BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dərbənd dərd içindədir...

22:25 / 25-01-2017   /   baxış - 152



Azərbaycandan hansı ziyalının yolu Dərbənd şəhərinə düşürsə mütləq “Dərbənd” qəzetinin redaksiyasına baş çəkir. Xüsusilə bizdən gedən jurnalistlər burada olmağı özlərinə borc bilirlər. Çünki bu redaksiya bir ziyalı ocağıdır. Elə Dərbənddə yaşayan həmvətənlərimiz də tez-tez buraya gəlirlər. Bir əsrə yaxındır ki, belədir. “Dərbənd” qəzeti Rusiya Federasiyasında yeganə Azərbaycan dilində çıxan dövlət qəzetidir. Təsisçiləri Dağıstan parlamenti və hökümətidir. Həftədə bir dəfə dərc olunur, tirajı da iki mindir.

Qəzet barədə bu qədər. Mən bu mətbu orqanda çıxan yazıların səviyyəsi, Dağıstanda yaşayan həmvətənlərimizin problemlərini nə dərəcədə işıqlandırmasından bəhs etməyəcəyəm. Dövlət qəzetidir, qadağalar mövcuddur. Lakin bircə şeyi başa düşə bilmirəm. Nə üçün indiyədək bu qəzet kiril əlifbası ilə dərc olunur? Müxtəlif səbəblər göstərilir. Kimi deyir ki, bəzi əməkdaşlar latın qrafikalı əlifbanı bilmir və qəzetin kiril əlifbasında qalmasında maraqlıdırlar. Kimi də deyir ki, Dağıstan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi qəzetin latın qrafikalı əlifba ilə çapına imkan vermir. Doğrudur, hərdən bir “Dərbənd”də latın qrafikalı əlifba ilə bir-iki yazı görünür. Lakin çox az hallarda. Qəzetin qaldırdığı problemlərə gəlincə isə, bu problemlərin çoxu məişət səviyyəsindən o yana keçmir. Di gəl ki, digər xalqların rus və öz dillərində çıxan mətbu orqanları daha mükəmməl görünür. Həm yayılması, həm problemlərə müdaxiləsi, həm də qəzet köşklərindən alınması cəhətdən. Dağıstanda elə qəzetlər çıxır ki, onları tapmaq müşkülə dönür, səhər tezdən satılıb qurtarır. 

Məni isə maraqlandıran tamamilə başqa məsələdir. Azərbaycan KİV-ləri dəfələrlə “Dərbənd”in problemlərini qaldırıblar. Lakin səslərini heç kəs eşitməyib. Niyə “Dərbənd” qəzeti az tirajla çıxır? Düzdür, bu məsələdə yerli əhalini də günahlandırmaq olar. Çünki qiyməti üç rubl olan qəzetə abunə yazılmaq elə də çətin bir iş deyil. Axı bu şəhərdə imkanlı həmvətənlərimiz də var. Amma Azərbaycan da bu redaksiyaya kömək edə bilər. Müasir texniki avadanlıqlar verər, qəzetin tirajının qaldırılmasına yardım göstərər, paralel olaraq rus dilində dərcinə də nail olar(Bu çox vacib məsələdir).Məncə bizim üçün bir rayon qəzetinin problemlərini həll etmək elə də çətin bir iş olmamalıdır. Dağıstanda böyük bizneslə məşğul olanlarımız heç redaksiyanın yolunu belə tanımırlar. Mahaçqala şəhərində göydələn tikdirənlər beş-on kisə sement və on-on beş taxtalarından keçsələr dünya dağılmaz ki. Etmirlər, çünki qəlblərində Dərbənd dərdi yoxdur. Dövlət başçımız bu qədim şəhərə və ümumilikdə Dağıstana müəyyən investisiyalar yatırılması üçün konkret sərəncamlar da verib. Bu gün Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyədədir. Lakin icraçılar prezidentimizin sərəncam və tapşırıqlarının vaxtında yerinə yetirilməsində maraqlı görünmürlər. Dərbəndinsə gözü Bakıya dikilib. Hələ də Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı sərəncam icra edilməyib, H. Əliyev küçəsindəki işlər yarımçıq qalıb və s. Belə vəziyyətdə qəzet kimin yadına düşür? Üç ildən sonra yüz yaşı tamam olacaq “Dərbənd” öz əməkdaşlarına ezamiyyət pulu belə verə bilmir. Bu gün Azərbaycan ziyalılarının yazıları qəzet səhifələrində nadir hallarda görünür. Biz çox vaxt uzaq-uzaq ölkələrdə başına üç-beş nəfər yığıb diaspor təşkilatı “yaradanlara” yardım göstəririk. Amma lap qulağımızın dibində olan “Dərbənd”ə beş-on min manat verməyə hünərimiz çatmır. Nə olar ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası, jurnalist təşkilatları, bir-iki saatlıq polisdə dindirilən jurnalistlərimizin şəkillərini həmin an dünyaya çatdıran bəzi QHT-lərimiz bir yerə yığışıb “Dərbənd” qəzetinin redaksiyasına getsinlər. Problemlərlə yerindəcə tanış olsunlar, məsləhətlər versinlər, buradakı jurnalistlərin hansı çətinliklərlə üzləşdiyi ilə maraqlansınlar. Qoy onlar da hiss etsinlər ki, arxalarında hər an dərdlərinə şərik olan qardaşları var.

