BÜTÖV AZƏRBAYCAN OCAQLARI
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ

16:17 / 30-06-2015   /   baxış - 342

Doç.Dr. Faiq ELEKBEROV

Alman filosofu Artur Şopenhauer “Dünya iradə və təsəvvür kimi” əsərində Allah iradəsindən kənarda Dünya və İnsan iradəsi ideyasını irəli sürürdü ki, onun “insanı” bitkilərdən və heyvanlardan istəklərinə görə mahiyyətcə deyil, yalnız sahib olduqları eyni dərəcəsi baxımından fərqlənirdi. Yəni bitki və heyvan bütün təbii istəklərini açıq şəkildə ifadə edərək heç zaman instiktlərinə qarşı çıxmır, sadəcə imkanları çatacaq dərəcədə istəklərini hədəfləyirlər: bitki bitki, heyvan heyvan kimi. Ancaq insan bitki və heyvandan daha geniş imkanlara sahib olmasına baxmayaraq, onlardan fərqli olan şüurlu varlıq kimi əxlaq, inanclar, etiqadlar, adətlər, dəyərlər naminə təbii istəklərinin-“kişiliyini”nin əyani ifadəsini ya gizlətməyə çalışır, ya da üstündən xətt çəkir. O, yazır: “Heyvan insandan hansı dərəcədə sadəlövhdürsə, bitki də heyvandan elə həmin dərəcədə daha çox sadəlövhdür. Heyvanda biz həyata olan iradəni insanda  olduğundan necə dəyərlər daha çılpaq bir şəkildə görürük, insanda iradə idrakla o qədər geyindirilmiş, üstəlik, o, özünü başqa cür göstərmək qabiliyyəti ilə o qədər örtülmüşdür ki, onun həqiqi mahiyyəti demək olar ki, yalnız yalnız təsadüfi olaraq, yalnız müəyyən zamanlarda aşkarlanır” .

 

Amma bu günün Qərb insanları və onun Şərqdəki təqlidçiləri Şopenhauerin arzuladğı kimi, kişiliklərini bitki və heyvandan da daha çox çılpaq formada əyaniləşdirir, tam bir azad hərəkət ortaya qoyurlar. Bir sözlə, Qərbin “modern insanı” biliklərini, daha da artmış “ağıllarını” hər hansı milli və dini əxlaq normalarına əməl etməyə deyil, təbii istəklərinin cürbəcür vasitələrlə reallaşdırmağın yollarını tapmağa sərf edirlər. Elə Şopenhauer də yazırdı ki, çünki insanın bədən-ruh, istəmələr-ağıl ikliyində İnsan xarakteri dayanır ki, bu da bir insanın onu əxlaqlı edən  yanı deyil, “kişi” edən yanıdır. Bu anlamda Şopenhauer insanın bədən “dili”ylə, “ağıl dili”nin ayrı-ayrı tutulmasının əleyhinə idi. Onun fikrincə, ağılın bir, bədənin başqa bir şey istəməsi anlamsızdır. Ona görə də, bitki və heyvan kimi, insan da təbii istəklərinə-“kişiliyinə” qarşı gəlməməli, özünü əxlaq çərçivəsinə salıb acı çəkmə istəyindən məhrum olmamalıdır. Çünki acı çəkmə istəyi insanın digər canlılar kimi təbii istəyidir. Bu anlamda, insan təbii istəklərinə görə heyvanlarla ortaqdır, sadəcə, onu heyvanlardan fərqli edən amilin qavramlar və ağıl yürütmə olduğunu bilməlidir. Ona görə də, o, təbii istəklərinə tamamilə və qismən çıxan insanı deyil, bilən yanını təbii istəklərini doyurmaq üçün istifadə edən insanı “kişilik sahibi” kimi qəbul edir. Çünki  bir insanın təbii halı necə davranırsa elə davranmaq zorunda olduğu üçün davrandığıdır, Yəni istəmədiyi kimi davranan insan artıq öz-özünü aldadan insandır.

 

Şopenhauerin düşüncələrindən belə sonuc çıxır ki, təbiətdə hər bir proses müəyyən qanunauyğunluqlar çərçivəsində baş verir.  Insan da təbiətin bir parçası kimi, digər canlılar kimi təbiətin qanunauyğunluqlarına qarşı çıxa bilməz. Insan biliyi aldadıcı olduğu halda, təbiət səhv etmir, onun gedişi dogrudur. Bu anlamda bitki və heyvan Təbiətin bir parçası və özü kimi özünün varlığa gedən yolunu düzgün tapdığı, ölümün nə olduğunu bilmədən hər anını qayğısız yaşadığı halda, yalnız ağıllı və bilən insan problemlər içindədir. Bəlkə də, ağıllı və bilən insan üçün əsas problemlər ölüm qorxusu və axirət dünyası inamıdır . Şopenhauer bir qədər pessimizmə qapılsa da, əsasən insanın çıxış yolu kimi təsadüfən xatırlanan ölüm və ağrını unudub, əxlaq ehkamlarını inkar edib, eyni zamanda nə keçmişi, nə də gələcəyi düşünərək yaşamağa deyil, insanı bir növ bitki və heyvan kimi, qayğısız halda bu günü üçün yaşamağa səsləyir.

