BÜTÖV AZƏRBAYCAN OCAQLARI
MƏDARİ FƏXRİMİZ ÜZEYİR BƏY!

23:26 / 08-01-2017   /   baxış - 164

Səadət QARABAĞLI

Üzeyirbəyşünas

Bu sərlövhə xalqımızın qeyrətli oğullarından biri, Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan çalışan , milli oyanış tariximizin nümayəndəsi, vətəndən uzaqda mühacirət həyatı yaşayaraq respublikamızın bağımsızlığı üçün mübarizə aparan Hilal Münşinin  Üzeyir bəy Hacıbəylinin vəfatı ilə əlaqədar(Üzeyir bəy 1948-ci ildə dünyasını dəyişmişdir-S.Q.) 1950-ci ildə Ceyhun bəy Hacıbəyliyə yazdığı məktubdan götürülmüşdür.

Azərbaycan mədəniyyəti tarixində müstəsna yeri olan Hacıbəylilər nəslinə qohumluğu çatan Münşizadə Hilal Mirzə Hüseyn oğlu ( Hilal Münşi) 12 aprel 1899-cu ildə Qarabağın qədim, füsunkar, şahanə Şuşa şəhərində dünyaya gəlmişdir.1918-ci ildə Şuşa Realni Məktəbini bitirmişdir. O, Dövlət hesabına xaricdə təhsil almağa göndərilən ilk gənclərdən biri idi. H.Münşi

Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə elə həmin il Dağ-Mədən mühəndisliyi sahəsində ali təhsil almaq üçün Berlin Universitetinə daxil olmuş, oranı bitirdikdən sonra 1920-ci ildə Azərbaycan rus qoşunları tərəfindən işğal olunduğu üçün bir  daha vətənə dönməmiş, Almaniyada mühacirət həyatı sürməyə vadar olmuşdur.

Hilal Münşi Azərbaycandan olan mühacirlər arasında fəal siyasi iş aparmışdır. O, 1924-cü ildə azərbaycanlı tələbələrin  əsasını qoyduqları “Azərbaycan İstiqlal Komitəsi”nə sədrlik etmişdir . H. Münşinin  başcılığı ilə bu təşkilat xeyli müddət ərzində Avropa dövlətlərinin və cəmiyyətinin diqqətini Azərbaycanın istiqlalı məsələsinə yönəltməyi bacarmışdır. Bu yorulmaz mübariz “ Müsavat” partiyasının Berlin komitəsinin rəhbəri olmuş,1928-ci il mayın 28-də orada istiqlalımızın 10 illiyini təntənəli surətdə keçirilməsini təşkil etmişdir. Bu böyük bayram şənliyində o, “ 1918-ci il 28 mayın əhəmiyyəti “ mövzusunda çıxış edərək tədbiri açmışdır.

1930-cu ildə Berlində Hilal Münşinin “Azərbaycan cümhuriyyəti” əsəri alman dilində işıq üzü görmüşdür. 1934-cü ildə onun redaktorluğu ilə yaranan “Qurtuluş” dərgisi 1939-cu ilin sentyabrından etibarən müntəzəm çap edilmişdir. Mühacirətdə azərbaycanlılar arasında yaranan münaqişə, ikitirəlik  zamanı o, Məmməd Əmin Rəsulzadənin yanında olmuş, onun mövqeyini,  siyasi baxışlarını  bəyəndiyini bildirmişdir. 1941-ci ildə,İkinci Dünya müharibəsi başlayanda Məmməd Əmin Rəsulzadə ilə bərabər H. Münşi Berlində Milli Azərbaycan Komitəsi yaratmış, müharibədə əsir düşən Azərbaycan türklərini xilas etmişdir.

