf, Səlcuqlu dövlətləri, s. 549.

22. İbn əl-Əsir, əl-Kamil, IX, s. 336; Vardan, İstoriya, s. 174-175; Nəcəf, Səlcuqlu dövlətləri, s. 549.

23. Nəcəf, Səlcuqlu dövlətləri, s. 549.

24. Monqollar Ərdəbili mühasirə aldıqlarında orta əsrlərin məşhur İslam tarixçisi və coğrafiyaçısı Yaqut əl-Həməvi şəhəri tərk etmək üzrə idi. Buna görə də Ərdəbil haqqında geniş məlumat vermişdir. Yaqut Ərdəbilin monqol hücumu sırasında vəziyyətini belə təsvir etmişdir: “Mən şəhəri tərk etdikdən sonra Tatarlar buraya yaxınlaşıb əhalini qırmağa başladıalr. Tatarlarla şəhər xalqı arasında döyüşlər cərəyan etdi; camaat düşmənə qarşı var gücüylə müqavimət edirdi. Hətta onlar şəhərə girmək istəyən Tatarları iki dəfə geri qovdular. Ancaq monqollar şəhərə üçüncü dəfə hücum etdilər. Xalqın isə vurulacaq gücü qalmamışdır. Buna görə Tatarlar güc bəla şəhərə girdilər. Müsəlmanların üzərinə hücum çekən monqollar bir nəfəri də sağ buraxmayıb hamını doğradılar. Sadəcə saxlanaraq gizlənənlər öz həyatlarıı qurtara bildilər. Tatarlar şəhərdə böyük vəhşiliklər törəddilər və sonrada burayı tərk etdilər. Əhalisi öldürülmüş şəhər viranəyə qalmışdır. Qorxuducu bir mənzərə ortaya çıxmışdır”. Yakut əl-Hamavi, Mucemü’l-Buldan, Kahirə (tarix yox), I, s. 183.

25. Fəzlullah Rəşidəddin bunu “payszu” olaraq yazır ki, bu “bayqu”nun Çincə oxunuşudur. Z. Bünyadov da “payszu” şəklində vermişdir. Bax. Raşid ed-Din, Sbornik letopisey, Perevov s persdskiy O. İ. Smirnovoy, Moskva-Leninqrad 1952, tom I, kniqa 2, s. 228; Bünyadov, Azərbaycan Atabəyləri, s. 114-115.

26. İbn əl-Əsir (əl-Kamil, IX, s. 340) monqolların Dərbənd keçidini necə aşdıqları haqqında marağlı bir məlumat verir. Ona görə, mongollar şirvanşaha elçi göndərib sülh bağlanması üçün elçi göndərmələrini istədilər. Şirvanşah da əsil-nəcabət sahibi 10 nəfərdən ibarət öz elçilik heyətini göndərdi. Monqollar bunlardan birini digərlərinin gözü qabağında işkəncə ilə öldürüb, qalanlarından Dərbənd keçidinin yolunu göstərmələrini istədilər. Beləcə monqollar Qafqaz keçidini keçərək qıpçaq diyarına getdilər.

27. Bu ad monqolca müxtəlif şəkillərdə qeyd olunur: Sube’etai, Sube’etai-ba’atur, Subeqai, Subeqetai. Amma “Gizli tarix”də ondan bəhs edilərkən hər zaman Sube’etai və Sube’etai-ba’atur olaraq göstərilir (Gizli tarix, § 120, 123, 195, 199, 202, 209, 221, 236, 257, 262, 270, 274, 277 paraqraflar). İslam və Avropa mənbələrində və kitablarında isə onun adı Subutey, Sübötey, Sabutay, Subuqetay şəklində yazılır. Monqolca oxunuşunu nəzərə alsaq doğrusunun Subetay və ya Subutay olmalıdır.

28. Lamb, Moğolların Efendisi, s. 245.

29. Monqol mənbələrində “dörd köpək” anlayışı şairanə şəkildə ifadə olunur. Bu ifadələr üçün bax. Vladimirçov B.Ya, Rabotı po istorii i etnoqrafii monqolskix naraodov, Moskva 2002, s. 386; Vladimirtsov B., Le Regime Social des Mongols (Le féodalisme nomade), traduction par M. Carsow, Paris 1948, s. 115; eyni əsərin türkcəsi üçün bax. Vladimirtsov B.Y., Moğolların İçtimai Teşkiltatı, Moğol Göçebe Feodalizmi, çeviren A. İnan, Ankara 1987 (2-ci nşr.), s. 137-138.

