BÜTÖV AZƏRBAYCAN OCAQLARI
ƏTABƏTÜL - HƏQAYİQ” ƏSƏRİ VƏ XII ƏSR TÜRKLƏRİNİN ETNOQRAFİK LEKSİKASI

22:35 / 12-08-2016   /   baxış - 516

XI-XII əsr türk yazılı abidələrinin içində diqqəti cəlb edən əsərlərdən biri də “Ətabətül- həqayiq” əsəridir. Ədib Əhməd ibn Mahmud Yuqnəki tərəfindən qələmə alınan və əxlaqi- fəlsəfi traktat xarakteri daşıyan əsər nüsxələrdən birində qeyd olunduğu kimi Kaşğar dilində qələmə alınmışdır. Müəllifi haqqında geniş məlumat verilməyən, lakin islam- türk mühitinin ən dəyərli nümunəsi kimi dəfələrlə üzü köçürülən və mövzu baxımından “Kutadgu Bilig” və “Divani-Hikmət” əsərləri ilə paralellik təşkil edən əsər haqqında ilk məlumatı Nəcib Asim vermişdir. 1906-cı ildə ilk dəfə əsərin bir qismini çap etdirən N.Asım, 1918 ci ildə əsəri bütövlüklə, faksmile və tərcüməsi ilə birlikdə nəşr etdirmiş, daha sonralar isə əsərin bir digər nüsxəsinin də mövcud nüsxə ilə müqayisəli tədqiqini aparmışdır. [1.] Əsər haqqında M.F.Köprülü, J.Deni, V.Radlov, T.Kovalski də tədqiqatlar aparsa da, onların yazıları N.Asım nüsxəsinə əsaslanmışdır. R.R. Aratın geniş tədqiq etdiyi əsərin yazılma tarixi “Divani-Hikmət” kimi mübahisələrə səbəb olmuşdur. R.R.Arat əsərin XIII əsrin I yarısında yazıldığını irəli sürür. Lakin XI əsr nümunəsi olan “Kutadgu Bilig” və “Ətabətül Həqaiq” əsərlərini müqayisə etdik də bu fikrin yalnış olduğunu, əsərin XII əsr nümunəsi olduğunu görə bilərik. Bayatka şükür kıldı ögdi öküş Ayur ay idim sen bagırsak küsüş [K.B.] İlahi öküş hamd ayur men saῆa Seniῆ rahmetiῆdin umar men oῆa [Ə.H.] Bundan başqa, “Ətabətül- Həqaiq” əsərində təsadüf olunan “unarça ayayın yarı bir maῆa” misrasındakı “unarça” sözünü XII əsr yazılarından sonra təsadüf olunmur. “Kutadgu Bilig”əsərinə nəzər saldıqda “unarça” sözü ilə eyni kökdən olan “unur” feline görə bilərik: “Serinse kişi tegme işte unur”- “İnsan səbr dərsə, hər işdə müvəffəq olar” [K.B] Beləliklə, sözün “u” (muktədir, qadir olmaq) felindən törədiyini görə bilərik. “Ətabətül Həqaiq əsərində “Alah”ın adı ilə bağlı yer alan “Bayat, İdi, Törütgen” (Bu kudret İdisi ilig bir Bayat, [3.19]; Törütgen İdi, [3.121];) sözləri də M.Kaşğarinin “Divanu-Luğat-it-türk”, Ə.X.Hacibin “Kutadgu Bilig” və “Ətabətül-Həqaiq” əsərlərindən başqa, sonrakı dövrlərə aid bədii nümunələrdə təsadüf olunmur. Əlbəttə belə çoxsaylı nümunələrə əsasən əsərin XII əsrə aid olduğunu deyə bilərik. Ə. Nəcib də əsərin dili ilə bağlı apardığı tədqiqat da bu fikri bir daha təsdiqləyir: «Türk dillərinin d qrupuna aid olan abidənin dili qrammatika və leksika baxımından çox qədimdir. belə ki, onda təsirlik forma şəkilçisi -ig deyil,-ni`dir. Alət halı qədim forma və mənasını saxlayır. Üçüncü şəxsin təkində xəbərlik şəkilçisi -ol şəxs əvəzliyi ilə üst-üstə düşür. Demək olar ki, bu abidənin dili "Kutadqu Bilik"in yazıldığı qarluq- uyğur dilindən, sonradan Orta Asiyanın ədəbi dili kimi formalaşan qədim özbək dilinə keçid rolu oynayır.» [4.47] Bir maraqlı fakt isə əsərin nüsxələri ilə bağlıdır. Əsərin ən qədim və ən yaxşı yazılmış nüsxəsi İstanbul Ayasofya kitabxanasında saxlanılan Səmərqənd nüsxəsidir. XV əsrin sonlarına doğru Osmanlı dövlətinə gətirilən nüsxə xəttat Zeynalabdin ibn Sultanbaxt Hüseyn Cürcani tərəfində uyğur əlifbası ilə qələmə alınmışdır. Uyğur hərflərinin ərəb yazı stilinə uyğunlaşdırılması ilə yazılan bu nümunə R.R.Aratın fikrincə, “uyğur dövrü və arealında bugünə qədər təsadüf edilməyən bir yazı şəklinə sahibdir.” [3.20] Əsərin ikinci nüsxəsi isə Ayasofya nüsxəsidir və Səmərqənd nüsxəsindən üzü köçürülmüşdür. Bu nüsxə