Nəcəfalı Cahangirli
Tarixçi, tədqiqatçı
Bu gün ölkəmizdə baş verən hadisələr haqqında çoxlu suallar yaranıb. Mənə bu haqda çoxlu suallar verilir. Bu məqalədə mən baş verən hadisələri təhlil edərək, öz fikirlərimi sizinlə bölüşmək qərarına gəldim. Son 26 ildə heç vaxt bu günkü kimi əlverişli şərait yaranmamışdır. Qarabağ məsələsini həll etmək üçün çox əlverişli məqam yaranmışdır. Bunu dünya miqyasında gedən proseslər bizə diktə edir. Bütün bunları ətraflı başa düşmək üçün yaxın keçmişə müraciət edək.
1955-ci ildə Varşava müqaviləsi təşkilatı yaranan zaman SSRİ o qədər güclü idi ki, bir marş brosok etməklə Parisdə, Londonda otura bilərdi. Çünki SSRİ bütün dünyaya sosialist inqilabı ixrac edirdi. Hərbi yolla bunun qarşısını almaq mümkün deyildi. Ona görə qərb dövlətləri bunun qarşısını almaq üçün birstrateji plan hazırladılar. Planda SSRİ-ni çökdürmək yolu ilə dünyanı bu bəladan qurtarmaq, xilas etmək qarşıya qoyulmuşdur. İlk növbədə SSRİ-ni silahlanmaya və kosmosun fəthinə cəlb etmək lazım idi. Bu yolla SSRİ iqtisadiyyatını çökdürmək lazım idi. SSRİ bütün gücünü silahlanmaya və kosmos yarışına sərf etməyə başladı. Qərb ölkələri iqtisadiyyatı avtomatlaşdırılmaya və elektronlaşdırılmaya başladı. SSRİ-də isə köhnə fabrik və zavodların istehsal etdiyi məhsullar artıq heç kimə lazım deyildi. Ucuzlaşdırılmış mallar mağazaları hər yanı bürüdü. Yaşlı nəsil bunu yaxşı bilir. Gələn gəlirlər ancaq silahlanmaya və kosmosa gəmilər göndərilməyə sərf edilirdi. Üstəgəl neftin qiyməti kəskin aşağı salındı. Nəticədə 1970-ci illərdə durğunluq başladı. İqtisadi durğunluq 1980-ci illərdə dağılma dövrünə keçdi. SSRİ iqtisadi cəhətdən çökdü. Dağılmanın qarşısını almaq iqtisadiyyatın yenidən qurulması aşkarlıq və demokratiya strategiyası irəli sürüldü. Lakin artıq gec idi. Üstəlik bu strategiyanı həyata keçirmək köhnə partnomenklaturaya tapşırıldı.Onlar isə bunu bacarmadılar. Çünki göstəriş və direktivləri həyata keçirən bu kadrlar sərbəst işləməyi təşəbbüskarlıq etməyi bilmirdilər. Nəticədə SSRİ 1991-ci ildə dağıldı. SSRİ-ni çökdürmək üçün 36 il vaxt lazım gəldi. Yeni situasiya yarandı. İkiqütblü dünya tək qütblü dünya ilə əvəz olunmağa başladı. Bu isə bir sıra yeni problemləri ortaya çıxardı. Bu başqa bir mövzu olduğuna görə buna toxunmayaq.
Qərb ölkələri belə düşünürdü ki, artıq Rusiya SSRİ deyil burada da, demokratik dəyərlər əsasında dövlət quruculuğu bərqərar olacaq. Lakin qərb dairələri bilmirdilər ki, Rusiya cəmiyyəti velikoderjavnıy sovinizm xəstəliyinə tutulub. Bu cəmiyyət ziyalısından tutmuş çobanına qədər xəstədir.
