Namiq Musalı
tarix üzrə fəlsəfə doktoru, dosent
Türkiyə Cümhuriyyəti Kastamonu Universiteti Tarix Bölümü
Azərbaycanın orta əsrlər tarixində mühüm rol oynamış şəhərlərdən biri də Ərdəbildir. Səfəvilərin hakimiyyəti dövründə bu şəhər hakim sülalənin vətəni olması, Səfəviyyə şeyxlərinin məzarlarının orada yerləşməsi, ticarət yollarının qovşaq nöqtəsi olaraq strateji əhəmiyyət daşıması kimi amillər üzündən imtiyazlı bir vəziyyətdə idi. Ərdəbil şəhəri XVI-XVII əsrlər boyunca Azərbaycanın və ümumilikdə Səfəvilər dövlətinin ən mühüm ictimai-iqtisadi, dini və mədəni mərkəzlərindən olmuşdur. Buradakı Şeyx Səfi məqbərəsi dini müəssisə olmaqla yanaşı, həm də sahib olduğu geniş vəqflər hesabına iri bir iqtisadi təşkilat halına gəlmiş, eyni zamanda irfan ocağı sayılan Darülirşad xanəgahının sayəsində elm, təhsil, mədəniyyət və incəsənət mərkəzinə çevrilmişdi.
Şeyx Səfi məqbərəsi tərkibində zəngin kitabxananın fəaliyyət göstərməsi və şah hakimiyyətinin xüsusi qayğıkeşliyi ilə əhatə olunmuş məqbərə kompleksində vaxtaşırı yenidənqurma işlərinin aparılması ilə əlaqədar olaraq, burada xəttatlıq sənətinin inkişafı üçün münbit şərait yaranmış və istər kitab köçürən, istərsə də memarlıq abidələrinə kitabələr həkk edən xəttatlara tələbat artmışdı.
Səfəvilər dövründə Azərbaycanda xəttatlıq sənəti daha geniş yayılmış və daha yüksək inkişaf mərhələsinə çatmışdı. Maarifin inkişafı prosesinə kalliqrafiyanın mühüm təsiri olmuşdur. Bu dövrdə Təbriz, Ərdəbil, Marağa və Şamaxı kitabxanaları xəttatların toplandığı əsas mədəniyyət mərkəzləri idi [28, s.288]. Səfəvi dövrünün görkəmli ədibi, tarixçisi, münşisi və xəttatı Qazı Əhməd Quminin xəttatlar və naqqaşlar haqqında farsca yazdığı, təxminən h. 1015 / m. 1606-cı ildə tamamladığı “Gülüstani-hünər” əsərində Ərdəbildə fəaliyyət göstərmiş üç məşhur xəttat (Mövlana Nizaməddin, Musa bəy, Mövlana Məhəmməd Əmin) və bir kitab cildçisi (Mövlana Qasım) haqqında məlumat verilmişdir.
“Mövlana Şəmsəddinin oğlu Mövlana Nizaməddin darülirşad Ərdəbildən idi. Altı xətt növündə gözəl yazırdı, həmçinin nəstəliq xəttini də saf və pakizə yazırdı. O, Azərbaycanın ustad xəttatlarındandır. Darülirşad Ərdəbildə xəttatlıqla məşğul olmuşdur. Türkman sultanları (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu sülalələri nəzərdə tutulur – N.M.) zamanından ta 920-ci (1514) ilə qədər həyatda olmuşdur” [4, s.74; 26, s.81-82; 29, s.32-33; 41, s.380].
“Musa bəy türk mənşəli olub, mükəmməlliklər və böyük zövq sahibi idi. Nəstəliq xətti ilə gözəl yazırdı. Bir müddət şah dəftərxanasında çalışmışdı və orada ona tay ola bilən ustad xəttat yox idi. Darülirşad Ərdəbilin vəzirliyi ona tapşırılmış və orada vəfat etmişdir” [4, s.94; 26, s.99; 29, s.51].
Mövlana Məhəmməd Əmin Əqilinin atası əslən Mazandarandakı Rüstəmdardan olub, Sam mirzə Səfəvi ilə birlikdə Ərdəbilə gəlmişdir (Sam mirzə 1549-1562-ci illərdə Ərdəbil hakimi olmuşdur). Mövlana Ərdəbildə doğulmuş, şeyxavənd tayfası arasında böyümüşdür. Onun xəttatlıqda ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidir. Əqili, Şah Məhəmməd Xudabəndənin dövründə (1578-1587) şahzadə Sultan Həmzə mirzənin ən yaxın əmirlərdən olan “Yoldaşbaşı” ləqəbli İsmayıl xan Şamlunun şəxsi kitabdarı idi. Sözügedən xəttat, Həmzə mirzənin də hörmətini qazanmış, “qılınc və qələm sahibi” tituluna malik olmuşdur. Həmzə mirzənin 1586-cı ildə baş vermiş ölümündən sonra o, dünyəvi işlərdən əl çəkərək dərviş kimi həyat sürməyə başlamış, xəttatlıqla və kitab köçürməklə məşğul olmuşdur. Türkcə gözəl şeirlər yazmışdır. Q.Ə.Qumi onun “Dildən məni saldı atəşi-hicranın” misrası ilə başlayan bir türkcə rübaisini misal gətirir və onunla 1015 / 1606-cı ildə Qəzvində görüşdüyünü yazır [4, s.170-171; 29, s.122-123].
Kitab cildçisi olan Mövlana Qasım Təbrizi Osmanlıların 1585-ci ildə Təbrizi işğal etməsindən sonra Qəzvinə köçsə də, daha sonra Ərdəbildə məskən salmış, orada yaşayıb-yaratmışdır. Q.Ə.Qumi kitab cildləmək sahəsində onun misilsiz olduğunu ifadə etmişdir. Mövlana Qasım 1000 / 1591-92-ci ildə Qəzvində taun epidemiyası zamanı vəfat etmişdir [4, s.194].
Xətt sənətindən və xəttatlardan bəhs edən qaynaqlardan birində müsəvvirlər və naqqaşlar sırasında Bürcəli Ərdəbili adlı bir rəssamın adı çəkilir və onun “ruğəni cild təsvirində və sair məcalis tərsimində mümtaz” olan Sultan Məhəmməd oğlu Mehdi bəyin şagirdi olduğu göstərilir [22, s.262,264].
Şeyx Səfi məqbərəsi kompleksində mütəmadi olaraq həyata keçirilən təmir-tikinti prosesində memarlar və inşaatçılarla bərabər xəttatlar, həkkaklar və naqqaşlar da yaxından iştirak edirdilər. Bu sənətkarlardan bəzilərinin adları zamanımıza qədər gəlib çatmışdır. Məsələn, I Şah İsmayılın məzarının müxtəlif naxışlarla bəzədilmiş nəfis sənduqəsi naqqaş Ustad Maqsud Əli tərəfindən hazırlanmışdır [45, s.317]. Şeyx Səfi kompleksinə daxil olan Qəndilxana binasının xarici fasadının aşağı hissəsində ağ mərmər bir lövhə üzərində I Şah Təhmasibin 932 / 1526-cı ildə Ərdəbillə bağlı verdiyi bir fərmanın mətni Həsən adlı xətt ustası tərəfindən iri və xoş nəstəliq xətti ilə həkk edilmişdir [45, s.303].
