BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Demokratikləşmə və millətləşmə

21:45 / 06-02-2017   /   baxış - 213

Arif Rəhimoğlu

Tədqiqatçı

 

Demokratikləşmə, millətləşmə və milli dövlət

Demokratikləşmə anlayışı qısaca olaraq, demokratik rejimin varlığı, demokratik qanun-qayda və ilkələrin aparıcılığı, demokratiya mədəniyyətinin üstünlüyü və buna oxşar başqa önəmli demokratik dəyərlərin gerçəkləşdirilməsinə yönəlik bir sürəc (proses) kimi açıqlana bilər. Öncə onu vurğulayaq ki, demokratikləşmə sürəci bir yandan siyasi rejimi və onunla bağlı bütün strukturları qapsayırsa, o biri yandan da daha çox toplumda demokratiya mədəniyyətinin yaranıb oturuşmasını gərəkdirir. Rejim toplum demokratikləşmə sürəcinin başlıca obyektləridir və əslində, demokratikləşmə sürəcinin tam qələbəsi məhz bu iki obyektin onu qəbul edib-etməməsindən asılıdır. Çünki bu obyektlərdən hər biri demokratikləşmə sürəcinə əngəl törədə, onun qarşısını almağa çalışa, ən azından ona qarşı dirənib gerçəkləşdirilməsini gecikdirə bilər. Örnəyin, Azərbaycan Xalq Cümhuriyyətindən (1918-1920) sonra ikinci dəfə milli-demokratik iqtidar dönəmində (1992-1993) Azərbaycanda gerçək bir demokratik rejim yaradıldı, ancaq toplumda demokratiya mədəniyyətinin yayılıb oturuşmasına yönəlik ciddi ideoloji-təbliğati işlər aparılmadığı üçün toplum demokratiyanı hərc-mərclik kimi dəyərləndirib güclü yumruq arzulamağa başladı. Sonuc isə bu oldu ki, 1993-cü ildən bəri hakimiyyətə yiyələnmiş avtoritar iqtidar demokratik rejim anlayışını içiboş bir söz kimi işlətməkdə və istehza obyektinə çevirməkdədir... Ona görə də, demokratikləşmə sürəcinin uğur qazana bilməsi üçün rejimin demokratikliyi uğrunda mübarizə aparmaqla yanaşı, toplumda demokratiya mədəniyyətinin geniş yayılaraq oturuşması məsələsinə də gərəyincə ciddi diqqət yetirilməlidir.

Eyni zamanda, unutmayaq ki, demokratiya mədəniyyətinin geniş yayılıb oturuşa bilməsi üçün də toplumun bəlli bir düzeydə gəlişməsi, daha doğrusu, toplumun millətə çevrilməsi və ya millətə çevrilmə – millətləşmə sürəci içərisində olması qaçılmaz şərtlərdən biridir. Araşdırıcıların fikrincə, demokratiyanın özünü göstərməsi ilə bilincli bir varlıq olaraq millətlərin ortaya çıxması yaxlaşıq eyni zamana tuş gəlir və bu durum heç də təsadüfi deyil (Emerson, 1965. səh.212). Çünki  demokratikləşmə sürəci öz bətnində həm də millətləşməni (yaxud millətləşmə sürəci öz bətnində həm də demokratikləşməni) barındırır və məhz bu gerçəkliyi gözə alan uzmanlara görə, “...demokratiyanın yaranma sürəcinin özü öncədən var olan etnik material əsasında millətin biçimlənməsinə bağlıdır” (Нодия, 2007).

Demokratikləşmə ilə millətləşmə arasındakı bu bağlılığa üçüncü bir anlayışı da artırmamız gərəkir: milli dövlət (və ya millət-dövlət) anlayışını!

İş burasındadır ki, millətləşmə sürəci gedişində toplumlar təkcə millət və onun haqları uğrunda yox, həm də bir yandan toplumun demokratiya mədəniyyətinə yiyələnməsi, o biri yandan isə dövlətin demokratik özüllər üzərində qurulması və milli dövlət yaradılması uğrunda mübarizə edirlər. Çünki milli dövlət və demokratiya bir-birilə sıx bağlı olan anlayışlardır. Demokratiya yoxsa, dövlət də milli dövlət ola bilmir və milli dövlətin olmadığı yerdə də gerçək demokratiyadan danışmaq çətindir. Elə ona görə də, uzmanlar “...modern dünyada demokratiyanın ən yaxşı işləməsi milli dövlətdə görülməkdədir” (Emerson, 1965. səh.212) düşüncəsini irəli sürürlər.

Bu baxımdan, prof. Mustafa Erkalın aşağıdakı fikri çox doğru bir yanaşmanı ortaya qoymaqdadır: «Milli dövlətin gerçəkləşmədiyi bir yapıda demokratik dövləti və demokratiyanı dartışmaq utopiyadır. Millətləşmə olmadan demokratiya da olmaz və yaşadıla bilməz» (Erkal, 2005).

Artıraq ki, milli dövlət və gerçək bir demokratiya olmayan yerdə millətləşmə sürəci yavaşıyır, yerində sayıb irəli gedə bilmir və istər demokratikləşmə, istərsə də millətləşmə sürəcləri baxımından geritəpmə – bəlli bir gecikdirilmə (hətta bəzən durdurulma) baş verir. Düşüncəmizi aydınlaşdırmaq üçün öncə millətləşmə anlayışını gözdən keçirək.