Azərbaycandan uzaqda vətən eşqi ilə yanan, onun azadlığı, firavanlığı,inkişafı uğrunda yorulmadan çalışan, Azərbaycan deyərək ömrlərini şam kimi əridən belə şəxsiyyətlərimizlə qürur duymağa dəyər. Məhz onların fəaliyyətlərinin qığılcımlarının məntiqi  nəticəsidir ki, Azərbaycanımız ikinci dəfə müstəqilliyinə qovuşdu. Bunun üçün biz o insanlara  da minnətdar olmalıyıq.  Almaniyadan Fransaya Ceyhun bəy Hacıbəyliyə yazdığı məktubun bir yerində Hilal Münşi belə yazır: “Məlfuf (zərfin içinə qoyulmuş) yazıları Türkiyədən göndərmişlər. Tarixi önəmi haiz (malik) olduğu üçün daima kitablarımın arasında saxladım və müstəqil, bağımsız  Azərbaycanın Bakıda  quracağı “Üzeyir Bəy mezeyi” üçün qorumuşam. Eyni məqsədlə  Sizə təqdim edirəm”. Bu misraları  oxuduqda gözlərim  yaşardı.  Bu insanın vətən , millət  təəssübünə,  uzaqgörənliyinə səcdə  etdim. Görün, Almaniyada  oturub, Azərbaycanda Üzeyir Bəy  muzeyinin  dərdini  çəkir, qayğısına  qalır, eksponat  toplayır.  Nə yaxşı ki, belə insanlarımız  bu gün də var. Mən  fəxrlə xalqımızın  böyük şəxsiyyətlərindən  biri  olan, Azərbaycan  naminə  daim  dəyərli  işlər  görən  Ramiz  Abutalıbovun adını xüsusi  vurğulamaq istərdim.  Məhz  onun  sayəsində Ceyhun  bəy  Hacıbəylinin  arxivi Fransadan  Azərbaycana  gətirildi, tədqiqatçıların  ixtiyarına  verildi. Hilal Münşinin  məktubu da həmin arxivdəndir. Məmnuniyyətlə,  böyük ürək  sahibi  olan Hilal Münşinin bu səmimi məktubunu oxuculara təqdim edirəm.

12 nisan (aprel) 1950

 

ÇOX SAYIN  (HÖRMƏTLİ) CEYHUN BƏY !

Mərhum Üzeyir  Bəyin vəfatı münasibətilə vaxtilə Sizə göndərmiş olduğum bir taziyət (başsağlığı) məktubunu o zaman geri aldım. Münhendəki vətəndaşlarımızdan biri tərəfindən mənə bildirilmiş olan o zamankı adresin yalnış olduğu anlaşıldı. İndiki məktubun, təkrar Münhendən mənə bildirilən bu yeni adresdə Sizə yetişəcəyini ümid edirəm, mədari (mehvər) fəxrimiz olan böyük Üzeyir Bəyin vəfatından duyduğum təəssüf və acı duyğularımı Sizə bildirmək istərəm.

Milli oyanış tariximizin ən tanınmış siması olub bilhassa (xüsusilə) qəzetəçilik və musiqi, ədəbiyyat və teatro kimi geniş sahələrdə Azərbaycan üçün unudulmaz başarılar (uğurlar) əldə edən və qiymətli əsərləri ilə milli kültürümüzü (mədəniyyətimizi) zənginləşdirən mərhum aramızdan nisbətən, çox erkən ayrıldı. Milli nə varsa, hər şeyi yaxıb-yıxan və xalqımızı milli mənliyindən təcrid etmək yolunda hər türlü (hət cür) vəhşiliklərə təvəssül (yaxınlıq) edən bolşevizm dövründə Azərbaycan musiqisini parlaq bir surətdə inkişaf etdirən Üzeyir Bəy bolşevik rejimi şəraiti içində və hər türlü güclüklərə rağmən milli mədəniyyətimizin bu böyük qolunu müdafiə etməsini bilən ən dəyərli bir Azəridir. Halbuki sovet rejimində milli hars (varlıq) və milli kültür (mədəniyyət)- bilindiyi vəch ilə -Moskvanın imha (məhv) etmək istədiyi başlıca düşmənlərdir. Milli ədəbiyyatımızın tamamilə imha (məhv) edilmiş olduğunu bilirik. Milli xalq musiqimizin yaşamasını və hətta inkişaf etdirilmiş olmasını millətimiz munhasıran (yalnız) mərhum Üzeyir Bəyə, onun məharətinə və onun ustalığına medyundur (borcludur).

