BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Gizlənən dərviş” – Baba Nemətullah Naxçıvani

21:13 / 14-11-2016   /   baxış - 669

1452/4-1514-cü illər arasında yaşamış və dövrünün məşhur türk sufisi hesab edilən Baba Naxçıvaninin anadan olmasından 560 il ötür. Nəqşibəndi təriqətinin ən böyük şeyxləri arasında göstərilən Baba Naxçıvanini müasirləri “gizlənən dərviş” adlandırıblar. Mütəsəvvüf (təsəvvüf alimi) və müfəssir (təfsir alimi) kimi tanınan Baba Naxçıvani çox sayda əsərlər qələmə almışdır. O, “Quran”ı təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb. Təəssüflər olsun ki, Baba Naxçıvaninin heç bir əsəri dilimizdə nəşr edilmədiyi kimi, onun haqqında Azərbaycan ədəbiyyatında məlumat tapmaq da çox çətindir.

İslam təsəvvüf ədəbiyyatının ayrılmaz hissəsi olan Azərbaycan təsəvvüf ədəbiyyatı tədqiq olunmayan bir sahədir. Buna görə də İslam təsəvvüf ədəbiyyatında müstəqil bir Azərbaycan təsəvvüf ədəbiyyatının yerini və hüdudlarını müəyyənləşdirmək çətindir.

Azərbaycanda ilk sufilər IX-X əsrlərdə ortaya çıxmışdır. Bu tarixdə Şirvani Kəbir (Böyük Şirvanlı) və Şirvani Sağir (Kiçik Şirvanlı) adı ilə məşhur olmuş iki böyük sufinin Azərbaycanda yaşadıqları qeyd olunur. Sonrakı dövrlərdə Azərbaycanın sufilərin əsas diyarına çevrildiyi mənbələrdən aydın olur. XI əsrdə Əli ibn Məhəmməd ibn Abdullah Bakuvi, Hüseyin Şirvani bu sufilərin ən tanınmışları hesab edilirlər. Bunlardan başqa, mənbələrdə Azərbaycanda fəaliyyət göstərən və sufi irşadını yayan təsəvvüf alimləri arasında Əbu Abbas Bərdəi, Əbu Hüseyin Dündar, Hüseyn ibn Yezdinyar, Ahi Fərəc Zəncani, Xacə Məhəmməd Xışnam Naxçıvani və Əbdülqəhır Suhreverdinin adları çəkilir.

Növbəti mərhələdə Azərbaycanda sufi təriqətlər formalaşmış, təkkə və zaviyələr yaranmışdı. Bu sufi təriqətləri arasında əxilik, qədrilik, sührəverdilik, xəlvətilik, hürufilik, zahidilik, səfəvilik, ruşənilik və gülşənilik xüsusilə qeyd olunmalıdır. Bunlardan başqa, bir sufi cərəyanı olan qələndərilik Azərbaycanda Cəmaləddin Savi tərəfindən formalaşdırılmışdır. Savi Azərbaycanın Savə şəhərində anadan olmuş, təhsilini burada tamamlamışdır. Onun müridləri isə Anadoluda sufi təriqətlərin və cərəyanların əsasını qoymuşlar. Bunun kimi Anadoluya dərindən təsir etmiş heydərilik də Azərbaycanda yaranmışdır.

Azərbaycan təsəvvüfündə iki cəhət diqqəti çəkir. Birincisi dərvişanə sufilik olub Türk Xalq İslam anlayışından, ikincisi elmi təsəvvüf anlayışından qidalanır. Elmi təsəvvüf anlayışına sahib olan sufilər mədrəsə həyatı keçmiş, dini elmlərə dərindən yiyələnmiş təsəvvüf alimlərdir. Azərbaycan təsəvvüf alimləri arasında Baba Naxçıvaninin xüsusi yeri vardır. O, sadəcə, dərviş həyatı yaşayan sufi olmamış, ali mədrəsə təhsili almış bir təfsir alimi olaraq da tanınmışdır.

Baba Naxçıvaninin həyatı

Nemətullah ibn Mahmud Naxçıvani XV əsrin ortalarında, təqribən 1452/4-ci illərdə Naxçıvanda anadan olmuşdur. Mənbələrdə onun haqqında Şeyx Əlvan, Ulvanəl Ağşəhri, Nemətullah Baba, Nemətullah Sultan, Baba Nemət, Baba Naxçıvani kimi bəhs edilir. Ona “baba” deyilməsinin səbəbi o dövrdə dərvişlərin türk xalqları arasında “baba” və “dədə” adıyla çağırılması olmuşdur.

Baba Naxçıvaninin həyatının çoxunu Naxçıvanda keçirdiyi məlumdur. Həyatı haqqında çox az məlumat olan bu böyük sufi alimin Ağqoyunlu hökmdarı Uzun Həsən dövründə (1467-1478) təhsil aldığı, Sultan Yaqubun dövründə isə (1478-1490) Naxçıvan mədrəsələrində müəllimlik etdiyi bildirilir. Onun daha sonra Naxçıvanı tərk etdiyi, bunun da dövrünün böyük sufi alimi hesab edilən Seyyid Yəhya Şirvaninin davamçısı, xəlvəti təriqətinin şeyxi Dədə Ömər Rövşəninin xəstəliyi ilə əlaqədar olduğu bildirilir. Belə ki, Rövşəninin xəstə olduğunu eşidən Baba Naxçıvani 1487-ci ildə Təbrizə gəlmiş və öz mənəvi şeyxini ziyarət etmişdir.