“Dərbənd” qəzetinin mövcudluğu bizim üçün çox əhəmiyyətlidir. Mən demirəm ki, Rusiyada hiss edilən mətbuat senzurası ilə mübarizə aparaq. Ən azından Qarabağ dərdimizi, erməni yalanlarını, mədəni-tarixi keçmişimizin həqiqətlərini bu qəzet vasitəsi ilə də yaya bilərik.

Hər gün yüzlərlə azərbaycanlı Azərbaycan-Rusiya sərhəddini keçərək ucuz ərzaq dalınca Dağıstana gedir. İçərilərində ziyalılar da var. Onları başa düşürəm, dolanışıq çətindir. Bu bir mədə problemidir, pul lazımdır. Samurun o biri tayında yaşayan həmvətənlərimizin də öz məişət çətinlikləri var. Amma Azərbaycandan gözlədikləri mənəvi qida da onlara çox lazımdır. Yaxşı, o ki, pulla verilmir!


Müqəddəs Mehdiyev,
“Şimal xəbərləri” qəzetinin baş redaktoru

 

 

Moderator.az



Qondarma rejimin keçmiş “müdafiə naziri” həbs olunub
11:22 / 23-03-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
22:51 / 17-03-2017
BAO rəhbərliyi akademik Çingiz Qacarla görüşüblər
22:19 / 12-03-2017
Azərbaycan təkmillətli ölkədir - Odər Sərdar
15:37 / 07-03-2017
Azərbaycan Bayrağından Türklük rəmzini heç kəs çıxarda bilməz! - Faiq Ələkbərli
16:38 / 02-03-2017
İstanbulda Xocalı soyqırımı anılıb
00:57 / 27-02-2017
BAŞSAĞLIĞI
23:31 / 19-02-2017
BAO rəhbərliyi Özbəkistan diaspor təşkilatının sədriylə görüşdü
22:19 / 07-02-2017
Şəhid əsgərimizin nəşi geri qaytarılıb
13:44 / 05-02-2017
BAŞSAĞLIĞI
00:55 / 05-02-2017
Sərkisyan Tehranda – düşmənin Bakıya yeni ismarışı
19:48 / 02-02-2017
Millət vəkili Q.Paşayeva nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı MM-dən beynəlxalq təşkilatlara müraciət edib
15:04 / 02-02-2017
Elxan Şahinoğlu: “Bu, Azərbaycanın bir mesajıdır”
14:58 / 02-02-2017
Bütöv Azərbaycan Ocaqları (BAO) Özbək tarixçisi Şuxrat Salamova dəstək olaraq bəyanat yayıb (31/01/2017)
23:17 / 31-01-2017
BAO-nun sıraları ölkə xaricində genişlənməyə davam edir. Türkiyənin İstanbul şəhərindən sonra Giresun şəhərində də BAO-nun yerli ocağı yaradılıb
22:40 / 23-01-2017
Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu - eksklüziv - VİDEO
23:09 / 21-01-2017