BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir

22:33 / 08-05-2020   /   baxış - 2319

Faiq Ələkbərli

BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini,

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent.

 

Bu gün Azərbaycan xalqı üçün ən ağır günlərdən biridir. Mən, Şuşanın işğalını təkcə Quzey Azərbaycan xalqı üçün deyil, bütövlükdə 50 milyonluq Azərbaycan xalqı üçün faciə hesab edirəm. Zərrə qədər şübhə etmirəm ki, özünü azərbaycanlı , Azərbaycan türkü hesab edən hər bir kəs üçün Şuşanın 1992-ci il mayın 8 də düşmənlər tərəfindən işğalı bir qara gündür.
Mənə elə gəlir ki, Şuşanın, bütövlükdə Qarabağın işğalı Çar Rusiyasının Qafqaza, o cümlədən Güney Qafqaza enməsi, işğalçılıq siyasəti ilə başlamışdır. Bu baxımdan Şuşanın işğalının əsas təməli 1805-ci il Kürəkçay müqaviləsindən başlayır. Əslində İbrahimxəlil xanın 1805-ci ilin mayında Çar Rusiyasının general Sisianovla bağladığı utancverici Kürəkçay müqaviləsi ilə Qarabağın, o cümlədən Şuşanın işğalının təməli qoyulmuşdur. Kürəkçay müqaviləsi ərəfəsində Qacarlar dövlətinin hökmdarı Fətəli şah Qacar İbrahimxəlil xana yazdığı məktubda deyirdi ki, İbrahimxəlil xan Qaradağ mahalını da sənə verməyə, səlahiyyətlərini genişləndirməyə razıyıq, bir şərtlə , Şuşanın açarlarını ruslara vermə.
Bu dövrdə iki əsas Qalamız var idi: Şuşa və Dərbənd. Çox yazıqlar olsun ki, əvvəlcə Səfəvilər (1736) dövlətinin süqutundan, daha sonra Əfşarlar dövlətinin zəifləməsi (1747) nəticəsində facilərimizin əsası qoyuldu. Onlardan sonra yenidən Türk dövlətçiliyini bərpa edən Qacarlar dövlətimin banisi Ağa Məhəmməd Şah Qacarın xüsusilə Şuşada sui qəsd nəticəsində öldürülməsi (1797), bunun ardınca Dərbəndin işğalı, Kürəkçay müqaviləsinin bağlanması İlə Şuşanın işğalı başlamışdır. Əvvəlcə Dərbəndin açarlarını, daha sonra Şuşanın açarlarını əldə edən ruslar bununla da sonrakı facilərimizin təməlini qoydu.
Bu baxımdan indi kimlərinsə iddia etməsi ki, Şuşanın, bütövlükdə Qarabağın işğalında rus xalqının heç günahı yoxdur, bunu əsasən qəbul etmirəm. Əslində bu gün Şuşanın və Qarabağın işğal altında olmasında mən də, bütövlükdə rus xalqını ittiham etmək istəməzdim. Ancaq məsələni daha dərindən təhlil etdikdə görürük ki, bu gün Şuşanın, bütövlükdə Qarabağın işğal altında olmasında rus xalqı da günahkardır.
Bir sözlə, rus imperiyaları yəni Çar Rusiyası, Sovet Rusiyası, Rusiya Federasiyası qədər olmasa da, xeyli dərəcədə rus xalqı da torpaqlarımızın işğalında bu və ya digər formada suçludur. Ermənilər və Ermənistan isə bu məsələlərdə Rusiyanın və Qərb dövlətlərinin maşası rolunu oynamışdır.
Əlbəttə, Şuşanın və digər torpaqlarımızın işğalında özümüzün də səhvlərimiz var. Məsələn, 1797-ci ilin yayında Ağa Məhəmməd Şah Qacarın Şuşada sui qəsd nəticəsində öldürülməsində sapı özümüzdən olan baltaların da rolu az olmamışdır. Hər halda Ağa Məhəmməd Şah Qacara sui qəsd planını Çar Rusiyasının generalları hazırlasa da, onu həyata keçirənlər İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Batmanqılınc, ordunun baş sərkərdəsi Sadiq bəy Şəqqaq olmuşdur. Ancaq bütün hallarda sui qəsdin əsad təşkilatçısı da Çar Rusiyası idi.
Kürəkçay müqaviləsini bağlamaqla böyük səhv edən İbrahimxəlil xan olsa da, ancaq yenə də onu və ailəsini tamamilə kökünü kəsən mayor Lisaneviçlər Rusiyanı, rus xalqını təmsil edirdilər.
Əlbəttə, mən iddia etmirəm ki, Çar Rusiyasının bütün generalları, zabitləri rus idilər. Ancaq bu gün Şuşanın, bütövlükdə Qarabağın işğalı məsələsində az qala nəinki rus xalqını, Rusiya Federasiyasını da təmizə çıxarmağı doğru hesab etmirəm.
O ki qaldı, bir daha özümüzün xətalarımıza, mən də bunun aydınlaşmasının tərəfdarıyam.