 

Millətləşmə sürəci

“Millətçilik ədəbiyyatında bir cığır açdığı...” irəli sürülən (bax: Özkırımlı, 1999. səh.183) tanınmış Çex alimi Miroslav Hrox (Miroslav Hroch) bir çox toplumların millətə çevrilmə – millətləşmə sürəcini araşdırmış, özəlliklə Avropada millətlərin yaranmasına yönəlik iki yolu bir-birindən fərqləndirmişdir (Хрох, 2002.səh.121-145; Hroch, 2011 vb.). Yazara görə, bir etnik kültürün hakim olduğu İngiltərə, Fransa, İspaniya, Portuqaliya, İsveç, Hollandiya vb. Batı Avropa ölkələrində orta yüzillərdən başlayaraq uzun sürəli bir tarixi gəlişim sonucu kapitalist iqtisadiyyat və vətəndaş toplumu yarandı, sonra bu ölkələrdə islahat, yaxud devrim yolu ilə tənhüquqlu vətəndaşlar cəmiyyəti olan milli dövlət quruldu ki, bu da millətin biçimlənməsinə gətirib çıxardı.

Sürəkli ədəbiyyat gələnəyi, siyasi birliyi, “öz” soylular sinfi olmayan və “yabançı” yönəticilərin başat (dominant) rol oynadığı Orta və Doğu Avropa ölkələrində isə millət bu yolla yaranmadı. Tabe olduqları imperiyalarda başat rol oynamayan, tərsinə, arxat*etnik birlik statusu daşıyan Eston, Ukrayna, Sloven, Serb, Yunan vb. bu kimi toplumlarda bəzi ayrı-ayrı üzvlər Batı Avropa millətlərindən təsirlənərək öz etnik kimliklərinin fərqinə varmış və düşünmüşlər ki, onların etnik birliklərinin də gələcəkdə tamdəyərli bir millətə çevrilə bilmə şansı var. Adətən, gələcək millətin yaranmasına bu gün əngəl törədən kəsir yönləri ortadan qaldırmaq və öz soydaşlarını millətə mənsub olma bilincinin vacibliyinə inandıra bilmək üçün həmin üzvlər tez-gec mütəşəkkil çalışmalara başlayırlar. M.Hrox heç də həmişə və hər yerdə uğur qazanmayan bu mütəşəkkil çalışmaları  nəzərdə tutaraq yazır: “Mən tamdəyərli bir millətin bütün əlamətlərinin əldə edilməsinə yönəlik bu mütəşəkkil cəhdləri milli hərəkat adlandırıram” (Хрох, 2002.səh.124).

Deməli, millətin yaranması ilə bağlı M.Hroxun açıqlamalarından yararlansaq,  millətləşmə sürəci keçirərək millətə çevrilmədə iki önəmli yol bir-birindən fərqlənir:

1. tarixi gəlişim sonucu millətin yaranması;

2. milli hərəkat sonucu millətin yaranması.

Bu iki yol arasındakı başlıca ortaq nöqtə millətin yaranması – millətləşmə anlayışıdır və ilk öncə bu anlayışı gözdən keçirək.

Millətləşmə bir toplumsal sürəc, millət isə bu sürəc sonucu ortaya çıxan bir toplum biçimidir.  Bu iki anlayış arasındakı fərq təkcə onlardan birinin toplumsal sürəc (sosial proses), o birinin toplum biçimi (cəmiyyət forması) olması, yaxud birincinin daha öncə başlaması və ikincinin daha sonra ortaya çıxması ilə sınırlanmır. Arada başqa fərqlər də var. Örnəyin, millət və millətləşmə anlayışları eyni özüllər üzərində biçimlənməz, yaxud millətin yaranmasında rol oynayan özüllər toplumdan-topluma dəyişər və hər toplum öz şərtlərinə uyğun özüllərə söykənərək millət anlayışını ortaya qoyar; millətləşmə sürəcinin yaranmasında rol oynayan özüllər isə dünya üzrə daha çox ümumi xarakter daşıyar və öncəlik sıralanması dışında elə bir dəyişiklik olmaz.

Qaynaqlarda millətləşmə sürəci çeşidli biçimlərdə tanımlanır. Biz millətləşmənin elmi-nəzəri yönləri ilə bağlı tədqiqatlara, çeşidli incələmə və açıqlamalara geniş biçimdə toxunmağı hələlik bir qırağa qoyur, ayrı-ayrı araşdırıcıların düşüncələrindən yararlanaraq və öz şəxsi araşdırmalarımıza söykənərək millətləşmə sürəcini belə tanımlayırıq: Millətləşmə – toplum üzvlərinin eyni bir milli kimlik bilinci çevrəsində toparlanıb bütünləşməsi, demokratikləşmə səbəbinə fəal vətəndaş mövqeli ümummilli iradənin biçimlənib üstün tutulması, milli siyasi-ideoloji təşkilatlanmanın gerçəkləşməsi və milli dövlət quruculuğu uğrunda mübarizə sürəcidir.

Bu tanımlama millətləşmənin olduqca böyük önəm daşıyan üç aparıcı özülünü ortaya qoymaqdadır:

1. eyni bir milli kimlik bilinci çevrəsində toparlanıb bütünləşmə (bu özülün tam gerçəkləşməsi sonucu toplumda kültürəl bütünləşmə yaranır);

2. demokratikləşmə səbəbinə fəal vətəndaş mövqeli ümummilli iradənin biçimlənib üstün tutulması (bu özül ideoloji məşruluğun/legitimliyin dayağı olan toplumsal bütünləşmə yaradır);

3. milli siyasi-ideoloji təşkilatlanmanın gerçəkləşməsi və milli dövlət quruculuğu uğrunda mübarizə (bu özül milli dövlət quruculuğunda böyük rol oynayan siyasi bütünləşmə yaradır).