digərindən fərqli olaraq iki əlifba ilə - uyğur və ərəb əlifbaları ilə qələmə alınmışdır. Bundan başqa Türkiyə kitabxanalarında mövcud olan ayrı- ayrı münşəat və cünklərdə əsərdən parçalar verilmişdir. “Ətabətül-Həqaiq”in mövcud nüsxələrində müəllif haqqında müxtəlif şer parçaları əlavə edilmişdir. Bu şer parçalarının nə məqsədlə əlavə edildiyi bilinməsə də haqqında heç bir məlumat olmayan müəllif haqqında müəyyən fikirlərin formalaşmasına kömək edir. İkinci və üçüncü nüsxələrdə adı keçən və Əhməd Yuqnəkinin haralı olması və atası haqqında məlumat verən Arslan Xoca Tarhanın yazdığı şerdə əsərin “Kaşğar dili”ndə yazıldığını və buna görə də bəziləri tərəfindən başa düşülmədiyi və təhrif olunduğu qeyd olunur. Tamamı erür kaşğari til bile ( Eserin bütünü Kaşğar dili iledir) Eger bilse kaşgar tilin her kişi ( Kaşgar dilini bilen her kes) Bilür ol edibniῆ ne kim aymışı ( Edibin ne söylediğini anlar) Köp ilni körür biz edib sözini (Bir çok kimseleri görüyöruz ki, edibin sözünü) Bile bilmegendin ular özini (Anlayamadıkları için kendilerini üzerler) Ayıbka koyuptur halayık ara (Halk arasında utanılacak vaziyete düşerler) Galat ma´nilerni ayıtmış yana (Yalnış mana vermek suretiyle) R.R.Arat əsər sonunda Xoca Tarxanın beytlərinə əsasən əsərdə dəyişikliklər edildiyini, ifadələrin səhv anlaşılmaması üçün yenilərilə əvəzlənə biləcəyini irəli sürür. “Hər halda, istənilərək və ya istənilməyərək, əsər üzərində bəzi tasarruflar edilmiş olduğu mütləqdir” [3.16] Görünür elm və alim himayəçisi olan Arslan Xoca Yüqnəkinin tarixdə yaşaması və əsərlərinin düzgün başa düşülməsi üçün əsəri bir qədər anlaşıqlı dildə düzəlişlər etdirərək üzünü köçürtdürmüş və bir nüsxəsini Səmərqəndə göndərmişdir. Arslan Xoca Tarhanın kimliyi və onun yazdıqları əsər haqqında yeni faktlar üzə çıxarır. Nüsxələrdə “Əmir- i kəbir sahibi-r-rey vət-tədbir Arslan Xoca Tarhan” deyə adı çəkilən şəxs tarixi məlumatlara görə Teymurilər dövründə ölkənin şimal sərhədlərindən birində hakim və ordu komandanı olmuşdur. R. R. Aratın Şatıbinin “Quran qiraətinə dair risalə”sinin tərcüməsində bu şəxslə bağlı rast gəldiyi məlumat Arslan Xoca Tarhanın kim olması və harada əmirlik etməsi barədə məlumat verir.. Risalədə tərcümənin səbəbkarı olan Arslan Xocaya xeyir dua edildiyi zaman “فاخره محفوظه صبران بلدهٔ”- “mahfûz və fâhir Sabran beldesi” ifadəsi işlədilir. R.R. Arat bu qeydin Tarhanın əmir olduğu yeri bildirdiyini və bu yerin Türküstanda – Sır-Dərya hövzəsində olduğunu yazır. 1425-ci ildə monqollara qarşı müharibədə iştirak etdiyi və şair və ziyalıları himayə etdiyi barədə bir-iki mənbədə adı keçən Arslan Xoca Tarhanın əmir olduğu yeri S.Uysal da Türküstan da axtarır. O bu məsələyə toxunaraq yazır: “Türküstandan (Yese) 15-17 km. şimal- qərbindəki yığma təpənin qərb tərəfində belə bir lövhə var: “Jüynek Töbe, bul jerde XII gasır akın, filozof Ahmet Jüyneki ömür sürgen” .... mezar i ister o yığma tepe olsun, isterse de yakın da bir yer olsun, bizi öncelikle ilgilendiren yerleşim birimi olarak Yüknektir ve Yüknek Sabran için verilen tarife uygundur.” [5.1197-1198] Lakin, müəllif burada Yuqnəklə Sabranı eyniləşdirməsi və eyni yerdə axtarması düzgün deyil. S.Uysalın Yükneklə eyniləşdirdiyi və indiki Qazaxıstan ərazisində Yəsəyə yaxın dediyi yer Sabran deyil Sayram tarixi bölgəsidir. Fars mənbələrində اسپیجاب- İspəncab adlan¬dırdığı Seyhun çayı hövzəsində yerləşən Sayram F. Rəşidəddinə görə qırx qapılı böyük şəhər olmuş və Kary Sailam adlanırmış. [6]. Risalədə isə Sabran adı keçir və həmin dövrdə bu adda şəhər Xəzərin