BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib

00:54 / 25-10-2017   /   baxış - 80

Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib

 
İranda azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər yeni vüsət alıb.

 

Son məlumata görə, Əhər Şəhərinin İnqilab Məhkəməsi məlum təhqiramiz “Fitilə” verilişinə etiraz edən fəallardan 7-ni 58 ay həbs cəzasına məhkum edib, Beynəlxalq Ana Dili Günü mərasimində tutulan fəallara isə bəraət verib.

 

Məhkəmə hökmünə əsasən, “Fitilə” verilişi ilə əlaqədar 2015-ci il noyabrın 12-də Əhərdə tutulan 25 fəaldan 7-i toplam olaraq 58 ay həbsə məhkum edilib, qalan fəallar isə bəraət qazanıb. Mühakimə olunan fəallar, sistemin əleyhinə təbliğ etmək yolu ilə hökumətin təhlükəsizliyini pozmaq üçün toplaşma və sözləşmədə günahlandırılıb.

 

Əhər İnqilab Məhkəməsinin çıxardığı hökmə əsasən Saleh Molla Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri hər biri 10 ay, digər dörd fəal İsrafil Fətullazadə, Hamid Allahverdipur, Murtaza Şokri və Süleyman Kazimi isə hər biri 7 ay azadlıqdan məhrum edilib.

 

Həmçinin məhkəmə, 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində tutulan fəallardan 22-nin təqsirlərinin sübuta yetirilmədiyini açıqlayaraq onlara bəraət qazandırıb. Fəallar Ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə sistemə qarşı qruplar yaratmaq və bu kimi qruplara üzv olmaqda ittiham olunub.

 

2015-ci il noyabrın 6-da İranın dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı verilişində türklər kobud şəkildə təhqir edilib. Buna etiraz olaraq bir neçə gün Güney Azərbaycan şəhərlərini kütləvi etiraz aksiyaları bürüyüb, aksiyalar zamanı çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq məhkəmə qarşısına çıxarılıb.

 

2014-cü il fevralın 20-də isə Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə iştirak edənlərdən təxminən 80 nəfəri yaxalanıb. Təhlükəsizlik qüvvələri azərbaycanlı fəalları yaxalarkən gözyaşardıcı qaz və silahla evə daxil olub. Tutulan fəalların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə sərbəst buraxılıb.

 

Məhkəmə hökmünü fars dilində olduğu kimi oxumaq üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

GünAz TV