Müstəqil AĞAYEV
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Qabaqcıl Maarif Xadimi
Dünyagörüşü olmaq etibarilə dinin meydana gəlmə tarixi insanın yaranma tarixi ilə bağlıdır. İnsanın meydana gəlməsini isə müxtəlif mənbələr maxtəlif şəkildə qeyd edirlər. Bəzi ehtimala görə, din Yuxarı Poleolit dövründə (daş dövrü) 40-50 min əvvəl meydana gəlmişdir. Başqa bir ehtimala görə isə (arxeoloji qazıntılar zamanı tapılan insan sümükləri və ya əl ilə düzəldilmiş əşyaların tədqiqinə görə), insan 3 milyon il bundan əvvəl meydana gəlmişdir. Deməli, dünyanı dərketmə vasitəsi kimi din də 3 milyon illik bir tarixə malikdir.
Din ibtidai insanın yaşamaq üçün təbiətlə apardığı mübarizədə onun gücsüzlüyü, zəifliyi nəticəsinin məhsuludur. Yaşayış üçün zəruri tələbdən doğan arzularla onun reallaşması arasında olan ziddiyyət, uyğunsuzluq ibtidai insanda belə bir inam doğurmuşdu ki, ondan daha güclü, daha qüvvətli, hər şeyə qadir gözəgörünməz bir qüvvə mövcuddur. Bu qüvvə insanın iradəsindən asılı deyil, ondan kənardadır, sərbəstdir. Ona görə də həmin qüvvəyə “xoş gəlmək” üçün ona pərəstiş etmək, baş əymək, yalvarmaq, onu özündən “razı salmaq” lazımdır. Beləliklə, insanda mövhumi qüvvələrə qarşı getdikcə dərinləşən bir inam yaranmağa başladı ki, bu da bu gün bizim hamımızın başa düşdüyümüz dinin əsasını təşkil edir. Dinin təkamülü, formalaşması cəmiyyətin inkişafı ilə müəyyən edilir.
“…Hər bir din insanların gündəlik həyatında onlara hökmranlıq edən xarici qüvvələrin insanların beynindəki fantastik inikasından, yer üzərindəki qüvvələrin səma qüvvələri şəkli aldığı inikasdan başqa bir şey deyildir”. (F.Engels.”Anti-Dürinq”, Bakı-1967, səh.320).
Dinin əsas məzmununu, mahiyyətini Allah ideyası təşkil edir. Nə qədər ki, insanlar avam idilər, təbiət və təbiət hadisələri haqqında heç bir məlumata, biliyə malik deyildilər, məhsuldar qüvvələr inkişaf etməmişdi, təbiətlə mübarizədə ona təsir göstərən vasitələr bəsit və az idi, ona görə də insan təbiətdən asılı vəziyyətdə idi və fövqəltəbii qüvvələrə böyük inam var idi. Yağışın yağması, göyün guruldaması, şimşəyin çaxması, zəlzələ, tufan və qasırğalar, vulkan püskürmələri, qaynar bulaqlar və başqa bu kimi hadisələr həmişə ibtidai insanların təəccübünə və qorxusuna səbəb olmuş, onlar bu proseslərin arxasında qeyri-müəyyən ilahi qüvvələrin mövcud olduğunu zənn etmişlər.
Yaşamaq uğrunda mübarizə genişləndikcə, zəhmət çoxaldıqca, həyat təcrübəsi artdıqca, insanla təbiət arasındakı anlaşılmazlıq və asılılıq da azalmış, insanın öz qüvvəsinə, gücünə, bacarıq və qabiliyyətinə inamı da artmışdır. İbtidai icma quruluşunun mövcud olduğu bütün müddətdə bu dini dünyagörüşünə icma üzvlərinin hamısı eyni səviyyədə xidmət etmişdir. İnsanlar kimi, bu din özü də bəsit, ibtidai olmuş, cəmiyyətin həyatı, məişəti, davranışı, əxlaqı haqqında heç bir fikir söylənməmişdir.
Sinifli cəmiyyət meydana gəldikdən sonra inamın da forması tədricən dəyişmişdir. Yeni ictimai münasibətləri, yeni ictimai qayda-qanunları əks etdirən mürəkkəb dini təsəvvürlər sistemi yaranmışdır. Cəmiyyətdəki hər bir tarixi çevriliş insanların dini təsəvvürlərində də dəyişiklik yaratmışdır. İbtidai icma quruluşunun süqutundan sonra bir-birini əvəz edən bütün ictimai-iqtisadi formasiyalarda din, əsasən, hakim siniflərin əlində zülmə, əsarətə, haqsızlığa xidmət göstərən, mütiliyi təbliğ, despotizmi təqdis və müdafiə edən bir alət, bir vasitə kimi qeyd olunmuşdur.
