BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Nəfsdən” əl çəkərək Haqq yoluna qayıdaq

22:15 / 02-10-2016   /   baxış - 400
 
Nə istərsiz siz İrandan?
Gah bu yandan, gah o yandan.
Təbriz, Salmas, Urmu, Zəncan,
Fars, Xuzistan və Xorasan –
Həpsi bunlar Böyük Turan!
Əzəldən Türk Yurdudur bu!
 
    XVII əsrin ortaları - XVIII əsrin sonralarında Avropada “burjua inqilabı” adı ilə tanıdılan hadisələr, əslində Avropa əsilzadələri ilə artıq həmin dövrdə böyük var-dövlət əldə etmiş və tarix elmində “üçüncü silk” adı ilə tanınan “sələmçi” kapital nümayəndələri arasında siyasi və dünya hökmranlığı uğrunda başlayan qanlı-qadalı mübarizənin ilk mərhələsi başlayır. Sübhəsiz ki, hörmətli oxucu burada “sələmçi” deyiləndə kimin nəzərdə tutulmasını çox gözəl anlayır. Sonradan onlara “komprador burjuaziyası” adı da verilir. 
    Bir tərəfdən həmin hadisələrin cərəyan etməsi, digər tərəfdən yeni müstəmləkələr uğrunda başlayan avantüra, yeni  siyasi oyunları qaçılmaz bir fakt kimi ortaya qoydu. Yeni xammal, yeni bazar və yeni informasiyanın əldə olunması üçün – SÜRƏT – mübarizə aparanların əsas amalına çevrilir. Məhz həmin komprador burjuaziyanın hiylələri, onların özləri üşün əldə etdikləri “eksterritoriallıq” prinsipi nəticəsində İranda Qacar, Türkiyədə Osmanlı, Hindistanda Moğol sülalələri süqut edir. Çünki bu prinsip əsasında “sələmçi”lər həmin ərazilərdə yerli qanunlara tabe olmadan istədikləri cinayətləri törədə bilərdilər. Məsələn, sələmçilərin Çindəki tiryək alverinə görə törətdikləri Birinci və İkinci Tiryək müharıbəsindəki qələbələri yerli höküməti buna göz yummağa məcbur etdi.
    XX əsrdə cərəyan edən “Elmi-texniki tərəqqi” isə “İnsan”ı vaxt qarşısında aciz etdi. Qaba desək – insan başını qaşımağa belə vaxt tapa bilmədi. Rus xalq misalında deyildiyi kimi: “Хочешь жить, умей вертеться/Yaşamaq istəyən fırlanmağı bacarmalıdır”. Bu misalın birinci açılımı “hərəkət”lə bağlıdır. Əslində isə bu misal vaxtı ilə İngiltərə baş nazirləri olan Palmerston və Çörçilin “siyasətdə dost yoxdur, maraqlar var” fikrini tam əks edir.
    Amma heç kəs inkar edə bilməz ki, bazar iqtisadiyatından doğan şəxsi maraqlarda “centlmen” sazişi mümkün deyil, çünki müasir praqmatik düşüncə tərzi daha cox şəxsi maraqlar üzərində qurulub, yəni hiylə işlədən daha çox var-dövlət əldə edə bilir. Aydındır ki, hiylə riyakarlığın təcəssümüdür. Əfsuslar olsun ki, Qərb “demokratiya” adı altında müasir cəmiyyəti bu düşüncə əsasında kökləmək istəyir.
    Sosializm quruluşu nə qədər pislənsə də, kommunistlər öz pis əməllərini heç olmasa “Mənəvi məcəllə”də “insan isana dost, yoldaş, qardaşdır” şüarı ilə pərdələyirdilər. Onlardan fərqli olaraq “Bazar iqtisadiyyatı”nın təmsilçiləri, yəni transmilli korparasiyaların nümayəndələri və onların havadarları tam çılpaqlığı ilə “İnsanı insana canavar” edir, daha doğrusu rəhimsizlik prinsipini ortaya qoyur və əsrlər boyu bütün dinlərin təlqin etdiyi “nəfsinə qalib gəl!” şüarını ayaq altına atırlar. Bütün bunları həyata keçirmək üçün onlar özlərinə müstəmləkə seçdikləri ərazilərdə cəmiyyət içində müxtəlif adlar və rənglər altında “təriqətçiliyi” yayaraq, yerli əhali arasında mənəviyyatsızlığı təbliğ etdilər. Buna misal – televiziyada nümayiş olunan verilişlərin əksəriyyəti və bəzi aparıcıların efirdəki davranışıdır. Məqsəd isə aydındır –  kim nə ilə məşğul olursa olsun, siyasət və pul sələmçi - “seçilmişlərə” məxsus olmalıdır.