I Şah Abbas zamanında (1587-1629) Ərdəbildəki Səfəvi ziyarətgahlarında aparılan geniş quruculuq işləri buraya Azərbaycanın digər yerlərindən məşhur xəttatların dəvət edilməsinə səbəb olmuşdur. Mövlana Əli Rza Abbasi Təbrizi 1020 / 1611-12-ci ildə Şeyx Səfiəddin İshaqın atası Əminəddin Cəbrayılın türbəsinin, 1037 / 1627-28-ci ildə isə Şah İsmayıl aramgahının (mavzoleyinin) kitabəsini hazırlamışdır [19, s.343]. 1021 / 1612-13-cü ildə Əminəddin Cəbrayılın Kəlxuran kəndindəki türbəsində çalışmış sənətkarlardan biri də naqqaş Tahir ibn Sultan Məhəmməd olmuşdur [45, s.333]. Türbədəki təmir və bərpa fəaliyətləri sonralar da davam etdirilmişdir. Belə ki, 1113 / 1701-ci ildə həkkak Seyid Qafur gözəl nəstəliq xətti ilə Əminəddin Cəbrayılın türbəsinə bəzi beytlər nəqş etmişdir [45, s.334].
Mir Əsədulla ibn Ağa Mir Qivaməddin Rövzəxan Ərdəbili Səfəvilər dövrünün süls xətti ilə yazan istedadlı xəttatlarından idi. Bəzi müəlliflər əsassız olaraq, onun Qacarlar əsrində yaşadığını iddia etsələr də, M.Gülmuğanizadə-əsl və H.Yusifi Ərdəbil şəhərindəki epiqrafik abidələrə əsaslanaraq onun I Şah Abbas zamanında yaşayıb-yaratdığını isbat etmişlər. Şeyx Səfi məqbərəsinin Darül-hüffaz və Şah-nişin qisimlərində 1037 / 1627-28-ci ilə aid gözəl kitabələr məhz bu ustadın əl işləridirlər [19, s.345].
Şeyx Səfi məqbərəsində çalışan incəsənət xadimlərindən biri də naqqaş İsmayıldır. O, Şeyx Səfi məqbərəsinin əzəmətli giriş portalındakı naxışların müəllifidir [3, s.62].
Ərdəbildə çalışan xətt ustaları epiqrafik nümunələrin, kitabələrin və memarlıq abidələri üzərindəki ornamentlərin hazırlanması ilə yanaşı, kitabların köçürülərək çoxaldılması ilə də məşğul olurdular. Ərdəbil məqbərəsində böyük bir kitabxananın yerləşməsi burada kitab köçürmə (istinsax) sənətinin də inkişaf etməsinə yol açmışdır. Hələ Şeyx Səfi zamanında qurulan bu kitabxana I Şah Abbas tərəfindən daha da zənginləşdirilmişdir. Buradakı kitabların böyük bir hissəsi ərəbcə, yerdə qalanları isə türkcə və farsca əsərlərdən ibarət idi. Mahir xəttatlar və istedadlı katiblər tərəfindən kufi, reyhani, nəsx, süls və s. xətt növlərində yazılmış olan əlyazma kitablar dəri cildlərə tutulur, bəzi hallarda isə qızıl və gümüşlə cildlənir, miniatürlərlə bəzədilirdi [19, s.292]. I Şah Abbasın məqbərəyə hədiyyə etdiyi kitabların üzərində vəqf qeydləri olurdu. Həmin qeydlərdə “hər kim istərsə oxusun, bir şərtlə ki, məqbərədən kənara çıxarmasın” ifadələri yazılırdı [38, s.53]. Buradan bəlli olur ki, Şeyx Səfi kitabxanası qapalı kitabxana deyildi və xalqa açıq olan ümumi bir kitabxana səciyyəsi daşıyırdı. 1139 / 1727-ci ilə aid bir Osmanlı sənədində Ərdəbil məqbərəsi kitabxanasına məxsus olan 744 cild əlyazma kitab qeydə alınmışdır [38, s.56]. 1172 / 1758-1759-cu ildə tərtib olunmuş başqa bir siyahıda isə bu kitabxanada 972 kitabın saxlandığı göstərilmişdir [40, s.XIV]. Təəssüf ki, Səfəvi hakimiyyətindən sonrakı mərhələdə bu zəngin və qiymətli kitabxana tar-mar edilmişdir. Kitabların bir hissəsi 1828-ci ildə Ərdəbili işğal edən rus ordusu tərəfindən ələ keçirilərək Peterburqa göndərilmişdir və hal-hazırda orada yerləşən Rusiya Milli Kitabxanasının (keçmiş Saltıkov-Şedrin adına kitabxananın) əlyazmalar şöbəsində saxlanmaqdadır. Şeyx Səfi məqbərəsinə məxsus digər kitablar isə 1935-ci ildə 80 sandıq içində Tehrandakı İran Milli Muzeyinə daşınmışdır [38, s.53-54; 40, s.XIV].
Səfəvilər zamanında Ərdəbil şəhərində və ya ərdəbilli katiblər tərəfindən köçürülmüş nüsxələr bu gün dünyanın müxtəlif kitabxanalarını, kolleksiyalarını və muzeylərini bəzəməktədir. Orta əsrlərdə, bir qayda olaraq, “yüksək vəzifəli şəxslər üçün tərtib edilmiş təmtəraqlı əlyazma nümunələri ilə yanaşı, adi həvəskar oxucular, yaxud elm və ədəbiyyat xadimləri üçün nəzərdə tutulmuş sadə nüsxələr də yaradılırdı” [14, s.93]. Bu səbəbdən də mətnşünaslıq baxımından katiblər əsasən iki qrupa ayrılırlar: nəfis kitab mədəniyyəti şedevrləri yaradan sənətkarlar xəttat kimi xarakterizə edildikləri halda, incəsənət baxımından nəfisliyi ilə seçilməyən əlyazma nüsxələrini qələmə alan katiblər “nəssax” adlandırılırlar [1, s.152]. Ərdəbil kitabçılıq sənəti nümunələri arasında hər iki növdən olan nüsxələrə rast gəlmək olur. Müxtəlif əlyazma nüsxələri və kataloqları, həmçinin əlyazma kitabların mühafizəsi ilə məşğul olan qurumların onlayn axtarış sistemləri üzərində apardığımız araşdırmalar nəticəsində, Ərdəbillə bağlı olan adları unudulmuş onlarla xəttat və nəssaxın kimlikləri müəyyənləşdirilmişdir. Onların arasında Şeyx Səfi məqbərəsinin kitabxanasında fəaliyyət göstərən xəttatlarla yanaşı, Ərdəbilin digər elmi və dini mərkəzlərində çalışaraq tədris məqsədi ilə kitab köçürən və ya öz zəmanəsinin aristokratiyasının sifarişlərini yerinə yetirərək müxtəlif mövzularda kitabları istinsax edən sənətkarlar da vardır.
Zeynalabidin Məhəmməd ibn Məhəmməd Şeyxi Ərdəbilinin nəstəliq xətti ilə yazdığı və 20 ramazan 915 / 1 yanvar 1510-cu ildə tamamladığı 220 vərəqdən ibarət ədəbi bir məcmuə hazırda Tehran Universiteti kitabxanasına məxsus olub, orada 8908 şifrəsi ilə qeydə alınmışdır. Sözü gedən məcmuəyə orta əsr şairlərimizdən Marağalı Əvhədinin “Cami-Cəm” poeması və Mövlana Cəlaləddin Ruminin bəzi irfani şeirləri də daxil edilmişdir [8, c.XVII, s.247].