Dinin ictimai funksiyası obyektiv həyat şəraitinin insanlar üzərində hökmranlığını, insanların təbiət qüvvələri qarşısındakı miskinliyini illüziya şəklində tamamlamaqdan ibarət olmuşdur. Qeyd etmək lazımdır ki, buddizmi, xristianlığı və islamı eyniləşdirmək, eyni mahiyyətli, eyni səviyyəli bir din kimi qəbul etmək və dəyərləndirmək də düzgün deyil. Əvvələn, hər bir din müəyyən zaman kəsiyində, müəyyən tarixi və coğrafi şəraitdə, insanların dünyagörüşündə gedən formalaşma prosesinin müəyyən mərhələsində meydana gəlir və həmin şəraitə, zaman və proseslərə uyğun olaraq, özünün “nizamnamə”sini, “məramnamə”sini və ya belə demək mümkündürsə, “proqram”ını hazırlayır. Deməli, dinlərin ümumi cəhətləri ilə bərabər, xüsusi, fərqli, özünəməxsus spesifikliyi də vardır.
Sonralar din və dövlət birləşərək, cəmiyyətin idarə edilməsində müştərək fəaliyyət göstərirlər. Hər bir din özünə görə mənfi cəhətlərlə yanaşı, müsbət cəhətlərə də malikdir. Dinləri cəmiyyətə, insanlara düşmən kimi qələmə vermək, onlara etinasız yanaşmaq da sadəlövhlükdən irəli gəlir və bunun zərərli təsiri sonralar özünü göstərir. Dinlər bəşəriyyətə düşmən deyil, onlardan öz mənafeləri üçün sui-istifadə edərək başqalarına zərər vuranlar düşməndirlər.
V11 əsrdə Ərəbistanda meydana gələn İslam dini xristianlıqla müqayisə edilərsə, İslamın xristianlığa nisbətən bir sıra üstün cəhətlərə malik olduğu açıq görünər. İslam dininə xas olan humanizm, haqqın, ədalətin, xeyirxahlığın, mənəvi paklığın, qayğıkeşliyin, namus, qeyrət, əqidə və vətən, torpaq uğrunda mübarizədə fədakarlığın, şücaətin təbliği, zülmə, əsarətə, ədalətsizliyə, haqsızlığa, istismara qarşı cəsarətli çıxışların təqdiri onu başqa dinlərdən fərqləndirir.
Bütün bunlar İslamın müqəddəs kitabı olanQuranda öz əksini tapmışdır. Biz on dörd yüzillik müddətində ayrı-ayrı ölkələrin həyatında İslam dininin necə rol oynadığını yalnız tarixçilərin, salnaməçilərin, bu dinin tədqiqatçılarının yazılarından öyrənirik. Əsil həqiqəti bilmirik, çünki onlar da öz tədqiqat obyektlərinə müxtəlif ideya və məqsəd yönümündən yanaşmışlar: kimisi hadisələri şişirtmiş, kimisi də təhrif etmişdir. Başlanğıcdan uzaqlaşdıqca, zaman baş verən hadisələrin və əsil həqiqətin üzərinə özünün qara pərdəsini çəkərək, əsrlərlə gizlətmiş, görünməz hala salmışdır.
Bu gün biz İslam dini haqqında Quranda yazılanlarla tədqiqatçı və din xadimlərinin yazdıqları arasında şox böyük və kəskin fərqlər, ziddiyyətli fikir və mülahizələr görürük. Bunu da bilirik ki, dinə münasibətdə insanlar eyni səviyyədə deyillər. Bəziləri dinə inanır, bəziləri inanmır, inananlar içərisində də həqiqi inananlar və müəyyən məqsəd güdən, gözdən pərdə asan “yalançı” inananlar da mövcuddur. Elə bu müxtəliflik din haqqında ziddiyyətli fikirlərin, mülahizələrin meydana gəlməsinə zəmin yaratmışdır.
Bir məsələni də qeyd etmək lazımdır ki,biz 70 il allahsızlıq ideologiyasını təbliğ edən kommunist rejiminin təsiri altında tərbiyə almış və böyümüşük. Ağlımız kəsəndən və dünyanı dərk etməyə başlayandan bu günlərə kimi “dinin insanlar üçün riryək olduğunu”, hakim istismarçı və irticaçı siniflərə xidmət etdiyini, bir sözlə, bəşəriyyətə düşmən kəsildiyini eşitmişik. Burada da islamşünasların İslam dini və ya ümumiyyətlə dinlər haqqındakı fikirləri ilə sovet islamşünaslarının, habelə bu barədə yazan insanların yazıları, fikirləri arasında uyğunsuzluq, ziddiyyət özünü göstərir.
