BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bəxtiyar Tuncay: “Bizə elə gəlirdi bu millətin dərdini elə 5-6 nəfər biz çəkirik”

23:51 / 03-01-2015   /   baxış - 2109
“Çənlibel”in manifesti - FOTOLAR

Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq müstəqilliyini bərpa etməsində müstəsna xidmətləri olan milli-azadlıq hərəkatı ilə bağlı zaman-zaman müxtəlif fikirlər dolaşır. Bütün Azərbaycanı bürüyən bu dalğanın milli liderlərin idarə etdiyini düşünənlərlə yanaşı, onu kortəbii proses kimi təqdim edənlər də var. Hətta hərəkatın önəmini azaltmaq üçün onu “KQB”nin yaratdığını iddia edənlər də tapılır. Milli azadlıq hərəkatının fəallarından, “Çənlibel” təşkilatının qurucularından olan Bəxtiyar Tuncayla 26 il öncə baş verən tarixi prosesləri yenidən nəzərdən keçirmək qərarına gəldik. “Yeni Müsavat”ın redaksiyasında baş tutan söhbətdə meydan hərəkatının çox ilginc tərəflərindən söz düşdü.

 
- Bəxtiyar bəy, milli düşüncəli insanların təşkilatlanmaq ideyası necə yarandı?
 
- Azərbaycan Sovetləri Birliyinə daxil olan gündən ta milli-azadlıq hərəkatı başlayan günə qədər sovet quruluşuna etirazlar olub. Sadəcə proses daha çox gizli şəkildə davam edib. Üzə çıxan etirazları kommunist rejimi ən sərt tədbirlərlə cəzalandırıb. 80-ci illərin sonlarında yaranan milli-azadlıq hərəkatı gözlə görünən şəkil almazdan öncə gizli təşkilatlar formasında var idi. Gizli təşkilatların sayları az deyildi. Düzdü, bu gün bəzi şəxslər milli-azadlıq hərəkatı başlamazdan öncə hansısa təşkilatın üzvü olmaları haqqında danışır, ancaq onların çoxu özlərini bir şəkildə bu prosesə calaq etmək istəyənlərdir. Milli-azadlıq hərəkatının ilk leqal təşkilatı “Çənlibel” olub. Bu qurumun yaradılması ilə bağlı da müxtəlif iddialar var. Proses mənim gözlərimin qarşısında baş verib. O zaman bir qrup milli görüşlü insan bulvarda “Nu poqodi” adlı çayxanada toplaşırdı. Məhəmməd Hatəmi, Sabir Yanardağ, Şamil Saleh, Əbülfəz Əliyev – o zaman hələ ona Elçibəy demirdilər, – Vurğun Əyyubov, Ənvər Börüsoy, rəssam Tofiq Rəsulov, Fuad Ağayev, İsfəndiyar Coşğun davamlı olaraq o çayxanada toplaşırdılar, əsasən Azərbaycanın tarixi, Rusiyaya necə birləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyəti ilə bağlı elmi diskussiyalar apardılar. O dönəmdə bu haqda danışmaq həm yasaq, həm də təhlükəli idi.
 

 “Yaxın məqsəd qüzeyin müstəqilliyinin elan edilməsi, uzaq məqsəd Azəraycanın birləşdirilməsi idi”

 
- O məclislərə gələnlərin bir-birinə etimadı tam idimi? Yəni hər kəs fikrini sonadək ifadə edirdi, yoxsa çəkingənlik, “KQB” xofu var idi?
 
- Etimad tam idi. Bilirsiz, bu cür söhbətlər, müzakirələr davamlı olanda o yasaqlar, qorxu adiləşir, zamanla da yox olur. Mən o cameədə özümə ən yaxın Fuad Ağayevlə Tofiq Rəsulovu bilirdim. Artıq Qorbaçovun “aşkarlıq və yenidənqurma”sı başlamışdı və hüquq-mühafizə orqanları yeni şəraitdə necə davranacaqlarını bilmirdilər. İstər-istəməz azad söz üçün müəyyən mühit yaranmışdı. Repressiyaları görməyən gənc nəsil ümumiyyətlə heç nədən qorxmurdu. Mən İncəsənət İnstitunu bitirmişdim. Keçdiyim dərslər arasında klub işi də var idi. Sovet qanunları klubların tərkibində dərnəklər yaradılmasına imkan verirdi. Fuad Ağayev və Tofiq Rəsulovla müzakirələr zamanı klublardan birinin tərkibində dərnək yaratmaq qərarına gəldik. Artıq bəlli idi ki, yalnız çayxanalarda toplaşmaqla məqsədimizə çata bilmərik. Qərar gəldik ki, dərnəyin adını “Qızıl qoç” qoyaq. Onda gənclərin ən çox etibar, etimad etdiyi şəxs Məhəmməd Hatəmi idi. Hatəmi cəsarətinə görə bizim simpatiyamızı qazanməşdı. İdeyamızı Hatəmiyə bildirəndə o, bir az şübhə ilə yanaşdı və bizə dedi ki, cavansız, aşkarlığa, yenidənqurmaya inanmısız, ancaq bunlar boş şeylərdir. Amma siz bu dərnəyi yarada bilsəz, buna sevinərəm və dəstək verərəm. Razılıq alınmışdı və biz artıq institut yoldaşlarımdan klub müdüri olan bir nəfəri tapmalıydıq. Soraqlaşdım, “Azərnəşr”in klubunda işləyən İsabala adlı tələbə yoldaşımı tapdım. Getdik onun yanına. Onda klublar belə təşəbbüslərə sevinirdilər, çünki hesabat vermək üçün normal işləri olmurdu. Razılıq alandan sonra geniş tərkibdə dərnək yaradılması məsələsini bir də müzakirəyə çıxardıq. Etirazlar ancaq təşkilatın adı ilə bağlı idi – “Qızıl qoç”u bəyənmirdilər.
 