    Beləliklə də İnsan iki yol seçimi qarşısında qalmalı olur. Bir tərəfdən Qərbin təlqin etdiyi və bizim mentalitetə yad olan “demokratiya”, digər tərəfdən isə xalqımızın min illərlə yetişdirdiyi “insanpərvərlik” ideyaları. Qərb modelinin ikili standartlar əsasında meydana gətirdiyi fəsadlar isə göz qabağındadır. Ölkəmizin Qərbin demokratik yolu ilə getmək üçün cəhdlər göstərməsinə baxmayaraq, o bizim müsəlman olduğumuzu unutmayaraq xristian Ermənistanı indiyə kimi müdafiə edir. Bu baxımdan İslamın gətirdiyi “ümmətçilik” və ondan yaranan “qardaşlıq” ideyası daha mütərəqqidir, çünki bu şəraitdə “İnsan” nəfsinə qalib gəlir və müharibələrə ehtiyac qalmır. Bununla da imperiya iddiasına düşənlər nəfsdən meydana gələn “Qloballaşma” sələmçi modelini kənara qoyaraq “İnsanlaşma” ideyasını özlərinə meyar edirlər. İslamın “ümmətçilik” şüarı əslində qloballaşmanın İlahi formasıdır ki, burada nəfs yox, İlahi Nur hökm edir.  İnşAllah.
    Tarix müxtəlif imperiyalar görüb. Lakin bütün bu imperiyaların aqibəti bəllidir. Hətta tarixdə elə qəddar imperiyalar da olub ki, (məsələn “Assur” dövləti), onlar bərpa olunmasın deyə, qaliblər həmin hökmdarlar şəcərəsindən olan son uşağı da məhv ediblər. Xalqımızda gözəl deyimi var: “Bir gün yaranan, bir gün öləcəkdir”. Beləliklə də bütün imperiyaların yaranma, çiçəklənmə və “ölmə” dövrləri var. Yəni bütün imperiyaların müəyyən inkişafı və sonu vardır. Çox güman ki, imperiya xülyasında olanlar bundan xəbərsiz deyillər.
    Maraqlıdır ki, cəmiyyət inkişaf etdikcə inkişafın sürəti artır və mövcud olan cəmiyyətin yaşama müddəti əvvəlki cəmiyyətin ömründən daha qısa olur. Bəşər tarixinə dialektik prizmadan nəzər salsaq qeyd etməliyik ki, əgər insan tarixinin ilk pilləsi olan ibtidai insan cəmiyyəti milyonlarla il mövcud olmuşsa, quldarlıq cəmiyyəti dörd min il, feodalizm isə min ildən bir az çox davam etmişdir. Nəhayət, kapitalizm və imperializm vur-tut 300 ildir möcuddur. Lakin hər şey göz qabağındadır. Yəni əgər müasir cəmiyyətdə bir dövlət beynəlxalq hüquq normalarına və beynəlxalq birlik tərəfindən qəbul olunmuş qanunlara məhəl qoymayaraq başqa müstəqil dövlətin milli-mənəvi, siyasi və iqtisadi maraqlarına heç bir əsası olmadan təcavüz edirsə - bu artıq müasir cəmiyyətin sonunun başlaması deməkdir. Əgər müasir cəmiyəti mənəviyyatsızlıq bürüyürsə, o insan həyatının bütün sahələrinə sirayət edib onu dağıtmalıdır. Roma və Sasani imperiyalarının həyat tərzi və aqibəti göz qabağındadır. Beləliklə də, müasir cəmiyyət “inkişaf” etdikcə, onun inkişaf müddəti məhdudlaşır və o özü özünə “ölüm” mərhələsini hazırlayır.