Məhəmməd ibn Hüseyn Ərdəbili, antik yunan astronomu və coğrafiyaçısı Klaudi Ptolomeyin astronomiya barədə yazdığı “Almageste” əsərinə XIV əsrin əvvəllərində Əllamə Nişapuri tərəfindən yazılmış təfsiri 925 / 1519-cu ildə nəstəliq xətti ilə istinsax etmişdir. Sonradan Şah Abbas bu nüsxəni öz əli ilə Molla Müzəffər Münəccim Günabadiyə bağışlamışdır. Hazırda həmin əlyazma Tehran Universitetindəki Hikmət kolleksiyasında 123 saylı nüsxə kimi mühafizə edilir [7, c.I, s.75].
Ərdəbildə istinsax fəaliyyəti ilə təkcə peşəkar katiblər deyil, eyni zamanda dövrün digər tanınmış şəxsiyyətləri və ziyalıları da məşğul olurdular. Məsələn, Səfəvi dövrünün tanınmış alimlərindən Hüseyn ibn Əbdülhəqq İlahi Ərdəbili, Elxanilər dövrü alimlərindən Qütbəddin Şirazinin astronomiya haqqında yazdığı “Töhfətüş-şahiyyə” adlı əsəri 925 / 1519-cu ildə nəstəliq xətti ilə köçürmüşdür. Onun ardınca isə Nəsirəddin Tusinin və Əbu-Reyhan Biruninin bəzi risalələrini də istinsax edərək bunları bir məcmuə daxilində cəmləşdirmişdir. Həmin nüsxə İsfahan Universiteti kitabxanasında 286 saylı əlyazma kimi qorunmaqdadır [11, c.XI-XII, s.935].
Zeynalabidin adlı digər bir katib 992 / 1584-cü ildə Ağqoyunlu dövrünün mütəfəkkirlərindən olan Cəlaləddin Dəvvaninin “Şəvakilül-hur” adlı əsərini istinsax etmişdir. Qeyd edək ki, bu əsər işraq fəlsəfəsinin banisi olan məşhur Azərbaycan alimi Sührəvərdi əl-Məqtulun “Həyakilün-nur” əsərinə şərh olaraq qələmə alınmışdır. Maraqlıdır ki, katib öz kollofonunda istinsax tarixini təkcə hicri təqvimlə deyil, eyni zamanda on iki heyvanlı türk təqvimi ilə də ifadə etməyi lazım bilmiş və köçürmə işinin, türk təqvimində “Quy-yıl” adlandırılan qoyun ilində Ərdəbildə həyata keçirildiyini qeyd etmişdir. Bu nüsxə Təbriz Milli Kitabxanasında 3675 şifrəsi altında saxlanır [10, c.IV, s.306].
Məhəmməd Tağı Ərdəbili XVI əsrin sonları – XVII əsrin əvvəllərində nəsx xətti ilə yazan katiblərdəndir. Onun 999-1000 / 1590-1591-ci illərdə istinsax etdiyi məcmuə əsas etibarilə astronomiyaya dair risalələrdən ibarətdir. Buraya Nəsirəddin Tusinin “Si fəsl” və Əli Quşçunun “Fəthiyyə” əsərləri də daxil edilmişdir. Kataloqlarda qeyd edildiyinə görə, həmin məcmuə İraqın Nəcəf şəhərindəki Şüştərilər təkyəsinin kitabxanasına məxsusdur [11, c.XI-XII, s.835]. Adı çəkilən katibin 1032 / 1622-1623-cü ildə köçürdüyü 177 vərəqdən ibarət “Mürşidül-ülum” adlı farsca başqa bir əsər F-386 şifrəsi ilə İran Milli Kitabxanasının mülkiyyətindədir [17, c.I, s.373].
Mahmud ibn Şahməhəmməd Ərdəbili 1000 / 1591-ci ildə görkəmli şairimiz Füzulinin divanını təliq xətti ilə cilalı kağızlara köçürmüşdür. Həcmi 107 vərəq olan nüsxədə 7 ədəd miniatür vardır və hal-hazırda bu qiymətli kitab İstanbuldakı Topqapı sarayı muzeyinin türkcə əlyazmalar şöbəsində R-748 şifrəsi altında saxlanır [48, http://yazmalar.gov.tr/detay_goster.php?k=108238]
Səfəvi dövrü Ərdəbil xəttatlıq məktəbinin nümayəndələrindən biri də Heydərqulu ibn Mühib Ərdəbilidir. Onun xətti ilə köçürülmüş olan Əbülxeyr Məhəmməd Tağı ibn Məhəmməd Farsinin (XVI əsr) astronomiyaya dair “Həlli-təqvim” əsərinin əlyazma nüsxəsi AMEA Əlyazmalar İnstitutunda A-423 şifrəsi ilə mühafizə olunmaqdadır. Nüsxə Orta Asiya istehsalı olan kağızlara narın nəstəliq xətti ilə köçürülmüş, qəhvəyi rəngli zərif dəri cildə tutulmuşdur. Əlyazmanın istinsaxı 11 rəbiüləvvəl 1029 / 16 fevral 1620-ci ildə başa çatdırılmışdır. Nüsxədə astronomiyaya dair cədvəllərə də yer verilmişdir [37, c.III, s.78].
Məsihullah Ərdəbili, Elxanilər dövrünün müctəhidi Cəmaləddin Mütəhhər Hillinin (1250-1325) fiqh haqqında yazdığı “Qəvaidül-ehkam” adlı ərəbcə əsəri 1029 / 1619-1620-ci ildə nəsx xətti ilə köçürmüşdür. Hillinin adı çəkilən əsəri hələ I Şah İsmayıl zamanında (1501-1524) ən mühüm fiqh kitabı elan edilərək əldə rəhbər tutulmuşdu və bu səbəbdən Səfəvilər dövründə dini hüquq məsələləri baxımından xüsusi əhəmiyyət daşıyan qaynaqlardan sayılırdı [bax: 13, s.59]. Məsihullah Ərdəbilinin tərtib etdiyi bu nüsxə hazırda Tehran Universitetinin Hüquq və siyasi-iqtisadi elmlər fakültəsinin kitabxanasında C-346 şifrəsi ilə saxlanır [9,c.I, s.413-415]. Qaynaqlarda Məsihullah Ərdəbilinin adı “gözəl yazan xəttatlar” arasında qeyd edilir və onun oğlu olan Faiz təxəllüslü şair Heydərəlinin (vəfatı: 1081 / 1670-71) də “yüksək səviyyəli hüsn-xəttə malik olduğu” göstərilir [34, c.I, s.175; 34, c.II, s.288].
Məhəmməd Rza Ərdəbili 1075 / 1664-cü ildə Füzulinin “Leyli və Məcnun” poemasını nəstəliq xətti ilə köçürmüşdür. 98 vərəqdən ibarət, 22 miniatürlə bəzədilən və ədəbi əhəmiyyətindən savayı, yüksək sənət dəyərinə də sahib olan bu nüsxə Britaniya Milli Kitabxanasının türkdilli əlyazmalar şöbəsində Or. 405 şifrəsi ilə qorunmaqdadır [2, s.44-45; 48, http://yazmalar.gov.tr/detay_goster.php?k=92048]
Dərviş Məhəmməd ibn Qaya Ərdəbili 1016 / 1606-cı ildə Hacı Zeynəddin əl-Əttar Əli ibn Hüseyn əl-Ənsarinin (1330-1403) təbabət mövzusunda farsca yazdığı “İxtiyarati-bədii” adlı əsəri nəstəliq xətti ilə istinsax etməsi sayəsində adını tarixə yazmışdır. Sözü gedən nüsxə 262 vərəqdən ibarət olub, İstanbul Süleymaniyyə kitabxanası Antalya Tekelioğlu kolleksiyasında 07 Tekeli 501 şifrəsi altında qeydə alınmışdır [48, http://yazmalar.gov.tr/detay_goster.php?k=58165].