Təbrizə gələn Baba Naxçıvaninin bir müddət burada qaldığı qeyd olunur. Belə ki, o, özünün məşhur Quran təfsirı kitabını Təbrizdə yazmağa başlamış və 1497-ci ildə tamamlamışdır.

Azərbaycanda siyasi vəziyyətin ağır olduğunu, Ağqoyunlu taxtı uğrunda Sultan Yaqubun oğlanları və nəvələri arasında müharibələrin vüsət aldığını görən Baba Naxçıvani 1499-cu ildə Təbrizi tərk edərək Anadoluya getmişdir. 1500-cü ildə Konya yaxınlığındakı Ağşəhərdə məskunlaşan Naxçıvani bundan sonrakı həyatını elm və irfana həsr etmişdi. Anadolu sufiləri, təfsir alimləri və fəqihləri arasında böyük şöhrət tapan Baba Naxçıvani sadə və kasıb həyat yaşamış və dövrün siyasi hadisələrindən hər zaman kənar durmuşdu. Mənbələrdə onu “kane yuhfi nəfsehu”, yəni “özünü gizlətməyə adət etmiş” dərviş adlandırırlar. Taşköprizadə onun haqqında belə yazır: “kasıblığı zənginliyə tərcih etmiş, şan və şöhrətdən qaçaraq gizlənmişdir”.

Baba Naxçıvani 1514-cü ildə Ağşəhərdə vəfat etmişdir. Osmanlı sultanlarından III Murad 1584-cü ildə onun qəbrinin olduğu yerdə “Əvkafi zaviyə-yə Baba Nemətullah Naxçıvani” adında bir vəqf təsis etmiş, amma daha sonra bu vəqf dağılmışdı.

Baba Naxçıvaninin qəbri Konya bölgəsinə bağlı Ağşəhər dərəsinin yuxarısında, Göyçəgiz mahalındadır. Məzarı 1852, 1889 və 1995-ci illərdə bərpa olunmuşdur.

Baba Naxçıvaninin elmi fəaliyyəti

Dövrün mənbələri Baba Naxçıvanidən bəhs edərkən onu “möhtəşəm üslub gözəlliyinə sahib təfsir alimi” və “rəbbani elmlərdə mütəbahhir bir mütəsəvvüf” kimi tanıdırlar.

Baba Naxçıvani nəqşibəndi təriqətinin xəlvəti qoluna mənsubdur. Xəlvətiliyin əsas xüsusiyyəti “cəmiyyət içində xəlvətdə” yaşamaq olduğundan, Baba Naxçıvani də həyatının çoxunu tənhalıqda keçirmişdi. Onun haqqında məlumatların azlığı da bununla əlaqədardır. Gizlənməsinin ikinci səbəbi o dövrdə şeyxlik və fəqihlik adı ilə bəzi adamların xalqı aldatması və bu məqsədlə sərvət toplaması göstərilir.

Buna rəğmən, Baba Naxçıvani öz dövrünün və sonrakı dövrlərin böyük nəqşibəndi şeyxi olaraq zikr olunur. Üsul və fiqhdə kamil şəxsiyyət olduğu və təsəvvüf ədəbiyyatı tarixinin ən gözəl sufiyanə təfsirini yazdığı qeyd edilir.

Şeyxim ibn Mövlana Babai Şirvaninin “Silsilənamə” əsərinə istinad edən türkiyəli alim Nəcdət Tosuna görə, Baba Naxçıvani Təbrizdə olarkən nəqşibəndi şeyxi Sunullah Kuzəkünani (1523-cü ildə vəfat edib) və onun xəlifəsi Dərviş Ahi Hüsrəvşahi (1530-cu ildə vəfat edib) vasitəsilə nəqşibəndi təriqətinə daxil olmuşdu. Ona şeyxlik məqamını Dərviş Ahi Hüsrəvşahinin verdiyi məlumdur.

Baba Naxçıvani təsəvvüf və təfsir sahəsində xeyli əsər qələmə almışdır. Onun əsərlərinin böyük hissəsi günümüzə qədər gəlmiş, bir neçəsi istisna olmaqla əksəriyyəti nəşr olunmamışdır. Əsərlərinin əlyazmaları Türkiyə kitabxanlarında saxlanılır.

Baba Naxçıvaninin ən böyük əsəri “əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə əl-muzihatu li’l-kəlimi’l-Qur’aniyyə və’l-hukəmi’l-Furkaniyyə” adlı təfsir kitabıdır. Təbrizdə 1496/7-ci ildə tamamladığı bu əsər “sufi qəlbinə dolan batini məna və işarətlərə görə ayələrin təvil edildiyi təsəvvufi təfsirlər” əsəridir. Bu, İslam ədəbiyyatında Quranı təsəvvüfi üsulla təfsir edən ilk əsər hesab edilir. Əsər özündən sonra bütün sufilərin və təsəvvüf alimlərinin mənbə kitabına çevrilmişdir.