Ancaq öz səhvlərimizə baxarkən də, iki əsr aparılan ruslaşdırma, xristianlaşdırma siyasəti nəticəsində Çar Rusiyasının, Sovet Rusiyasının yalnız fiziki cəhətdən deyil, mənəvi baxımdan da milli mənəvi dəyərlərimizin darmadağın edilməsini əsla unutmamalıyıq. Bu prosesi bu və ya digər formada indiki Rusiya Federasiyası davam etdirməkdədir.
Bu baxımdan Şuşanın işğalında birinci rolu özünü Sovet Rusiyasının varisi elan edən Rusiya Federasiyası oynamışdır. Ondan sonra Rusiya Federasiyasının maşası olan Ermənistan gəlir. Eyni zamanda, bu işğalda Qərb dövlətləri, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, eləcə də İran adlanan ölkənin başında dayanan Molla rejimi və başqalarıdır. Xüsusilə də, Qarabağın işğal altında olmasında Rusiyadan sonra Molla rejimi ona görə maraqlıdır ki, Quzey Azərbaycan türklərinin Qarabağı işğaldan azad etməsilə Güney Azərbaycan türklərinin oyanışının güclənməsindən qorxurlar. Çünki Molla rejimi yaxşı anlayır ki, Quzey Azərbaycan türklərinin torpaq bütövlüyünü bərpa etməsi, Güney Azərbaycan türklərinin milli oyanışının güclənməsi və qalibiyyəti demək olar.
Ona görə də, bu gün Şuşanın işğalında daxili günahkar axtararkan ehtiyatlı olmaq lazımdır.
Əlbəttə, bu gün Şuşanın işğalına görə Ayaz Mütəllibovu da, Rəhim Qazıyevi də və başqalarını da haradasa, ittiham etmək olar. Əslində bunların çoxu da Sovet Rusiyasının qəlibindən çıxan, onun kommunist ideologiyasına inanan, bu gün ondan imtina edən, ya da inanmağa davam edənlərdir.
Burada əsas məsələ odur ki, Çar Rusiyasının Qafqazı işğalından sonra türksüzləşdirmə siyasəti ilə yanaşı, ruslaşdırma və xristianlaşdırma prosesi aparılır. Xristianlaşdırma sıyasətındən də ən çox ermənilərdən, qismən də gürcülərdən istifadə olunmuşdur. Bu, bir reallıqdır. Şuşanın işğalı da bu antitürk reallıqlardan irəli gəlmişdir.
Ona görə də, Şuşanın işğalını yalnız xarici səbəblərdə axtarmağın tərəfdarı olmasam da, bu reallıqlardan da qaça bilmərik.

Bir daha deyirəm ki, özümüz də günah axtararkan, son iki əsrdə kimliyimizin, milli mənəvi dəyərlərimizin necə assimilyasiyaya olunmasını unutmamalıyıq. Bununla da, nə müsəlman kimi müsəlmanlığımızı, nə türk kimi Türklüyümüzü, nə də azərbaycanlı kimi Azərbaycanlığımızı doğru dürüst bilirik. Bu anlamda 20. Əsrin əvvəllərində Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, Məhəmməd Əmin Rəsulzadələr, Nəsib bəy Yusifbəylilər, Mirzə Bala Məhəmmədzadələr, Hüseyn Cavidlər, Əhməd Cavadlar və başqaları bu yolda nə mümkündürsə etdilər, bir çoxları repressiya olundular, ya da mühacirətdə yaşamağa məhkum olundular. Bu aydınlarımız Azərbaycan Türkünün özünə dönüşü üçün nə mümkündür etdilər.
Sovet Rusiyası özünə dönmüş həmin Azərbaycan türklərinin də demək olar ki, 100-də 80-90 faiz kökünü kəsdi.
Bunun nəticəsidir ki, bugünkü Azərbaycan xalqı repressiya olunmuşlardan çox, ondan kənarda qalanların, Sovet Rusiyasının köləliyini bu və ya digər formada qəbul etmişlərin davamçılarıdır. Məncə, bizlər Sovet Rusiyasının köləliyini bu və ya digər formada qəbul etmişlərin davamçısı olmağımız bitməyənədək Şuşa da işğal altında qalacaqdır.
Eləcə də, Qarabağ və digər torpaqlarımızın işğal altında qalması davam edəcəkdir.
Bu baxımdan rus, fars, erməni, ingilis və başqalarını tamamilə bir kənara qoyub günahı özümüzdə axtarmaq da çox məntiqli deyil. Bir daha Molla Nəsrəddinin təbirincə desək, evinin oğurlanmasına görə, onun özü nə qədər xətalı olsa da, ancaq əsas səbəbkar olan oğru və oğruları da unutmamalıyıq. Bu anlamda nə qədər özümüz günahkar olsaq da, bu bir reallıqdır ki, Şuşanın və digər torpaqlarımızın işğal altında olmasının əsas səbəbkarı Rusiya Federasiyası, daha sonra Molla rejimi, ABŞ, Böyük Britaniya və başqalarıdır.
Onların maşası olan Ermənistan da türksüzləşdirmə sıyasətındən yararlanaraq, torpaqlarımızda ağalıq edir. Üstəlik, gürcülər də bizim hesabımıza torpaqlarını daha da böyütmək iddiasındadır. Bir sözlə, yerindən duran bizdən pay qoparmaq istəyir.
Bizim tək yolumuz ilk növbədə, Quzey Azərbaycan türkləri arasında milli birliyə nail olmaqdır. Məncə, daha sonra da Güney Azərbaycan türkləri bizim birliyimiz nəticəsində daha da güclənəcəkdir. Bununla da, biz milli birlik nəticəsində Şuşaya sahib çıxacağıq. Şuşanın açarlarını öz əlimizə almaqla çox şeylər də dönüş edəcəyik. O gün çox uzaq da deyildir.

BAO.AZ.
08.05.2020


“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Aydın Mədətoğlu: Azər (Azərdüşt) Peyğəmbər
20:49 / 25-04-2020