BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qədim Azərbaycan tayfalarına xas olan siklopik tikililərə yalnız Borçalı ərazisində rast gəlinir

23:34 / 05-10-2015   /   baxış - 1944

Borçalı nəinki Qafqazın, eləcə də  dünyanın ən qədim antropogenez zonalarındandır. 1939-cu ildə Ceyrançöl yaxınlığında, indiki Qardabani rayonunun Udabno kəndindən insanabənzər meymunun dişləri tapılmışdır.  1989-cu ildən başlayaraq Dmanisi (Başkeçid) rayonu ərazisində aparılan qazıntılar nəticəsində Xram çayının sahilindəki mağaradan yaşı 1 milyon 700 min  il olan ən qədim insanlara aid  yaxşı saxlanmış  kəllə qutuları və yanında sadə əmək alətləri  aşkar edilmişdir.

Borçalının həm şimalından (indiki Gürcüstan Respublikası ərazisindəki Samtavro  qəbristanlığından, Başkeçid (Dmanisi) rayonunun Qomareti (Kəmərli) kəndindən, Bebnisi və Dvani düşərgələrindən) həm də cənubundan (indiki Ermənistan Respublikasının şimalındakı Şenqavit və Berkaber düşərgələrindən) morfoloji quruluşuna görə uzunbaşlı, ortoqnat və kəskin burun çıxıntılı  Oğuz  antropoloji tipinə aid olunan insan qalıqları aşkar olunmuşdur. Cənubi Qafqazın  miladdan əvvəl II minilliyin sonu – I minilliyə  aid edilən kurqan qəbirlərində də maraqlı qanunauyğunluq  müşahidə olunur; üzərində kurqan ucaldılan, yəni əsas mərhum baş quruluşuna görə uzunbaş (dolixokran), onunla birlikdə gömülən qul – qaravaş isə qısabaşlıdırlar (braxikrandırlar). XIX yüzilliyin əvvəllərində kurqan qəbirləri tədqiq edən E.Resler   arxası üstə uzanmış vəziyyətdə dəfn edilmiş əsas mərhumun uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyini,  oturmuş vəziyyətdə dəfn edilənlərin isə   qısabaşlı (braxikran) olduğunu qeyd edir. Bu cür qanunauyğunluq Barmaqsız (indiki Zalqa) rayonu ərazisindən tapılan və 170 kv.metr sahəni əhatə edən  kurqanda da müşahidə olunmuşdur. Arxeoloji qazıntılar zamanı məlum olur ki, indiki Borçalı ərazisi bütün Şimali Azərbaycan ərazisinə yayılmış Kür-Araz  mədəniyyəti arealına daxil olduğu halda, indiki Qərbi Gürcüstanda fərqli mədəniyyətin qurucuları yaşamışlar. Bu isə mədəniyyətlərin qurucularının bir-birlərindən fərqli olan etnik mənşəyə malik olmalarını göstərir.

Borçalı ərazisində tapılan, erkən dəmir dövrynə aid olunan Ərcivan (indiki Trialeti) kurqanlarından İskit türklərinə aid qızıl və gümüş qədəhlər, habelə gümüş satıl tapılmışdır. Onların üzərində İskit türklərinə xas olan maral, qədim türklərin tapınaq obyekti olan «həyat ağacı» həkk olunmuşdur.

Qədim Azərbaycan tayfalarına xas olan siklopik tikililərə yalnız indiki Gürcüstanın cənubunda – Borçalı ərazisində rast gəlinməsi burada yaşayan tayfaların məhz eyni etnik mənşəyindən xəbər verir.

Miladdan öncə VIII əsrin ortalarında kimmer-iskit-sak tayfalarının həm Qara dəniz, həm də Xəzər dənizi sahillərindən Qafqaza daxil olmaları bölgə əhlisinin etnik tərkibinin qədim türklərin xeyrinə dəyişməsinə ciddi təsir göstərir. Məsələn, «hun» sözü alman, çex və slovak dillərində «nəhəng», «avar» etnonimi isə «obr» şəklinə düşərək, Karpat slavyanlarının və macarların dillərində «bahadır» anlamına gəldiyi kimi, kimmer sözü də gürcü dilində «qimiri» şəklinə düşərək «iri gövdəli», «igid» mənasını verməyə başlayır.