İndilik biz millətləşmənin mahiyyəti, özülləri, özəllikləri vb. məsələlərdən ayrıca danışmırıq və millətə çevrilmənin yuxarıda toxunduğumuz iki yolu üzərinə qayıdırıq.

Birinci yolda toplumun millətə çevrilməsi öncədən düşünülüb hazırlanmır, sadəcə, toplumun tarixi gəlişimi ilkin şərtləri yetişdirdiyi üçün milli kimlik bilinci daşıyan fəal vətəndaşlardan ibarət yeni bir toplum forması – millət biçimlənir və bu işdə kapitalist iqtisadiyyata, vətəndaş toplumuna dəyər verən dövlət ciddi rol oynayır. Batı Avropanın ilk yaranan millətləri məhz bu yolla ortaya çıxmışdır. Bu yolda milli hərəkat baş vermir, millət tarixi gəlişim sonucu öztörəmə (spontan) biçimdə yaranır və həmin tarixi gəlişimin kültürəl bütünləşmə özüllərini Aydınlanma (Maarifçilik), toplumsal bütünləşmə özüllərini də Çağdaşlaşma (Modernləşmə) sürəcləri hazırlayır. Siyasi bütünləşmə özüllərinin gerçəkləşdirilməsinə isə birbaşa dövlət özü başçılıq edir və bu zaman ya İngiltərədə, İsveçdə olduğu kimi, evrim (təkamül), ya da Fransada olduğu kimi devrim (inqilab) yolu ilə siyasi rejim demokratikləşdirilir, ali hakimiyyətin qaynağı/yiyəsi daha “Tanrının seçdiyi hökmdar” yox, millət olur və milli dövlət quruculuğu da həm demokratikləşmə, həm də millətləşmə sürəclərini sona çatdırır.

Xatırladaq ki, ilkin kökləri bir az öncələrə uzansa da, Batı Avropada tarixi gəlişim sonucu millətlərin yaranma sürəci daha çox XVI – XVIII yüzilliklərdə, yəni məhz Aydınlanma və Çağdaşlaşma dönəmlərində ortaya çıxmışdır.

İkinci yolda toplumun ayrıca öz dövləti yoxdur, var olan dövlət isə öz əhalisinin passiv təbəə durumunda qalmasına daha çox çalışır və nə normal kapitalist iqtisadiyyata, nə də vətəndaş toplumunun yaranmasına dəyər vermir, hətta tərsinə, onların varlığına qarşı ciddi əngəllər törədir, özəlliklə də əhalinin fəal vətəndaşlardan ibarət yeni bir toplum biçiminə çevrilməsinə mane olur. Bu durumda daha çox toplumdakı aydınların girişimləri ilə belə bir düşüncə irəli sürülür ki, əngəllər aşılarsa və çatışmayan kəsir yönlər ortadan qaldırılarsa, bizim toplum da millətə çevrilə bilər. Bundan sonra həmin düşüncəyə uyğun mütəşəkkil çalışmalar – birgə fəaliyyətlər ortaya çıxır və M.Hrox da məhz bu fəaliyyətlərə milli hərəkat adı verməkdədir. Bu durumda toplumun millətə çevrilməsi öncədən düşünülüb hazırlandığı və məqsədyönlü çalışmalar, fəaliyyətlər sonucu gerçəkləşdirildiyi üçün millət tarixi gəlişim yolu ilə yox, milli hərəkat yolu ilə yaradılır.

Ancaq bir məsələyə diqqət yetirək: tarixi gəlişimin evrim yolunda millətləşmə sürəcinə qarşı elə bir ciddi əngəl olmaz; devrim yolunda isə kültürəl və toplumsal bütünləşmələr artıq var olduğu üçün gərəkən siyasi bütünləşməyə dövlət əngəl olur və bu zaman toplumun ayağa qalxması bu əngəli ortadan qaldırır, iş başına gəlmiş yeni iqtidar isə millətləşmə sürəcini sona yetirir.

Milli hərəkat yolunda isə millətləşmə sürəcinə qarşı həm ciddi iç əngəl (iqtidar, toplumiçi çeşidli qruplar vb.), həm də kiçimsənməyəcək dış əngəl (işğal, müharibə, toplumun imperiyalar arasında bölünməsi vb.) durur və buna görə də, millətləşmə sürəci rahatlıqla baş vermir, əngəllərin ağır basqıları milli hərəkatda qalxıb-enən dalğalı xətt yaradır. Törədilən dış, yaxud iç əngəllər səbəbinə millətləşmə sürəci uğur qazanmır və  gecikdirilirsə, bu onun bitməsi anlamına gəlməz və uyğun imkan yetişən kimi millətləşmə sürəcinin yeni yüksəliş dalğası baş verər. Buradan da milli hərəkat yollu millətləşmənin dalğalı bir sürəc olması özəlliyi ortaya çıxır.

Bir daha xatırladaq ki, demokratiyanın özünü göstərməsi ilə bilincli bir varlıq olaraq millətlərin ortaya çıxması yaxlaşıq eyni zamana tuş gəlir (Emerson, 1965. səh.212), yəni demokratikləşmə və millətləşmə sürəcləri qoşa qanad durumundadır və bunlar arasında sıx bağlılıq var. O zaman ortaya bir soru çıxır: hər iki sürəc arasında uyğun dalğalı gəlişmədən danışmaq olarmı?

