Beç cildlik “Türkcə İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi 1990-cı illərdə dünyaya gələn qızına Türkay, oğluna isə Türk Aslan adını seçib. Urmiyədən Amerikanın Səsinə danışan araşdırmaçı yazar deyir ki, “Türkay adına şəxsiyyət vəsiqəsi almaq üçün 3 ay, Türk Aslan adına isə tam 6 ay dövlət qurumlarına gedib gəldim. Adlar üçün mənbə istəyirdilər. Bunun üçün bir türk adları sözlüyünü hazırlamağı özüm üçün bir vəzifə hiss etdim.”
Fərhad Cavadi keçən 20 il ərzində İran Azərbaycanında uşaqlarına türk adları seçən ailələrin qat-qat artmasını belə açıqlayır:
“O zamanlar təzyiq bundan da artıq idi. Getdikcə atmosfer yumşalmağa başladı. Adlar haqqında kitablar çap olundu. Bunun təsiri oldu. Bir də türk xalqı özü də bu inama çatdı ki, uşaqlarına türk adı seçsinlər... Bu da çox təsir göstərdi.”
Yazarın 1993-cü ildə dünyaya gələn qızının 3 ay, 3 il sonra dünyaya gələn oğlunun isə 6 ay boyunca şəxsiyyət vəsiqələri olmur:
“1372 günəş ilində mənim ilk uşağım, bir qızım oldu. Adını Türkay qoymaq istədim. Sicil idarəsi vermədi. Üç ay getdim gəldim, çox dartışma və get-gəldən sonra ala bildim. Ondan üç il sonra bir oğlum oldu. Adını Türk Aslan qoymaq istədim. Bu, tam altı ay çəkdi. 6 ay yol döydüm idarəyə. Çoxlu məktub yazmalar və get-gəldən sonra müsibətlə bu adları aldım. Bu, məndə bir vəzifə hissinin yaranmasına səbəb oldu ki, bir işlər görmək lazimdir. Çünki, uşaqlarıma ad seçəndə məndən mənbə istəyirdilər. Deyirdilər belə ad olmaz, bir mənbə göstər!”
Fərhad Cavadi “Türkcə İnsan Adları” sözlüyünün birinci cildini 2001-ci ilin fevral ayında 618 səhifədə nəşr etdi. Kitabın ikinci və üçüncü cildləri də daha sonra İrşad və Mədəniyyət Nazirliyinin icazəsi ilə işiq üzü görə bildi.
Yazarın söylədiklərinə əsasən, “İrşad və Mədəniyyət Nazirliyi müxtəlif bəhanələr gətirərək kitabın 4 və 5-ci cildlərinin çapına icazəsi verməyib. Amma istifadəçilər bu cildlərin PDF faylını əldə edə bilirlər.”
O əlavə edir, “4 və 5-ci cildin çapına icazə verilmədi. Min bəhanə gətirdilər. Misal üçün, dedilər bunun latin qrafikası olmasın. Mən də dedim, latin qrafikası olmasa ərəb hərfləri ilə olan iş deyil. Ərəb əlifbası ilə adın neçə tələffüzü olur... Mən dedim mən eşitdim. Çap icazəsi vermədilər.”
Cavadinin sözlərinə görə, uşaqları ya şirkət və dükanlarına seçdikləri türk adlarını qeydiyyatdan keçirmək istəyən bir çox insan Türkcə İnsan Adları kitabından bir mənbə kimi istifadə edib.
Yazar 1990-cı illərlə müqayisədə vəziyyətin xeyli yaxşılaşdığını ifadə edir. O, seçdikləri türk adlarını qeydiyyatdan keçirmək istəyənlərə tövsiyə edir ki, seçdikləri addan imtina etməsinlər.
“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar, bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir nə ad olursa olsun,” deyə Fərhad Cavadi əlavə edir.
AUDİO:
http://www.amerikaninsesi.org/a/3675491.html
BAO.AZ