İslam dini bədəvi və bütpərəst ərəb qəbilələrinin həyatında, məişətində, mənəviyyatında, dünyagörüşündə çox böyük müsbət dəyişikliklər etdi. Bütpərəstlikdən xeyli mütərəqqi olan İslam dininin təsiri nəticəsində ərəblər cəhalətdən xilas olaraq yeni və mütərəqqi həyat və məişət tərzi ilə yaşamağa başladılar. Köhnə adət və ənənələr, xüsusən qadınlara olan mənfi münasibət, nifrət, ikrah doğuran ayin və mərasimlər yavaş-yavaş aradan qalxmağa, cəmiyyətdə yeni münasibətlər yaranmağa başladı.
Nə qədər ki, din dövlət və hakimiyyət fikrindən uzaq idi, insanların zehninə, şüuruna hakim kəsilmək məqsədi daşıyırdı, tək Allaha inam yaratmaqla dağınıq tayfa və qəbilələri birləşdirmək istəyirdi, onda mütərəqqi idi. Elə ki xilafət yarandı, xəlifələr meydana çıxdılar, dindən öz məqsəd və mənafeləri üçün istifadə olunmağa, yeni-yeni ölkələri fəth etmək məqsədilə qan tökülməyə başladı, onda İslam dini özünün əvvəlki məna və mahiyyətini itirməyə, zorakılıq, qəsbkarlıq, haqsızlıq rəmzi kimi tanınmağa başlandı.
Əvvəllər ailə-məişətdə ata-anaya, özündən böyüyə tabe olmaq, onlara hörmət etmək, dediklərini yerinə yetirmək kimi sırf əxlaqi-tərbiyəvi mahiyyət daşıyan nəsihət və göstərişlər xəlifələrin zamanında dini əmrlərə, qanun və hökmlərə çevrildi. Din pərdəsi altında ölkələr viran edildi, günahsız, dinc insanlar qılıncdan keçirildi, qan su yerinə axdı. Ərəblərin isə hökmranlığı möhkəmləndi. Bünövrəsi birinci xəlifə Əbubəkr tərəfindən qoyulan bu işğalçı və məhvedici müharibələr bir neçə yüz il ərəb qəsbkarları tərəfindən davam etdirildi. Dinin, Quranın hökmü saxtalaşdırıldı, ailədəki tabelik, böyüklərə qulluq göstərmək borcu hakimə, dövlətə, dövlət məmurlarına, din xadimlərinə itaət və mütiliklə əvəz olundu, məscidlər, ruhanilər, şeyxülislamlar, müftilər dövlət və hökumətin ən yaxın köməkçisinə çevrildilər, zorakılığa, ədalətsizliyə, zülm və istismara qarşı çıxanları dinin və Quranın hökmlərinə tabe olmamaqda təqsirləndirir, vəhşıcəsinə cəzalandırırdılar.
Dövlətin cəmiyyətə qarşı yönəlmiş irticaçı siyasətinin həyata keçirilməsində vasitəçi rol oynayan din nümayəndələrinin bu cür hərəkətləri xalq kütlələri tərəfindən nifrətlə qarşılanır, özləri isə riyakarlıqda günahlandırılırdı. Bu acınacaqlı və gülünc vəziyyət, təəssüf ki, indi də davam etməkdədir. Əlbəttə, bu hal təkcə İslam dininə, İslam ölkələrinə aid deyil, bu, dünyanın bütün ölkələrində özünü göstərən ümimi bir haldır. Dinlər və onlardan əmələ gələn məzhəb və təriqətlər insanları bir-birinə düşmən etməklə, ayrı-seçkilik toxumu səpməklə, dünyamızın bütövlüyünə, sabit və salamatlığına böyük zərbə vurmuş olur.
Müasir dövrdə də bir sıra dövlətlər özlərinin siyasi və iqtisadi maraqları çərçivəsində din, məzhəb və təriqət ayrılığından sui-istifadə edərək, istədikləri ölkələrə maddi yardım pərdəsi altında missionerlər göndərir, dindarlar arasında ziddiyyət, süni narazılıq və çaxnaşma yaratmaqla daxili sabitliyi pozur, ölkədə gərginliyi artırır, dövlətə qarşı vətəndaş itaətsizliyi və etimadsızlığın yaranmasına və nəticədə öz çirkin məqsədlərinin həyata keçməsinə nail olmaq istəyirlər.