 

Demokratikləşmə dalğaları

Araşdırmalar göstərmişdir ki, demokratikləşmə sürəci düz xətt üzrə yox, dalğalı xətt üzrə gəlişən bir prosesdir.  Demokratiya tarixini ilk dəfə elmi yöndən araşdıran və onu təsnif edib sistemləşdirən prof. Samuel Hantinqton çağdaş dünyada demokratiyanın üç dalğa halında gəlişdiyini və hər dalğanın da özümlü bir geritəpmə dönəmi olduğunu irəli sürməkdədir:

Demokratikləşmənin birinci – uzun dalğası: 1828 – 1926-cı illər;

Birinci geritəpmə: 1922 – 1942-ci illər;

Demokratikləşmənin ikinci – qısa dalğası: 1943 – 1962-ci illər;

İkinci geritəpmə: 1958 – 1975-ci illər;

Demokratikləşmənin üçüncü dalğası: 1974 – ?.. (Хантингтон, 2003, səh.26).

 

Diqqət yetirilərsə, S. Hantinqtonun göstərdiyi bu demokratikləşmə dalğaları məhz XIX yüzillikdə, yəni Orta və Doğu Avropada millətləşmə sürəci yayılmağa başladığı dönəmdə ortaya çıxmışdır. Bu isə həmin dönəmdə Orta və Doğu Avropanın milli hərəkat yolu ilə yaranmaqda olan millətlərində demokratikləşmə və millətləşmə  sürəclərinin yanaşı getdiyini və bir-birlərini tamamladıqlarını ortaya qoymaqdadır.

O zaman ortaya başqa bir soru çıxır: bəs tarixi gəlişim sonucu yaranan Batı Avropa millətlərində demokratikləşmə sürəcinin durumu necə dəyərləndirilməlidir? Onlarda da millətləşmə sürəcinin bətnində demokratikləşmə (yaxud demokratikləşmə sürəcinin bətnində millətləşmə) var idimi?

Bəli, var idi, ancaq tarixi gəlişim sonucu yaranan Batı Avropa millətlərində istər millətləşmə, istərsə də demokratikləşmə sürəcləri uzun sürə boyunca addım-addım gəlişmiş və yalnız XVIII – XIX yüzilliklərdə tam başa çata bilmişdir. Deyək ki, Maqna Karta (1215-ci il) demokratiya tarixinə daxil edilən bir sənəd olsa da, bu sənəddəki demokratiya anlayışı hələ çox aşağı bir düzeydə idi və heç də toplumun bütün üzvlərini qapsamırdı. Bu və bu cür başqa faktların incələnməsi göstərir ki, XVIII – XIX yüzilliklərədək Batı Avropada demokratikləşmə də,  millətləşmə  də nisbətən aşağı düzeydə olmuş və yalnız XVIII – XIX yüzilliklərdə hər iki sürəc uğur qazanaraq həm millətin tam biçimlənməsi, həm də demokratiyanın yaranıb oturuşması ilə sonuclanmışdır. Məhz bu dönəmdə Batı Avropada daha öncədən başlayan demokratikləşmə və millətləşmə sürəcləri sona yetmiş, Batı Avropanı örnək alan Orta və Doğu Avropada isə həmin sürəclər yaranmağa üz tutmuşdur.

Vurğulayaq ki, M. Hroxun araşdırdığı millətləşmə sürəci demokratikləşmənin birinci – uzun dalğası dönəmində Orta və Doğu Avropada, o sıradan güneyli-quzeyli Bütöv Azərbaycanda  ortaya çıxdı və XIX yüzilin ortalarından XX yüzilin başlarınadək uzun bir gəlişmə yolu keçdi.

Demokratikləşmənin ikinci – qısa dalğası faşizmlə savaş dönəmində meydana gəldi və Batı Almaniya, İtaliya, Avstriya, Yaponiya, Koreya, Türkiyə, Yunanıstan vb. ölkələrdə demokratik idarə üsulunun gəlişməsinə təkan verdi (Хантингтон, 2003, səh.29). Doğrudur, millətləşmə sürəci baxımından bu dalğa çox qısa sürəli olmasına görə birinci dalğa qədər uğur qazanmasa da, hər halda qapsadığı ölkələrdə iqr, imperiya xalqı və başqa bu kimi millətüstü anlayışlardan qurtulmada və daha öncədən var olan millət anlayışının oturuşub sabitləşməsində, dünənki sömürgə ölkələrinin öz istiqlallarını qazanmalarında və öz millətləşmə sürəclərini başlatmalarında bəlli bir rol oynadı. Güney Azərbaycandakı 21 Azər Milli Hərəkatının da məhz demokratikləşmənin ikinci dalğa dönəminə düşməsi və “İranlı” adlandırılan imperiya xalqı içərisində Azərbaycan Türklüyünün milli varlığını qəbul etdirməyə yönəlik olması, eyni zamanda 21 Azər Hərəkatına başçılıq edən partiyanın məhz Azərbaycan Demokrat Firqəsi, qurulan hakimiyyətin isə Azərbaycan Milli Hökuməti adlandırılması qətiyyən bir təsadüf sayıla bilməz.

1974-cü idən yola çıxan demokratikləşmənin üçüncü dalğası isə dünya sosializm sisteminin dağıldığı və SSRİ-nin çökdüyü indiki dönəmdə təkcə demokratikləşmə sürəcini yox, həm də millətləşmə sürəcini yenidən gündəmə gətirdi və tarix səhnəsində bir sıra yeni-yeni millətlər göründü. Deməli, demokratikləşmənin hər üç dalğası özünü millətləşmə sürəci ilə iç-içə göstərdiyi üçün demokratikləşmə və millətləşmə sürəcləri bir-birini tamamlayır və hər zaman birgə var olurlar. Elə buna görə də, demokratikləşmə sürəci yoxsa, millətləşmə sürəcindən də danışmaq olmur və tərsinə, millətləşmə sürəci yoxdursa, demokratikləşmə sürəci də ortaya çıxa bilmir. Başqa sözlə, “...demokratiyanın yaranma sürəci... millətin biçimlənməsinə bağlıdır” deyən G. Nodiya tam haqlıdır.

