BÜTÖV AZƏRBAYCAN OCAQLARI
TANRIÇILIQ FƏLSƏFƏSİ (I yazı)

20:21 / 15-04-2017   /   baxış - 272

Faiq ƏLƏKBƏRLİ

Fəlsəfə üzrə fəlsəfə doktoru

Hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Ən yaxşı halda Türk düşüncəsi İudaizm, Buddizm, Zərdüştizm, Xristian, İslam kimi dini-fəlsəfi təlimlərin, mədəniyyətlərin müəyyən bir tərkib hissəsi kimi verilərək, onun müstəqil varlığından isə qətiyyən bəhs olunmur. Məsələn, Hind fəlsəfi təlimi buddizmə, Çin fəlsəfi təlimi konfusiliyə, Yunan fəlsəfi təlimi  kosmologiyaya, İran/Fars fəlsəfi təlimi zərdüştlüyə türk bilgələrin hər hansı əlavələrinin, şərhlərinin olması haqqında bilgilər verildiyi halda, müstəqil bir Türk dini-fəlsəfi təlimin adı çəkilməmişdir. Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb də, ancaq həmin dini-fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olmuşdur. Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk fəlsəfəsinin, türk filosoflarının adları Orta əsrlərdə çəkilir ki, onların özləri də əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər.

Əski Türk düşüncəsi, Türk dünyagörüşü Tanrıçılıq (Göy Tanrı) fəlsəfəsiylə bağlıdır ki, onun da Sami, Yunan, Çin, Hind-İran, Misir fəlsəfələrindən daha öncə var olmasına qətiyyən şübhə etmirik. Hər halda Turan-Türk uluslarından hesab olunan, m.ö. IV minillikdə İkiçayarasında mövcud olmuş Sumer sivilizasiyasının varlığı da Turan/Türk kosmoqoniya­sının İran, Çin, Hind, Misir kosmoqoniyalarından qədimliyinə dəlalət edir. Sumerlərdə və digər Turani qövmlərdə görünən Göy Tanrı dininin (Göy Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması, üstəlik onlara təsir göstərməsi yavaş-yavaş dünya elmində də qəbul olunmaqdadır. Eyni zamanda Türklərin Sumerlərdən öncə və Sumerlər dövründən indiyə qədər şüurlarında yaşat­dıqları “Ana haqqı – Tanrı haqqı”, “Tanrı haqqı”, “Göy haqqı”, “Su haqqı”, “Torpaq haq­qı”, “Yer haqqı”, “Günəş haqqı” anlayışları, eləcə də ailə­də ataya, ağsaqqala sonsuz hörmət, ailə törəsi, el törəsi, atalar sözləri də Tanrıçılıq fəlsəfəsiylə sıx şəkildə bağlıdır.

Tanrıçılıq ideyası Sumerlərə qədər mövcud olmuş, Türk soylu ya da Türklərlə başqa bir xalqın qaynayıb qarışması olan Sumerlər də bu fəlsəfəni m.ö. IV-III minilliklərdə davam etdirmişlər. Hər halda Tanrıya “Dingir” deyən Sumerlərlə, Tanrıya “Cingir baba”, yəni Tanrı baba deyən əski Azərbaycan türkləri arasında yalnız dil qohumluğu deyil, dini-mənəvi eynilik də düşündürücüdür. Prototürk Subarlar isə Tanrıya Tenger demişlər. Türklərin, o cümlədən Azərbaycan türklərinin baş tanrı Tenqri/Dingirlə yanaşı Turan, Turkan, Tork, Turuk, Aras, Baba, Asar, Kuer, Qut, Qaşqay, Günəş kimi iyəadları da olmuşdur. Ümumilikdə, “Tanrı” ilə “Göy Tanrı” kəlimələri Türk xalqlarında müxtəlif şəkillərdə (dingir, tenqri, tanrı, tarı, tenqri və b.) səslənsə də mahiyyət birdir. Türkiyə və Azərbaycan türkləri baş tanrıya Tan­rı, altaylar və şorlar tenqri, xaqaslar tiqir, şumerlər din­qir, yakutlar tanqara adlandırmışlar.