Din özü ən böyük bir problem olduğu üçün cəmiyyətdə də çətin və mürəkkəb problemlər doğurmuş, insanlar min illər boyu bu problemlərdən yaxa qurtara bilməmişlər. İstər xristianlıqda, istərsə də İslamda olan məzhəb və təriqətləri heç zaman barışdırmaq, onları ümumi bir məxrəcə gətirmək mümkün olmayacaqdır. Heç bir tərəqqi, heç bir inkişaf və təkamül dini aradan qaldıra bilməz. Bəşəriyyət mövcud olduqca din də, inam da, əqidə də mövcud olacaq, bunların daşıyıcıları arasında da daimi ziddiyyət və mübarizə davam edəcəkdir.
İslam dini, şəriət və Quran ilə onun icraçıları və təbliğatçılarının əməlləri arasında olan uyğunsuzluq, ziddiyyət dinə münasibətdə ciddi dəyişikliyə səbəb olur. İslamın ali rütbəli ruhanilərinin, din xadimlərinin bəd əməllərini – tamahkarlıq, hiyləgərlik, rüşvətxorluq, ruhani vəzifələrini unudub siyasətlə məşğul olmalarının və sairənin şahidi olan insanlarda həmin dinə qarşı olan inam azalır. Lakin bu, o demək deyildir ki, inamsızlıq o qədər artacaq, dərinləşəcək, nəticədə dinə ehtiyac olmayacaq və o, aradan qalxacaq. Bu, ən böyük sadəlövhlükdür. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, din ehtiyacdan yaranmır və heç bir ehtiyacı da təmin etmək iqtidarında deyil. Ehtiyac insanı bu və ya başqa cür hərəkət etməyə, fəaliyyət göstərməyə sövq edə bilər ki, nəticədə insan nəyə isə nail ola bilsin, həmin ehtiyacını, az da olsa, təmin edə bilsin.
Elm və texnika nə qədər inkişaf etsə də, Allaha inam bir o qədər artacaq.
Dünyanın istənilən hər hansı bir nöqtəsi ilə mobil telefonlar vasitəsilə əlaqə saxlanması, hər şeyi özündə ehtiva edən kompüter texnukasının meydana çıxması, kosmik raketlər və peyklərin yaradılması, ana bətnində dölün cinsiyyətinin erkən dövrlərdə müəyyən edilməsi və başqa bu kimi yüzlərlə ağlasığmayan kəşflər kütlələr içərisində Allaha olan inamı nəinki zəiflədir, əksinə, bir az da artırır. İnsanlar arasında bu barədə söhbət düşəndə: ” Ay kişi, nə danışırsan, nə deyirsən, bunlar hamısı qüdrət sahibi Allahın vergisidir. Allah kimi istəyirsə, ona istedad, qabiliyyət, bacarıq verir. Belə olmasa idi, hamı hər şeyi bilər və bacarardı. Siz Allahın qüdrətini, nəyə qadir olduğunu bilmirsiniz. Yeri, Göyü, Ayı, Günəşi heç nədən yaradan Allahın möcüzələrini yadınıza salın. Kim nə qədər çalışır-çalışsın, nə qədər öyrənməyə səy edir-etsin, Allahın razılığı olmadan, heç nəyə nail ola bilməz”.
Bu sözlər, bu fikirlər yüz adamın, min adamın, milyon adamın yox, milyonlarla adamın qənaəti, düşüncə tərzi, qəti fikridir. Biz bunları elmi-texniki tərəqqinin nəticəsi kimi qələmə verməyə nə qədər səy göstərsək də, onlar bu deyilənlərin hamısını Allahın iradəsi, istəyi, məsləhəti kimi qəbul edirlər və edəcəklər də! Düzdür, elmi-texniki tərəqqi təbiət hadisələri haqqında dinin irəli sürdüyü fikirlərin, mülahizələırin tamamilə yanlış olduğunu, heç bir elmi əsasa söykənmədiyini sübut etmişdir. Məsələn, göyün guruldaması, şimşəyin çaxması, yağışın yağması, zəlzələ, günəşin və aytın tutulması, ulduzların axması, hava haqqında qabaqcadan məlumatın verilməsi və sairə. Amma bütün bunlara baxmayaraq, Allaha inam hissi mövcuddur, güclüdür, artmaqdadır. Bu isə belə bir fikir söyləməyə əsas verir ki, din problemi əbədi və həlledilməzdir.
Azərbaycan da müsəlman aləminin bir hissəsi, bir parçası olduğuna görə burada da din problemi mövcuddur. Bu problemə münasibət də zaman və şəraitdən asılı olaraq tez-tez dəyişmişdir. Bu dəyişikliyə münasibət də zaman-zaman alim və mütəfəkkirlərin, görkəmli filosofların yaradıcılılğında öz əksini tapmışdır.
BAO.AZ