 

Millətləşmə dalğaları

Ancaq məsələyə təkcə demokratiya baxımından yox, həm də millətləşmə baxımından yanaşsaq, yəqinliklə deyə bilərik ki, demokratiyanın yaranması millətin biçimlənməsinə, millətin yaranması isə demokratiyanın biçimlənməsinə bağlıdır. Çünki demokratiya özünü tanıyan, öz haqqını-hüququnu bilən bilincli bir millətdə yarana bilər və belə bir millət də yalnız demokratiya şəraitində, insan haqlarına və vətəndaş hüquqlarına/azadlıqlarına yüksək sayğı duyulan bir yerdə biçimlənər. O halda, bu iki sürəc bir-birindən ayrı götürülə bilməz və biz düşünürük ki, üç demokratikləşmə dalğasına uyğun olaraq, XIX yüzildən üzü bəri dünyada millətləşmənin də üç yüksəliş dalğası olması göz önündə tutulmalıdır. Bizcə, demokratikləşmə dalğalarına uyğun olaraq dünyada həm də aşağıdakı millətləşmə dalğalarından bəhs edilməlidir:

Millətləşmənin birinci dalğası –  XIX yüzilliyin ilk onillikləri ilə XX yüzilin ilk onillikləri arasında ortaya çıxmışdır. Bu dalğa bir sıra Orta və Doğu Avropa millətlərinin yaranması ilə sonuclanmışdır;

Millətləşmənin ikinci dalğası – İkinci Dünya savaşı ilə 1960-cı illər arasında özünü göstərmışdir. Bu dalğa özəlliklə klassik sömürgə sisteminin dağılmasını və bağımsızlıq yolu tutmuş sömürgə toplumlarında millətləşmə sürəcinin ortaya çıxmasını təmin etmişdir;

Millətləşmənin üçüncü dalğası isə 1970-ci illərdən başlayaraq gündəmə gəlmişdir və hələ davam etməkdədir. Bu dalğa SSRİ-nin və dünya sosializm sisteminin dağılması, bir sıra yeni millətlərin siyasi səhnəyə çıxması və Asiyada millətləşmə sürəcinin güclənməsi ilə özünü göstərməkdədir.  Ancaq gözə alınmalıdır ki, ilk iki dalğa üzrə demokratikləşmə sürəci heç də hər ölkədə baş tutmadığı kimi, millətləşmə sürəci də hər toplumda gerçəkləşmədi və ayrı-ayrı toplumlarda bəlli bir geritəpmə ~ ertələnmə/gecikdirilmə də baş verdi. Bu hesabla, öncəki iki dalğa kimi, millətləşmənin üçüncü dalğasının da bəzi toplumlar üçün uğurlu olacağını, bəzi toplumların isə yeniləcəyini, irəli gedə bilməyib yerində sayacağını indidən söyləmək heç də yanlış olmayacaqdır...

 

Azərbaycanda

millətləşmə və demokratikləşmə dalğaları

Azərbaycanda hər üç millətləşmə və demokratikləşmə dalğasının varlığı açıqca göstərir ki, Azərbaycan Türklüyü XIX yüzilin ortalarından bəri dünya üzrə ən aktiv və dinamik toplumlar sırasında yer almaqdadır. Nə millətləşmə, nə də demokratikləşmə sürəcimiz tam başa yetməsə belə, Azərbaycan heç də sıfır nöqtəsində deyil və bəlli bir irəliləyiş əldə etmişdir. Hər üç dalğanın Azərbaycandakı durumunu qısaca gözdən keçirək:

Azərbaycanda millətləşmə və demokratikləşmənin birinci dalğası: 1850 – 1920-ci illər. Birinci geritəpmə: 1920 – 1940/1950-ci illər.

Birinci dalğa 1850-ci illərdə M.F.Axundovun komediyaları ilə başlamış, XIX yüzilin sonlarında Şeyx Cəmaləddin Həmədani, az sonra Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev vb. dühalar səbəbinə kültürəl alandan ideoloji alana keçmiş, daha sonra isə siyasi alanda Məşrutə Hərəkatı, Səttarxan Hərəkatı, M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyəti və Ş.M.Xiyabani Hərəkatı kimi Azərbaycan tarixinin qızıl səhifələri ortaya çıxmışdır.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Ş.M.Xiyabaninin “Azadistan” Dövlətinin yıxılması ilə birinci geritəpmə başladı və Quzey Azərbaycanda 1950-ci illərədək, Güney Azərbaycanda isə 1940-cı illərədək davam etdi.

Azərbaycanda millətləşmə və demokratikləşmənin ikinci dalğası: 1940-cı illər. İkinci geritəpmə: 1946 – 1950-ci illər.

İkinci dalğa Alman faşizminə qarşı savaşan müttəfiqlərin İrana girməsindən sonra Güney Azərbaycanda başlandı və 1945-ci ilin 12 Dekabr (21 Azər) günü Azərbaycan Milli Hökumətinin qurulması ilə öz zirvə nöqtəsinə yetdi. Çox qısa sürəli bu ikinci dalğa Rusiya müstəmləkəsi Quzey Azərbaycanda ayrıca var olmadı, çünki burada birinci dalğanın geritəpməsi hələ tam gücü ilə davam edirdi və Almalarla savaş səbəbinə də bütün yönlər üzrə olduqca sərt inzibatçılıq hakim idi. Ancaq Rus Sovet KQB-si Ermənistanın əli ilə sırf özünün və qapıqulu Ermənilərin çıxarlarına uyğun işlər yürütməyə nə qədər çalışsa da, Mir Cəfər Bağırovun yönəticiliyi ilə Azərbaycan aydınları da Güneydə Rusiya imperiyasının mənafeyi ilə yanaşı, sırf Azərbaycanın milli mənafeyinə də uyğun az iş görmədilər.