Tanrının sinonimi olan Dinqir sözünə, “Dinqir Rusaşe” şəklində Urartu mixiyazılı kitablarında rast gəlirik. Görünür, “Dinqir Rusaşe” Tanrı Rusanın ya da Tanrı Uruzun övladları anlamındadır. Digər tərəfdən Urartu çarlarının adı olan Rusa adı Uruz şəklində Tanrı adına sinonim kimi eyniləşdirilməklə yanaşı, o da iddia olunur ki, Uruz m.ö. I minillikdə etrusk tayfa ittifaqının sevgi və incəsənət tanrısı, Turan isə ilahəsi idi.

Bizcə, Türk və Tanrı sözlərində də yaxınlıq, doğmalıq vardır. Avestada adı keçən turanlı Dureketay Turuq-taydır ki, onu da Tenqritay/Taqritalyla eyniləşdirmək mümkündür. Tenqri, Tanrı  və Türük sözlərinin doğmalığı Türk şəxs adlarında da öz əksini tapmışdır.

Ziya Bünyadov «Tanrı» və «Göy Tan­rı» anlayışları ilə bağlı yazırdı ki, bugünkü Orta Asiya türk şivələrinin əksəriy­yətində tenqri «Tanrı» və «Göy» mənalarını ifadə edir. Onun fik­rincə, Türkiyə türkcəsində isə, bu söz (olduqca qədimləşmiş) yalnız «Allah» mənasında işlənmişdir: «Orxon-Yenisey ki­ta­bələr­ində Tenqri daim ilahi bir qüdrət kimi göstərilir: onun iradəsi ilə kaan (xaqan, hökmdar) iqtidara gəlir və şəx­sən bu hökmdar Tenqri kimi və Tenqri doğumludur və Tenqri tərəfindən yaradılmışdır. Tenqri türk xalqını qoru­yur, onun milli varlığı, daimliyini təmin edir və türk bəy­lə­rinin düşmən üzərində qələbə çalmalarını dəstəkləyir. Bu si­fətilə, xüsusən türklərin hamisi olaraq türk Tenqrisi adlanır».

Türk-Azərbaycan etnoqonik miflərinin birində də göstərilir ki, Uğuz-Oğuz Tanrını qəbul etməyən atasına qarşı çıxmış və yer üzündə tək tanrıçılığı – Göy Tanrıya inamı yaymışdır. Əslində Uğuzun/Oğuzun digər bir adının Buğa/Öküz/Okuz xan olması da bunu təsdiq edir. Oğuz dastanına görə də ilk Türk hökmdarlarından biri olan Buğuhan tək Tanrıçılıq dinini təsis etmişdi. F.Rə­şi­dəddin də yazır ki, tanrıçılıq dinini Oğuz xan for­ma­laşdırıb və türklər arasında yayıb. Oğuz xan dastanına görə, türklər həmişə tək Tanrıya ya da Göy Tanrıya inanmış, çoxallahlı olmamışlar. Şamanizm və Maniçilik kimi digər Uzaq Doğu kökənli dinlər Türklər arasında kiçik zümrələr xaricində heç bir zaman yayğınlıq qazanmamışdır. F.Ağasıoğlu yazır: “Özlərini təbiətin yavrusu sayan türklər, özəlliklə bozqır türkləri hər bir təbii varlığın yiyəsi olduğuna inanır, onlara öz qamları vasitəsilə münasibət bildirir, ancaq bütün varlığın yaradıcısı kimi bir Tanrıya (Tenqri) tapınırdılar. Sumerlərin də dinqir dediyi bu teonim həm Tanrını, həm də onun simvolu olan Göyü (səmanı) bildirirdi”. Emin əl-Razi, İbn Fadlan kimi müəlliflərə görə də, Türklər, o cümlədən xəzərlər bir Tanrıya tapınırıdlar.