Gürcü mənbələri Borçalı ərazisindəki ən qədim etnos kimi buntürklərin adını çəkir. Buntürklərin indiki Borçalı ərazisində yaşamaları bəzi mənbələrdə Navuxodonossorun «yəhudiləri  Yer üzünə dağıtması» ilə, bəzi mənbələrdə isə Əhəmənilər sülaləsinin qurucusu Kirin hakimiyyətə gəlməsi ilə əlaqələndirir. Hər iki hadisə miladdan əvvəl VI əsrə aid olunur. «Moksevay Kartlisay»dan (Kartlinin dönməsi, dinə gəlməsi) fərqli olaraq, «Kartlis sxovreba» əcdadlarımızı «Buntürk» deyil, sadəsə «Türk» adlandırır. Mənbəyə görə, «Keyxosrov (Kir) tərəfindən sıxışdırılan Türklər Gürgan dənizini keçərək, Kür çayı boyu yuxarı hərəkət etdilər və Msxetaya gəldilər. Farslardan qorxan kartalinlər onlarla ümumi düşmənə qarşı birləşdilər». Daha sonra isə mənbə bu hadisəni başqa cür təsvir edir: «Türklərin çoxu Msxetadan qərbdə, sıldırım qayalıqda özlərinə məskən seçdilər, onu istehkama çevirərək, Sarkine adlandırdılar... Ermənilər və kartalinlər farsların qorxusundan öz qalalırına sığındıqları vaxt, türklər farsların başçılarını öldürərək, İran üzərinə yeridilər». Daha sonra buntürklərin adı miladdan öncə IV əsrdə Makedoniyalı İskəndərin yürüşü ilə bağlı çəkilir. «İskəndər Lot törəmələrini yarımqaranlıq diyara sıxışdırarkən ilk dəfə Kür çayı boyunca dörd şəhərdə – Sarkine, Kaspi, Urbnisi, Odzraxe yaşayan çılğın buntürk tayfalarını gördü. Onların ən böyük qalası Sarkine idi». Mənbə burada buntürkləri, gürcü mənbələrində «ievusey» adlandırılan, miladdan əvvəl VII əsrdə Ön Asiyaya yürüş etmiş işquzların (İç Oğuzların) törəmələri hesab edir. «Buntürklərə dov gələ bilməyən hökmdar uzaqlaşıb getdi». Sonralar bu hadisə uzun müddət unudulmamış və İskəndərlə bağlı belə bir rəvayətin yaranmasına səbəb olmuşdur: «Yunanıstandan Misirə qədər heç bir yerdə məğlubiyyət görməyən İskəndər Türklərlə döyüşdə geri oturdulduqdan sonra, onlar haqqında demişdi: «Tərəkəmə (yəni, onları tərk et)».

«Bu zaman haldeylərdən ayrılan döyüşkən hunlar gəldilər və buntürk başbuğundan xerki adlanan vergi ödəmək qarşılığında məskunlaşmağa yer istədilər. Başbuğ onlara Zanavada yurd salmağa icazə verdi. Xeyli vaxtdan sonra geri qayıdan İskəndər buntürklərin üç şəhərini tutub dağıtdı, Sarkineni isə yalnız üç aylıq mühasirədən sonra çətinliklə ələ keçirdi... Buntürklər qayalarda açdıqları lağımla mühasirədən çıxıb Şərqə çəkildilər... İskəndər Msxetanı özü ilə gəzdirdiyi Arian – Kartli şahzadəsi Azoya bağışladı... Azo isə öz atasının yanına gedərək, Arian-Kartlidən öz nəslindən olan 18 ailə ilə Msxetaya qayıtdı... Bundan sonra Msxeta tənəzzülə uğradı və Tiflis qalası tərəqqi etməyə başladı».

«Buntürk» etnoniminin S.Əliyarov «ayrı düşmüş, bunalmış türklər», M.Seyidov «Türk tayfası», E.S.Takayşvili «nizəli türklər», İ.V.Abuladze «oturaq türklər», M.Brosse «əsl, yerli türklər» mənası verdiyini yazmışlar.  Başqa bir gürcü tarixçisi Z.V.Ançabadze, eradan əvvəl VI yüzillikdən indiki Borçalı ərazisində yaşayan buntürkləri «qara bulqarlar» hesab edir.

Bulqarların Borçalı ərazisində yaşamaları haqqında   salnaməçi  Moisey Xorenli belə bir məlumat verir: «Vaharşakın oğlu Arşakın vaxtında Böyük Qafqaz dağı boyu Bulqar torpağında böyük ixtilaflar oldu və onların çoxu ayrılaraq Koxanın (Kolxidanın) cənubundakı məhsuldar torpaqlarda yerləşdilər». Alban tarixçisi Musa Kalankatlı  Cənubi Qafqaza  bulqar tayfalarından birinin – barsillərin arasıkəsilməz hücumlarından bəhs edir. Dağıstanlı tarixçilərin fikrincə  barsillər əslində Massaget hökmdarının indiki Qafqaz ərazisində məskunlaşdırdığı ŞUMER döyüşçüləridir.

İstənilən halda biz Buntürklərdən sonra xristian erasının əvvəllərindən Borçalıda ikinci TÜRK etnik plastının – Bulqarların formalaşmasını müşahidə edirik.

Başkeçid (Dmanisi) adamının kəllə qutusu

Buntürk döyüşçüləri

Müəllif: Kərəm Məmmədov



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020