BAO.az. 16.12.2014. Bu həftə Avstraliyanın paytaxtı Sidneydə “Lindt” kafesini ələ keçirən, 17 saat kafedəki adamları girov saxladıqdan sonra hüquq mühafizə orqanlarının əməliyyatında öldürülən iranlı mühacir Məhəmməd Həsən Məntiqi (Şeyx Harun Munis) haqda yeni məlumatlar yayılıb.
![]() |
||
Məhəmməd Həsən Məntiqi | ||
“Media forum” saytı xəbər verir ki, 1996-cı ildə Avstraliya hökumətindən siyasi sığınacaq alan axund Məhəmməd Həsən Məntiqi mühacirətə qədər İranın Qum şəhərində dini təhsil alıb. O, Avstraliyaya sığınanandan sonra Sidney şəhərində müsəlmanlar arasında dini təbliğat aparıb.
Məlumatlara görə, Məhəmməd Həsən Məntiqi bəzi sadə və xəstə insanların dini inancından və mövhumata meylindən istifadə edərək onlara guya dua yolu ilə şəfa verməklə məşğul olub. Belə “seanslar” zamanı onun bir sıra qadınlara qarşı əxlaqa zidd hərəkətlər etdiyi də iddia olunur. Dələduzluq və 40-a yaxın zorlama halı ilə əlaqədar mühakimə edilən, 2 il müddətinə azadlıqdan məhrum olunan Məhəmməd Həsən Məntiqi sonradan mülk girovu qarşılığında şərti azadlığa buraxılıb. O, keçmiş həyat yoldaşının qətlində də şübhəli bilinib.
Əvvəllər İranın şiə məzhəbli ruhanilərindən olan 50 yaşlı axund Məhəmməd Həsən Məntiqi son vaxtlar şiəlikdən imtina edərək sünni məzhəbinə üz tutub və buna görə adını da dəyişərək özünə Şeyx Harun Munis ləqəbini seçib. Bu adla o öz bloqunda yazılar dərc edib və Əfqanıstanda vuruşan avstraliyalı əsgərlərin ailələrinə hədələyici məktublar yazaraq onları övladlarını Əfqanıstandan geri çağırmağa səsləyib.
Son dövrlərdə “İraq-Şam islam dövləti”nin (İŞİD) rəhbəri Əbubəkr əl-Bəğdadiyə beyət edən, onu dünya müsəlmanlarının lideri kimi tanıdığını bildirən Harun Munis (Məhəmməd Həsən Məntiqi) dekabrın 14-də bloqunda yerləşdirdiyi bir materialda belə yazıb: “İslam sülh dinidir. Elə buna görə də hesab edirəm ki, müsəlmanlar Amerikanın və onun müttəfiqlərinin, o sıradan da Böyük Britaniya və Avstraliyanın dünyadakı repressiya və terrorizminə qarşı vuruşmalıdır. Bu cinayətlər qarşısında sakit otursaq, sülhpərvər, dinc bir cəmiyyətimiz olmayacaq”.
İranlı mühacir Sidneyin mərkəzindəki “Lindt” kafesini dekabrın 15-i səhər saat 10-da ələ keçirmişdi. Kafe işçilərini və müştərilərini, ümumilikdə 20 nəfərədək adamı girov saxlayan Məhəmməd Həsən Məntiqi Avstraliyanın baş naziri ilə görüş tələb edirdi. Hüquq mühafizə orqanlarının əməliyyatı zamanı Məhəmməd Həsən Məntiqi ilə yanaşı Avstraliyanın iki vətəndaşı da ölüb. 6 nəfər, o cümlədən 1 polis əməkdaşı yaralanıb.
![]() |
|
Mərziyə Əfxəm |
BAO.az. 16.12.2014. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm dekabrın 15-i axşam saatlarında jurnalistlərə açıqlamasında Avstraliyanın paytaxtı Sidneydə öldürülən iranlı mühacir Məhəmməd Həsən Məntiqidən (Şeyx Harun Munis) danışıb.
“Media forum” saytının məlumatına görə, Mərziyə Əfxəm deyib ki, onlar Məhəmməd Həsən Məntiqinin psixoloji durumu ilə bağlı bundan əvvəl dəfələrlə Avstraliya hökumətinə xəbərdarlıq ediblər: “20 ilə yaxındır Avstraliyaya sığınan bu şəxsin ruhi və psixoloji durumu ilə bağlı dəfələrlə Avstraliya rəsmilərinə məlumat verilib. Elə buna görə də Məhəmməd Həsən Məntiqinin vəziyyəti avstraliyalı rəsmilərə bəlli idi.
Hesab edirik ki, islam adı ilə insanlığa zidd əməllərə əl atmaq, adamları dəhşətə salmaq yolverilməzdir”.