Məhəmməd Ərdəbili 1053 / 1643-cü ildə Əlişir Nəvainin türkcə divanını təliq xətti ilə köçürmüşdür. 119 vərəq həcmində olan kitab Qahirədəki Misir Milli Kitabxanasının türkdilli əlyazmalar şöbəsində 152 saylı nüsxə kimi mühafizə altındadır [48, http://yazmalar.gov.tr/detay_goster.php?k=94919]
Məhəmməd İbrahim ibn Nəqdi Ərdəbili, XVI əsrin məşhur Səfəvi tarixçisi və yuxarıda adı çəkilən “Gülüstani-hünər” əsərinin müəllifi Qazı Əhməd Quminin “Xülasətüt-təvarix” adlı salnaməsini [bax: 30] Ərdəbildə nəstəliq xətti ilə köçürmüş və nüsxənin sonunda özünün qeyd etdiyi kimi, bu işi cümə günü, 6 məhərrəm 1074 / 10 avqust 1663-cü ildə sona çatdırmışdır. Haqqında bəhs etdiyimiz əlyazma 354 vərəqdən ibarət olub, Qum şəhərindəki Mərəşi kitabxanasında 8176 saylı nüsxə kimi mühafizə olunur [31, c.XXI, s.158].
Əli ibn Mir Seyid Məhəmməd Hüseyni və Məhəmməd ibn Məhəmməd Qasım Hüseyni nəsx xətti ilə yazan ustadlardan olmuşlar. Onların 1076 / 1665-66-cı ildə Ərdəbildəki Səfəviyyə mədrəsəsində müştərək surətdə köçürdükləri farsca bir bəlağət kitabı zamanımıza qədər gəlib çatmışdır və 1744 şifrəsi ilə Qum şəhərindəki Feyziyyə mədrəsəsinin kitabxanasına məxsusdur. XVI əsr müəlifi Nəcməddin Abdullah ibn Şihabəddin Yəzdi Şahabadi tərəfindən yazılmış bu əsər XIV əsr alimi Səədəddin Təftazaninin “Mütəvvəl” əsərinin haşiyələrindəndir və 85 vərəqdən ibarətdir [42, c.I, s.78].
Səlim xanın oğlu Şərəf Turab xan da bir müddət Ərdəbildəki Səfəviyyə mədrəsəsində fəaliyyət göstərmişdir. O, burada 1087 / 1676-1677-ci ildə XIII əsr ilahiyatçısı Əbülqasım Cəfər Hillinin dini mövzuda yazdığı “əl-Müxtəsərün-nafe” adlı ərəbcə əsəri nəsx xətti ilə istinsax etmişdir. 413 səhifədən ibarət olan bu kitab İranın Məclis kitabxanasında 3883 şifrəsi ilə mühafizə edilir [20, c.XIII, s.1911].
Səfəvilərin ulu əcdadı Şeyx Səfiəddinin həyat yolu barədə ən mühüm mənbə sayılan və İbn-Bəzzaz Ərdəbili tərəfindən 1358-ci ildə qələmə alınan “Səfvətüs-səfa” adlı əsəri Qeybəli Hafiz Ərdəbili 1084 / 1674-cü ildə nəstəliq xətti ilə köçürmüşdür, 494 vərəqdən ibarətdir və hazırda İranın Məlik kitabxanasında 4813 şifrəsi ilə qorunur [15, c.III, s.535].
Bəzən müəlliflər özləri yazdıqları əsəri təkrarən köçürürdülər. Məsələn, Seyid Məhəmməd Tahir ibn Məhəmməd Talib Ərdəbili “əş-Şəcərətül-mübarəkə” adlı ərəbcə bioqrafik bir əsər (rical kitabı) yazaraq 1091-ci ilin ramazan ayında (25.09-24.10.1680) bitirmişdir. Daha sonra isə özü bu əsərin üzünü nəsx xətti ilə həmin ilin zilqədə ayında (23.11-22.12.1680) köçürmüşdür. Sözü gedən nüsxə 72 vərəqdən ibarət olub, 5846 şifrəsi ilə Mərəşi kitabxanasında mühafizə altındadır [31, c.XV, s.228]. Digər belə bir müəllif nüsxəsi Hacı Məhəmməd ibn Əli Ərdəbilinin qələmindən çıxmışdır. O, özünün yazdığı “Cameür-rəvah ya Rafeül-iştibahat fi təracimür-rəvah və təməyyüzül-müştərəkat” adlı ərəbcə bioqrafik əsəri istinsax edərək 19 rəbiüləvvəl 1100 / 11 yanvar 1689-cu ildə tamamlamışdır. 553 vərəqdən ibarət bu nüsxə 157 şifrəsi ilə Tehran Universitetindəki Məşkuh kolleksiyasına məxsusdur [35, c.II, s.550-554].
Məhəmməd Əli ibn Molla Məhəmməd Bağır Ərdəbili nəsx xətti ilə gözəl yazan xəttatlardan idi. O, 1099 / 1687-ci ildə XVII əsr alimi Şeyx Fəxrəddin Nəcəfinin dilçilik haqqında yazdığı “Məcməül-bəhreyn və mətləün-neyreyn” adlı ərəbcə əsəri istinsax etmişdir və 546 vərəqdən ibarət bu nüsxə Mərəşi kitabxanasında 820 saylı əlyazma kimi qorunmaqdadır [31, c.III, s.20]. Elə həmin il o, adı çəkilən alimin ərəb filologiyası ilə bağlı əsərlərindən ibarət 1314 səhifəlik bir məcmuə tərtib etmiş və zamanımızda bu məcmuə İranın Məclis kitabxanasında 2741 şifrəsi ilə qeydə alınmışdır [20, c.VIII, s.89-91]. Yenə eyni xəttat, 1108 / 1696-1687-ci ildə h. V / m. XI əsr ilahiyyatçısı Məhəmməd ibn Həsən Tusinin “Təhzibül-ehkam” adlı 284 vərəqlik ərəbcə dini əsərini köçürmüşdür [18,c.XIII, s.161-163].
Nəsx xətti ilə gözəl yazan XVII əsr xəttatlarından biri də Nizaməddin ibn Molla Əhməd Ərdəbilidir. O, nəfis bir xətlə Səfəvi dövrü üləmasından Möhsün Kaşaninin və Məhəmməd Bağır Məclisinin əsələrindən ibarət məcmuə tərtib etmişdir. Həmin kitab 13575 şifrəsi ilə Mərəşi kitabxanasına aiddir [33, c.XXXIV, s.406-408].
XVII əsrin digər bir ərdəbilli xəttatı Səfəvi nəslindən olan Mir Hüseyndir. O, Fəğani Şirazinin (vəfatı: 1519) divanını Əmir xanın istəyi əsasında köçürmüşdür. Nəstəliq xətti ilə çox gözəl bir şəkildə yazılmış bu nüsxə hazırda İranın Sipəhsalar (Mütəhhəri) mədrəsəsinin kitabxanasında mühafizə olunur [19, s.343; 34, c.I, s.156-157].
