BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İran Ermənistana niyə qucaq açdı?

18:15 / 11-06-2016   /   baxış - 917
Hər dəfə İran-Ermənistan münasibətlərində müşahidə olunan yaxınlaşma meyllərinə Azərbaycandan haqlı olaraq sərt münasibət sərgilənir və bu dəfə də istisna olmadı. Belə ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Tehrana rəsmi səfəri zamanı iranlı həmkarı Məhəmməd Cavad Zərifi ilə çox məhrəm görüşü zamanı dostluq və qardaşlıqdan bəhs olunması, üstəlik iki ölkə arasında viza rejiminin ləğvi barədə razılığa gəlinməsi Bakı-Tehran münasibətlərinə xələl gətirən amil kimi dəyərləndirilir.

Azərbaycan hər zaman dostluq və qonşuluq prinsiplərinə sadiq qalaraq İranla normal münasibətlərə üstünlük verdiyi halda, İran işğalçı ölkəyə qucaq açır. Hələ 90-cı illərdə keçmiş prezident Levon Ter-Petrosyan etiraf etmişdi ki, Qarabağ savaşı dövründə İran Ermənistanın nəfəsliyi funksiyasını yerinə yetirməsəydi, onun ölkəsi ağır vəziyyətə düşəcəkdi.

Əgər Rusiya işğalçı Ermənistanı silah-sursatla təmin edibsə, müsəlman İran dövləti də digər müsəlman ölkənin ərazilərini işğal edən, məscidlərini dağıdan bir ölkəyə qaz verib, onun boğulmaması üçün nəfəslik, “oksigen balonu” funksiyasını oynayıb...

Xüsusilə də aprel döyüşlərindən, Ermənistanın növbəti azğınlığından sonra Tehranın bu davranışları anlaşılan deyil. Üstəlik, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi ilə bağlı böyük bir layihə həyata keçirilir, körpü tikilir, Azərbaycan prezidentinin İrana səfərinin ardınca prezident Ruhaninin Bakıya səfəri gözlənilir. Ancaq bu arada xəbər yayılıb ki, İran prezidentinin Bakıdan öncə İrəvana səfəri planlaşdırılıb. Belə bir vəziyyətdə İranın ermənilərə qucaq açması iki müsəlman qonşunun münasibətlərində çat yarada bilər.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Qərb vaxtilə İrana qarşı sanksiyalar tətbiq etdikdə rəsmi Bakı bu qərarın əleyhinə çıxdı: “İranda bəziləri şübhələnirdi ki, guya Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrail Azərbaycan torpaqlarından İrana qarşı istifadə edə bilər. Azərbaycan hakimiyyəti bu iddiaları da rədd etdi, üstəlik bir daha bəyanladı ki, üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə heç bir halda icazə verilməyəcək. Qərb İrana qarşı sanksiyalar tətbiq etdiyi illərdə belə Azərbaycan qonşu ölkə ilə əməkdaşlıqdan çəkinmirdi. Bu dəfə isə ABŞ diplomatik kanallarla Azərbaycan hakimiyyətinə təsir edirdi ki, İran Bakıdakı bankların imkanlarından istifadə etməsin. Yəni sanksiya illərində Azərbaycan İranla əməkdaşlığa görə Vaşinqtonun təzyiqi ilə üzləşib. İrana qarşı nüvə məsələsi ilə bağlı sanksiyalar aradan qaldırılandan sonra Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi barədə söhbətlər gücləndi...”

Politoloq qeyd etdi ki, ancaq belə bir ərəfədə Tehran qəfil Ermənistanla əlaqələri intensivləşdirməyə qərar verib: “Əvvəlcə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İrana dəvət edildi, viza anlaşması imzalandı, hazırda isə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərə hazırlaşdığı açıqlanıb. Tehranın Ermənistan siyasəti yenidən Azərbaycanın hakimiyyət və ekspert dairələrində ciddi suallar yaradıb. Ermənistan kasıb ölkədir. Aydındır ki, İran Azərbaycandan fərqli olaraq Ermənistanla əməkdaşlıqdan iqtisadi qazanc əldə edə bilməyəcək. Azərbaycanla İran arasındakı layihələrdə Azərbaycan öz hissəsini, payını maliyyələşdirir, ortaq çalışmalara kreditlər ayıra bilir. Bunların heç birini Ermənistan edə bilmir. Ermənistan öz ərazisində hansısa layihəni reallaşdırmaq üçün xarici ölkələrdən vəsait axtarır”.