Mərhum, milli sənəti, başarı (uğuru) və fəaliyyəti ilə rusun darbəsindən (çevriliş) qorumuş və kəndisindən ( özündən) sonra millətinə ölçü-biçilməz bir əsər, böyük bir miras burakmışdır (qoymuşdur). Milli Azərbaycanın malı olan Üzeyir Bəyin canlı xatirəsi hər bir azərinin qəlbində dərin köklər salmışdır. Hamımız Üzeyir Bəylə iftixar edirik. Siz onun simasında bir qardaş kaybetmişkən (itirmişkən) ötəki  (o biri) matəmzədə (hüzünlü) vətəndaşlarınız da milli kültürü müdafiə və inkişaf etdirən böyük bir sənətkarından məhrum qalmışdır. Dost və düşmən, bədxah və xeyirxah və hətta bizzat (özü) müstəvlilər (laqeyd olanlar) belə bu böyük zəkanın qarşısında dərin bir hörmətlə əyilirlər. Onunla hamımız iftixar edirik. Bu, uğradığımız böyük matəm içində acılarımızı (kədərimizi) həfifləşdirən (yüngülləşdirən) bir təsəllidir.

Çox yazıq ki, (heyf) mərhum, vətəninin təkrar istiqlala qovuşacağı yaxın tarixlərə qədər yaşamadan həyata vida etdi. Bu məsud günün hülul (yetişəcəyinə) bizlər kimi  şübhəsizdir ki, O, da inanmışdır. Zira (çünki) Üzeyir Bəy - əsərlərinə istinadən hökmedəcək olursaq –milliyyətçi Üzeyirdir, bütün ilhamını milli qaynaqlardan alan və milli sənəti gelişdirən (inkişaf etdirən) bir şəxsiyyətdir.

Mərhumun vəfatından duyduğunuz ələm (dərd) və acılara (kədər) iştirak etdiyimi bildirmək istərəm. Aramızdakı akrabalıq (qohumluq) bağları bu matəmdən duyduğum yeis (hüzn) və təəssürü (kədəri) bir qat daha artırmış bulunur ( olur).

Məlfuf (zərfin içinə qoyulmuş) yazıları Türkiyədən göndərmişlər. Tarixi önəmi haiz (malik) olduğu üçün daima kitablarımın arasında saxladım və müstəqil, bağımsız  Azərbaycanın Bakıda quracağı “Üzeyir Bəy muzeyi” üçün qorumuşam. Eyni məqsədlə  Sizə təqdim edirəm. “Ulus”dan kəsdiyim türkcə məqaləni Emin bəy yazmışdır. “Pravda”nın yazısı da fəna (pis) deyildir, zənnindəyəm. Təbiidir ki, məzkur (qeyd edilən) yazıdakı bəzi propoqandanı (təbliğatı) hesaba qatmamaq icab (zəruri) edir. Yazıdakı propoqanda amilləri bərtərəf (dəf) ediləcək olursa, Üzeyir Bəyin tərcümeyi-halı tam deyilsə də, bir dərəcəyə qədər doğru təsvir edilmişdir.

Sizə və çox sayın xanıməfəndilərinə taziyyətlərimi  (başsağlığı) təqdim edər və dərin sayğılarımı (ehtiram) bildirirəm, çox sayın (hörmətli) Ceyhun bəy.

Sayğılarımla HİLAL MÜNŞİ



RAMAZAN BAYRAMINIZ MÜBARƏK!
13:03 / 25-06-2017
Dilavər Əzimli “Faiq Ələkbərli aydınlarımıza məsləhət görür ki, tarixi münasibətlərə Türk qafası ilə yanaşmaq lazımdır!”
21:55 / 12-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya keçiriləcək
02:17 / 02-06-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya keçiriləcək
01:50 / 19-05-2017
‘’Tarixi şəxsiyyətlərimizə sahib çıxaq-Şah İsmayıl Səfəvi’’
20:04 / 16-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək
21:23 / 11-05-2017
İrəvan qədim türk torpağıdır
14:02 / 06-05-2017
Çaldıran döyüşünün gerçək tarixi
13:56 / 06-05-2017
ŞAH ABBAS ŞƏXSİYYƏTİ AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA
23:32 / 22-04-2017
31 Mart
20:11 / 06-04-2017
Bakıda Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi nümayiş olunur - "Bəxtəvər"
11:19 / 23-03-2017
Təbriz Heydərzadə Evi və Qacar Muzeyində xatirə şəkilləri...
11:16 / 23-03-2017
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:25 / 14-03-2017
Novruzda yenə də Bütöv Azərbaycan tonqalı qalanacaq
23:21 / 13-03-2017
Qədim Təbriz şəhərinin maketi təqdim olunub - FOTO
20:54 / 10-03-2017
Zəfər Oğuztürkdən daha bir milli əsər + FOTO
20:09 / 10-03-2017