İkinci dalğa qapsadığı ölkələrdə iqr, imperiya xalqı və başqa bu kimi millətüstü anlayışlardan qurtulmada, bir sıra sömürgələrin öz istiqlallarını qazanmalarında və öz millətləşmə sürəclərini başlatmalarında bəlli bir rol oynadı. Güney Azərbaycandakı 21 Azər Milli Hərəkatının da məhz demokratikləşmənin ikinci dönəminə düşməsi və “İranlı” adlandırılan imperiya xalqı içərisində Azərbaycan Türklüyünün milli varlığını qəbul etdirməyə yönəlik olması, eyni zamanda 21 Azər Hərəkatına başçılıq edən partiyanın məhz Azərbaycan Demokrat Firqəsi, qurulan hakimiyyətin isə Azərbaycan Milli Hökuməti adlandırılması həm demokratikləşmə, həm də millətləşmə sürəclərinin varlığını ortaya qoymaqdadır.

1946-cı ilin 12 dekabrından ikinci dalğanın geritəpmə dönəmi başladı və 1950-ci illərin sonunadək çox qəddar bir biçimdə var gücü ilə at oynatdı.

Azərbaycanda millətləşmə və demokratikləşmənin üçüncü dalğası: 1960-cı illərdən başlamışdır və hələ də davam etməkdədir...

Doğrudur, S.Hantinqton üçüncü dalğanın başlanğıcını Portuqaliyada diktaturanın devrildiyi 25 Aprel 1974-cü ildən götürür. Ancaq bizim üçün təkcə demokratikləşmə yox, həm də millətləşmə sürəci önəm daşıyır və adətən, millətləşmə öncə kültürəl alandan başlar. Azərbaycanda millətləşmənin üçüncü dalğası üzrə kültürəl alanda atılan ilk addım 1954-cü ildə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsəri oldu. M.Şəhriyarın bu əsəri millətləşmə sürəcinin kültür aşamasında yeni bir yol açıb həsrət ədəbiyyatına rəvac verdi, etno-milli özünəqayıdış və parçalanmış Azərbaycan Vətəni anlayışını gündəmə gətirdi, Bəxtiyar Vahabzadə, Bulud Qaraçorlu Səhənd və başqa şairlərin yaradıcılığını çox dərindən etgilədi, onların yaradıcılığı səbəbinə isə bölünmüş vətən mövzusu daha da geniş yayıldı.

Artıq 1960 – 1970-ci illərdə millətləşmənin üçüncü dalğasının ağırlıq mərkəzi kültürəl müstəvidən addım-addım ideoloji müstəviyə keçdi və 1980-ci illərdən də siyasi müstəvi ağırlıq qazanmağa başladı. Sonuc o oldu ki, Quzey Azərbaycanda Bütöv Azərbaycan Vətəni, bu Vətəndə eyni bir millətin varlığı məsələsi günlük dartışma mövzusuna çevrildi, özəlliklə, Qarabağ savaşı və Sərhəd Hərəkatı bu gündəmi Güney Azərbaycana da daşıyıb güncəlləşdirdi.

1991-ci ildə dünya sosializm sisteminin dağılması, SSRİ adlanan qırmızı Rusiya imperializminin çökməsi sonucu siyasi tarix səhnəsinə bir sıra yeni bağımsız dövlətlər çıxdı və bu dövlətlərin əhalisi içərisində həm millətləşmə, həm də demokratikləşmə sürəci geniş vüsət tapdı. Təbii ki, birinci və ikinci dalğalar dönəmində olduğu kimi, bu üçüncü dalğa dönəmində də haçansa millətləşmə və demokratikləşmə sürəcinin geritəpmə dövrü ortaya çıxacaq. Hansı toplum bu üçüncü geritəpmənin qurbanı olacaq, hansı toplum ondan qurtulub uğur qazanacaq, bunu gələcək göstərər. İndilik bizi yalnız Azərbaycan maraqlandırır.

Bu gün Azərbaycanın var olan durumu ilə bağlı bir gerçəklik göz önündədir:

Güney Azərbaycanda millətləşmə və demokratikləşmə sürəcləri nə qədər zorluq, çətinlik şəraitində olsa da, addım-addım davam etməkdədir! Çünki orada mübarizəni öncül və yöncül aydınların yolbaylığı ilə toplum aparır və otuz beş milyonluq bir toplumu da hər dəqiqə əzib susdurmaq heç də asan bir iş deyil. O biri yandan da, Güney Azərbaycanda millətləşmənin başlıca ağırlığı eyni bir milli kimlik bilinci çevrəsində toparlanıb bütünləşmə özülü üzərinə düşməkdədir və qalan iki özül də ortada var, ancaq hələ heç biri ilk özül qədər ağırlıq mərkəzinə çevrilməmişdir.