Ehsan ibn Əlixan Nəccar, Səfəvilərin son dövründə fəaliyyət göstərmiş katiblərdəndir. Bəhaəddin Amilinin I Şah Abbas üçün yazdığı “Cameyi-Abbasi” adlı farsca fiqh kitabının bir nüsxəsi onun qələmindən yadigar qalmışdır. 1134 / 1721-ci ildə Ərdəbildə təliq xətti yazılan və 136 vərəqdən ibarət olan bu nüsxə Türkiyənin Kastamonu Yazma Əsərlər Kitabxanasında 37 Hk 1685 şifrəsi ilə qorunmaqdadır [48, http://yazmalar.gov.tr/detay_goster.php?k=20140]
Təbii ki, Ərdəbilin xəttat və nəssaxlarının hamısı barədə bir məqalə çərçivəsində ətraflı bəhs etmək mümkün deyildir. Bu səbəbdən haqqında geniş məlumat vermədiyimiz sənətkarların adlarını, yazdıqları xətt növlərini və istinsax etdikləri nüsxələrin tarixini burada qeyd etməklə kifayətlənirik: Məhəmməd ibn İbrahim Əvali Bəhrani – nəsx və nəstəliq, 952-963 / 1545-1556 [23, c.VI, s.18-24], Əbu-Talib ibn Əbülfəth Hüseyni – nəstəliq, 964 / 1557 [15, c.I, s.241-243], Məhəmməd ibn Murad Ərdəbili – 973 / 1565-1566 [43, s.207], Məhəmməd ibn Fəthullah Ərdəbili – 1007 / 1598-1599 [15, c.V, s.383], Müqbili Ərdəbili – nəsx, 1015 / 1606 [10,c.VII, s.226], Məhəmməd Salman Şərif Səfəvi Ərdəbili – nəsx, 1024-1027 / 1615-1618 [24, s.46; 32, c.XXIX, s.80], Məhəmməd Kazım ibn Şükrullah Rəmmali – nəstəliq, 1011 / 1602-1603 [6, c.V, s.384], Qari – 1014 / 1606 [5, c.III, s.1855], Məhəmməd Kazım – şikəstə-nəstəliq, 1055 / 1645 [21,c.X, s.172], Molla Ramazan ibn Məhəmməd Əmin – nəsx, 1095 / 1683-1684 [31, c.V, s.308], Şeyx Rumi oğlu Şeyx Abdullah – 1098 / 1686-1687 [10, c.VII, s.530-532], Bayəzid ibn Seyid Əhməd ibn Mürid – XI / XVII əsr [6, c.V, s.588], Zeynalabidin ibn Hüseyn Xadimbaşı Ərdəbili – nəstəliq, 1033 / 1623-1624 [10, c.V, s.403], Hacı Mahmud ibn Mövlana Həsən Ərdəbili – nəstəliq, 1041 / 1631-1632 [8, c.XV, s.4225], Məhəmməd Sadıq ibn Maqsud Əli Ərdəbili – nəsx, 1049 / 1639-1640 [8, c.XVI, s.671], Hüseyn Ərdəbili – nəstəliq, 1049 / 1639-1640 [15, c.II, s.161], Əli Əkbər Ərdəbili – nəstəliq, 1059 / 1649 [20, c.XX, s.326-328], Allahverdi Ərdəbili – nəsx, 1072 / 1662 [31, c.V, s.12], Məhəmməd Rəhim ibn Möhtəsib Ərdəbili – nəstəliq, 1076 / 1665-1666 [20,c.XXI, s.66-68], Məhəmməd Tahir ibn Məhəmməd Talib ibn Mirzə Hidayətullah Hüseyni Musəvi Ərdəbili – nəsx, 1079 / 1668-1669 [8, c.XVII, s.333], Məhəmməd Əli Ərdəbili – nəstəliq, 1081 / 1670 [31, c.XXI, s.136], Hacı Məhəmməd ibn Yadigar Əli Ərdəbili – nəstəliq, 1082 / 1671 [31, c.XIX, s.274], Məhəmməd Səfi Ərdəbili – nəstəliq, 1095 / 1683-1684 [31, c.XXI, s.136], Molla Sədr Əli Ərdəbili – nəstəliq, XI / XVII əsr [16, c.XII, s.203], Məhəmməd Əli ibn Mübrim ibn Məhəmməd Hüseyni Ərdəbili – nəsx, 1102 / 1690 [31, c.XVIII, s.36], Əbu-Turab ibn Abdullah Ərdəbili – nəsx, 1103 / 1692 [23, c.VI, s.92], Mahmud ibn Məhəmməd Saleh Hüseyni Ərdəbili - nəsx və nəstəliq, 1109 / 1698 [8, c.XIII, s.3449].
Ərdəbildə kitab sənətinin inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycanın digər bölgələrindən bu sahə mütəxəssislərinin buraya axışmasına gətirib çıxarmışdı.
Sədrəddin ibn Qazı Ruhullah ibn Qazı Sədrəddin Şirvani, XV əsr Osmanlı alimi Mühyiddin Həsən ibn Məhəmməd Çələbi Fənarinin bəlağət elmi haqqında yazdığı “Haşiyətül-mütəvvəl” adlı ərəbcə əsəri 975 / 1568-ci ildə Ərdəbildə nəstəliq xətti ilə istinsax etmişdir. 252 vərəqdən ibarət nüsxə İranın Qum şəhərindəki Mərəşi kitabxanasında 5161 şifrəsi ilə mühafizə edilir [31, c.XIII, s.368].
Səfəvi dövründə Ərdəbildə çalışan azərbaycanlı ziyalılardan biri də Məhəmməd Əmin Təbib Ordubadi olmuşdur. O, ixtisasca həkim olmasına baxmayaraq, istinsax sənəti ilə də məşğul olmuşdur. Onun 974-989 / 1566-1581-ci illərdə Ərdəbildəki Xocasultan məscidində nəstəliq xətti ilə tərtib etdiyi 151 vərəqlik fəlsəfə məcmuəsi zamanımıza qədər gəlib çatmışdır. Vaxtı ikən Nəsrəddin şah Qacarın (1848-1896) şəxsi kitabxanasına məxsus olmuş və üzərinə onun möhrü vurulmuşdur. Hazırda İran Milli Kitabxanasında 69 şifrəsi ilə saxlanan bu məcmuəyə Cəlaləddin Dəvvaninin, Qazı Cahanın və Həbibullah Şirazinin fəlsəfi mövzularda yazdıqları risalələr daxil edilmişdir [17,c.VII, s.65].
Seydi Əhməd ibn Mir Əhməd Xalxali, XVI əsr İran alimi Hafiz Evbehi Xorasaninin farsca lüğətçilik sahəsində yazdığı “Töhfətül-əhbab” əsərini 989 / 1582-ci ildə Ərdəbildə nəstəliq xətti ilə köçürmüşdür. Bu nüsxə Tehrandakı Dehxuda Lüğətnaməsi Qurumunun kitabxanasında 24 saylı əlyazma kimi qorunur [10,c.III, s.7].