şimal-qərbində mövcud olmuşdur. Bura M.Kaşğarinin “bir Oğuz şəhəri”- deyə adlandırdığı və yazılışını “ xalq sad (ş) istifadə edərək bu şəhərin adını şabran deyə söyləyər; ancaq türk dilində sad hərfinə yer yoxdur” [7.460] deyərək, xüsusilə vurğuladığı, Dərbəndlə birlikdə sərhəd şəhər rolunu oyna¬yan və Teymurilər üçün əhəmiyyətli nöqtələrdən biri olan Şabran şəhəridir. Nüsxəni hazırlamaqlarının səbəbi kim xalqın əsəri düzgün başa düşməməsini göstərən Arslan Xoca Tarhan Türküstanda əsərin dilinin anlaşılmaz olduğunu deməsi imkansızdır. Əsər boyu müşahidə olunan Oğuz dil elementləri də əsərin Oğuz dil arealının təsiri altında qaldığını göstərir. Tamamı Kaşğar dilində yazıldığı deyilən əsərdəki Oğuz elementlərini yalnız bu şəkildə izah etmək mümkündür. Təəssüf ki, əsərin orijinalı əlimizdə olmadığı üçün bu dəyişikliyin nə dərəcə olduğunu deyə bilmərik. Çünki, digər nüsxələr də Səmərqənd nüsxəsindən köçürtmədir. Lakin bir fakt mövcuddur ki, əsərin günümüzə qədər gəlib çatan nüsxəsi böyük ehtimalla, Azərbaycanda- Şabranda yazıya alınmış nüsxənin Səmərqənddə yenidən uyğur əlifbası ilə üzü köçürülmüş variantıdır. Əxlaqi-didaktik əsər olmasına baxmayaraq, etnoqrafizmlərlə zəngin olması “Ətabətül-Həqaiq”i daha da qiymətli edir. Apardığımız hesablamalara görə əsər boyunca təxminən 140 etnoqrafizm işlədilmişdir ki, bu da məişətin və xalqın mənəvi dünyagörüşünü müxtəlif aspektlərini özündə əks etdirir. Əsərdə işlənən etnoqrafizmləri aşağıdakı kimi qruplaşdıra bilərik: 1. qohumluq bildirən etnoqrafizmlər : ana [Ə.H. 291], ata [Ə.H.291], beraderan (qardaşlar) [Ə.H.c.291], ogul [Ə.H.496], uya (qardaş, qohum) [Ə.H.291] və s. 2. qida ilə əlaqədar etnoqrafizmlər : asel (bal) [Ə.H.439, 207, 161], aş (yemək) [Ə.H.329], basal/besel (soğan) [Ə.H. 61, 162], süçüg (şirniyyat) [Ə.H. 209], şeker (şəkər) [Ə.H.28], üzüm (üzüm) [Ə.H.376], yimiş (yemiş, meyvə) [Ə.H.323], azuk (qida) [Ə.H.187], mey (şərab, içki) [Ə.H.c 409], katıglıg (məzə) [Ə.H.437] və s., 3. geyimlə bağlı etnoqrafizmlər: bisek/ bizek (bəzək) [Ə.H.a 155], börk (börk, papaq) [Ə.H.300], böz (bez parça) [Ə.H.48], came˳ (paltar) [Ə.H. c. 330], çuz (sırmalı atlas) [Ə.H.480], sim (gümüş) [Ə.H. 241], geyim/ kedim (geyim) [Ə.H.c. 186], atlas (atlas parça) [Ə.H. 354], zər (qızıl) [Ə.H. 241], ton (geyim, don) [Ə.H.168, 297], kise (keçə) [Ə.H.bc.288], libas (geyim) [Ə.H.277], oprak/ ofrak (əlbisə, geyim) [Ə.H.330] və s., 4. təbabətlə bağlı etnoqrafizmlər: ig (xəstəlik) [Ə.H. 163], tamak/tamag [Ə.H. 207], agu (zəhər) [Ə.H. 214], yaῆak (yanaq) [Ə.H. c.26], süῆek (sümük) [Ə.H. 91], em (dərman) [Ə.H. 310], derman (dərman) [Ə.H. 50], zehr (zəhər) [Ə.H. 206], ilac (dərman) [Ə.H. bc 253], ota (müalicə) [Ə.H. 253], şifa (şəfa) [Ə.H. 163] və s. 5. dini anlayışları ifadə edən etnoqrafizmlər: Bayat (Tanrı) [Ə.H. 246], habib (peyğəmbər) [Ə.H. 21], İlah (Tanrı) [Ə.H. 37], mescid (məscid) [Ə.H. 400], mu`min (mömin) [Ə.H. 280], nebi (nəbi, peyğəmbər) [Ə.H. a. 20], nemaz (namaz) [Ə.H. 400], resul (elçi, rəsul) [Ə.H. 159, 191], Ugan (qadir Allah) [Ə.H. 63, 463], zahid ( zahid) [Ə.H. 401] və s. 6. xalqın iqtisadi həyatı ilə bağlı etnoqrafizmlər : arkış (karvan) [Ə.H. 179], asıg (fayda) [Ə.H. 78], tavar asgı (əmtəə faydası) [Ə.H. 287], bişi (axça, pul) [Ə.H. 86], çıgaylık (kasıblıq) [Ə.H. 187], dinar [Ə.H. 312], ekincilik [Ə.H. c 194], bina (bina, tikinti) [Ə.H. 341], tarıklık/ tarıglık (tarla) [Ə.H. 191], bağçe (bağça) [Ə.H.c.342], belek/ bölek (hədiyyə) [Ə.H. 79], rıbat (karvansaray) [Ə.H. 177], tavar pasbanı (mal gözətçisi) [Ə.H. 