    Çox təəssüflə qeyd olunmalıdır ki, müasir “alim” sırf materialist, daha doğrusu ateizm düşüncə tərzinə qapanaraq, bütün tarixi hadisələri birtərəfli işıqlandırmağa çalışır. Bu cür düşüncə tərzinə sahib olan alim heç vaxt razılaşmaq istəmir ki, “dünyada” İnsan iradəsindən kənar proseslər də inkişaf edir. Onlar isə biz istəsək də, istəməsək də, həyat tərzimizi köklü surətdə korrektə edib, ona yeni istiqamət verir. Materialist düşüncəli alimlər bilməmiş olmaz ki, insan iradəsindən asılı olmayan “Buzlaşma dövrü” İnsanın əqli və məişət tərzinə hansı yeniliklər gətirdi. Mən isə burada məsələni başqa cür qoymaq istərdim. Bildiyimiz kimi İnsan canlıdır. Deməli Can var!!! Can isə Ruhla bağlıdır. Biz isə Onu görmürük. Biz onu görə bilmiriksə, bu heç də o demək deyil ki, Canla bağlı Ruh yoxdur. Ruhun mövcud olması isə aşağıdaki faktlarla təsdiqlənir: nə qədər ki, insan yaşayır, onun müəyyən bədən hərarəti var, o düşünür, hərəkət edir. Bütün bunlar isə insan ölən kimi, yəni Ruhun bədəni tərk etməsi ilə dayanır və insan yenə də əvvəlki “torpaq” vəziyyətinə qayıdır.
    Ruh İnsan cisminə daxil olduqdan sonra, cismə bağlı olur, çünki Onun istəməsindən asılı olmayaraq, O müvəqqəti olaraq Yerin cazibə qüvvəsinə tabe olur. Buna görə də, artıq cazibə qanunundan asılı olaraq Yer (torpaq/materiya) Ruhla mübarizədə Ona öz aliliyi və ilkinliyini “sübut etməyə” çalışır ki, bu məqsədlə də Yer Ruhun və Allahın varlığını inkar edən Feyerbax, Marks, Engels və Lenin (!!! – müəllif) kimi ideoloqlar yetişdirməyə çalışır. Məhz bu cür ideologiyanın qanuni nəticəsi də “nəfs”in cəmiyyətdə müvəqqəti qələbəsi olur.
    Lakin Yerin cazibə qüvvəsi Ruhla mübarizədə tam qələbə əldə edə bilmir və bu mübarizə onların arasında insan ömrü boyu davam edir. Demək olar ki, bu cür mübarizə iki istiqamətdə baş verir: 1. Mənəvi.İslamda buna “böyük cihad” deyirlər, yəni İnsanda “torpaqla” bağlı olan  maddi qidalanma tələbatı “Yer”ə İnsanda “nəfs” elementlərinin üstün gəlməsi üçün şərait yaradır ki, Ruh da buna qalib gəlməlidir; 2. Fiziki səviyyədə. Nə qədər ki İnsan cavandır, Ruh gümrahdır, enerjilidir və düzqamətlidir ki, bu da Ona Yerin cazibə qüvvəsinə müqavimət göstərməyə imkan yaradır. Yer Ruhu əyib, onu özünə ram edə bilmir! Lakin, insan qocaldıqca, özünə lazımi maddi və mənəvi enerjini ala bilməyən Ruh, tədricən Yerə təslim olmaq istəyir və insan cismi torpağa doğru əyilməyə başlayır. Lakin son nəticədə Yer yenə də Ruha qalib gələ bilmir, cünki bu uzun sürən mübahisəni Ölüm həll edir və hər kəs öz “payını” geri alır – Ruh İlahi Nura qovuşur, cisim isə torpağa. Bu şəraitdə isə “sakitlik” cökür. Ruh/enerji üçün “sakitlik” Yuxarıda (va ileyhi turcaun /Onun hüzuruna qayıdacaqsız // Quran XXXVI:83/), “cisim” üçün isə “aşağıda – torpaqdadır. Beləliklə də yalnız “nəfsə” qalib gələnlər cənnətdə rahatlıq tapa bilərlər”.
    Tarix boyu “İnsan” müxtəlif sivilizasiyalar şəraitində yaşamışdır. Lakin indiyə kimi alimlərimiz “sivilizasiya” anlamının dəqiq tərifini verə bilməmişlər. Buna baxmayaraq, hesab etmək olar ki, “istər-istəməz” “sivilizasiya” anlamı mədəni, iqtisadi, siyasi “imperium”la sıx əlaqədə olan anlamdır. Məhz bu cür Qədim Dünya və Orta əsrlər (Mesopotamiya, Hind, Yunan, Roma, Xristian, Müsəlman, Osmanlı, Rus) sivilizasiyaları yaranmışdı. Məsələn arilərin işğalı hind, Qoca Sarqonun Şumeri işğalı  - Mesopotamiya, yunanların Balkanları işğalı – Yunan, İskəndərin isə Şərqi işğalı ellin və antik sivilizasiyalarının əsasını qoydu.