Məhəmməd Bağır Vaiz Sufi Təbrizi, Mühyiddin İbnül-Ərəbinin “Füsusül-hikəm” adlı əsərinə Əbdürrəhman Caminin “Nəqdün-nüsus fi şərhi nəqşil-füsus” adı altında yazdığı farsca şərhi 1036 / 1627-ci ildə nəstəliq xətti ilə Ərdəbildə istinsax etmişdir. Həmin nüsxə Los-Anceles Universitetinin kitabxanasında M-211 şifrəsi altında saxlanır [11, c.XI-XII, s.91].
Əhməd ibn Bəyəhməd Xalxali, XIII əsr ilahiyyatçısı Seyid Mürtəza Ələmülhüdanın dini təriqətlər mövzusunda yazdığı “Təbsirətül-əvam” adlı farsca əsəri 1096 / 1685-ci ildə səliqəli nəsx xətti ilə Ərdəbildə istinsax etmişdir. 114 vərəqdən ibarət olan bu əlyazma Or. 2971 şifrəsi ilə Britaniya Milli Kitabxanasının mülkiyyətindədir [39, s.4].
Təkcə Azərbaycanın müxtəlif yerlərindən deyil, eyni zamanda Səfəvi dövlətinin digər vilayətlərindən də xəttatlar, naqqaşlar, nəssaxlar, cildçilər və başqaları gələrək Ərdəbildə çalışırdılar.
Sam mirzə Səfəvi Ərdəbil hakimi olduğu zaman onun xidmətində dayanan Şahmahmud Nişapuri 956 / 1549-cu ildə Ərdəbildə məşhur İran şairi Əbdürrəhman Caminin “Silsilətüz-zəhəb” əsərini nəfis bir şəkildə nəstəliq xətti ilə köçürmüşdür. 82 vərəqdən ibarət olan nüsxə yüksək səviyyədə hazırlanmış və müxtəlif ornamentlərlə bəzədilmişdir. Kitaba 6 miniatür əlavə edilmişdir. Bunlardan biri Səfəvi dövrünün məşhur rəssamı Sultan Məhəmməd tərəfindən çəkilmişdir və I Şah Təhmasibin ov mərasimini əks etdirir. Vaxtı ikən Ərdəbildəki Şeyx Səfi məqbərəsinin kitabxanasına məxsus olan və üzərinə I Şah Abbasın şəxsi möhürü vurulan bu əlyazma hal-hazırda Sankt-Peterburq şəhərindəki keçmiş Saltıkov-Şedrin adına kitabxanada saxlanır və Dorn kataloqunda 434 saylı nüsxə kimi qeydə alınmışdır [10, c.VIII, s.143; 44]. Bu həmin Şahmahmud Nişapuridir ki, I Şah İsmayılın sarayında fəaliyyət göstərmiş və Çaldıran döyüşü zamanı Sultan Səlimin əlinə keçməsin deyə, I Şah İsmauıl onu məşhur rəssam Behzadla birlikdə bir mağarada gizlətmişdi [27, s.37].
Seyfəddin Mahmud ibn Məhəmməd Müqim Gilani Təbib də Məhəmməd Əmin Ordubadi kimi Ərdəbildə çalışan həkimlərdən idi və eyni zamanda istinsax sənətinə də həvəsi vardı. Nəsx və nəstəliq xətləri ilə yazırdı. Onun 1103-1119 / 1692-1707-ci illər arasında Ərdəbildə tərtib etdiyi 79 vərəqlik tibbi məcmuə hazırda 667 şifrəsi ilə Mərəşi kitabxanasının mülkiyyətindədir. Bu məcmuəyə orta əsr təbiblərindən İmadəddin Mahmud ibn Məsud Təbib Şirazinin iki risaləsi, Əbu-Müslim Məhəmməd ibn Əbül-Məcid Təbib Kaşaninin və Əbu-Bəkr Məhəmməd ibn Zəkəriyya Razinin hər birinin bir əsəri daxil edilmişdir [31,c.II, s.260].
Şəmsəddin ibn İzzəddin Sufi Rüstəmdari – nəsx, 919 / 1513 [10, c.II, s.215], Borucərdli Məhəmməd ibn Əmir Əli əl-Hüseyni əl-Ərəbşahi – nəsx, 955 / 1548 [46, c.XXX, s.91-93], Məhəmməd Hüseyn ibn Rüstəm Astarabadi – nəsx və nəstəliq, 968 / 1560, Məhəmməd Qasım Həmədani – nəsx və nəstəliq, 968 / 1560 [36, c.I, s.277-279], Qasım ibn Haşım Hüseyni Astarabadi – nəsx, 977 / 1570 [10, c.III, s.417] də digər vilyətlərdən gələrək Ərdəbildə çalışan xətt sənətkarları olmuşlar [47].
Təəssüf ki, tanış olduğumuz bəzi nüsxələrin istinsax yeri kimi Ərdəbilin göstərilməsinə baxmayaraq, onları köçürən katiblərin adları qeyd olunmamışdır [8, c.VIII, s.171-173; 31, c.X, s.288; 31, c.XXI, s.218-220; 32, c.XXIX, s.468; 36, c.I, s.277; 42, c.II, s.4,120; 25, c.XIX, s.385-405].
Dövrün keşməkeşli hərbi-siyasi hadisələri üzündən Ərdəbil xəttatlıq məktəbinin bəzi nümayəndələri öz vətənindən ayrı düşmüş, fəaliyyətlərini başqa diyarlarda davam etdirməli olmuşlar. Məsələn, I Sultan Səlim 1514-cü ildə Təbrizi fəth edərkən ərdəbilli xəttat Zəhir Kəbiri özü ilə bərabər Ruma aparmışdır [1, s.141]. Türkiyədə yaşayıb-yaratmış Həbib Əfəndi İsfahani (1835-1894) özünün “Xətt və xəttatan” əsərində süls və nəsx xətlərinin məşhur ustadları sırasında onun adını çəkir: “Zəhir Kəbir – Ərdəbilidir. Sultan Səlim fəthi-Təbrizdə onu Şah Qasım (təbrizli xəttat – N.M.) ilə bərabər Ruma gətirmişdir. Ənvayi-qələmdə ustad və Qazızadə deyə məşhur idi. İbn-Xəllikanın tarixini farsiyə tərcümə edən budur. Doqquz yüz otuz birdə (miladi 1524-25 – N.M.) vəfat eylədi. Ədəbiyyat və sair ülumi-fünunda binəzir idi” [22, s.62-63]. Zəhir Kəbirin atası Üveys 50 il ərzində Ərdəbilin qazısı olmuşdur [34, c.I, s.108]. Zəhir Kəbir xəttatlığı Ağqoyunlu dövlətinə uzun illər boyunca xidmət göstərən İdris Bitlisidən öyrənmiş və Osmanlı xidmətində ikən gündəlik 80 axça (dirhəm) maaş almışdır. Gözəl xəttə malik olduğu üçün I Sultan Səlim ərəb ölkələrini fəth etdikdən sonra qonşu ölkələrə göndərdiyi zəfərnamələri ona yazdırmışdı. Təxəllüsü Lətifi idi. 1523-cü ildə Əhməd paşa ilə birlikdə Misirə göndərilmiş, lakin orada Əhməd paşanın qaldırdığı qiyama qoşulduğu üçün edam edilmişdir [12, s.192]. Zəhir Kəbir, İbn-Xəllikanın ərəbcə yazdığı tarixi əsəri farscaya tərcümə etməsindən savayı, özü I Səlimin tarixini yazmışdır. Ümumiyyətlə, o, 8 əsərin müəllifidir. Xəttatlıq sənətinin mahir ustası olmaqla yanaşı, həm də tarixçi, fəqih, astronom, münşi və şair olmuşdur. Müəyyən mənbələrə görə, o, 20 rəbiüssani 930 / 26 fevral 1524-cü ildə qətlə yetirilmişdir [34, c.II, s.189].
