“Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər. Bizim tarixçilərimiz, bir tərəfdən, çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəli aparmağa çalışdı. Başqa respublikalarda tarixçilər pis də, yaxşı da olsa, hər halda öz xalqlarının tarixini yaza bildilər. Biz bunu edə bilmədik. Ancaq indi bir tərəfdən, bəlkə yaxşıdır ki, bunu edə bilməmişik. Çünki etsəydik də onu yenidən yazmalıydıq. İndi vəzifə bundan ibarətdir ki, Azərbaycanın tarixi yazılmalıdır”.
Heydər Əliyev
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoydur:
- İlhami müəllim, bu yaxınlarda “Kitabi-Dədə Qorqud”un Avropada öyrənilməsinin 200 illiyinə həsr olunan elmi konfransdakı çıxışınızda Oğuz xanın real tarixi şəxsiyyət olduğunu, bizim eradan əvvəl III minilliyin sonlarında yaşadığını bildirdiniz. Lakin bu tədqiqatınız elmi ictimaiyyət tərəfindən təəccüblə qarşılandı və bir sıra suallar yaratdı. İlk olaraq o sualdan başlayaq ki, bu, doğrudanmı belədir?
- Bəli, bu, həqiqətən də belədir. İ.İ.Şopen 1866-cı ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Qafqaz və onun qədim sakinləri haqqında yeni bilgilər” kitabında yazır ki, Oğuz xan real tarixi şəxsiyyət olmuş, bizim eradan əvvəl XXIII əsrdə yaşamış, 80 minlik arabadan ibarət ordu ilə Nil vadisini tutmuşdur.
- İ.İ.Şopenin-Qafqaz canişini Paskeviçin yaxın adamının yazdıqlarına inanmaq olarmı? Siz qədim mədəniyyətlərin tədqiqatçısı kimi yaxşı bilirsiniz ki, hər hansı bir alimin irəli sürdüyü fikirlər mənbələrlə, arxeoloji tapıntılarla təsdiq olunmalıdır?
- Əlbəttə, irəli sürülən fikirlər mənbələrlə təsdiq olunur. Həmin mənbələr Jan Fransua Şampolyonun 1822-1832-ci illərdə oxuduğu Misir papirus mətnləridir. Sözügedən mətnlərdə göstərilir ki, Nil vadisi orta çarlıq dövründə, yəni bizim eradan əvvəl 23-18-ci əsrlərdə asiyalı çoban knyazlar tərəfindən idarə olunmuşdur. Həmin knyazların başında xan titulu daşıyan Oğuz övladları dururdu.
Ən maraqlı fakt odur ki, Oğuz xan real tarixi şəxsiyyət olmuş, Misirdə fironluq etmişdir. İngilis arxeoloqu Flinders Petri yüz il bundan qabaq onun ehramını tapmışdır. Ehramın içində Oğuz xanın mərmər üzərində barelyefi var. Heykəl sınaraq ortadan iki yerə bölünmüşdür.
- İlhami müəllim, dediyiniz arxeoloji nümunələr bir əsr əvvəl tapılıb. Ancaq necə olub ki, sizdən başqa heç bir tədqiqatçı indiyədək bundan xəbər tutmayıb?
- Əslində, bu tapıntılardan xəbər tutanlar çox olub. Lakin həmin tapıntıların dünya ictimaiyyətinə çatdırılmasının qarşısı məqsədli şəkildə alınıb. Belə ki, ilk arxeoloji nəticələr keçən əsrin əvvəllərində Avropanın elmi jurnallarında çap olunurdu. Ancaq siyasiləşmiş Qərb tarixçiləri uzun zaman Oğuz xanla bağlı yuxarıda bəhs etdiyimiz faktı inkar etdilər və yeni nəticələrin dərsliklərə, həmçinin ensiklopedik nəşrlərə daxil edilməsinə imkan vermədilər.
- Bütün bu dedikləriniz Qərb alimlərinə nə üçün lazım idi?
- Ona görə ki, Qərbi Avropa tarixçiləri ənənəvi olaraq Yunanıstanı qədim mədəniyyətin beşiyi kimi qələmə verirdilər. Onların düşüncəsinə görə, Ellada etnik sivilizasiyaların fövqündə duran antik mədəniyyətin vətəni olmuşdur. Bu yanlış elmi yanaşma indi də davam edir.