    Bunlara baxmayaraq alimlərin nəzərindən qaçan məqamlardan biri də budur ki, bütün sivilizasiyalar “7” rəqəmi ilə nizamlanır. Ümumiyyətlə, bilindiyi kimi, “7” qədim və orta əsr fəlsəfəsində kamillik zirvəsinin təcəssümüdür. Maraqlıdır ki, “7” rəqəmilə biz ilk dəfə Azıx mağarasında tapılan ayı kəlləsi üzərində olan “yeddi çapıq” işarəsi vasitəsi ilə tanış oluruq. Quranda Fatihə surəsi “7” ayədən ibarətdir. Məhz bu kamillik zirvəsi baxımındam Rəsulallahımız (s.s.) Özünü bu dünyanın sonuncu Peyğəmbəri adlandırmış və İslam dini müxtəlif şərti ifadələrlə həmin kamillik zirvəsini qorumuşdur. Məsələn, İslama görə Yer üzünə 124 min (1+2+4=7) peyğəmbər gəndərilib. Quranda 25 (2+5=7) Rəsulun adı çəkilir. Bu peyğəmbərlərin 313-nə (3+1+3=7) Müqəddəs Kitab və Səhifə göndərilib ki, onlar da Rəsul hesab olunur. Nəhayət,  Onlardan “7”nin İslamda Yeri daha hörmətlidir (Adəm, Nuh, İbrahim, Musa, Davud, İsa, Məhəmməd /s.s./) Bildiyimiz kimi “7”lik Gəncəli Nizaminin poeziyasında da önəmli yerə malikdir (məs. “Yeddi Gözəl”). 
    Aydındır ki, bu misalları sadalamaqla başa çatmaq mümkün deyil. Amma bütün bu misalların arasında ən əsası budur ki, İslamda bir “əsr” “720” ildir, yəni bizim qəbul etdiyimiz vaxt “7” əsrdən bir az çoxdur. Qabaqda görəcəyimiz kimi məhz bu rəqəm “sivilizasiyaların” “yaşamasını” əks edir. Məsələni aydınlaşdırmaq üçün fikirlərimizi misallarala təsdiqləyək. Məsələn, Osmanlı dövlətinin yaranması (1299-cu il) XIII əsrdir, süqutu isə XX əsr (1922-ci il) – 7 əsr. Yazılı qaynaqlarda Moskvanın adı ilk dəfə 1147-ci il hadisələri ilə əlaqədar çəkilir. Moskva knyazlığının Rusiyada siyasi nüfuz uğrunda mübarizəsi XIII əsrdən başlayır. XVIII əsrdə Dəli Pyotr onu imperiya edir və nəhayət XX əsrdən Rus imperiyası çökməyə başlayır. Bu prosses hazırda da davam edir, çünki “bolşeviklər” 1917-ci ildə (XX-XIII=VII əsr) yalnız Romanovları devirməklə və Oktyabrda hakimiyyəti əllərinə almaqla imperyanın formasını dəyişdirib, SSRİ-ni yaradırlar. Maraqlıdır, “bolşeviklər” Oktyabr çerilişinin “ad gününü” son dəfə 1987-ci ildə, yəni onun 7-ci onilliyini qeyd etdikdən sonra tarixin arxivinə göndərdilər. Məhz 1987-ci ildə Abel Aqanbegyan “Yumanite” qazetində “Qarabağ problemini” qaldırmaqla SSRİ-nin dağılmasına təkan verdi.