 

Örnəyin, F.Nitsşe “Zərdüşt belə dedi” (1883) əsərində Allahın ölməsini sübut etməyə, öldürməyə çalışdığı Tanrı ideyasına qarşı “Üst insan”ı irəli sürməyə çalışmışdır. O iddia edirdi ki, bu günə qədər ruh bədəndən üstün idi, artıq bədən ruhdan üstündür. Nitsşe yazırdı: “Amma oyanan, bilən adam belə deyər: Mən, bütünlüklə bədənim və bundan kənarda bir şey deyilim. Ruh yalnız bədəndəki  bir şey üçün istifadə olunan  sözcükdür” . Ruhu “kiçik ağıl” kimi bədənin bir vasitəsi adlandıran Nitsşe bədəni-cismi önə çəkərək deyir ki, “mənlik” də bədəndir və “mən”i də bədən yaradır. Bir sözlə, artıq Tanrıya qədər yüksələn ruh artıq ayaqaltı olmuş və öz yerini bədənə-“Üst insan”a vermişdir. Nitsşenin “Üst insanı” ruhsuz bədən, Tanrıya inanmayan bugünkü “Modern, ya da postmodern  insan” idi. “Üst insan” üçün mənəviyyat, ruh, Tanrı anlamlarının heç bir dəyəri yox idi. Artıq  “Üst insan”ın ortaya çıxması və yaşaması üçün Tanrı ideyasının, Tanrıyla bağlı olan bütün mənəvi olanların üstündən amansızcasına xətt çəkilir, ölüm hökümü kəsilirdi.

 

Nitsşe Tanrı ideyasının, Tanrıyla bağlı olan bütün mənəvi-ruhi olanların aradan qaldıırılmasının vacibliyini onunla izah edirdi ki, İnsan məhz onların sayəsində bu günə qədər kölə olmuşdur. Tanrı ideyasıyla İnsan daima kölə vəziyyətində saxlanmış, bütün istək və arzularının üstündən xətt çəkilmiş, bir sözlə hər şey Allahın yazdığı qədərin, taleyin iradəsinə buraxılmışdır. Bu anlamda İnsanlar qədimlərdə birmənalı şəkildə kahinlərə, münəccimlərə inanaraq hərəkət edirdilər. Ancaq sonralar kahinlərə, münəccimlərə şübhələr yarandı. Yəni İnsanlar artıq hər şeyin Tanrının yazdığı qədərlə, alın yazısıyla baş verdiyinə şübhə etdilər, tərəddüdlər baş qaldırdı. Indi isə artıq heç bir şübhəyə də yol vermədən “qədərçiliyə”, “alın yazısına” son verilməli azad-özgür “Üst insan” yaradılmalıdır. Nitsşe özünü nəzərdə tutaraq yazırdı: “Ancaq “insan” deyilən ölkəyi kəşfedən, “insanın gələcəyi” adlı ölkə yi  də kəşf etdi” .

 

Nitsşenin kəşf etdiyi “insanın gələcəyi” adlı “Üst insan”lı ölkə bugünkü Avropa-Qərb dünyasıdır. Nitsşenin “İnsanın gələcəyi” kimi gördüyü Avropa-Qərb dünyasında Tanrı ideyası, xristianlıq, yəhuidilk əsasən yalnız sözdədir. Çünki “Üst insan” üçün Tanrının nə istədiyi deyil, özünün nə istədiyi önəmlidir. “Üst insan”ın şüurunda o, Tanrının düşündüyü kimi yox, Tanrı onun istədiyi kimi düşünür. “Üst insan” inanır ki, onun bədəninin bütün istəkləri, hərəkətləri Tanrının istəklərinə zidd deyildir. Çünki bugün “Üst insan” bütün istək və hərəkətlərini bədəninə görə müəyyənləşdirir, burada mənəviyyat ikinci, bəlkə də daha sonrakı yerdədir. Amma bugünün “üst insan”ı Tanrı ideyasını tamamilə sıradan çıxarda bilməmişdir. Bu anlamda, bugünkü “Üst insan” Nitsşenin “insanın gələcəyi” adlı ölkədə görmək istədiyi “Üst insan”la tam üst-üstə düşmür. Çünki Nitsşenin “insanın gələcəyi” adlı ölkədə yaşayan “Üst insan”ın ümumiyyətlə, yəni sözdə belə olsa, Tanrıya ehtiyacı yox idi. Amma bugünkü Avropada “Üst insan” da var, sözdə də olsa, Tanrı ideyası da var.

