BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tarixçi alimlərdən Araz Əlizadəyə sərt reaksiya

01:21 / 23-11-2015   /   baxış - 2192

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin yerli mətbuata verdiyi müsahibə bir çox tarixçi və antropoloqların cddi narazılığına səbəb olub. Xüsusilə, onun millətimizin türk kökənli olmasını danaraq azərbaycanlıları hind-avropalı irqinə aid etməsi ciddi etirazla qarşılanıb. Araz Əlizadə fikrini belə əsaslandırıb ki, guya antropologiya elmi onun fikirlərini təsdiqləyib. O, iddia edib ki, bizim türklərlə heç bir bağlılığımız yoxdur, sadəcə olaraq türkdilliyik.

Araz Əlizadənin yerli mətbuata verdiyi bu müsahibə bir çox tarixçi və antropoloqların cddi narazılığına səbəb olub. Xüsusilə, onun millətimizin türk kökənli olmasını danaraq azərbaycanlıları hind-avropalı irqinə aid etməsi ciddi etirazla qarşılanıb. Araz Əlizadə fikrini belə əsaslandırıb ki, guya antropologiya elmi onun fikirlərini təsdiqləyib. O, iddia edib ki, bizim türklərlə heç bir bağlılığımız yoxdur, sadəcə olaraq türkdilliyik. 

“Araz Əlizadə gəlsin Tarix İnstitutuna, ona türk mənşəli olduğumuzu sübut edim”. 

Femida.az məsələyə aydınlıq gətirmək üçün tarixçi-alimlərlə əlaqə saxladı. 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, həmçinin Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurasının və BAO Dil və tarix Qurumunun üzvü Dilavər Əzimli Araz Əlizadənin söylədiyi fikirləri uydurulmuş bir nəzəriyyəyə xidmət etdiyini söyləyib: 
. 
 
. 
“Ümumiyyətlə, hər bir şəxs öz sahəsi ilə məşğul olsa, yaxşıdır. Tarix həmişə ideologiyaya xidmət edib. Ona görə də “Tarix” elmi müəyyən vaxtdan bir yenidən yazılmalıdır. Bizim tariximiz vaxtilə imperiya ideologiyasından ilham alaraq yazılıb. Hind-Avropa nəzəriyyəsi Hindistan İngiltərə tərəfindən tutulandan sonra uydurulmuş bir nəzəriyyədir. Tədricən bu nəzəriyyəni İraq, Suriya, Şərqi Anadolu və Azərbaycana yaydılar. Bu nəzəriyyə təbii ki, gələcəyə hesablanmışdı. Azərbaycanda aparılan axeoloji qazıntılar və antropoloji qazıntılar sübut edir ki, vaxtilə oğuz türkləri bu ərazidə yaşayıb və buranın daimi sakinləri olub. Azərbaycanda olan bitki, yer, heyvan adlarının türk mənşəli olması dediyimiz fikirləri sübut edir. Məsələn, “üzüm” sözü Yakutiyada da eyni eyni mənanı daşıyır, Azərbaycanda da. Mən Araz müəllimi dəvət edirəm ki, gəlsin Tarix İnstitutuna. Mən ona kitablar verərək, Şumerlərlə bağlı, orta əsrlərlə bağlı, ərəb mənbələri, fars mənbələri ilə bağlı monoqrafiyalar təqdim edərək sübut edim ki, bu ərazi qədim türk yurdu olub və bizim özümüz də türk mənşəli bir xalqıq. Araz Əlizadə və başqalarının yeni çıxmış kitablar və monoqrafiyalardan xəbəri yoxdur. Xəbərləri olsa belə, qəbul etmək istəmirlər. Çünki onlar əvvəl irəli sürdükləri yalan, uydurma nəzəriyyədən imtina edə bilmirlər. Bu şəxslərin əksəriyyəti ideologiyaya xidmət edirlər. Azərbaycan ta qədimdən türk yurdu olub, “azəri” sözü olmayıb, bu adlı xalq olmayıb. Tarix elmi sübut edir ki, azərbaycan xalqı türk kökənli bir xalqdır”. 


AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru, dosent, 
həmçinin BAO Mərkəzi Şurasının və BAO Dil və tarix Qurumunun üzvü Faiq Ələkbərov “azəri” anlayışının sovet hakimiyyəti illərində əslində məqsədli şəkildə irəli sürüldüyünü bildirib: 

. 
 
