Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Fomin iyulun 4-də jurnalistlərə açıqlamasında hava hücumundan müdafiə sistemi sayılan S-300 raketlərinin İrana göndərilməsindən danışıb.
Aleksandr Fomin bildirib ki, Moskva ilə Tehran arasında imzalanmış qarşılıqlı müqavilə əsasında ölkəsi yaxın günlərdə İrana S-300 raketlərini göndərmək niyyətindədir: “Biz S-300 raketlərinin ikinci hissəsini artıq İrana göndərməyə hazırıq. Biz raketlərin mükəmməl bir kompleks sayılan birinci hissəsini İrana göndərmişik. İndi də raketlərin ikinci partasını göndərmək istəyirik. Bunun üçün yetər ki, tərəfdaşımız öz ödənişini etsin. Əgər İran ödənişini etsə, Rusiya tərəfində raketlərin yüklənməsi və İrana göndərilməsi üçün hər şey hazırdır”.
İstinad: GünAz TV
Rəsmi Tehran, hava hücumundan müdafiə sistemi sayılan S-300 raketlərinin mükəmməl kompleksini almaq üçün Rusiyaya 900 milyon dollar ödəməlidir. Bu isə iki ölkə arasında imzalanmış əvvəlki müqavilədə qeyd olunduğundan 100 milyon dollar çoxdur.
Xatırladaq ki, raketlərin birinci hissəsi bir neçə ay əvvəl İrana təhvil verilib.