Bütöv Azərbaycan Ocaqları (BAO) Başqanının İdeoloji Məsələlər üzrə Müavini, tarixçi alim Dilavər Əzimli təşkilatın 13.01.2018-ci il tarixində keçirilən ümumi yığıncağı haqqında açıqlama verib. Açıqlamanı təqdim edirik:
"Yığıncaqda ötən ilin yekunlarına qiymət verib, təşkilatın gələcək fəaliyyət istiqamətlərinə uyğun tərtib olunmuş planını müzakirə etdik. Bu tədbirin ən sevincli anı isə ölkəmizdə tanınmış ictimai-siyasi xadim Mehriban Vəzirin bizim sıralarımıza qatılması idi.
Mehriban Vəzir Azərbaycan Milli Hərəkatında öz sözünü demiş, daima Əbülfəz Elçibəyə sadiq qalmış və geniş ictimaiyyət tərəfindən qəbul edilən bir xanımdır. Sevilən bir yazar olmaqla da insanların qəlbində yaşayır. Həmişə olduğu kimi bu gün də ictimai-siyasi həyatda öz aktivliyi ilə seçilir.
Onun atdığı addım bütün BAO-çuları sevindirdi.
Mehriban Vəzir öz çıxışında bu fikirləri dedi:
"Mən bu gün niyə burdayam?... Mən uzun müddət başım qarışıq olduğu üçün həm Bütöv Azərbaycan yolu qarşısında həm də Elçibəyin əziz xatirəsi qarşısında bir əzab yaşayırdım. Çünki, biz həmişə Əbülfəz Elçibəyin yanında olmuşuq. Onunla birlikdə Azərbaycanın bütövlüyü uğrunda Bütöv Azərbaycan Birliyində (BAB) də fəaliyyət göstərdik. O vaxt Elçibəy var idi və bu işi idarə edirdi... Lakin bildiyimiz məlum hadisələr baş verdi və biz bu günlərə gəlldik-çıxdıq. Artıq o günlərdən uzun bir vaxt keçir.
Hal-hazırda fikrimcə bu işdə iştirak edə bilmirəm. Edə bilmirəm, yoxsa istədiyim bir mühit yoxdur, deyə bilmərəm. Lakin biz Bəyə söz vermişdik ki, bu yolu daima davam etdirəcəyik. Bu fikirlər hər zaman məni narahat etdi və çox incitdi. Və qərara aldım ki, artıq Bütöv Azərbaycan işində iştirak etməliyəm. Bu mənim borcumdur, məsuliyyətimdir...
Öz-özümə çox fikirləşdim ki, bu yolu necə və kimlərlə davam etdirim. Bunun üçün Aydın Mədədtoğlu ilə də məsləhətləşdim və qərarımı verdim. BAO-ya gəldim.... Mən BAO-ya bütün varlığımla gəldim. Nə mutlu Sizə ki, bu gün ən üzdə və ən ciddi təşkilat BAO-dur. Bu gündən mən də sizinlə birgə bu yolda olacağam və bütün tapşırıqları yerinə yetirməyə hazıram".
Mehriban xanımın çıxışı şəxsən mənim üçün ən duyğulu, sevincli dəqiqələr idi. Onun bizimlə birgə addımlamağa qərar verməsi bizim gücümüzü birə-beş artırır. Bəli, BAO bu gün Bütöv Azərbaycan yolunda inamla irəliləyir və öz sıralarında həyatını bu yola həsr edəcək insanları birləşdirir. Əminik ki, Mehriban xanımın ətrafında olan özü kimi xanımlar da BAO-ya üz tutacaqdır.
Biz bu yolu- Rəsulzadə-Elçibəy yolunu birgə addımlayıb Bütöv Azərbaycanın və sonda Turanın qurulmasına nail olacağıq!
Sonda bir daha Mehriban xanıma təşəkkür edirəm".
Dilavər Əzimli
FOTOLAR:
BAO.AZ.