Quzey Azərbaycanda isə durum fərqlidir: millətləşmənin kültürəl bütünləşmə özülü öncədən az-çox biçimlənmişdi, yeni yüksəliş dalğası onu daha da gücləndirdi; toplumsal bütünləşmə özülü Qarabağ savaşı ilə gündəmə gəlib uğur qazandı və Əbülfəz Elçibəyin başçılığı ilə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi də siyasi bütünləşmə özülünü həyata keçirdi. AXC-nin yaratdığı milli demokratik iqtidar Azərbaycanı yenidən bağımsızlığa qovuşdurdu,  rejimi demokratikləşdirdi və 1993-cü ili də Milli Dövlət quruculuğu ili elan etdi. Bu milli dövlət quruculuğu baş tutsaydı, demokratikləşmə sürəcinin gerçəkləşməsi yolunda heç bir iç əngəl qalmayacaq, bundan sonra ağırlıq mərkəzi əlli milyonluq bir toplumun millətləşmə sorunu üzərinə keçəcək və onun gerçəkləşmə problemləri önəm qazanacaqdı. Ancaq çox təəssüflər ki, milli demokratik iqtidar 1993-cü il 4 iyun hərbi qiyamını anında yatırda bilmədi və hakimiyyəti itirdi...

Qiyamdan sonra hakimiyyəti ələ keçirən indiki avtoritar iqtidar isə iyirmi ildən artıqdır ki, milli dövlət quruculuğuna yaxın durmamağı bir yana, əldə edilmiş uğurları belə yıpratmağa üz tutdu. Sonucda, siyasi bütünləşmə ciddi ölçüdə zərər gördü, fəal vətəndaş mövqeli ümummilli iradə yerinə bir ovuc iqtidar ağalarının iradəsi hakim olduğu üçün toplumsal bütünləşmə pozuldu və toplum milli şəxsiyyətdən kütlə psixologiyalı bir yığına çevrilməyə başladı... Bir sözlə: 1993-cü il 4 iyun qiyamından bu günədək Azərbaycan Respublikasında istər demokratikləşmə, istərsə də millətləşmə sürəcinin üçüncü geritəpmə dönəmi ortaya çıxdı. Artıq iyirmi ildən çoxdur ki, bu dönəmi yaşayırıq və türkiyəli jurnalist M.Brandın verdiyi “Demokrasi bitdimi?” sorusu yaşadığımız üçüncü geritəpmə dönəminin simgəsi sayıla bilər.

Yazqımız (taleyimiz) necə olacaq? Bu üçüncü geritəpmədən qurtula biləcəyikmi? Düşünürük ki, bəli, qurtulmamız və yarımçıq qaldığımız yerdən yola davam etməmiz mümkündür. Bu mümkünlüyün mahiyyətinə qısaca toxunaq.

İstər birinci, istərsə də ikinci geritəpmə dönəmlərində demokratikləşmə və millətləşmə sürəclərimiz iç dəstəkli dış güclərin birbaşa hərbi müdaxiləsi yolu ilə durdurulmuşdu. Üçüncü geritəpmə dönəmində isə demokratikləşmə və millətləşmə sürəclərimizin qarşısını kəsən dış dəstəkli iç əngəl – avtoritar iqtidardır. Yəni durum fərqlidir və bu dəfə qarşımızı kəsən birbaşa Rus imperializmı, yaxud Batı dəstəkli Fars şovinizmi yox, öz şəxsi mənafeyini daha üstün tutan bir qrup Azərbaycan insanıdır. Avtoritar bir rejim qurmuş bu iqtidar iddia edirsə ki, nə demokratikləşmə, nə də millətləşmə sürəcinə qarşı deyil, çox yaxşı, buyursunlar, milli dövlət quruculuğunu həyata keçirsinlər! Ancaq unudulmasın ki, demokratikləşmə sürəci olmadan gerçək bir milli dövlət qurula bilməz və millətləşmə sürəci də yarıda qırılar...

Milli dövlət milli şəxsiyyətli toplumunu kütləyə çevirmir, iqtidardan fərqli düşüncəsi olan öz insanının şəxsiyyətini əzmir, tərsinə, fəal vətəndaş mövqeli hər bir insanına fərdi şəxsiyyət, topluma isə milli şəxsiyyət qazandırıb onları yüksəldir. Milli dövlət boş, mənasız işlərə milyonlar xərcləməklə millətin sərvətini talayanlara, havaya sovuranlara etiraz edən gerçək vətəndaşları zindanlara salıb, Vətənə daş yükü olan yaltaqları yüksəltməklə toplumu şəxsiyyətsiz bir duruma düşürmür... İndiki avtoritar iqtidarın milli dövlət qurmaq istəyi varsa, buyursun, neft pullarının sorulacaq hesabını gerçək faktlarla ortaya qoyub, öz topladığı sərvətin də gerçək miqdarını və ona uyğun ödədiyi dövlət vergisini açığa çıxarıb özü örnək göstərməklə milli dövlət qursun! Bununla da demokratikləşmə və millətləşmə sürəclərimiz qarşısındakı iç əngəl ortadan qalxmış olar.

Yox, avtoritar iqtidar sözdə nə deyir-desin, əməldə bu işi görə bilməyəcəksə, o zaman tək bir çıxış yolu qalır: avtoritar iqtidar getməli, yerinə yeni bir milli-demokratik iqtidar gəlməlidir! Belə bir yeni milli-demokratik iqtidar olmaq iddiası daşıyan indiki müxalifət də buyursun, öncə toplumla bütünləşməyi bacarsın, yəni 1988 – 1992-ci illər arasında olduğu kimi, ideoloji məşruluq/legitimlik qazanıb qarşısıalınmaz gücə çevrilsin və seçki yolu ilə iqtidara gəlib milli dövlət quruculuğunu həyata keçirsin! Çətindir? Avtoritar iqtidar qoymur, əngəl törədir? Bəs bu kimi məqamlarda əngəli aşmanın yolu nədir?