 

Deməli, Nitsşelərin, Freydlərin bugünkü “Üst insanları” yalançıdırlar, ikiüzlüdürlər, çoxüzlüdürlər. Çünki bir tərəfdən Tanrını və Tanrının  istəklərini qəbul etmək kimi görünmək, digər tərəfdən isə “Üst insan”- “Modern insan”kimi heç bir əxlaqi, mənəvi sərhədlər tanımamağı başqa cür izah etmək mümkün deyildir.  Nitsşenin bugünkü “Üst insanı” “cəllad Tanrı”, “işgəncəci Tanrı” , “ikiüzlü Tanrı” adlandırdığı Tanrıdan daha çox qorxuludur. Çünki Tanrı hər bir insanın bügünkü xeyir və şər əməllərinə görə bu dünyada və axirət dünyasında gec-tez cəzalanacağı, ya da mükafatlandırılacağı ilə xəbərdar etdiyi halda, Nitsşenin “Üst insanı”, Freydin “cinsel insanı”, Dyüinin “Praqmatist insanı”, Şopenhauerin “heyvan iradəli insanı” xeyir və şər əməllər deyiləni maddi və günlük çıxarlarına görə müəyyənləşdirilər. Artıq Qərbin “modern insanı” cəlladlığı da, işgəncəni də, iküzlülüyü də, yalançılığı, əxlaqsızlğı da adi bir şey kimi qəbul edir. “Modern insan” üçün cəlladlıq, iküzlülük, yalançılıq, əxlaqsızlıq deyilən anlamlar şəraitə, duruma, çıxarlara görə tez-tez dəyişir. Halbuku Nitsşeler, Freydler, Dyuiler bu kimi hərəkətləri Tanrıya yaraşdırmır, Tanrı ideyasından çıxış edib, amma buna əməl etməyənlərə görə Tanrını ittiham edirdilər.

 

Bəs, “Modern insan”ın əməllərinə görə kim, yaxud da kimlər cavab verməlidir? Bəlkə, yenə də Tanrı suçludur? Halbuki Şopenhauerlerin, Nitsşelərin, Freydlerin, Dyuilerin timsalında “modern insan” Tanrını çoxdan undub və azadlığa qovuşub. Bu zaman belə bir nəticə çıxarmaq olar ki, “Modern insan” elə belə də olmalıdır. Yəni Tanrının insanı ikiüzlü, əxlaqsız, namussuz, yalançı ola bilməyəcəyi, təbii ki olarsa da cəzasini çəkməli olduğu halda, Şopenhauerlerin, Nitsşelərin, Freydlerin, Dyuilerin,bir sözlə Qərbin “Modern insan”ı ikiüzlü, əxlaqsız, namussuz, yalançı ola bilər və olmalıdır da. Yeri gəlmişkən, “modern insan” üçün əxlaqsız, namussuz, yalançı, iküzlü anlamları xeyir və şər anlamı baxımından nisbidir. Yəni bu anlamların əxlaq-əxlaqszılıq, yalan-doğru, namus-namussuzluq, birüzlülük-çoxüzlülük Tanrı ideyası baxımından önəmi vardır. Əgər Tanrı ideyası ölübsə, yaxud da sözdə Tanrı ideyası varsa, bu zaman əxlaq-əxlaqszılıq, yalan-doğru, namus-namussuzluq, birüzlülük-çoxüzlülük kimi anlamlarda öz əhəmiyyətini itirmişdir. Çünki Şopenhauerlerin, Nitsşelərin, Freydlerin, Dyuilerin iddiasınca insanın köləlyinə səbəb Tanrının insanlardan xeyirli olanları – dogrunu, əxlaqı, birüzlülüyü, adilliyi tələb etməsi olmuşdur. Amma “modern insan” bütün bunlardan imtina edib azad-özgür olunca, artıq onların heç bir anlamı qalmamışdır. Tanrının müəyyənləşdiridyi insani-mənəvi dəyərlər aradan qalxmış, onun yerini Şopenhauerlerin, Nitsşelərin, Freydlerin, Dyuilerin, Marksların müəyyənləşdiridiyi maddiçi, cinsəl, praqmatist, heyvani, sinifi “dəyərlər” tutmuşdur.



Müqəddəs Qurban bayramı - Dilavər Əzimli
15:27 / 11-09-2016
İqtidarınbədəni, bədənin iqtidarı
01:29 / 14-06-2016
İqtidarın bədəni, bədənin iqtidarı
13:40 / 24-02-2016
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
20:58 / 04-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015
Beyinlə idarə olunan protezlər
09:09 / 07-06-2015
İran Avropa Oyunlarını izləyəcək
12:24 / 27-05-2015
Azərbaycan Hindistanla film çəkir: Baş rolu Mohanlal oynayacaq- Fotolar
17:40 / 18-05-2015
"Eurovision 2015" həyəcanı başladı
12:24 / 18-05-2015