Çox güman ki, türklərdə Tanrı, Tanrıçılıq ideyası ya da fəlsəfəsi formalaşana qədər mifik-dini təfəkkürün bəlli inkişaf dövrlərindən keçmişdir. Hər halda  Tanrı ideyasının müəyyən təka­mül prosesinin məhsulu olması artıq çoxlarında şübhə doğurmur. Bu anlamda Tanrıçılıq fəlsəfəsi Türk dini-mifik təfəkkürünün yekun nəticəsidir. Nizami Cəfərov yazır: «Tanrıçılıq dünyagörüşünün müəyyən­ləş­məsi ilə ona qədərki bütün etnik-ideoloji idrak formaları tan­rıçılığa tabe olur, mifologiya bundan sonra məhz bu mü­kəm­məl dünyagörüş­ünün (tanrıçılığın) «məntiqi» ilə yaşayır, onu tamamlayır və qədim türk cəmiyyətində kütləvi düşün­cə­dən fərqli olaraq, «professional» düşüncə (yuxarı silkin, cəmiyyətin yüksək təbəqələrinin düşüncəsi) daha çox tan­rı­çılığa əsaslanır». Onun fikrinə görə, Tanrı – göylər aləmi ilə bağlıdır, lakin Türkün yaşadığı torpağın da, cəmiyyətin də, qəbilənin də taleyini Tanrı müəyyənləşdirir: «Əgər Tanrı is­tə­məsə, kimsə türk cəmiyyətinin hökmdarı (kağanı) ola bilməz. Ona görə də türklərdə hökmdar kultu möv­cud olmuş, hətta tanrıçılığın tənəzzülündən sonra da ya­şa­mışdır».

XIX-XX əsrlərdə Tanrıçılıqla bağlı dini-fəlsəfi inanclar Avropa və Rusiya elmində daha çox “şamanizm” ya da “qamlıq” kimi verilməyə çalışılmışdır. Özəlliklə, Avropa alimləri tərəfindən “şamanizm” adlandırılan, ancaq əski dönəmlərdə qamların fəlsəfi dünyagörüşünü əks etdirən biliklər Tanrıçılıqdan başqa bir şey deyildir. Başqa sözlə, “Qam” ya da “Şaman” Tanrıçılıq dinində “filosof” rolunu oynadığı üçün, bu dini Qamlıq ya da Şamanizm adlandırmaq yanlışdır. Birincisi, Tanrıçılığı təbliğ edən “şaman” deyil, Qam olmuşdur. Bu baxımdan indi “şamanizm” kimi qələmə verilən dini-mifoloji inanclar daha çox Qamların təbliğ etdiyi Tanrıçılıqla bağlıdır. Bu anlamda türk filosofu Hilmi Ziya Ülken doğru qeyd etmişdir ki, əski Türklər dini rəislərinə “toyon”, sehirbazlara “kam” dedikləri halda, avropalılar bu kəliməni “şaman” olaraq almışlardır: “Sehir, dinin ziddi qiymətlərə malikdir: Əski Türk dini sağı, şamanizm solu uğurlu sayırdı. Din sağdakı erkəyə, şamanizm soldakı qadına qiymət verirdi. Bundan dolayı “kam”lar ya həqiqətən qadınlardır; yaxud da  qadın qiyafətinə girmiş və bütün hərəkətlərində onu təqlid edən erkəklərdi. Şaman bir növü ibtidai təbib və texnikdi: sinir xəstəliklərini müalicə edər; yağmur, hasad, bərəkət üçün  sehirli tədbirlər alır; sehirbazlıq və kahinlik yapardı. Kamlar, əllərində, rəqs və ayin əsnasında qamçılar buludururdular. Kəlimə də göstərir ki, bu alət qamlara, yəni Şamanlara məxsusdur”.