E.Şahinoğlu bildirdi ki, əgər İran Ermənistan ərazisindən iri müəssisə yaratmaq istəsə, Ermənistana kredit ayırmaq məcburiyyətində qalacaq: “Demək, İranın Ermənistanla əlaqələrini genişləndirməkdə məqsədi iqtisadi qazanc yox, Azərbaycan əleyhinə Ermənistanla siyasi ittifaqı gücləndirməkdir. Halbuki, son zamanlar İranın bəzi rəsmiləri və tanınmış din xadimləri Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayırdılar. Bu açıqlamalar Azərbaycanın siyasi dairələrində müsbət qarşılandı, düşünüldü ki, İranın siyasətində müsbət dəyişikliklər var. Ancaq Tehranın sonrakı addımlar göstərdi ki, İran hakimiyyətinin siyasətində dəyişiklik yoxdur. Tehran əvvəlkitək bölgədə güclü və inkişaf edən Azərbaycanın varlığından ehtiyat edir. Əks halda Qüds məsələsində ümumislam mövqeyindən çıxış edən Tehran müsəlman Azərbaycan torpaqlarının işğalına da ümumislam mövqeyindən yanaşmalıydı. Qüdsün işğalına görə İsraili düşmən elan edən Tehran Dağlıq Qarabağı işğal edən Ermənistanı isə ”dost dövlət" adlandırır. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir neçə gün əvvəl Tehrana səfər etmişdi. Mübariz Qurbanlı iranlı rəsmilərin və din xadimlərin diqqətinə Azərbaycanın işğal altındakı torpaqlarında məscidlər dağıdılması faktlarını çatdırdı. Bu məsələyə də İran rəsmilərindən və din xadimlərindən heç bir reaksiya yoxdur. İran prezidentinin İrəvana səfəri yalnız Azərbaycanda deyil, İranda yaşayan azərbaycanlılar arasında da etirazla qarşılanacaq. İranın Təbriz və digər şəhərlərində küçə yürüşlərinin keçirilməsi də mümkündür. Əlbəttə, rəsmi Bakı Tehranla əlaqələrinə davam etməli, nəqliyyat layihələrini reallaşdırmalıdır. Ancaq rəsmi Bakı İranın Ermənistanla əməkdaşlığına cavab olaraq Türkiyə və Qərb ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığını daha da genişləndirməlidir. Azərbaycan prezidenti ayrıca, Həsən Ruhaninin işğalçı Ermənistana səfərinə cavab olaraq İsrailə rəsmi səfərə getməli və bu ölkədə Azərbaycan səfirliyinin açılmasını sürətləndirməlidir".

Siyasi təhlilçi Eynulla Fətullayev isə özünün müəllif yazısında bu mövzudan bəhs edib: “Ruhani ilə görüşdə Nalbandyanın bəyanatında ən paradoksal və qıcıq doğuran bilirsinizmi nədir? Erməni nazir açıq şəkildə İrana Qarabağ məsələsindəki mövqeyinə görə minnətdarlıq etdi. Sual olunur, erməni nazirin digər ölkənin prezidentinə hansı halda minnətdarlığını bildirdiyini - həm Azərbaycan ictimaiyyəti, həm də ölkəmizin hakimiyyəti- çox yaxşı anlayırıq”. Müəllifin fikrincə, İran seçimini edib: “Bu ölkənin hökuməti Qarabağ məsələsinə görə əlləri minlərlə azərbaycanlının qanına batmış Sərkisyanı tamamilə qane edən mövqe sərgiləyir. İndi isə başqa suala keçək - Azərbaycanın siyasətində İranı nə narazı salıb? Tehran nədən narazıdır?! Son illərdə İran Azərbaycanı ”sionist rejim"lə əməkdaşlıqda günahlandırırdı ki, bu deyim altında ABŞ və İsrail nəzərdə tutulur. Bu “sionist rejim”in qanadlarından biri ilə İran siyasi barışığa gəlib. ABŞ-ı tez-tələsik İblisin “əqrəba”sı siyahısından çıxarılıb. Ancaq İsraillə düşmənçilik davam edir. O İsraillə ki, ən çətin vaxtında azərbaycanlı şiələrə ən müasir silahları verir, erməni işğalını pisləyir, Qarabağın azad olunmasını və İran hökumətinin dostu olduğu Sarkisyan ordusunun bu ərazilərdən şərtsiz çıxarılmasını tələb edir. Ermənistanın apreldəki naqis hücumu və azərbaycanlı şiələrin öldürülməsindən sonra Həsən Ruhani Sarkisyana dostluq əli uzadır. “Sionist rejim”in başçısı Binyamin Netanyahu isə bəyan edir ki, Azərbaycana səfər edəcək. Ən adi məntiq belə diktə edir ki, bu vəziyyətdə kim dost, kim düşməndir! Əgər Ruhani İrəvana gedərək Sarkisyanın şiələrin qanına bulaşmış əlini sıxmağa hazırdırsa, Azərbaycan prezidenti İlham Əliyev, nəhayət, yekun qərar verməli və İsrailə tarixi səfər etməlidir. Əlbəttə ki, bu səfər çərçivəsində Qüdsdə Azərbaycan səfirliyini təntənəli şəkildə açmaq şərtilə"...

Hələlik rəsmi Bakıdan İran-Ermənistan münasibətlərinə hər hansı münasibət bildirilməyib. Adətən, Bakı bu kimi məsələlərə soyuqqanlı yanaşmağa və iki dövlətin arasındakı əlaqələri şərh etməməyə çalışır. Ancaq işğalçıya dəstək verilməsi şübhəsiz ki, Azərbaycan hökumətini də ciddi şəkildə narahat edir.

GünAz TV 



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022