    Guman edilir ki, ilk hindavropalılar Balkanlarda miladdan əvvəl III minillikdə məskən salır. Balkanlarda və Appeninlərdə onların tam məskunlaşması miladdan əvvəl II min. sonu - I min əvvəlində başa çatır (Balkanlarda dorilərin dağıdıcı yürüşləri, Appenində “yağlı topaq” mədəniyyəti, Avropada dəmir istehsalının başlaması). Bununla da adı çəkilən ərazilərdə, Balkanlarda yunan, Appenində isə Roma sivilizasiyaları yaranmağa başlayır. Maraqlıdır ki, yenə də adı çəkilən “7”-lik həmin sivilizasiyaları nizamlayır. Məsələn, təsadüfü deyil ki, Roma şəhəri 7 “təpənin” əhatəsində yaranır, Roma tarixinin “şahlıq dövrü” isə 7-ci hökmdarın devrilməsi ilə başa çatır. Bizim istəyimizdən asılı olmayaraq, “7” antik, “yunan-roma” sivilizasiyalarını nizamlayır və bunu aşağıdakı sxem əsasında nümayiş etmək olar:
    e.ə. X/IX – III/II əsrlər ~ Avropada dəmir istehsalının başlaması, Yunanıstanda “polis”-lərin (şəhər-dövlətlərin) yaranması; ellin mədəniyyətinin (yunan sivilizasiyasının) hökmranlığı → X-III=VII əsr – Romanın İtaliyada yunanların hakimiyyətinə son qoyması və Aralıq dənizində hegemonluq uğrunda mübarizəyə başlaması: IX-II=VII → Romanın Selevkiləri, Makedoniyanı və Yunanıstanı işğal etməsi ilə Aralıq dənizi imperiyasına çevrilməsi və Roma sivilizasiyasının hökmranlığı – 7 əsr;
    e.ə. III/II – e. IV/V əsrlər ~ Antik sivilizasiyanın çöküşü və Roma imperiyasının süqutu → e.ə. III ~ e. IV ə.  (395 ci il) Romanın iki hissəyə parçalanması və Bizans imperiyasının yaranması – 7 əsr . 7 əsrdən sora (Roma papasının 1095-ci il Klermon çağırışından sonra) “Xaçlı yürüşləri” başlayır və bundan sonra Bizansın yalnız adı qalır;  e.ə.II ~ e.V ə.(476 –cı il) Roma imperiyası süqut  edir  və  Qərbdə quldarlıq quruluşu çökür – 7 əsr.
    Bu cür analogiya isə digər sivilizasiyaların yaranma və çöküşü tarixinə baxmağa imkan yaradır: 
    Eramızın 0/I-VII/VIII əsrləri ~ e.ə. dekabrın 24-dən 25-nə keçən gecə (!!! – müəllif) İsa Peyğəmbərin /s.s/ anadan olması; Xristianlığın yaranması; xristian ehkamlarının bərqərar olması (Milan edikti – 313-cü il, Hikeya kilsə məclisi -  325-ci il), xristian təriqətçiliyinin yaranması, ilkin Xristianliğın çöküşü və İslam dininin meydana gəlməsi – 7 əsr;
    e.VII/VIII – XIV/XV əsrlər ~ İslamda yəhudi Abdulla ibn Səba təfriqəçiliyi; Əməvilər fütühatları və İslam dininin Ərəbistandan çıxaraq, Fransadan Çinə qədər, Volqa və Don çaylarının orta axarlarından Afrikanın mərkəzinə qədər yayılması və dünyəvi din olması; Abbasilərin zəifliyi və Xilafətin çöküşünün başlaması; Ön Asiya müsəlmanlarının Səlcuq bayrağı altında birləşmələri, Xaçlı yürüşlərı, monqolların yürüşləri və Abbasi xilafətinin süqutu, İslam sivilizasiyasının çöküşünün başlaması – 7 əsr;
    XIV/XV – XX/XXI əsrlər ~ Avropada İntibah dövrü, “yeniləşmiş” xristianlığın formalaşması və Reformasiya, kapitalizmin yaranması və coğrafi “kəşflər” (? – müəllif), Avropada “Otuzillik müharibə” və ilk dəfə qitə səviyyəsində sərhədlərin müzakirəsi, sənaye çevrilişi, müstəmləkəçi müharibələr, müstəmləkə imperiyaların yaranması, dünya müharibələri, ənənəvi imperiyaların dağılmasının başlaması, yenilənmiş xristian ideologiyasının çöküşü, “amerikanizm” və “qlobalizm” ideyalarının yaranması, yenilənmiş İslam – 7 əsr. ...
    Ümidvaram ki, oxucu bu silsiləni davam edərək özü lazımi nəticəni əldə edəcək. Lakin bu da kifayət edir ki, “qlobalizm” adı altında gizlənən “yeni”, yaranmaq istəyən imperiyanın gələcək aqibətini müəyyən edək. Dünyada heç kim və heç nə əbədi olmadığı kimi “qloballaşma” tərəfdarlarının fikirləri, düşünürəm ki, xülyadan və müvəqqəti prosesdən başqa heç nədir. Çünki Bəşəriyyətdə Bir İmperium ola bilər. Onun isə şəriki ola bilməz. Necə deyərlər: “Sən saydığını say, gör Fələk nə sayır”. Kainatın isə bizim üçün hazırladığı sürprizləri biz artıq hiss etməyə başlamışıq. Vaxtı deyilmi “nəfsdən” əl çəkərək Haqq yoluna qayıtmaq?!!
 
 
Ələkbər Ələkbərov
 
tarix üzrə fəlsəfə doktoru


“Gizlənən dərviş” – Baba Nemətullah Naxçıvani
21:13 / 14-11-2016