BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Məhəmməd Əmin Rəsulzadə

00:18 / 22-12-2014   /   baxış - 36406

 

Məhəmməd Əmin Rəsulzadə (31 yanvar1884, Bakı – 6 mart1955, Ankara) — Görkəmli dövlət və ictimai-siyasi xadim, publisist, dahi mütəfəkkir, milli ideoloq, Azərbaycan Xalq Cümhuriyyətinin(1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!"ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Uşaqlıq və yeniyetməlik dövrü

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanıkəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadəninmüdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan M.Ə.Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Siyasi fəaliyyəti

"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və M.Ə.Rəsulzadə olmuşlar.[1] Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetinəsas

M.Ə.Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəli

Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalinilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.

İranda

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İranayola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanlavə onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. M.Ə.Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane Nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur".[2] İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.

Türkiyədə

M.Ə.Rəsulzadə Anıtqəbiri ziyarət edərkən

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstambula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur.

M.Ə.Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi Azərbaycan qəzeti

 

M.Ə.Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi Odlu Yurd dərgisi

Türkiyədə Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyevvə Abbasqulu Kazımzadətərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına" daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir.[3] Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir.

M.Ə.Rəsulzadənin Bakıya qayıdışı

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir.

M.Ə.Rəsulzadə yoldaşları ilə

1917-ci ildə fevral burjua inqilabı baş verdi. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı:

"Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik".[4]

1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanıfederativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi ƏsədullayevinMoskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi.

Bu dövrdə M.Ə.Rəsulzadə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmiş, onun Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunmuşdur.

May ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu, ancaq jurnalın bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı.[5] Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.

1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında M.Ə.Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

Azərbaycan Demokratik Respublikası

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:

"Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor".[6]

M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində"Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsindən" söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı ki, edilən bütün ədalətsizliklər sona bitsin. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir:

"Biz o zaman, bizim üçün ən yaxşı məsələni – Azərbaycan muxariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır."

 

M.Ə.Rəsulzadə yoldaşları ilə

Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycanideyası artıq möhkəmlənmişdir[7].

Bakı Dövlət Universitetininyaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentindəçıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır:

"M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi".[8] 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanında" qeyd edilib ki, M.Ə.Rəsulzadə BDU-nun Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixindən" dərs demişdir.

O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, "Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar".[9]

Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri işıq üzü görmüşdür.

Bakıdakı türk hərbi qüvvələrinin köməyi ilə hakimiyyəti yerli bolşeviklər ələ aldıqdan sonra tezliklə müsavat tərəfdarlarının həbsi başlayır, Şamaxıda həbs olunan Rəzulzadə 6 sentyabr 1920-ci ilədə Bakıya gətirilir. Cəmil Həsənliyə görə isə Lahıçda gizlənən Rəzulzadə 17 avqust tarixində Göyçay yaxınlığındaki Qaraməryamdə həbs olunub.

M.Ə.Rəsulzadə və Stalin

 

Rəsulzadənin Türkiyədə çıxardığı Kurtuluş dərgisi

Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur.[10].

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stali Rəsulzadının həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çox yəqin ki, M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır:

"Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. M.Ə.Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir.[11]

Ədəbi fəaliyyəti

Rəsulzadənin Türkiyədə çıxardığı "İstiklal" dərgisi

M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetindəçap olunmuşdur.[12]. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.

1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamışdır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.

M.Ə.Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil – ictimai bir əməldir" yazısını"Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

Bundan başqa, o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Dirilik"-in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsini" yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş ""Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya "1917-ci ilə qədər Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü". By fikir özü-özülüyündə yanlış idi. Çünki Rəsulzadə 1911-ci ildə İstanbulda"Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycan anlayışının həmçinin Qafqaz hissəsinə də aid olmasını qeyd etmişdir.

Onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.

M.Ə.Rəsulzadənin mühacirət dövrü

M.Ə.Rəsulzadə (aşağıdan mərkəzdə) mühacir illərində

1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.

1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.

M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.

1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyadayaşamışdır. Onun 1943-cü ildə İstanbuldanəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun"Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il)kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.

Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkdaingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında"Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid"məqalə də onun qələmindən çıxmışdır. İkinci Dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Təkcə buradan M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığına bələd olmaq olar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M.Əlif Rəsulzadə" və s. qeyd etmək olar. Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.

O, Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.

 

Vəfatından sonra

Məhəmməd Əmin Rəsulzadənin 110 illiyinə həsr olunmuş marka

Vəfatı ilə bağlı Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və bununla da öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı:

"Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir".[13]

 

M.Ə.Rəsulzadənin cənazəsi Əsri məzarlığına aparılarkən

1978-ci ildə, ölümündən 23 il sonra Ankarada M.Ə.Rəsulzadənin "Milli təsanüd" ("Milli həmrəylik") adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən qədim universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə "Əsrimizin Səyavuşu" və 1990-cı ildə isə "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. Dahi insanın ölməz xatirəsi 1993-cü ildə Türkiyə Cümhuriyyətində tikilmiş məktəbə (Mehmet Emin Resülzade Anadolu Lisesi) onun adının verilmısi ilə əbədiləşdirilmişdir.