30. Gömeç S., “Çingizli Devletinin Büyümesinde Rol Oynaya Türklerden Çelme ve Subutay”, Türkoloji Araştırmaları, volume 2/2, 2007, s. 230-238.

31. Subutayın birinci dəfə Monqolustan-Orta Asiya-Xorasan-İraqi Əcəm-Azərbaycan-Gürcüstan-Şimali Qafqaz-Dəşdi Qıpçaq-Rusiya, Volqa-Ural-Qazağıstan-Monqolustan, ikinci dəfə Monqolustan-Mərkəzi Asiya-Qazağıstan-Ural-Volqa-Dəşdi Qıpçaq-Rusiya-Moldova-Macarıstan səfərlərini hesaba qatsaq onun bu səfərlər zamanı ən azı 50 min km-lik məsafəni qət etdiyi aydın olur.

32. Lamb, Moğolların Efendisi, s. 245.

33. Monqol mənbələrində bu tayfanın adı “Urianqhai”, “Urianqhacin”, “Urianqhan”, “Urianqhat”, “Urianqhadai” olaraq qeyd edilir. Bax. Gizli tarix, § 9, 12, 38, 44, 97, 120, 170, 183 paraqrafları.

34. Vladimirçov, Rabotı,352; Vladimirtsov, Moğolların İctimai Teşkilatı, s. 90.

35. Vladimitsov, Moğolların İctimai Teşkilatı, s. 120.

36. Eyni əsər, s. 120.

37. Axinjanov S. M., Kıpçaki v istorii srednevekovoqo Kazaxstana, Almatı 1995, s. 227-228.

38. Köprülü F., “Türk Etnolojisine Ait Tarihi Notlar: Uran Kabilesi”, TTK Belleten, cilt VII, sayı: 26, yıl: 1943, s. 231-239.

39. Bu məsələ daha əvvəl bizim tərəfimizdən tədqiq edilib ortaya çıxarılmışdır. Bax. Necef, Səlsuqlu dövlətləri, s. 530.

40. Geniş məlumat üçün bax. Axinjanov, Kıpçaki, s. 123-131.

41. Eyni yer.

42. Kay köçü haqqında bax. Agacanov S. G., Oğuzlar, çeviren E. N. Nevef – A. Annaberdiyev, İstanbul 2002, s. 230-231.

43. Hartog, Cengiz Han, s. 173-174.

44. Gömeç, Cengizli Devletinin, s. 238.

 

 

Əkbər N.Nəcəf

Tarix üzrə fəlsəfə doktoru



“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya keçiriləcək
22:39 / 08-03-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. II yazı
19:11 / 23-02-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. I yazı
19:08 / 23-02-2017
Lozanna konfransı – Türkiyənin dünəni və bu günü
22:26 / 10-01-2017
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! II yazı
23:36 / 09-01-2017
ANADOLU'DA VE BALKANLAR'DA ESKİ TÜRK İZLERİ
18:53 / 26-12-2016
ƏNVƏR PAŞANIN SON MÜCADİLƏSİ
11:26 / 17-11-2016
Türkiyədə Cümhuriyyətin qurulduğu ilk dövrlərdə dünyəvilik probleminin ideoloji əsasları
18:50 / 07-11-2016
TÜRK MƏNŞƏLİ NUMİZMATİK MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ
22:41 / 28-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (2-ci hissə)
13:10 / 05-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (1-ci hissə)
20:42 / 04-10-2016
Erməni yalanlarını ifşa edən qədim türk damğaları
21:37 / 11-09-2016
Oğuz xan - Aran əsilli Misir fironu
10:06 / 03-09-2016
Ukrayna Ermenileri ve ya Ermenileşen Kıpçaklar
11:28 / 25-07-2016
Türk-İslam dünyasına çağırışlar və cavablar. Yeni Turan fəlsəfəsi
00:00 / 06-07-2016
Səlahəddin Əyyubinin Türklüyünə dair ən ciddi mənbələrdən biri
23:49 / 14-06-2016