261], bustan (bostan) [Ə.H.342], birim (vermə, vergi) [Ə.H. 254], və s. Əsərdəki etnoqrafizmləri quruluşca tədqiq edərkən sözlərin leksik- semantik, morfoloji, sintaktik yolla yarandığını görə bilərik. İsim və feldən isim düzəldən şəkilçilər vasitəsilə əmələ gələn düzəltmə etnoqrafizmlər ənənəvi sözyaratmanın abidədə də geniş yayıldığını göstərir. Əsər boyunca işlənən asıglıg (faydalılıq) [Ə.H.48.b.], barlık (varlık) [Ə.H.41b.], baylık (zənginlik) [Ə.H.], çıgaylık (kasıblıq) [Ə.H.55, 64], tanukluk (şahidlik) [Ə.H.41b.], kedim [Ə.H.c. 186], akılık (cömərdlik) [Ə.H. 58], birim [Ə.H. 254 ], tarıglık (tarla) [Ə.H.55b.], kedgülük (geyim) [Ə.H.55b], katıglıg (məzə) [Ə.H.437], küzgü (ayna) [Ə.H. c.250], belek (hədiyyə) [Ə.H. 79], bizek [Ə.H.155], körklüg [Ə.H.66b.], örklüg [Ə.H.66b.], yıkıklıg [Ə.H.68b.], kesüklüg [Ə.H.68b.], itiglig [Ə.H.68b.], erklig (hakim) [Ə.H.60b.] kimi sözlər buna nümunədir. Maraqlıdır ki, əsərdə hər zaman türk dillərində çox işləkliyi ilə seçilən- çı4 şəkilçisi ilə düzələn bir dənə də olsun etnoqrafizmə rast gəlmək mümkün deyil. “Ətabətül- Həqaiq” əsərində söz birləşməsi şəklində işlənən etnoqrafizmlər isə olduca azdır: tavar asgı, bilig tek asıglıg, ok başı, müminlik nişanı, yımışsız yıgaç. Əsərdə işlənən etnoqrafizmlərin mənşə baxımından təhlili isə milli sözlərlə yanaşı artıq alınmaların dilin bu sferasına sirayət etməsindən xəbər verir. Maraqlıdır ki, əsər bu baxımdan keçid xarakteri daşıyır və özündə ən qədim türk sözlərini və şamanist türkün dil xəzinəsini yaşatmaqla bərabər müsəlman türkün məişətinə daxil olan yeni adətlərlə bağlı işlənən etnoqrafizmləri özündə əks etdirir. Bu da təbii prosesdir. Belə ki, cəmiyyətdə baş verən proseslər, xalqın maddi- mənəvi dünyasına inqilabi təsir edən yeni hadisələr, onlarla bağlı məfhum və anlayışlar təfəkkür süzgəcindən keçərək dildə yeni sözlərin yaranmasına səbəb olduğu kimi, yeni sözlərin dilə daxil olmasını da qaçılmaz edir. “Başqa dillərdən alınmalar, adətən, realilərlə, hadisə və predmetlərlə birlikdə gəlir, dil üçün yeni material olur. Alınmalar dilin öz vahidlərindən fərqli statusa malik olur və dil daşıyıcılarının diqqətini daha artıq çəkir.” [8.8.]Ancaq etnoqrafik leksikada müşahidə olunan alınmalar əksərən assimilyasiya edilir və mənimsənmə bəzən o qədər güclü olur ki, onun alınma olub olmaması mübahisəyə səbəb olur. Bəzən də alınmalar dildə o qədər işləklik qazanır ki, dilin öz sözlərinin arxaikləşməsinə səbəb olur. Məsələn, islamla bağlı türk mənşəli yalawaç, sawçı, yek, yükünç, mük, yumışçı, uçmaq kimi sözlərin yerinə sonrakı dövr əsərlərində “peyğəmbər, rəsul, şeytan, mələk, namaz, rüku, cənnət, firdevs” kimi alınmalar işlənməyə başlamışdır. Bu barədə araşdırma aparan E.Üşenmez Qaraxani türkcəsində yazılmış əsərlərdən “Kutadgu Bilig”də 334 ərəb, 79 fars, “Ətabətül-Həqaiq”də 251 ərəb, 103 fars, “Divani-Hikmət”də isə 763 ərəb, 588 fars mənşəli sözün olduğunu qeyd edir. [9] “Ətabətül- Həqaiq”də işlənən “bal” və “asel”, “Bayat”/ “Ugan” və “İlah”, “qardaş” və “bəradəran”, “ul” və “bünyad”, “em” və “derman”/ “ilac”, “asgı” və “fayda”, “kedim” və “libas”, “agu” və “zəhr” paralelilizmləri, “adət”, “nəbi”, “rəsul”, “mescid”, “nemaz”, “ kitab”, “pasban”, “rıbat”, “raqs”kimi alınmalar ərəb və fars dillərinin XII əsr türkcəsinə təsirinin bir ifadəsidir. Beləliklə, bədii nümunə kimi, tark xalqları ədəbiyyatında silinməz iz buraxan “Ətabətül- Həqaiq” əsəri eyni zaman bir dilçilik nümunəsidir və türk dillərinin etnoqrafik leksikasının tarixi inkişafını özündə əks etdirən mühüm bir mənbədir.