2003-cü il Görfəz böhranından sonra neftin qiyməti sürətlə artmağa başladı. Dünya iqtisadi inkişafı neft qiymətlərini daha da artırdı. Bütün bunlar RF-nın iqtisadi gücünü xeyli artırdı. Bu da kifayət etdi ki, Rusiya itirilmiş əraziləri geri qaytarmaq SSRİ-ni bərpa etmək xülyasına düşsün. 2008-ci ildə Rusiya Gürcüstana hücum edib Osetiya və Abxaziyanı işğal etdi. Bir müddət sonra Suriyaya qoşun yerittdi. Az sonra Krım işğal edildi. Ardına Ukraynanın Yuqansk və Donbas vilayətləri işğal edildi. Rusiyanın işğallara başlaması yatmış Qərb ölkələrini oyatdı. Rusiyaya müxtəlif növ sanksiyalar ard-arda qəbul edilməyə başlandı. Lakin Rusiyanı durdurmaq mümkün olmadı. Nəticədə NATO ölkələri Rusiyanı durdurmaq üçün Baltik dənizindən Xəzər dənizinədək Rusiyanı cəmbərə almağı həyata keçirməyə başladılar. Baltik ölkələri, Şərqi Avropa ölkələri və Qara dəniz ölkələri NATO-nun tərkibinə daxil edildi. Bütün bu ölkələr Rus işğalından qurtulmaq üçün NATO-ya daxil olmağı xilas yolu kimi qəbul etməyə başladılar. Cəmbəri qapadmaq üçün qalır Xəzər dənizi hövzəsi. Hələ XX əsrin əvəllərində İngiltərə xarici işlər naziri Kerzon deyirdi ki, “Bakı Kimindir Mərkəzi Asiya onundur». Xəzər hövzəsini götürmək üçün NATO Azərbaycana girməlidir. Düzdür NATO Gürcüstana girib və orada öz bazasını yardıb. Lakin Cənubi Qafqazın açarı AR-dır. Mərkəzi Asiyaya gedən yol Azərbaycandan – Xəzər hövzəsindən keçir. Rusiyaya qarşı yaranan kəmbərin son halqası Azərbaycandır. Məhz buna görə məqalənin əvvəlində yazdığım kimi torpaqlarımızı işğaldan azad etmək üçün əla imkan yaranıb. Yaranmış şəraitdən maksimum istifadə edib, torpaqlarımızı işğaldan azad etməliyik. Bunun üçün siyasi iradə ortaya qoyub keç kimdən çəkinməyib, heç kəsə qulaq asmadan torpaqlarımızı işğaldan azad etməliyik. Rusiya əvvəlki gücə qüdrətə malik deyil. İkinci, biz öz torpaqlarımızda müharibə aparır, ərazi bütövlüyümüzü bərpa edirik. Ərazilərimizi separatçı teroristlərdən təmizləyirik. Hər hansı bir dövlətin ərazisinə hücum etmirik. Bizim işimiz haqq işidir. BMT-nın 1993-cü ildə qəbuı etdiyi qətnamənin qərarlarını həyata keçiririk. 822, 853, 874, 884 saylı qətnamələri Azərbaycanın işğal edilmiş ərazilərinin qeyri-şərtsiz azad edilməsini tələb edir. Üstəlik Türkiyə, Pakistan, Ukrayna və sair dövlətlər bizim haqq işimizi birmənalı olaraq müdafiə edir. Ən əsası isə Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyən NATO-da buna heç bir maneə törətmir. Və Türkiyənin timsalında buna dəstək verir. Çünki, türk ordusu demək NATO ordusu deməkdir. Deməli bizim haqq işimiz NATO üçün də lazımdır.
Bir şeyi xüsusi qeyd etmək istəyirəm: Dövlətlərin dostu olmur ancaq və ancaq maraqları olur. Bu gün bizim maraqlarımız NATO-nun maraqları ilə üst-üstə düşür. Deməli biz siyasi iradə ortaya qoyub öz maraqlarımızı həyata keçirmək üçün vuruşub, ərazi bütövlüyümüzü bərpa etməliyik. Qaldı Türkiyə məsələsinə əlbəttə Türk dövlətinin özünün dövlət maraqları var. Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyada söz sahibi olmaq. Bunun bizə əhəmiyyətindən başqa heç bir zərəri yoxdur. Ən əsası isə Türkiyə bizə dost dövlət deyil, qanı bir, dili bir, dini bir, mədəniyyəi bir, mənəviyyatı bir qardaş dövlətdir. Xahiş edirəm bunu heç vaxt unutmayaq.
Bizim qələbəmiz güclü qüdrətli Azərbaycanın yaranması, Az-nın cənubunda yaşayan soydaşlarımızı ruhlandıracaq, onlar da azadlıq uğrunda mübarizəyə qalxacaq. Güneylə Quzey birləşəcək qürətli Bütöv Azərbaycan dövlətinin yaranmasına səbəb olacaqdır. Bu isə Yaxın və Orta Şərqdə Yeni bir güc mərkəzinin yaranması deməkdir. Bu haqda mən “Bu gün Azərbaycanın Kərbəla meydanıdır» başlıqlı məqaləmdə yazmışam. Üzürlü sayın sizi yormamaq üçün bir çox detallar haqqında yazmadım.
BAO.AZ