BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranda kütləvi etirazlar davam edir, aksiyaçılar “Bəsic” qəragahına od vurublar- VİDEOLAR

21:45 / 06-01-2018   /   baxış - 757

İranda kütləvi etirazlar davam edir, aksiyaçılar

Yanvarın 5-də İranın bir neçə şəhərində ölkədə hakim olan molla rejiminə və onun başçısı, axund Əli Xamneyiyə qarşı kütləvi xalq etirazları davam edib.

 

Etirazlar, paytaxt Tehran, Kamyaran, Ərak, Dezful, Rəşt, Əhvaz, Sənəndəc, Təbriz, Kaşan, Takistan, Bukan, Xomeyn, İsfahan və digər şəhərlərdə keçirilib.

 

Ərak şəhərində gecə saatlarında hakimiyyətə qarşı şüarlar səsləndirərək küçələrə axışan minlərlə aksiyaçı, şəhər fərmandarlığı binasının qapısını sındıraraq onu ələ keçiriblər. Kaşanda, gənc etirazçılar rejim qüvvələrinin onlara atdığı gözyaşardıcı qazı zərərsizləşdirmək üçün küçələrdəki zibil qablarını yandıraraq İran hakimiyyətinə qarşı şüarlar səsləndiriblər.

 

Qəzvin əyalətinin Takistan şəhərində isə minlərlə etirazçı gecə saatlarında şəhərin əsas küçə və meydanlarında toplaşaraq “Ruhaniyə ölüm” “Xamneyiyə ölüm” və “Top, tank, fişfişə, axund cəhənnəm olsun” şüarlarını səsləndirərək hakimiyyətə öz etirazlarını nümayiş etdiriblər.

 

Təbrizdə, Tiraxtur-Perspolis futbol komandalarının görüşündən sonra Səhənd stadionundan çıxıb şəhər küçələrinə axışan 30 mindən çox Tiraxtur tərəfdarı və onlara qatılan digər vətəndaşlar, “Azərbaycan milləti, çəkəmməz bu zilləti”, “Durub baxan biqeyrət, Durub baxan biqeyrət” şüarları səsləndirərək ölkədə hakim olan zülmkar molla totalizminə qarşı öz etirazlarını bildiriblər.

 

Həmin gün, İslam respublikası hakimiyyətinə və ölkədəki molla özbaşınalığına qarşı etirazlar Xomeyn və İsfahan şəhərlərində də davam edib. İsfahanın Cuyabad məntəqəsində isə minlərlə aksiyaçı “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” qərargahının binasına hücum edərək ona od vurublar.

 

Bildirilir ki, yanvarın 5-də İranın müxtəlif şəhərlərində keçirilən kütləvi xalq etirazlarında onlarla aksiyaçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Xalq kütlələrinin ruhanilərin zülmkar hakimiyyətinə qarşı üsyanı davam edir.

 

 Xatırladaq ki, on günə yaxındır İranın 70-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilir. Hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilir, onların hakimiyyətdən getməsi tələb olunur. Son günlər isə İranın müxtəlif şəhərlərində keçirilən etirazlarda ən azı 25 nəfər ölüb, onlarla aksiyaçı yaralanıb, 1000-dən çox insan həbs edilib.

 

 Qeyd edək ki, molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib. Etirazlar davam edir.

 

VİDEOLAR:

 

 

 

 

 

 

GünAzTV.