- “Çənlibel” adını kim təklif elədi?
 
- Şair Məmməd Elli. Biz də dərnəyin nizamnaməsini bu ad əsasında formalaşdırdıq və kluba təqdim elədik. Qısa müddətdə dərnək yaradıldı və ilk toplantı təyin olundu. Açiğı toplantıya marağın olub-olmayacağı, adam yığa biləcəyimizlə bağlı şübhələrimiz vardı. Çünki geniş kütlələr hələ də milli məsələlərdən danışmağa çəkinirdilər. Bizə elə gəlirdi bu millətin dərdini elə 5-6 nəfər biz çəkirik. “Azərnəşrin” klubu bizə xeyli kömək elədi – bu əslində onların işi idi – afişalar çap edildi, şəhərin mərkəzi küçələrinə vuruldu. Bu afişaların hesabına milli düşüncəsi olan insanlar “Çənlibel”in ilk iclasına gəldilər. Nəinki 300 nəfərlik zal doldu, xeyli insan da ayaq üstə yığıncağı sonadək izlədi.
 

 “Polkovnik mənə dedi ki, bizdə dəqiq informasiya var, Moskva desant göndərəcək Bakıya, mitinqdəkiləri qıracaq, ondan sonra da biz təşkilatçılar olaraq sizi həbs edəcəyik”

 
 
- Hökumət Bakının mərkəzi küçələrinə afişaların yapışdırılmasına etiraz eləmirdi?
 
- Bu işlər qanuni idi. Klubun belə hüququ var idi, ona görə də problem yaşanmadı. Bilirdik ki, ayaq üstə duranların yarısı hökumət adamları idi, bununla belə çox ciddi mesajlar verən çıxışlar oldu. İlkin mərhələ keçilmişdi, indi biz təşkilata rəhbər seçməli idik. Məhəmməd Hatəmi, İsfəndiyar Coşğun və mənin namizədliyim gündəmdə idi. Mən Hatəmiyə dedim ki, ağsaqqal sizsiz, siz də sədr olun. Hatəmi cavab verdi ki, mən sovet vətəndaşı deyiləm, üstəlik “KQB”-nin qara siyahısındayam, sədr sən ol. Mən də əsgərlikdə olanda antisovet təbliğatına görə “KQB”-nin qara siyahısında idim, ona görə də sədrliyim diqqət cəkəcəkdi. Biz elə bir şəxs seçməli idik ki, hökumətdə qıcıq yaratmasın. İsfəndiyar Coşğunun təklifi ilə Vurğun Əyyubun namizədliyinin üzərində dayandıq. Birinci tədbirimizdə çox gülməli bir hadisə də oldu. Toplantıya gələnlər birinci sırada oturmurdular. Sanki o yeri kiminçünsə saxlayırdılar. Sovet dönəmindən beyinlərdə qalmışdı ki, birinci sıra rəsmilər üçündür. Birdən zala bizim tanımadığımız hündür, qəribə görkəmli bir cavan adam daxil oldu və gəlib birinci sırada oturdu. Oturmağı ilə də stulun sınmağı bir oldu. Bu, bizim Yaşar Türkazər idi...
 
- Bəxtiyar bəy, biz keçən il KQB polkovniki Eldəniz Əliyevlə müsahinə hazırlamışdıq, o deyirdi ki, artıq ilk yığıncaqdan “Çənlibel” dinlənilirmiş. Bundan xəbəriniz var idimi?
 
- Təbii, anlayırdıq ki, KQB prosesi tamamilə nəzarətdə saxlamağa çalışır. Ancaq bayaq dediyim kimi, heç bir qorxumuz yox idi. Sumqayıt hadisələrindən 1-2 gün sonra bizin növbəti toplantımız olmalı idi. Düzü, biz Sumqayıtda nələr baş verdiyini bilmirdik. Onda xəbərlər indiki kimi ildırım sürətilə yayılmırdı... Bir neçə ayda “Çənlibel”də geniş şəbəkələşmə getmişdi, universitetdə, xeyli rayonda hərəkatın özəkləri yaradılmışdı. Toplantı başlamazdan qabaq gördük ki, milis bütün binanı mühasirəyə alıb. Bizi içəri buraxmadılar. Milislər dedi ki, Sumqayıtda etnik zəmində provokasiyalar olub, toplantılar yasaqlanıb. Onda anladıq ki, biz artıq hökumətin ehtiyat etdiyi gücə çevrilmişik.
 