Tarixi təcrübə göstərir ki, bu yol əngəlləri aşmağa yönəlik sistemli fəaliyyətlər bütünü olan Milli Hərəkat yoludur və o yolu gedə bilmənin özül şərti də toplumla bütünləşmədir. Toplumla bütünləşib Milli Hərəkat yolu gedə bilən demokratikləşmə və millətləşmə hədəfli siyasi qüvvələr Milli Demokratik Hərəkatın öncül və yöncül qüvvələrinə çevrilmək, əngəlləri aşıb gerçək bir Milli Dövlət qurmaq şansı qazanırlar...

Deməli, üçüncü geritəpmədən qurtulmamız ona görə mümkündür ki, bu dəfə dış yox, iç əngəllə qarşı-qarşıyayıq və hələ hər şey tam itirilməyib, yaxud itirdiklərimizi bərpa edə bilmək umudumuz hələ var. Çıxış yolumuz demokratikləşmədən başlayan  milli dövlət quruculuğu yolu ilə millətləşmə sürəcimizi sona yetirə bilməkdir!

Toplumu haqsız-hüquqsuz, dilibağlı bir sürü, özünüsə bu sürünün əvəzedilməz ağası sayan (və ya sayacaq) iqtidarlar milli dövlət qura bilməzlər. Milli dövləti yalnız o iqtidar qura bilər ki, gerçəkdən özünü millətin xidmətçisi, milləti də özünün hakimi saysın və bunu da öz əməli işi ilə ortaya qoysun. Məhz o zaman demokratikləşmə sürəcimiz də, millətləşmə sürəcimiz də sona yetə və biz də dünyanın çağdaş öncül dövlətləri sırasında layiqli bir yer tuta bilərik. Son yüzilliklərin dünya üzrə ən dinamik toplumlarından biri olaraq Azərbaycan Türkləri buna layiqdir və xoş o iqtidarın halına ki, Azərbaycanın gerçək milli dövlətini qura biləcəkdir!

 

Qaynaqlar

Emerson, 1965 – Rupert Emerson. Sömürgelerin Uluslaşması. Asya ve Afrika Halklarının Ortaya Çıkışları. Çeviren: Dr.Türkkaya Ataöv. Ankara: Ayyıldız Matbaası.

Erkal, 2005 – Mustafa Erkal. Milletleşme Olmadan Demokrasi Olmaz. Bax:

http://www.biroybil.com/showthread.php?t=2351

Hroch, 2011 –  Miroslav Hroch. Avrupa`da Milli Uyanış. Toplumsal Koşulların ve Toplulukların Karşılaştırmalı Analizi (Social Preconditions of National Revival in Europe. A Comparative Analysis of the Social Composition of Patriotic Groups Among the Smaller European Nations). Çeviren: Ayşe Özdemir. İstanbul: İletişim Yayınları.

Хантингтон, 2003 – Сэмюэл Хантингтон. Третья волна. Демократизация в конце XX века. Перевод с английского Л.Ю.Пантшой. Москва: РОССПЭН

Хрох, 2002 – Мирослав Хрох. От национальных движений к полностью сформировавшейся нации: процесс строительства наций в Европе. Bax: Нации и национализм / Б. Андерсон, О. Бауэр, М. Хрох и др; Пер.с англ. и нем. Л. Е. Переяславцевой, М. С. Панина, М. Б. Гнедовского - Москва: Праксис, 2002, səh.121 – 145; İnternet variantı üçün bax: http://spbtolerance.ru/wp-content/uploads /2010/06/nations_and_nationalism_new.pdf; (Məqalənin İngiliscə adı: “From National Movement to the Fully-formed Nation: The Nation-building Process in Europe”).

Нодия, 2007 – Нодия Г. Национализм и демократия. 2007-05-17. Bax: http://articles.excelion.ru/science/filosofy/66884089.html

Özkırımlı, 1999 – Umut Özkırımlı. Milliyetçilik Kuramları. Eleştirel Bir Bakış. İstanbul: Sarmal Yayınevi.

 

 

  *Arxatsözünü “qeyri-dominant” (non-dominant) anlamında işlədirik – A.R.)

 



“Kürdlərin kökəni” adlı kitab işıq üzü görüb
20:45 / 27-11-2016
Keçmiş SSRİ-də baş qaldıran milli hərəkatlar və M. Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq cəhdləri
09:48 / 22-09-2016
Avropa danışır
09:50 / 07-08-2016
Luvr muzeyi - dünyanın maddi mədəniyyətinin mühafizəçisi kimi
19:38 / 26-01-2016
Almaniyada Napoleonun təqribən 200 əsgərinin qalığı tapılıb
17:50 / 18-09-2015
Ermenistan’da Neden “Sağ-Muhafazakâr Milliyetçilik” Günümüze kadar Yaygın Olmadı?
20:25 / 08-09-2015
Məşhur tarixçi alim Nasir Purpirar dünyasını dəyişib
20:01 / 01-09-2015
İranda erməni məktəbləri
19:39 / 28-08-2015
“İngilislərin neft oyunu Osmanlını necə yıxmışdı?”
12:01 / 06-08-2015
Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb
12:36 / 14-06-2015
Ra-Amon Allahın Azər dağı
11:01 / 05-05-2015
Кавказская политика и наука царской России: Армянский вопрос и И.Орбели - 2 ЧАСТЬ
21:51 / 02-05-2015
Ереванские ученые ищут армянские гены там, где их нет
17:46 / 21-04-2015
“Sufilik nədir və onun islam tarixində rolu” mövzusunda növbəti diskussiya keçiriləcək
23:20 / 20-04-2015
Adolf Hitlerin ölümündən 1 gün əvvəl verdiyi müsahibəAdolf Hitlerin ölümündən 1 gün əvvəl verdiyi müsahibə
12:40 / 30-03-2015
Farsların etnik antropologiyası
19:48 / 27-03-2015