- Sizin surətini çıxartdığınız barelyef Oğuz xanın ölümündən sonra mumiyalanma prosesində hazırlanmış təsviridir. Onun gənclik dövrünün təsvirləri qalmayıbmı?
- Oğuz xanın qələbələrini əks etdirən şəkillər, mərmər üstündə qabartmalar olmuşdur. O sənətkarlıq nümunələri Fələstinlə Sinay dağı arasında Oğuz xanın saldırdığı Saruxan, Arazxan və Avar şəhərlərində idi. Yeni çarlıq dövrü fironları Fələstini tutanda həmin şəhərlər yerlə yeksan edilmiş, tarixi abidələrin çoxu bizə gəlib çatmamışdır.
- Bəs necə olmuşdur ki, Oğuz xanın ehramı dağıdılmamış, salamat qalmışdır?
- Çünki Oğuz xan Asiyada yox, Nil çayının qərbində dəfn olunmuşdur. Ozamankı inanca görə, günün batdığı yer ölülər dünyası hesab edilir və müqəddəs sayılırdı.
- Sizdə Oğuz nəslindən başqa fironlar haqqında məlumat varmı?
- Oğuzların və müttəfiqlərinin Misirdə 511 illik hakimiyyətinin sübutu kimi çoxlu abidələr qalmışdır. Onlardan biri firon Xencerin ehramıdır. Maraqlıdır ki, Aran və Oğuz nəslindən çıxan fironların ehramları taş adlanırdı. Bu barədə Klota bəyin 1843-cü, Avdiyevin 1948-ci ildə nəşr olunan kitablarında dəyərli bilgilər var.
Oğuz xanla birlikdə Misiri tutan tayfalardan biri Tekle adlanırdı. Tekle türkmən tayfalarından biridir. Akademik Q.Maspero yazır ki, bizim eradan əvvəl II minilliyin əvvəllərində Misirdə I Tekeli və II Tekeli adlı xanlar fironluq etmişdir. Təkə türkmən tayfasıdır.Q.Maspero onu da qeyd edir ki, Oğuz mənşəli fironlar vəliəhd ikən şat, taxta çıxandan sonra ağa titulu daşıyırdılar. Bundan başqa xan titulu orta çarlıq dövrü fironları Şat adlı bir tanrıya tapınırdılar. Piramida mətnlərində st kimi yazılan bu teonimi bəzi mətnşünaslar Set, bəziləri Şat, bəziləri Şad kimi oxuyurlar. Maraqlıdır ki, Altay şaman dualarında Şat xeyirxah ruhlardan biridir. Bir məqamı da qeyd edim ki, Altay kosmoqoniyasında mövcud olan ruhların çoxu Misir, Həbəş, Amxar dualarında və cadu mətnlərində olduğu kimi təkrar olunur. Aran müdrikləri Kəşmirdə, daha sonra Misirdə yaratdıqları mədəniyyəti Afrikanın şərqinə və qərbinə yaymışlar. Sanskrit dilli eposlarda hindlilərin əcdadları Altaydan gələn Mali və Su Mali tayfaları ilə vuruşurlar. İndi malilər öz irqini dəyişərək Afrikanın qərbində, somalilər həbəşlərin qonşuluğunda yaşayırlar.
- Siz yazırsınız ki, Altay miflərində Oğuz xanın Sam ölkəsinə axınından bəhs edilir. Sam və ya Sim ölkəsi haradır?
- İndiki Fələstin, İordaniya və Misirdir. Həmin ölkələrdə Oğuz nəslindən çoxlu fironlar hökmran olmuşdur. Yakob Xer (Yaqub peyğəmbər), oğlu Gözəl Yusif (İoseph) Oğuz xanın və müttəfiqlərinin son nümayəndələridir. Bu barədə Avropa tarixçiləri çox şey bilirlər. Biz isə heç bir şey bilmirik.Semitoloqlar İoseph adını iyo və sep hissələrinə ayırıb, “birləşdirən” mənasında izah edirlər. Çünki o, bizim eradan əvvəl 1730-cu ildə bir-birindən ayrı düşən Asiya mənşəli etnosları birləşdirib, Nil çayının deltalarını tutmuşdu. İosep iy və sap deməkdir. İy iynə sözünün köküdür. Azərbaycan dilində indi də əlçimləri əyirib-bükdürmək üçün cəhrələrə taxılan millərə iy deyilir.