- “Çənlibel” Bütöv Azərbaycan məsələsini ilk gündən qoymuşdu, yoxsa, əsas məqsəd qüzeylə bağlı idi?
 
- Məhəmməd Hatəmi başda olmaqla, təşkilatda xeyli güneyli var idi. Təbii, bu məsələ prioritet idi. Yaxın məqsəd qüzeyin müstəqilliyinin elan edilməsi, uzaq məqsəd Azəraycanın birləşdirilməsi idi. Onu da deyim ki, elə ilk vaxtlardan qurumda iki qanad vardı – liberallar və radikallar. Radikal qanadın üzvləri əsasən gənclər olsa da, onlara Məhəmməd Hatəmi başçılıq edirdi. Mən də o qanaddaydım və biz liberallara qorxaq kimi baxırdıq. Əbülfəz Elçibəy, Firudin Ağasıoğlu, Sabir Rüstəmxanlı, Tağı Xalisbəyli orda idi.
 
- Radikallarla librallar arasında əsas fikir ayrılıqları nədə idi?
- Fikir ayrılıqları böyük mitinqlər başlayanda yarandı. Əslində iki qanaqdın ikisinin də məqsədi eyni idi, sadəcə onlar daha sakit mübarizə vasitələrini seçməyin tərəfdarı idilər, biz isə onların bu addımızı vaxt itkisi, hətta xəyanət sayaraq konkret, kəskin tələblərin irəli sürülməsini doğru sayırdıq. 1988-ci ilin may ayında mitinq təyin etmişdik. Mitinqdən 1 gün qabaq adını çəkdiyiniz polkovnik Eldəniz Əliyev məni görüşə çağırdı. Məqsəd bizi qorxutmaq, mitinqin də qarşısını almaq idi.
 
- “KQB”-yə dəvət olunmuşduz?
 
- Yox, Eldəniz Əliyev təklif elədi ki, biz o zamankı Lenin Muzeyinin qarşısında görüşək. Fuad Ağayevlə Tofiq Rəsulova xəbər elədim ki, filankəslə flan vaxt, filan yerdə görüşəcəm, həbs edilsəm, xəbəriniz olsun. Polkovnik mənə dedi ki, bizdə dəqiq informasiya var, Moskva desant göndərəcək Bakıya, mitinqdəkiləri qıracaq, ondan sonra da biz təşkilatçılar olaraq sizi həbs edəcəyik. Bunu mənə dönə-dönə dedi, mən heç bir cavab vermədim, o da mindi xidməti maşınına, çıxdı getdi. Bu məsələdən az öncə Hatəmi mitinqləri aparmaq üçün 16 nəfərlik siyahı tutmuşdu. O gün 16-ların bulvarın qutaracağındakı çayxanada toplantısı olmalıydı. Biz polkovniklə ayrılanda iclasa hardasa 1-2 saat qalırdı. Gəldim çayxanaya, gördüm Nemət Pənahlı oturub. Ona olanları danışdım. Bəlli oldu ki, Neməti də çağırıb eyni sözləri deyiblər.
 
- Nemət Pənahlı ilə də Eldəniz Əliyev görüşmüşdü?
 
- Yox. Eldəniz Əliyev ziyalıları kurasiya edirdi, Nemət fəhlə olduğu üçün yəqin onunla başq KQB əməkdaşı görüşürdü. Nemətlə ortaq fikrimiz o idi ki, mitinq ləğv olunmayacaq. Çox keçmədi çayxanaya Vəkil Hacıyev, Aydın Məmmədov, səhv eləmirəmsə, Kamal Abdulla gəldi və onlar da bizi mitinq fikrindən daşındırmağa çalışırdılar. Görüş təyin olunana qədər mitinqləri idarə edən 16-lığın digər üzvləri də gəldilər. Ancaq Hatəmi hələ yox idi. Onların heç biri demədi ki, KQB-yə çağırılıblar, ancaq hamısı bir ağızdan Eldəniz Əliyevin sözlərini danışırdılar – Moskva desant çıxaracaq, camaatı qıracaqlar, mitinq olmamalıdır. Nemətlə məndən başqa hamı belə deyirdi, o sıradan Elçibəy də. Bu 12 nəfər Neməti dilə tutmağa çalışdılar. Nemət də yalan olmasın 2 saat dirəniş göstərə bildi, ancaq axırda onun fikrini döndərə bildilər. Bir tərəfdən də Hatəmi gəlib çıxmır, biz də Hatəmisiz son qərar verə bilmirdik. Bir tərəfdən də bəlli idi ki, artıq gecdir, sabah mitinqdir, institutlar, zavodlar, fabriklər mitinqə hazırdır və prosesi geri çevirmək mümkün deyil. Artıq hava qaralırdı və biz düşündük ki, Hatəmi gəlib çıxmadısa, demək onu həbs ediblər.
 
- Həbsin olub-olmadığını necə dəqiqləşdirə bilərdiz?
 
(ardı var)
 
Aygün Muradxanlı  
 

 

musavat.com

02.12.2014.