BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili

21:33 / 26-09-2017   /   baxış - 147

Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili

Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi “Fars” xəbər agentliyinə verdiyi müsahibədə Şərqi Azərbaycan Əyalətinin prioritet məsələlərini sadalayıb.

 

O bu barədə Məcid Xudabəxşin Şərqi Azərbaycanın vali postuna təyin edilməsi haqda danışarkən açıqlama verib.

 

“Artıq Şərqi Azərbaycan üçün yeni vali təyin edilib. Hesab edirəm ki, qarşıdakı ən əsas məsələ əyalətin inkişafı məsələsi olmalıdır. İnkişaf isə abadlaşdırma, sənaye, mədən, əkinçilik, elm və təlim sahələrini əhatə edir”- deyə o bildirib.

 

Millət vəkilinin sözlərinə görə, içməli su qıtlığı, yarımçıq qalan projelər, qatar yolları və sürətli qatarın istifadəyə verilməsi, xəstəxana layihələri və şəhərlərarası geniş yolların salınması Şərqi Azərbaycan Əyalətinin əsas məsələləri sırasındadır.

 

Azərbaycanlı millət vəkili azəri dilinin (türk dili) tədris edilməsini də əyalətin prioritet məsələlərindən biri olduğunu deyib. O bildirib ki, “hökumət bu barədə müəyyən vədlər verib, bu istiqamətdə ilkin addımlar da atılıb. Lakin prosesi daha da sürətləndirmək lazımdır.”

 

İran konstitusiyasının 15-ci maddəsinə əsasən ölkənin təhsil ocaqlarında qeyri-fars millətlərinin ana dili tədris oluna bilər. Lakin islam inqilabından sonra yazılan konstitusiyanın 15 maddəsi hələ də icra olunmayıb. Bundan əlavə, başda prezident Həsən Ruhani olmaqla İranın yüksək rütbəli vəzifəli şəxsləri türk dilinin məktəb və universitetlərdə tədris olunması haqda dəfələrlə vədlər veriblər, lakin verilən vədlər heç vaxt yerinə yetirilməyib.

Bu arada qeyd etmək lazımdır ki, Azərbaycan əhalisi türk dilinin tədrisini deyil, türk dilində təhsil almağı tələb edir.

 

GünAz TV