“XX əsrin 30-40-cı illərində yeni bir anlayış, “azəri” anlayışı meydana çıxdı. Təbii ki, bu anlayışın meydana gəlməsində fars ideoloqlarının böyük rolu olmuşdu. Təkcə farslar yox, ruslar da bu anlayışın yaranmasında müəyyən rol oynayıb. Göründüyü kimi bu əslində ortaya atılmış yeni bir ideya deyil. Azərbaycan xalqının türk kökənli olub-olmaması ilə bağlı müzakirələr məhz 30-cu illərin sonlarında yarandı. Bu vaxta qədər belə bir mübahisə predmeti yox idi. İkinci dünya müharibəsi ərəfəsində SSRİ azərbaycan xalqının türk kökənli olmasını gizlətməyə çalışırdı. Səbəb isə məlum idi: SSRİ-nin müharibədə Türkiyə ilə qabaqlaşmaq ehtimalı var idi. Bu zaman isə azərbaycan xalqı Türkiyədən yana çıxış edə bilərdi. Buna görə də SSRİ rəhbərliyi gələcəkdə belə bir problemin yaranmaması üçün bu yola əl atdı. Hazırda ölkəmizdə azərbaycan xalqının türk kökənli olmamasnı vurğulayan alimlər var. Bu tarixçilər sovet dövründə mövcud olan həmin ideoloqların davamçılarıdır. Həmin tarixçilər sübut etməyə çalışırlar ki, azərbaycan xalqı türk olmayan bir tayfadan gəlmədir. Araz Əlizadə də həmin mütəxəssislərdən biridir. O, sübut etməyə çalışır ki, azərbaycan xalqı türk olmayan azər tayfasından yaranmadır. Sovet hakimiyyəti dövründə milli kimliyimizi danmağımız üçün planlı şəkildə qalaq-qalaq kitablar çap olundu. Araz Əlizadə, Fəridə Məmmədova kimiləri həmin dövrün ideoloqlarının bir növ davamçıları mövqeyindən çıxış edirlər. Onların müdafiə etdiyi ideya isə başdan ayağa yalandır. Heç bir fakta, dəlillərə əsaslanmır. Türkçü kimliyimizi dananlar anlasınlar ki, tarixdə yaratdığımız Qaraqoyunlu, Ağqoyunlu kimi dövlətlərimiz, yetişdirdiyimiz Əli bəy Hüseynzadə, Məhəmməd əmin Rəsulzadə kimi şəxsiyyətlər də olmazdı. Unutmayaq ki, indiki müstəqil Azərbaycan Respublikası türkçülük ideologiyası əsasında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin davamçısıdır. Onda gərək biz bütün bu reallıqları danaq. Nəticə etibarilə, düşünürəm ki, türkçü kimliyimizi danmağımız azərbaycanın xalqının və dövlətçiliyimizin əleyhinədir”. 


Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov azərbaycann xalqının hind-avropa irqinə aid olması faktını təkzib edib: 
. 

“Əgər biz hind-avropa mənşəli bir xalq olsaydıq, onda gərək ya ingiliscə, ya da farsca danışardıq” – deyə Kərəm Məmmədov münasibət bildirdi: 

“Əvvəlcə qeyd edimk ki, hind-avopa adlı bir irq yoxdur. Hind-avropa dil ailəsidir. Antropoloji baxımdan yanaşsaq, belə bir nəticəyə gələ bilərik ki, azərbaycan xalqının mezolit dövründən dəyişməyən antropoloji tipi var. Mezolit dövründə Azərbaycan ərazisində tapılmış kəllə sümükləri ilə indiki kəllə sümüklərinin morfoloji quruluşu eynidir. Əgər türklər gəlmə idilərsə, niyə qədim türklərlə biz eyni antropoloji tipə aidik? Əgər türklər bu ərazilərə gəlmədirsə, niyə bizim antropoloji tipimizi dəyişməyib? Deməli türklərin köçü qərbdən şərqə doğru baş tutub. Azərbaycan türkləri kaspi-oğuz antropoloji irqinə daxildir. Bu irqə biz və türkmənlər daxildir. İndiyə qədər belə bir ideya var idi ki, guya türklər monqoloid irqinə daxildir. Araz Əlizadə yəqin ki, bu fikrə əsaslanmışdı. Bu isə kökündən yanlış ideyadır. Əmir Teymurun enli yanaqları, qıyıq gözləri olmayıb. O, ensiz sifətli badamı gözlü, ucaboylu bir adam olub. Yəni türklərin monqoloid irqinə aid olması ideyası reallığı əks etdirmir. Türk xalqlarının 80%-i monqoloid irqinə daxil deyil. Yalnız yakutlar və tuvalların bir hissəsi monqoloid irqinə daxildir. Qazaxlar, qırğızlar turan irqinə mənsubdur. Özbəklər ağ irqin fərqanə qoluna daxildir. Türkmənlər və azərbaycanlılar ağ irqin oğuz qrupuna mənsubdur. Türkiyədə yaşayan türklər ağ irqin ön asiya tipinə daxildir. Təkrar edirəm, qədim türklər monqoloid olmayıblar. Azərbaycan da dediyim kimi türk kökənli bir xalqdır. Yəqin ki, Araz Əlizadə yanlış məlumat alıb”. 

Femida.az məsələ ilə bağlı türkçü-alim Firudin Cəlilov ilə də əlaqə saxlayıb. Firudin Cəlilov bu məsələ ilə bağlı geniş münasibət bildirməkdən çəkinsə də, bir fikri dönə-dönə vurğulayıb: 
. 
 
. 
“Azərbaycan xalqının türk kökənli bir xalq olmasını heç kəs inkar edə bilməz”. 

Göründüyü kimi, Araz Əlizadənin dediyi “Biz türk deyilik” ifadəsi kifayət qədər ciddi əsaslara söykənmirdi. Daha doğrusu tarixçi-alimlərin gətirdiyi faktlar Araz Əlizadənin əsaslandırmağa çalışdığı ideyanı tamamilə inkar etdi. Apardığımız araşdırma onu deməyə əsas verir ki, azərbaycan xalqı türk kökənli xalqdır. Bu faktın əksi heç bir formada sübut olunmayıb. 

millirefleks.com