M.Ə.Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdır.[14]

Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdır.[15]

Rəsulzadənin parlamentin açılışı münasibətilə öz alovlu nitqinin sonunda söylədiyi "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı xalqın dilində çox məşhur olmuş və Azərbaycan xalqının azadlıq hərəkatının devizinə çevrilmişdir.

Xronoloji fəaliyyəti

  • 1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb.
  • 1903-cü ildə ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqılabçılar Komitəsini qurub.
  • 1906-cı ildə "Təkamül" proqramını yazıb.
  • 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunub.
  • 1908-ci ildə İranda çalışıb (1908 – 1911), Səttarxan hərəkatında yaxından iştirak edib.
  • 1910-cu ildə İran Demokrat Partiyasını yaradıb.
  • 1911-ci ildə Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.
  • 1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edib.
  • 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
  • 1917-ci ildə Müsavat Partiyasının sədri olub.
  • 1918-ci il, may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib. ADR-i (Azərbaycan Demokratik Respublikasını – Müsəlman Şərinqdə ilk demokratik dövlət) qurub.
  • 1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
  • 1920-ci il 27 aprel işğalından sonra həbs edilib, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib.
  • 1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
  • 1923-cü ildə İstanbula qayıdıb.
  • 1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib.
  • 1938-ci ildə Polşada (1938-1940);
  • 1940-cı ildə Rumıniyada olub (1940-1943)
  • 1947-ci ildə Ankaraya dönüb.
  • 1952-ci ildə Ankarada "Azərbaycan" dərgisini yaradıb.
  • 1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib.

Əsərləri

  • 1910 — "E'tidaliyyun" Partisinin Tenkiti, Tehran. (fars.)
  • 1911 — Seadeti-Beşer, Ardebil. (fars.)
  • 1912 — Acı bir həyat, Bakı.
  • 1917 — Şekli-İdare Hakkında İki Bakış (Ahmetbey Salikov'la birlikte), Moskva.
  • 1917 — Bizə hansı hökümət yararlıdır. Bakı.
  • 1923 — Azərbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve İndiki Veziyyeti, İstanbul.
  • 1925 — Esrimizin Siyavuşu, İstanbul.
  • 1925 — İstiqlal Mefkuresi ve Gençlik.
  • 1928 — Kafkasya Türkleri, İstanbul.
  • 1927 — Azərbaycan Misak-ı Millisi.
  • 1928 — Milliyetçilik ve Bolşevizm.
  • 1930 — Kafkaz Problemi İle Elakedar Olarak Panturanizm, Paris. (rus.)
  • 1933 — Azerbaycan Cumhuriyeti Hakkında, Berlin. (alm.)
  • 1938 — Azerbaycan Problemi, Berlin. (alm.)
  • 1939 — Azerbaycan'ın Hürriyyet Savaşı, Varşava. (pol.)
  • 1949 — Azerbaycan'ın Kültür Gelenekleri, Ankara.
  • 1950 — Çağdaş Azerbaycan Edebiyatı, Ankara.
  • 1951 — Çağdaş Azerbaycan Tarihi, Ankara.
  • 1951 — Azərbaycan şairi Nizami (Nizaminin 800 illik yubileyi (1141-1941) münasibətiylə), Ankara.
  • 1991 — Azərbaycan Cümhuriyyəti Tarixi. Bakı.
  • 1993 — İran Türkleri, İstanbul.

Ədəbiyyat

  • "Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar". Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005. İSBN 9952-20-028-5.
  • Şamil Qurbanov. M.Ə.Rəsulzadə. Bakı, 2001.
  • Tadeuş Svyataçovski. Rusiya və Azərbaycan. Sərhədyanı bölgə keçid dövründə.Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2000. İSBN 5-7843-0015-6 (Azərbaycan).
  • Janet Afary. The Iranian Constitutional Revolution, 1906-1911. Columbia University Press, 1996.
  • "M.Ə.Rəsulzadə – 1884-1955" Aydın Balayev. Moskva, 2009.

İstinadlar

  1. ↑Bakinskiy Raboçiy qəzeti N60, 18 mart, 1923-cü il
  2. ↑"Sühən" jurnalı, Tehran, 1955-ci il, №4
  3. ↑M.Ə.Rəsulzadə. "Müsavat" partiyasının quruluşu, "Azərbaycan", Ankara, №15 (167), 1966-cı il, səh. 12-18
  4. ↑"Açıq söz qəzeti", №431, 1917-ci il
  5. ↑"Açıq söz" qəzeti, №501, 18 iyun, 1917-ci il
  6. ↑"Azərbaycan" qəzeti, №41, 1918-ci il
  7. ↑"Azərbaycan" (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il
  8. ↑Bakı Dövlət Universitetinin xəbərləri, №2, 1922-ci il
  9. ↑"Açıq söz" qəzeti №549, 24 avqust 1917-ci il
  10. ↑Dünya qəzeti, 23 may 1954-cü il
  11. ↑"Azərbaycan" jurnalı, Ankara, №3, 1955-ci il
  12. ↑Şərqi-Rus qəzeti. Bakı, 1903-cü il. №20
  13. ↑"Sühən" jurnalı, tehran, No4, 1955-ci il
  14. ↑Azərbaycan Respublikasının Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı
  15. ↑Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı