BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İqtidarın bədəni, bədənin iqtidarı

13:40 / 24-02-2016   /   baxış - 337

Çoxmədəniyyətlilik niyə məhv edilir?

XVIII yüzildə “modern” və “iqtidar” sözləri yeni anlam qazandı. Filosof Habermas XVIII yüzili “modernizm layihəsi” adlandırırdı. Bu layihənin memarları isə arvopalı maarifçilər idi. Maarifçilər çağdaşlığı və modern iqtidarı “elm və mədəni varidatdan gündəlikhəyatın zənginləşdirilməsiyolunda istifadəsi” olaraq açıqlayırdılar. Bunun yolu rasionallıqdan, dünyəvilikdən keçirdi.

Rasionalizm sosial təşkilatlanma formalarına və dünyəvi fikrə əsaslanır, əfsanəni, dini və inamları əsatir və ağılsızlıq sayır, bunları keçmiş iqtidarların, hakimiyyətlərin kefinin məhsulu və insan təbiətinin qaranlıq üzü sayır. XVIII yüzildən başlayıb günümüzə gələn bu proses çağdaş insanın, onun yeni formada bədəninin və iqtidarının yaranış, inkişaf və bu gün gördüyümüz kimi məhv olma dövrünü təşkil edir.

 

İqtidar və bədən

Müasir iqtidar-hakimiyyət anlayışının vəzifəsi sadəcə cəzalandırmaq, qarşı çıxmaq, təzyiq altına almaq deyil. Çünki çağdaş iqtidar formaları senzura qoymaq, təsirsiz hala gətirmək, əngəlləmək, həbs etmək, qısası, neqativ bir güc kimi fəaliyyət göstərsə idi, ömrü uzun olmazdı. İqtidar öz gücünü bilikdən və arzudan alır, pozitiv təsirlərdən bəslənir. Çağdaş iqtidar anlayışı arzu və zövqü təşviq edir, bilik istehsalçısı olub, bədənə xitab edir, davranışları istiqamətləndirir və insan bədəninin bütün maddi istəklərinin idarəçisi rolunu oynayır. Beləcə, çağdaş iqtidar bədənin yaradılması, tərbiyəsi, nizamlanması, formalaşdırılması üçün çalışıb işləyir. Bu iqtidar anlayışını bir hökmdar, hakimiyyətdəki bir güc deyil, köklü bir mexanizm, sistemlər birliyi təmsil edir.

Modernizm yaradıcı və inkişaf etmiş bir sistem olmaqdan öncə dağıdıcı bir anlayış kimi nəzərə çarpır, fəaliyyət göstərir, sonrasında yaradıcı xarakter alır. Modernizmdə dağıtmaqla yaratmaq iç-içədir. Marşal Bermanın dediyi kimi, “modern olmaq bizə macəra, hakimiyyət, həzz duyğuları verir, ancaq eyni zamanda bildiyimiz, yiyələndiyimiz hər şeyi yox edəcək davamlı bir təhlükə ilə yaşamaq məcburiyyətində qoyur”.

Göte, Marks, Bodler, Dostoyevski, Bieliy kimi bir çox fikir adamları davamlı olaraq “modernizmin insanlarda ürək bulandıran parçalanma duyğusu” yaratdığından danışarkən bunu nəzərdə tuturlar. Harvey haqlı olaraq modernizmin inanılacaq tək xüsusiyyətinin inamsızlıq olduğunu söyləyirdi.

 

Çağdaş iqtidarın yaranması

Çağdaş iqtidar anlayışı Avropa burjuaziyasının əsəridir. Amerikanın kəşfi ilə Avropaya milyardlarla dollar dəyərində qızıl axmağa başladı. Ancaq İspaniya krallığında yaranan və sırası ilə Avropanın digər müstəmləkə ölkələrinə sıçrayan iqtisadi böhran böyük işsizlər ordusu yaratdı. London, Paris, Madrid, Amsterdam küçələrini böhran nəticəsində işini, ailəsini və bütün bunların cəmində ağlını itirmiş on minlərlə dəli doldurmağa başladı. Örnək, 300 min əhalisi olan Parisdə 6 min dəli vardı. Qeyri-rəsmi tarixçilər XVII yüzil Avropasını “dəlilər yüzilliyi” adlandırır. Bir çox ciddi cəhddən sonra dəlilərdən qurtuluş yolu kimi “panoptikon” (nəzarət) adı verilən bir sistem tapıldı. 1656-cı ildə Parisdə “Hospital general” (ümumi xəstəxana) açıldı. Çağdaş tibb ilə çağdaş həbsxananın bünövrəsi bu tarixdə qoyuldu.