ƏDƏBİYYAT 1. Asım. N. Hibetü-l- hakayık.(İstanbul 1334= 1918; 1.ksm: metin, tercüme ve izah, 2. Ksm.: faksmile); N.Asım. Uygur yazısı ile Hibetü-l- hakayık`ın diğer bir nüshası.(Türkiyat, 1925, I, 227-233) 2. Hacib. Y.H., Kutadgu Bilig., Kabalcı yayınevi., İstanbul 2008, 1285 s. 3. Yukneki. A.M., ”Atebetül- Hakayik” Çeviri, düzenleme: R.R. Arat, Türk Tarih Kurumu, Ankara 1992, 4. Наджип. Э., Исследования по истории тюркских языков ХI-XIV веков., Москва- Наука- 1989, 5. Uysal. S. “Yüknek neresi olduğu ve Edib Ahmed`in mezarl hakkında”. / Turkish Studies İnternational periodical for the languages, literature and History of Tukish or Turkic. Volum2/4 fall 2007, p.1197-1198 6. http://tr.wikipedia.org/wiki/Sayram 7. Kaşğari. M., Divanu-luğat-it-türk. Çeviren: Serap Tuğba Yurteser, Seçkin Erdi. Kabalcı yayınevi istanbul 2005, 725 s. 8. Xəlilova. S., . İnternasional terminlər.Maarif.-1991 9. Üşenmez. E.,. Karahanlı eserlerindeki söz varlığı hakkında., Akademik İncelemeler Cilt:3 Sayı:1 Yıl:2008, s.247-253.