Bizcə, Tanrıçılıq dini-fəlsəfi təlimini Avropalılar əski Türk dünyagörüşünü dar anlamda “şamanizm” adlandırıb ona kölgə salmağa çalışsalar da, zamanla əski Türk fəlsəfəsinin daha geniş anlamda Tanrıçılıqla bağlı olması ortaya çıxmaqdadır. Məhz bütün türk xalqlarının əski dünyagörüşünü özündə əks etdirməsi anlamında Azərbaycan türk bilginlərindən tanınmış alim, türkoloq Cavad Heyət də bir­mə­nalı şəkildə iddia edir ki, türklər qədim dövrlərdə “şamanizm”ə, “totemizm”ə deyil, məhz təktanrıçı təlim olan Göy Tanrı dininə inanmışlar. Digər tərəfdən Tanrıçılıq fəlsəfəsini təbliğ edənlər Qamlar idilər ki, «əski türklərdə Kam və ya Qam ruhani mənasına gəlir, lakin şaman sözü hind-avropalı bir termindir». Ona görə də, Ümit Hassanın yazması ki, şamanlıq/qamlıq arxaik kökə dayanır, dünyanın inkişafı baxımından mədəniyyətin olmadığı tarix öncəsinə, yəni tarixi sivilizasiyanın doğuşundan çox-çox əvvəllərə – 20 və ya 25 min il öncəyə aiddir, burada ancaq Tanrıçılıq fəlsəfəsinin ilkin dövründən bəhs oluna bilər. Çünki bu müəllifə görə, qədim türklərin fəlsəfəsi əsasən Tanrıçılıqda öz əksini tapmışdır ki,  «Tenqri» kəlməsi də əvvəlcə göyü, sonra isə bəzi fonetik dəyişikliklər nəticəsində Tanrını ifadə etmişdir. Türklərdə, bir çox hallarda göyün Tanrı, yaxud səma, mavinin isə Yer mənasında işlədilməsinə rast gəlinir. Məhz bunları daha dərindən dərk edən Hikmət Tanyu da göstərmişdir ki, əski Türklərin dini-fəlsəfi təlimi olaraq “şamanizm” ya da “totemizm” deyil Tanrıçılıq olmuşdur.



TÜRK HALK İNANCINDA IŞIK VE YA KURT KULTU DESEN SANATINDA
22:10 / 12-06-2017
Faiq Ələkbərlinin yeni kitabının təqdimat mərasimi keçirilib
21:57 / 12-06-2017
Türkiyə çempionu "dünyanın ən çox tərəfdarı olan türk komandası Traktorsazi" ilə yarışacaq
14:36 / 08-06-2017
“Buta”, yaxud Türk xalçaçılığının hikmət xəzinəsi
23:13 / 02-06-2017
Faiq Ələkbərlinin Tanrıçılığa aid kitabı nəşr olundu
20:41 / 16-05-2017
Ankarada Türk Dünyası şairlər görüşü
21:26 / 15-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya keçiriləcək
20:07 / 27-04-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək
22:17 / 20-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək
22:24 / 29-03-2017
İstanbulda da Bütöv Azərbaycan tonqalı yandırıldı
23:17 / 18-03-2017
ƏTABƏTÜL - HƏQAYİQ” ƏSƏRİ VƏ XII ƏSR TÜRKLƏRİNİN ETNOQRAFİK LEKSİKASI
22:35 / 12-08-2016
Faiq Ələkbərov “Türk Yurdu” dərgisində Turan Sivilizasiyasından yazdı
23:05 / 06-04-2016
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi 2016-2017-ci tədris ili üçün birinci sinifə şagird qəbulu elan edib.
15:15 / 29-03-2016
Baharın tarixi anı - FİLM
23:33 / 17-03-2016
Turan Sivilizasiyası: mifdən gerçəkliyə doğru – II yazı
23:09 / 12-01-2016
Gög Tenqri – Mavi Səma Ölkəsi
21:23 / 03-12-2015