Təbabət elmi ilə cəza forması olan həbsxananı qədim dövrlərdən insanlar bilirdi. Qədim və orta yüzillərdə təbabət və həbsxana insanların ruhunu sağaltmağa və saflaşdırmağa xidmət edirdi. Ancaq çağdaş səhiyyə və cəza sistemi bədənə xitab edir. Çünki insanı yenidən yaratmaq, idarə etmək və tərbiyələndirmək mexanizminin bir parçası olan iqtidar formaları ortaya çıxdı. Beləcə, çağdaş dönəmi dəlilik dünyaya gətirdi.

Dəlini tibbi, cinayətkarı isə hüquqi normlar altında nəzarətdə saxlamaq siyasi anlamda onların xəstə və günahkar bədənlərini dəyişdirmək, sağaltmaq məqsədi daşıyırdı. Kapitalizm üçün əmək gücünün qaynağı kimi insan bədəni və bu bədəndə olan istehsal gücü iqtisadi və siyasi müdaxilənin obyekti halını aldı. XVIII yüzildə sadaladığımız təsirlərlə formalaşan yeni iqtidar anlayışına “nizamlayıcı iqtidar” adı verilir.

 

Panoptikon

1791-ci ildə Jeremy Bentham yeni bir həbsxana sistemi layihələndirdi. Buna “nəzarət etmək” anlamında panoptikon adı verilir. Bu, əslində sosial bir layihə idi.  

Həmin layihəyə görə, cəmiyyət normal və anormal qrupda iki növ insandan yaranırdı. Bütün çağdaş iqtidarların hədəfi normal cəmiyyət yaratmaqdır. Normal sayılmayanları, cəmiyyətdən uzaqlaşdırılanları, cinayətkarları, dəliləri normal sistemə qaytarmaq üçün onların sosial vəziyyətini və sosial münasibətlərini islah etməyi hədəfləyən panoptikon böyük bir nəzarət sistemidir. 

Bu layihə əsasında iki pəncərəli həbsxana otağı tikilməli idi. Pəncərənin biri içəriyə, digəri isə azad dünyaya baxırdı. İçəridəki pəncərələr ortada yerləşən qaranlıq dəhlizə açılırdı. Bu dəhlizdə dolaşan məmur cinayətkarı 24 saat nəzarət altında saxlayırdı.

Panoptikonun hakimiyyət üçün sosial təsirləri böyük oldu. Nəzarət sistemi ilə cəmiyyəti daim təsir altında saxlamaq, iqtidara yeni bir cəmiyyət memarlığı proqramını həyata keçirmək imkanı verdi. Maraqlıdır ki, Benthamın layihələndirdiyi şəkildə real bir həbsxana tikilməsə də, belə bir cəmiyyət sistemi yaradıldı. Ordugahlar, xəstəxanalar, uşaq bağçaları, məktəblər panoptikon sistemi əsasında quruldu.

 

Çağdaş insan bədəninin yaradılması

XVIII-XX yüzillər arasında Batı toplumları nizamlayıcı bir rejim sisteminə tabe idi. Nizamlayıcı rejim ailədən başlayır, sırayla məktəblərdə, orduda, iş yerində davam edirdi.

İlk nizamlama mərhələsi uşağın cinsi tərbiyəsi idi. İnsanın öz bədəni ilə birbaşa yaratdığı münasibət olan cinsiyyət iqtidarın əlinə keçmişdi. Beləcə, bədən hələ erkən dövrlərdən uşaqla ona nəzarət edən arasında bir mübarizə vasitəsi olmuşdu. Burada məqsəd kapitalizm üçün insan bədəninin iş gücü olaraq yetişdirilməsi idi.