Произведение «Атабетул- Хакаик» и этнографическая лексика тюркских народов ХII века РЕЗЮМЕ «Атабетул-Хакаик», является одним из важных источников для изучения историю тюркских этнографизмов. В статье автор исследовают причины обращения к данной теме, сравнивают копии и проводит систематическое распределения этнографизмов, которые используются в произведении.

"ATEBETUL HAKAİK" AND ETNOGRAPHİCAL LEXİCON OF THE XII CENTURY TURKS SUMMARY "Atabetul-Hakaik", is one of the most important sources for the study of the history of the Turkic ethnographisms. In this paper the authors investigated the reasons for writing the work, compared copies of the work and made systematic distribution of the ethnographisms in used.

 

HƏSƏNLİ- QƏRİBOVA Ş. R.

 

 

 


TÜRK HALK İNANCINDA IŞIK VE YA KURT KULTU DESEN SANATINDA
22:10 / 12-06-2017
Faiq Ələkbərlinin yeni kitabının təqdimat mərasimi keçirilib
21:57 / 12-06-2017
Türkiyə çempionu "dünyanın ən çox tərəfdarı olan türk komandası Traktorsazi" ilə yarışacaq
14:36 / 08-06-2017
“Buta”, yaxud Türk xalçaçılığının hikmət xəzinəsi
23:13 / 02-06-2017
Faiq Ələkbərlinin Tanrıçılığa aid kitabı nəşr olundu
20:41 / 16-05-2017
Ankarada Türk Dünyası şairlər görüşü
21:26 / 15-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya keçiriləcək
20:07 / 27-04-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək
22:17 / 20-04-2017
TANRIÇILIQ FƏLSƏFƏSİ (I yazı)
20:21 / 15-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək
22:24 / 29-03-2017
İstanbulda da Bütöv Azərbaycan tonqalı yandırıldı
23:17 / 18-03-2017
Faiq Ələkbərov “Türk Yurdu” dərgisində Turan Sivilizasiyasından yazdı
23:05 / 06-04-2016
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi 2016-2017-ci tədris ili üçün birinci sinifə şagird qəbulu elan edib.
15:15 / 29-03-2016
Baharın tarixi anı - FİLM
23:33 / 17-03-2016
Turan Sivilizasiyası: mifdən gerçəkliyə doğru – II yazı
23:09 / 12-01-2016
Gög Tenqri – Mavi Səma Ölkəsi
21:23 / 03-12-2015