BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Molla rejiminə qarşı etirazlar səngimək bilmir, bir neçə şəhərdə etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb- VİDEOLAR

02:17 / 05-01-2018   /   baxış - 250

Molla rejiminə qarşı etirazlar səngimək bilmir, bir neçə şəhərdə etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb- VİDEOLAR

İranda “Axundizm”ə və hakim molla rejiminə qarşı xalq üsyanı davam edir. Yanvarın 3-də İranın İsfahan, Səbzəvar, Məlayer, Nurabad, Tehran, Həmədan, Sənəndəc, Xürrəmabad, İzə, Şiraz və bir neçə digər şəhərində islam respublikası sisteminə qarşı etirazlar qarşıdurmalara gətirib çıxarıb.

Tehranda keçirilən aksiyada “Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, “Axıra qədər vuruşub İranı axundların cəngindən qurtararıq”, "Hizbullaha ölüm" və digər şüarlar səsləndirən  etirazçılarla silahlı hökumət qüvvələri arasında toqquşma yaranıb. Nəticədə, aksiyaçılar, onların üstünə gələn hüquq-mühafizə qüvvələrindən birinin motosikletini ələ keçirərək ona od vurublar.

 

Həmin gün, Loristan əyalətinin Nurabad şəhərində keçirilən dinc etirazlarda hökumət qüvvələri odlu silahdan atəş açaraq gənc bir aksiyaçını öldürüblər. Öldürülən aksiyaçının adı hələlik bilinmir.

 

Səbzivar şəhərində isə aksiyaçılar “Diktatora ölüm”, “Xamneyiyə ölüm” və “Həmvətən dəstək ver və bizə qoşul”, şüarı səsləndirərək kənarda dayanıb onlara baxan vətəndaşları qorxunu bir kənara ataraq kütləvi etirazlara qoşulmağa çağırıblar.

 

İsfahanda keçirilən aksiyada isə etirazçılarla hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Nəticədə, “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”, “Diktatora ölüm” və “İslam respublikasına ölüm” şüarları səsləndirən onlarla gənc aksiyaçı yaxalanaraq naməlum istiqamətə aparılıb.

 

Xatırladaq ki, bir həftədir İranın 70-ə yaxın şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilir. Hakim rejimin iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilir, onların hakimiyyətdən getməsi tələb olunur. Son günlər isə İranın müxtəlif şəhərlərində keçirilən etirazlarda ən azı 25 nəfər ölüb, onlarla aksiyaçı yaralanıb, 1000-dən çox insan həbs edilib.

 

Qeyd edək ki, molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib. Etirazlar davam edir.

 

VİDEOLAR:

 

Tehran:

 

 

Loristan əyaləti, Nurabad şəhəri:

 

İsfahan:

 

Səbzəvar şəhəri:

 

GünAzTV.