Avropanın xristian ənənəsində bədəni qorumaq və günahlardan təmizləmək üçün etiraf sistemi vardı. Kilsənin nəzarətində olan bu sistem çağdaş dövrdə psixoanalizmin ixtiyarına verildi. Ziqmund Freyd rahibin vəzifəsini psixiatra tapşırdı. Xristianlıqda etirafçı insan normallaşdırılıb topluma qaytarıldığı kimi, psixoanalizmdə də insan normal insan kateqoriyası vasitəsilə müəyyən iqtidar normalarını paylaşmaq məcburiyətində qoyulur. Beləcə, çağdaş iqtidarın bünövrəsi kimi hüquqi-tibbi əsasların təməli XIX yüzildə atıldı. “Çağdaş iqtidar” dünyagörüşü hələ ailə içində fərdi mükəmməlləşdirərək, bədəni və zehni mərhələ-mərhələ qurub-inkişaf etdirməklə çağdaş toplumu yaradırdı.

Məqsədimiz çağdaş həyatın, tibbin, hüququn, bütövlükdə çağdaş insanın iqtidara xas əxlaq qaydaları içində pozulduğunu, əxlaqsızlaşdırıldığını deyil, nəyin nə şəkildə və hansı tarixi proseslərdən adladılaraq həyatımıza girdiyini açıqlamaqıdr.

 

Postmodernizm

II Dünya savaşından sonra Batı toplumunda radikal dəyişikliklər yaranmağa başladı. 1960-cı ildə ortaya çıxan situasionizm (vəziyyətçilər) cərəyanı yeni toplumu “reklam cəmiyyəti” adlandırdı. Jean Bodrilard belə topluma media və istehlak cəmiyyəti adını verir.

Buna səbəb çağdaş həyatda ən inkişaf etmiş şeyin maddi məhsullar deyil, markalar olmasıdır. Beləcə, materiyanın istifadə dəyəri ilə istehsal dəyərlərinin yerini şifrələr, təqlidlər, reklamlar aldı. İqtidar özü də simvollaşdı. Postmodernizm adlanan bu proses, çağdaş iqtidar və çağdaş anlayışının sonudur. Çünki çağdaşlıq insanı və onun bədənini tükətdiyindən (artıq istifadəyə yarasız hal aldığından) postmodern həyatda bədən və iqtidar kuklalaşır, kölgə oyununa çevrilir. Örnək, XX yüzilin əvvəllərində demokratiya bir fikir və ideologiya məhsulu idisə, günümüzdə təqlid, marka, maska məzmunu alıb. Bodrilardın dediyi kimi, postmodern prosesdə hamımız müəyyən maskalardan istifadə edərək, bu maskalardan xaric heç bir şeyin “həqiqət” olmadığına inanırıq.

Yüksək mədəniyyətlə kütlə mədəniyyəti və ticarət mədəniyyəti arasında hüdudların qalxdığı postmodern mədəniyyətdə hər şey mədəni standartlara çevrilir, keyfiyyəti olmayan kiçik kəmiyyət dəyərləri mədəniyyət olaraq qəbul edilir, nəticədə sehrlənmiş bir toplum yaranır. Çoxmədəniyyətlilik acı duyğular kimi iqtidar üçün postmodern həyatın prinsipinə çevrilir.

Modern sistemdə bədənin hər cür radikallığı, “şıltaqlığı” iqtidarın nəzarətində saxlanıldığı halda, çoxmədəniyyətli postmodernizmdə bədən ― üstündəki iqtidarı məhv edən bir davranış yiyəsi olur.

Modern iqtidarın məhvi “böyük Batı mədəniyyəti”nin tənəzzülü sayıldığından, çoxmədəniyyətliliyi Batı iqtidarı rədd etməyə başladı. Çünki bədən iqtidar vasitəsi olaraq çağdaş Batı mədəniyyətinin nəzarətindən çıxmaqdadır. 

 

t.e.ü.f.d ƏKBƏR NƏCƏF



Müqəddəs Qurban bayramı - Dilavər Əzimli
15:27 / 11-09-2016
İqtidarınbədəni, bədənin iqtidarı
01:29 / 14-06-2016
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
20:58 / 04-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ
16:17 / 30-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015
Beyinlə idarə olunan protezlər
09:09 / 07-06-2015
İran Avropa Oyunlarını izləyəcək
12:24 / 27-05-2015
Azərbaycan Hindistanla film çəkir: Baş rolu Mohanlal oynayacaq- Fotolar
17:40 / 18-05-2015
"Eurovision 2015" həyəcanı başladı
12:24 / 18-05-2015