İsfahan şəhəri Səfəvi dövlətinin paytaxtına çevrildikdən sonra bəzi ərdəbilli ziyalıların oraya gedərək yerləşdiklərinə şahid oluruq. XVII əsrin ortalarında İsfahandakı Səfəviyyə mədrəsəsində çalışan Məhəmməd Tağı ibn Məhəmməd Saleh Ərdəbili onlardan biridir. Onun 1057-1058 / 1647-1648-ci illərdə nəsx və nəstəliq xətləri ilə istinsax etdiyi əlyazmalar dini məzmunlu olub, hazırda İranın Mərəşi və Sipəhsalar (Mütəhhəri) kitabxanalarında saxlanmaqdadırlar [6,c.V, s.119; 31, c.XI, s.274].
XVII yüzillikdə bəzi ərdəbilli katiblərin müsəlman şərqinin digər ölkələrinə dəvət edilirdiyini görürük. Onlardan biri də XVII əsrdə Hindistanda çalışan Məhəmməd Saleh ibn Hacı Bərxurdar Ərdəbili idi. O, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərini 1052 / 1642-1643-cü ildə Heydərabad şəhərində nəstəliq xətti ilə köçürmüşdür. Həmin nüsxə F-2268 şifrəsi ilə İran Milli Kitabxanasının mülkiyyətindədir [17, c.V, s.385].
Əbu-Talib ibn Hüsaməddin Ərdəbili də Hindistanın Heydərabad şəhərində çalışmış və İbn-Sinanın tibb elmi barədə ərəbcə yazdığı “Qanun” əsərini 1072-1074 / 1661-1663-cü illərdə orada şikəstə-nəstəliq xətti ilə yazıya almışdır. Hazırda bu nüsxə 6089 şifrəsi ilə İranın Məclis kitabxanasında qorunur [20,c.XXII, s.71].
Nəticə etibarilə, Ərdəbilin Səfəvilər dövründə təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın və Orta Şərq regiounun mühüm mədəniyyət mərkəzlərindən birinə çevrildiyini ifadə edə bilərik. Araşdırmalarımız zamanı həmin dövrdə yaşayan, ərdəbilli olan və ya Ərdəbildə fəaliyyət göstərən 70-dən artıq xəttat və nəssaxın adları müəyyənləşdirilmişdir. Ərdəbildə və ya ərdəbilli katiblər tərəfindən istinsax edildiyi məlum olan 80-ə yaxın nüsxə haqqında məlumatlar toplanmışdır. Ədəbi-bədii, dini, təbabət, dilçilik, fəlsəfə, tarix, astronomiya, əxlaq, hikmət, bioqrafiya, riyaziyyat və s. mövzulara aid olan bu nüsxələr hazırda müxtəlif ölkələrin – Azərbaycanın, İranın, Türkiyənin, İraqın, Misirin, Rusiyanın, İngiltərənin, ABŞ-ın və s. ölkələrin kitab fondlarında və kolleksiyalarında mühafizə edilməkdədirlər. Ərdəbil xəttatları əsasən nəstəliq və nəsx xətləri ilə yazmağa üstünlük vermişlər. Ərdəbil məktəbinin nümayəndələri tərəfindən hazırlanan kitablarda istər Şərq (əsasən, Səmərqənd və İsfahan), istərsə də Avropa istehsalı olan kağızlardan istifadə edilmişdir. Kitabların dəri cildləri çox zaman medalyonlar və müxtəlif naxışlarla bəzədilmişdir. Azərbaycanın və İranın müxtəlif bölgələrindən xəttatlar gəlib Ərdəbildə çalışdıqları kimi, bəzi ərdəbilli xəttatların da 1598-ci ildən etibarən Səfəvilərin paytaxtı olan İsfahanda, həmçinin Türkiyədə və Hindistanda fəaliyyət göstərdiklərinə şahid oluruq. Heç şübhəsiz, araşdırdığımız mövzu üzərində tədqiqatlar dərinləşdikcə Ərdəbil xəttatlıq məktəbi və kitabçılıq sənəti nümayəndələri haqqında daha geniş məlumatlar ortaya çıxacaqdır.
İstifadə olunmuş ədəbiyyatın siyahısı:
1. Adilov M.M. Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2010, 224 s.
2. Araç Ü. Fuzûlî’nin Leylâ ve Mecnun Mesnevisinin Resimli Örnekleri. Yüksek Lisans Tezi. Ankara: Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü, 2007.
3. Бретаницкий Л.С., Веймарн Б.В. Искусство Азербайджана IV-XVIII веков. Москва: Издательство «Искусство», 1976 - http://ebooks.azlibnet.az/book/Uodrg4qK.pdf(18.10.2016)
4. Calligraphers and Painters. A Treatise by Qâdî Ahmad, son of Mîr Munshî (circa A.H. 1015 / A.D. 1606). Translated from the Persian by V.Minorsky. Washington: Smithsonian Institution, 1959.
5. Daneşpəjuh M.T. Fihristi-kitabxaneyi-əhdayiyi-Ağayi-Seyid Məhəmməd Məşkuh be kitabxaneyi-Daneşgahi-Tehran. III c., III bəxş. Tehran: Çapxaneyi-Daneşgahi-Tehran, 1355.
6. Daneşpəjuh M.T., Münzəvi Ə.N. Fihristi-Kitabxaneyi-Sipəhsalar. V c. Tehran: Çapxaneyi-Daneşgahi-Tehran, 1977.
7. Daneşpəjuh M.T. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-Daneşkədeyi-Ədəbiyyat (məcmueyi-vəqfiyi-cənab Ağayi-Əli Əsğər Hikmət). I c. Tehran: Çapxaneyi-Daneşgah, 1341.
8. Daneşpəjuh M.T. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-mərkəzi və mərkəzi-əsnadi-Daneşgahi-Tehran. Tehran: İntişarati-Daneşgahi-Tehran, XIII c. (1340), XV c. (1345), XVI c., XVII c. (1364).
9. Daneşpəjuh M.T. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-Daneşkədeyi-Hüquq və Ülumi-Siyasiyo-İqtisadiyi-Daneşgahi-Tehran. I c. Tehran: Çapxaneyi-Daneşgah, 1339.
10.Daneşpəjuh M.T., Əfşar İ. Nüsxəhayi-xətti. Tehran: İntişarati-Daneşgahi-Tehran, II c. (1341), III c. (1342), IV c. (1344), V c. (1346), VII c. (1353), VIII c. (1358).
11.Daneşpəjuh M.T., Hakimi İ. Nüsxəhayi-xətti. XI-XII c. Tehran: İntişarati-Daneşgahi-Tehran, 1362.
12.Dədəyev B. Osmanlı dövlətində yaşamış azərbaycanlı xəttatlar (XV əsrin II yarısı – XVI əsr) // Journal of Qafqaz University (History, Law and Political Sciences). Volume 1, Number 2. Baku, 2013, p.185-202.
13.Эфендиев О.А. Азербайджанское государство Сефевидов в XVI веке. Баку: «Элм», 1981.