Gözəl bir üslubla qələmə alınan əsər eyni zamanda “Quran”ın ilk fəlsəfi təhlili hesab edilir. Elə buna görə də müəllif öz əsərinə “Quranın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi” adını vermişdir. Bu əsərin Baba Naxçıvaninin öz əli ilə yazdığı nüsxəsinin ikinci cildi Topqapı Sarayı III Əhməd Kitabxanasında saxlanılır.

Baba Naxçıvaninin ikinci əsəri “Şərhi əsrarin-nöqtə” adlanır. Uzun illər bu əsərin ona aid olduğu haqqında şübhələr vardı. Amma əsərin onun adıyla yeni nüsxələrinin tapılması bu şübhələri ortadan qaldırdı. Əsər vəhdəti-vücud anlayışının şərhindən ibarətdir.

Baba Naxçıvaninin üçüncü əsəri “Hidayətül-ixvan”dır. Bir növ təsəvvüf qardaşlığının İslami fəlsəfəsini yaradan kitab çox qiymətli mənbə hesab edilir. Ərəbcə qələmə alınan əsər Türkiyədə tərcümə edilib nəşr olunmuşdu.

Bu mühüm üç əsərdən başqa, Baba Naxçıvaninin 7 risalə yazdığı bildirilir. Bu risalələr “Təhqiqat”, “Vücudiyyə”, “Məcmuai-lətaif”, “Hidayə”, “Nikat”, “Mükaşəfə” və “Əsilə vəl əcibə” adlarını daşıyırlar. Bundan başqa, Baba Naxçıvaniyə aid olduğu güman edilən bir neçə risalənin dffə adı mənbələrdə qeyd olunmuşdur. Bunun kimi Naxçıvaninin İbn-Ərəbinin məşhur “Fususül-hikəm” əsərinə “Haşiyə” yazdığı və Bəyzavinin təfsirini yenidən şərh etdiyi haqqında məlumatlar da var.

Qurani-Kərimin ilk təsəvvüfi təfsiri

Təsəvvüf ədəbiyyatında Quranın təsəvvüfi üslubda ilk təfsiri hesab edilən Baba Nemətullah Naxçıvaninin tam adı ilə “əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə əl-muzihatu li’l-kəlimi’l-Qur’aniyyə və’l-hukəmi’l-Furkaniyyə”, qısa adı ilə “əl-Fəvatihul-ilahiyyə” və ya “Təfsiru-Nimetullah” əsəri iki kitabdan (cilddən) ibarətdir. Əsərin hicri 902-ci ildə (1496/7) Təbrizdə yazıldığı məlumdur. Şübhə yox ki, Baba Nemətullahdan əvvəl Quranın təsəvvüf üslubunda təfsiri üçün bəzi cəhdlər edilmişdir. Ondan əvvəl qələmə alınan belə əsərlərin ən böyük çatışmazlığı Quranın, sadəcə, bəzi surələrini və ayələrini əsas almaları, müqəddəs kitabın başdan sonra təfsir olunmamasıdır. Bu ağır və məsuliyyətli vəzifəni boynuna götürən ilk mütəsəvvif Baba Nemətullah olmuşdur. İlk dəfə o, Quranı ayə-ayə başdan sonra təsəvvüfi əsaslara görə təfsir etmişdir.

Nəzəriyyə olaraq Baba Nemətullah İbn Ərəbinin “vəhdəti-vücut” anlayışını əsas almıştır. Buna görə də təfsirində bu anlayışın bütünlüyünü və dərinliyini açmağa böyük cəhd göstərmişdir.

Özündən sonrakı bütün mütəsəvviflərin başlıca mənbəyinə çevrilən bu əsər İslam təsəvvüf ədəbiyyatının şah əsərləri arasında göstərilir. Hətta əsərdən birbaşa istifadə etməyən alimlər belə, əsər haqqında şifahi olaraq eşitdikləri məlumatlarla ona istinad etməyə çalışıblar. Taşköprizadə bu əsər haqqında belə yazır: “O, təfsirində elə həqiqətlər və nüansları qeyd edib ki, insanların bir çoxunun bunu idrak etməyə elmi çatmaz”.

Baba Nemətullahın əsərinə “fəth” adını verməsinin səbəbi Allahın “biliyi fütuhat yolu ilə açmasındadır”. Əsər 1907 və 1908-ci illərdə Osmanlı Maarif Vəkalətinin xüsusi tapşırı ilə mətbu olaraq çap edilmişdir. Birinci cild 579, ikinci cild isə 540 səhifədir.

Əkbər  NƏCƏF,
tarix üzrə fəlsəfə  doktoru



“Nəfsdən” əl çəkərək Haqq yoluna qayıdaq
22:15 / 02-10-2016