BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Mehdi Kuxiyan anasının ona müraciətindən sonra aclıq aksiyasını dayandırıb

14:11 / 11-02-2017   /   baxış - 133

Marağa zindanında aclıq edən azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan aclıq aksiyasını dayandırıb.  

 

Fəal anasının ona müraciətindən sonra fevralın 8-də aclığa son qoyduğunu elan edib.

 

Yanvarın 31-dən ağzını və qulaqlarını tikərək aclığa başlayan məlikanlı fəal bu müddətdə həbsxanada ağır təzyiqlərlə üzləşib. Məlumata görə, son günlərdə zindan və Ədliyyə Şöbəsinin  məsulları, fəalın ağzını və qulaqlarını zorla açaraq onu aksiyanı dayandırmağa məcbur ediblər. Lakin işgəncəyə məruz qalan fəal ancaq anasının müraciətindən sonra aksiyanı dayandırıb.

 

Azərbaycanlı fəal məsulların yalan vədi və barəsində çıxarılan 300 milyon tümənlik mülki vəsiqə qərarına etiraz olaraq ağzını və dodaqlarını tikib aclıq aksiyasına başlamışdır. O simvolik olaraq zindan məsulların təhqirlərini eşitməsin deyə qulaqlarını da tikmişdir.

 

M.Kuxiyan dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəalın, idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası, bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlandığı bildirilir.

 

M.Kuxiyan “Məlikan şəhər xəbəri” Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.

 

Qeyd edək ki, qanunsuz saxlanıldığına görə 2016-cı il dekabrın 21-də Marağa zindanında dodaqlarını tikərək aclıq aksiyasına başlayan fəal bir həftə sonra Təbriz “Sepah” Şöbəsinin təhlükəsizlik bölümünə köçürülmışdür. “Sepah”ın təknəfərlik məhbəsində saxlanılan fəal yanvarın 22-də digər azərbaycanlı fəal Səccad Əfruziyanla birlikdə yenidən Marağa zindanına qaytarılıb. Məlumata görə, “Sepah” təcridxanasında fəalı dindirən məmurlar, 3 gün sonra onun ağzını zorla açıblar, lakin o Marağa zindanına qaytarılanadək aclıq aksiyasını davam etdirib.

 

Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.

 

BAO.AZ