- B.A.Turayevə istinadən yazırsınız ki, Yusif peyğəmbərin bir oğlunun adı Sadax olmuşdur. Kənan onomaloji leksikasında belə adlar təsadüfi deyil ki?
- Yalnız Sadax yox, Kənan mənşəli xanların çoxu türk totem adları daşıyırdılar. Yusifin doğma qardaşı Beniamin oğlanlarına Kurt, Kuyu, Tengiz, Arslan, Qul, Kur adları qoymuşdu. Sadax yalnız Yusif Kənanın oğlunun adı deyildi. Kənan nəslinin əsas kultu idi. Yusif övladları Misirdə də, Misirdən qovulanda da inşa etdikləri Sadax məbədini ziyarətə gələrdilər. Borçalı mahalındakı Sadaxlı kəndinin camaatı həzrəti Yaqub hümmətinin son qalıqlarıdır. Biz onları Oğuz xanın və Yusif Kənanın övladları kimi qorumalı, göz bəbəyimiz kimi əziz tutmalıyıq.
- İ.Berezin, Orxan Şaiq Gökyay Oğuz xanı hun xaqanı Mete ilə eyniləşdirirlər. Sizin iddialarınız onların fikirləri ilə üst-üstə düşmür?
- Çin salnamələrində adı Maotun kimi göstərilən Mete xan eradan öncə I minilliyin, Oğuz xan III minilliyin sonlarında yaşamışdır. Onların arasında 2 min il fərq var. Heç bir mənbə Oğuz xanla Metenin eyni tarixi şəxsiyyət olduğunu təsdiq etmir. Adlarını çəkdiyiniz tədqiqatçılar mənbələrə yox, hunlarla türklərin oxşar adət-ənənələrinə, döyüş taktikasına və s. istinad edərək onları eyniləşdirirlər.Oğuz xanın real tarixi şəxsiyyət olduğunu, onun Mete xaqandan çox qabaq yaşadığını Misir piramida mətnləri, papirus yazıları, eyni zamanda, kahin Manetonun (bizim eradan əvvəl III əsr) salnaməsi təsdiq edir.
- Mahmud Kaşğarinin divanında Karnak Oğuz şəhərlərindən biridir. Siz yazırsınız ki, qədim Misirin İli şəhərindəki baş məbəd Karnak adlanırdı. Bu, təsadüfi oxşarlıqdırmı?
- Burada təsadüfi heç bir şey yoxdur. Bizim əcdadlarımız yaratdıqları qədim mədəniyyətləri Türküstandan Şumerə, Elama, Misirə gətirmiş, finikiyalılar, yunanlar, daha sonra latınlar həmin mədəniyyəti mənimsəmişlər.Semitoloq Reveka Rubinşteyn yazır ki, qədim Misir Yunanıstanın müəllimidir. Yunanlar yazıb-oxumağı, gəmiçiliyi, əkinçiliyi Misiri və Finikiyanı idarə edən Aran müdriklərindən öyrənmişlər. Sonra bu mədəniyyət Avropa xalqları tərəfindən mənimsənilmişdir. Ona görə də Şotlandiyadakı Aran adasına, adadakı mağaradan türk-runik əlifbası ilə yazılmış mətnlərin tapılmasına təsadüf kimi yanaşmaq olmaz.
- Yunanların arxaik mədəniyyəti Finikiyadan və Misirdən mənimsəməsini tarixi faktlar təsdiq edirmi?
- Bəli. Kahin Maneton mətnləri kopt dilindən qədim yunan dilinə tərcümə edərkən Aukuz Xian, yəni Oğuz xan adını İoniy şəklində vermişdir. Bundan istifadə edən Avropa tarixçiləri Ellada mədəniyyətinin yaranışında böyük rol oynayan Xan ittifaqını İoniya ittifaqı kimi ümumiləşmiş əsərlərə daxil etmişlər. Dörd tayfa birliyindən ibarət olan İoniya ittifaqı 4 dildə danışırdı. O dillərdən biri ari və sami mənşəli dillərin təsirinə uğramış türk dili idi.
Tarix Şərqdə yaranır, Qərbə doğru hərəkət edir. Orada yeni məna, yeni məzmun qazanaraq Şərqə qayıdır. Bir zaman səlibçilər əllərində qılınc Yerusəlimə gəldilər. İndi həmin yol ilə Avropanın, Rusiyanın bombardmançı təyyarələri gəlirlər. Min illərlə gül-çiçək verdiyimiz əllər indi bizə daş atır.