14.Əfəndi R. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb, 2007 - http://ebooks.azlibnet.az/book/rebZK2EC.pdf(18.10.2016)
15.Əfşar İ, M.T.Daneşpəjuh və d. Fihristi-kitabxaneyi-Milliyi-Məlik vabəste be Astani-Qüdsi-Rizəvi. I-XII c. Tehran: İntişarati-Kitabxaneyi-Milliyi-Məlik, 1352-1376.
16.Əfşar İ., Daneşpəjuh M.T., Münzəvi Ə.N., Münzəvi Ə. Fihristi-Kitabxaneyi-Məclisi-Şurayi-Milli. XII c. Tehran: Çapxaneyi-Məclis, 1346.
17.Ənvar S.A. Fihristi-nüsəxi-xəttiyi-Kitabxaneyi-Milliyi-İran. Tehran: İntişarati-Kitabxaneyi-Milli, I c. (1365), V c. (1365), VII c. (1379).
18.Əzimi H. Fihristi-nüsəxi-xəttiyi-Kitabxaneyi-Milliyi-Cümhuriyyi-İslamiyi-İran. XIII c. Tehran: İntişarati-Kitabxaneyi-Milli, 1375.
19.Gülmuğanizadə-əsl M., Yusifi H. Bastanşinasi və tarixi-hünəri-büqeyi-Şeyx Səfiəddin Ərdəbili. Ərdəbil: İntişarati-Nikamuz, 1384.
20.Hairi Ə.H. Fihristi-Kitabxaneyi-Məclisi-Şurayi-Milli. Tehran: Çapxaneyi-Məclis, VIII c. (1346), XIII c. (1352), XX c. (1348), XXI c. (1348).
21.Hairi Ə.H, S.İ.Dibaci. Fihristi-kitabxaneyi-Məclisi-Şurayi-İslami. X c. Tehran: Çapxaneyi-Məclis, 1347.
22.Həbib. Xətt və xəttatan. Qüstəntiniyyə: Mətbəəyi-Əbüzziya, 1306.
23.Hüseyni Əşkəvəri S.Ə. Fihristi-nüsxəhayi-xəttiyi-Mərkəzi-Ehyayi-Mirasi-İslami. VI c. Qum: Çapi-Sərvər, 1383.
24.Hüseyni Əşkəvəri S.C., Hüseyni Əşkəvəri S.S. Fihristi-nüsxəhayi-əksiyi-Mərkəzi-Ehyayi-Mirasi-İslami. I c. Qum: Çapi-Sitare, 1377.
25.İrfaniyan Q.R. Fihristi-kütübi-xəttiyi-kitabxaneyi-mərkəzi və mərkəzi-ənadi-Astani-Qüdsi-Rizəvi. XIX c. Məşhəd: İntişarati-Sazmani-Kitabxaneha, Muzeha və Mərkəzi-Əsnadi-Astani-Qüdsi-Rizəvi, 1379.
26.Кази-Ахмед. Трактат о каллиграфах и художниках (перевод и предисловиеБ.Н.Заходера). Москва:Издательство «Искусство»,1947.
27.Kazimi P. Səfəvilər dövründə Azərbaycanda kitabxana işi. Bakı: BDU nəşriyyatı, 2008.
28.Qasımov X.S. Azərbaycan və islam mədəniyyəti (XV-XVII əsrlər) // Tarix və onun problemləri. No. 1. Bakı, 2014, s.285-290.
29.Qumi Q.Ə. Gülistani-hünər (be ehtemami: Ə.S.Xansari). Tehran: Kitabxaneyi-Mənuçehri, 1359.
30.Məmmədova Ş.K. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi. Bakı: Elm, 1991.
31.Mərəşi S.M., Hüseyni S.Ə. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-ümumiyi-Həzrəti-Ayətullahülüzmayi-Mərəşi Nəcəfi. Qum, II c., III c., V c., XI c. (1365), XIII c. (1365), XV c. (1367), XVIII c. (1368), XIX c. (1369), XXI c. (1372),
32. Mərəşi S.M. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-bozorgi-Həzrəti-Ayətullahülüzmayi-Mərəşi Nəcəfi. XXIX c. Qum: Çapi-Sitare, 1380.
33.Mərəşi S.M., Əmini M.H. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-bozorgi-Həzrəti-Ayətullhülüzmayi-Mərəşi Nəcəfi. XXXIV c. Qum: Çapi-Sitare, 1385.
34.Musəvi F. Tarixi-Ərdəbil və daneşməndan. I c. Ərdəbil: İntişarati-Şeyx Səfiəddin, 1378; II c. Məşhəd: Çapxaneyi-Xorasan, 1358.
35.Münzəvi Ə.N. Fihristi-kitabxaneyi-əhdayiyi-Ağayi-Seyid Məhəmməd Məşkuh be kitabxaneyi-Daneşgahi-Tehran. II c. Tehran: Çapxaneyi-Daneşgah, 1332.
36.Münzəvi Ə. Fihristi-nüsxəhayi-xəttiyi-Mərkəzi-Dairətül-Məarifi-Bozorgi-İslami. I c. Tehran: Sazmani-Çap o İntişarati-Vəzarəti-Fərhəng o İrşadi-İslami, 1377.
37.Нагиева Дж. М. Каталог персидских рукописей (Национальная Академия Наук Азербайджана. Институт Рукописей им. Мухаммеда Физули). Том III. Баку: «Нурлан», 2007.
38.Özgüdenli O.G. Şeyh Safîu’d-Dîn Erdebilî’nin Türbesinde Bulunan Kitaplar // Marmara Üniversitesi Fen-Edebiyat Fakültesi Türklük Araştırmaları Dergisi. Sayı: 10. İstanbul, 2001, s.43-56.
39.Rieu C. Supplement to the Catalogue of the Persian Manuscripts in the British Museum. London: British Museum, 1895.
40.Şeyxülhükəmayi E. Fihristi-əsnadi-büqeyi-Şeyx Səfiəddini-Ərdəbili. Tehran: Kitabxane, muze və mərkəzi-əsnadi-Məclisi-Şurayi-İslami, 1387.
41.Tərbiyət M.Ə. Daneşməndani-Azərbaycan. Tehran: Mətbəəyi-Məclis, 1314.
42.Ustadi R. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-Mədrəseyi-Feyziyyeyi-Qum. I-II c. Qum: Çapxaneyi-Mehr, 1396 q.
43.Ustadi R. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-Mədrəseyi-Mərviyi-Tehran. Qum: Çapxaneyi-Xəyyam, 1371.
44.Васильева О.В., Ястребова О.М. Произведения Джами в книжном искусстве (по материалам Отдела рукописей Российской национальной библиотеки), http://expositions.nlr.ru/ex_manus/jami/publ.php(Rusiya Milli Kitabxanasının rəsmi saytı; 18.10.2016)
45.Vilayəti Ə.Ə. Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Tehran: Əl-Huda, 1998.
46.Xoyi Ə.S., Hairi Ə.H. Fihristi-nüsxəhayi-xəttiyi-kitabxaneyi-Məclisi-Şurayi-İslami. XXX c. Qum: Mərkəzi-Mütaliat o Təhqiqati-İslami, 1376.
47.http://aghabozorg.ir(İran Mədəniyyət və Maarif Nazirliyinin əlyazma kitablarla bağlı rəsmi saytı; 18.10.2016)
48.http://yazmalar.gov.tr(Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əlyazma kitablarla bağlı rəsmi saytı; 18.10.2016)