GünAzTV: Amerikanın ən böyük təyyarə istehsalçısı olan “Boeing” şirkəti, iyunun 6-da bəyanat yayaraq İrana sərnişin təyyarələrinin satışı ilə bağlı Tehranla bağladığı müqaviləni ləğv etməsindən xəbər verib.
Bəyanatda bildirilir ki, Amerikanın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini nəzərə alaraq, artıq bu şirkətin İrana təyyarə satmaq üçün lazım olan lisenziyası yoxdur: “Boeing” şirkəti bu günə qədər heç bir təyyarə İrana təhvil verməyib və bundan sonra da verməyəcək”.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, nüvə sazişinin imzalanmasından sonra İrana sərnişin və ticarət təyyarələrinin və onların ehtiyat hissələrinin satışı və xidməti üçün verilmiş lisenziya artıq ləğv edilib.
Qeyd edək ki, “Boeing” 2016-cı ildə İrana 17 milyard dollar dəyərində olan 80 sərnişin təyyarəsinin satışı üçün rəsmi Tehranla müqavilə bağlamışdı. İran həmçinin Avropanın ən böyük təyyarə istehsalçılarından olan, mərkəzi ofisi Fransanın Tuluz şəhərində olan “Airbus” şirkətinə 100, fransız-italyan ATR şirkətinə isə 20 ədəd təyyarə sifariş vermiş və bu barədə tərəflər arasında müqavilə imzalanmışdı. Lakin həmin şirkətlər də, İrana təyyarə satmaq üçün əvvəlcə Amerika hökumətindən lisenziya almaq məcburiyyətində qalıblar.
Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.